Ağır itki
Milli mətbuatımıza ağır itki üz vermişdir. İstedadlı jurnalist, tədqiqatçı alim və ictimai xadim İlham Pənahov gözlənilmədən dünyasını dəyişmişdir.
Deyirlər, ölüm gözlə-qaş arasında, yəni bu qədər yaxındır insana. Ölüm atdığımız hər addımda, aldığımız hər nəfəsin özündə, bizdən bir saniyə qədər uzaqlıqdadır. Bəlkə elə buna görə də aldığımız ölüm xəbəri çox vaxt çaşdırır insanı, inanmaq istəmir, inana bilmirsən. Həmkarımız “Respublika” qəzetinin baş redaktorun birinci müavini İlham Pənahovun ölüm xəbəri də belə oldu, heç kəs inanmadı, heç kəs inanmaq istəmədi...
Hər yazının öz taleyi var, yaxınların, doğmaların, yaxından tanıdığın bir insan haqqında son vida yazısı bu yazıların ən çətini, ən ağırıdır, ən acısıdır məncə. Qələm əlində daşa dönür, yazmağa söz tapmırsan.
Bu an biz də beləyik. 2019-cu il iyulun 21-də 65 yaşını qeyd etmişdik.
O zaman bir gün öncə, qəzetimizin 2019-cu il 20 iyul tarixli sayında həmkarım Ataş Cəbrayılovun “Sadə və mənalı ömür yolu” adlı yazısı “Respublika”da dərc olunmuşdu. Yenidən oxuduq, bu yubiley yazısının sonu bizi o qədər həyəcanlandırdı ki... “İlham Pənahov həm publisistik yaradıcılığıyla, həm də kollektiv və ictimaiyyət arasında mənəvi dəyərləriylə öz ömür və fəaliyyətinə özünəməxsus möhür vurur. O, böyük söz xiridarı, Xalq şairi Rəsul Rzanın bu sətirlərini tez-tez xatırlayır:
Yollar uzun,
Mənzil uzaq,
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək!”
Bu sətirlərin arxasında İlham müəllimin çöhrəsini gördük, səsini eşitdik sanki... Nə qədər çətin olsa da, bu sadə və mənalı ömür yolunu yenidən vərəqləməli olduq. İlham müəllimin öz xətti ilə yazılmış “Ərizə”si diqqətimizi çəkir. Qəzetimizin baş redaktoru Teymur Əhmədova ünvanlanıb. Oxuyuruq: “Xahiş edirəm ki, məni qəzetinizdə əməkdaşlığa qəbul edəsiniz. 5 fevral 1996-cı il”. 1996-cı il aprelin 1-dən xüsusi müxbir vəzifəsində işə başlayan İlham müəllimin ömrünün böyük bir hissəsi məhz bu redaksiyada, bu kollektiv arasında keçib, acısını, şirinini bölüşüb, kimlərəsə dərd ortağı olub, ayları, illəri qovub, öz taleyini yaşayıb...
1954-cü il iyul ayının 21-də Göyçay rayonunun Alpout kəndində dünyaya gələn İlham Pənahov 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsini, 1986-cı ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1973-1980-ci illərdə Göyçay rayonunun Alpout kənd orta məktəbində öz ixtisası üzrə müəllim, 1981-1984-cü illərdə isə Göyçay Rayon Komsomol Komitəsinin birinci katibi işləyib, respublika Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin üzvü olub. Sovet dönəmində gənclərin ideya-mənəvi tərbiyəsində mühüm rol oynayan bu vəzifədə işləmək böyük məsuliyyət və xüsusi bacarıq, təşkilatçılıq qabiliyyəti tələb edirdi və İlham müəllim üzərinə düşən bu məsul vəzifənin öhdəsindən layiqincə gəlib.
1996-cı ilin aprelindən “Respublika” qəzetində bölgə müxbiri kimi işləyən İlham müəllimin qarşısında daha yeni üfüqlər açılır, müstəqilliyimizin ilk illərindən başlayaraq həyati əhəmiyyət kəsb edən informatik mübarizənin önündə gedərək həqiqəti xalqa qələmlə çatdırmağa çalışdı, maraqlı yazılarla tanındı, oxucu rəğbəti qazandı. Qısa zamanda Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunan İlham Pənahov müxtəlif illərdə “Həsən bəy Zərdabi”, “Nailiyyət” diplomları ilə təltif olundu və “Qızıl qələm” mükafatına layiq görüldü, 2009-cu ildə isə “Respublika” qəzeti baş redaktorunun birinci müavini vəzifəsinə irəli çəkildi. 2000-ci il onun taleyində daha bir dönüş ili oldu. Belə ki, həmin il uzun illərdən bəri apardığı elmi araşdırma işlərini nəhayət ki, yekunlaşdırııb, “Siyasi məzmunlu lirik əsərlərin tədrisi yolları” mövzusunda dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi aldı, istedadlı qələm sahibi kimi müstəqil Azərbaycanın sürətli inkişafının salnaməsinin yaranmasına öz ictimai-siyasi məzmunlu, elmi-kütləvi əsərləri ilə bacardığını əsirgəmədi. Onun 2002-ci ildə “Ömür bir Tanrı payı”, 2004-cü ildə “Dolaylardan gələn səda”, 2007-ci ildə “Zəfər yolu”, 2010-cu ildə “Uğurlu siyasətin təntənəsi”, 2012-ci ildə “Xalq ilə xalq üçün”, 2013-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” və 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10 illiyinə həsr olunmuş “10 il xalqın xidmətində” adlı kitabları rəğbətlə qarşılandı.
İlham Pənahov püxtələşmiş qələm sahibi idi, o öz yazılarında dövrün nəbzini tutmağa, oxucuya doğru-düzgün informasiya çatdırmağa çalışır, redaksiyanın məsul əməkdaşı və bir vətəndaş kimi dövlət siyasətini bacarıqla təbliğ edir, reallaşan strategiya, prioritet istiqamətləri, müxtəlif sahələrdə əldə edilən uğurları, perspektivləri oxuculara bacarıqlı bir jurnalist kimi çatdırırdı. Bütün bunlar onun ömür yoluna işıq salır, hörmət və nüfuzunu artırırdı. Onun araya-ərsəyə gətirdiyi kitablar böyük zəhmətin, jurnalist axtarışlarının məhsulu idi. Bu iş onu yormur, əksinə daha böyük yaradıcılıqla işləməyə ruhlandırırdı.
İlham Pənahov işi ilə əlaqədar tez-tez bölgələrdə olur, onun hər gedişi maraqlı yazılara vəsilə olurdu. Bölgələrimizdə gedən abadlıq-quruculuq işləri, dövlətimizin bu sahəyə diqqəti, qayğısı onun yazılarının əsas mövzusu idi.
Gözəl ailə başçısı idi, İlham müəllim övladları ilə fəxr edir, şirin-şəkər nəvələri ilə nəfəs alırdı. Hələ heç bir yaşı tamam olmayan nəvəsi İlhamın dünyaya gəlişinə də sevinmiş, yeni-yeni arzular baş qaldırmışdı qəlbində. Kim bilir bəlkə nəvə toyu görmək keçmişdi ürəyindən. Kim bilir...
Səhhətində problemləri olsa da, nikbin idi, bəzən şıltaqlıq edən, sözünə baxmayan ürəyinə də hökm edə bilirdi, bəzən. Nə yazıqlar ki, hər şey insanın əlində deyil, əcəl deyilən bir qüvvənin qarşısında isə hamımız acizik. Yazıb-yaratmaq eşqi tükənməmişdi, tamamlanacaq, görüləcək işləri vardı.
İlham müəllim doğma kollektivinin sırasını seyrəltdi ölümüylə. Yeri həmişə görünəcək, unudulmayacaq. Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq!..
Allah rəhmət eləsin!
Redaksiyanın əməkdaşları.
“Respublika”
Respublika.- 2020.- 17 yanvar.- S.6.