Şəhidlər qürurumuz, iftixarımızdır

 

 

Şəhidlər azadlığın uca heykəl daşıdır,

Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.

Hər bir xalqın, millətin tarixində əsrlər, qərinələr ötsə belə unudulmayan, onun qan yaddaşına yazılan tarixi günləri var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə ərazi iddiaları irəli sürən işğalçı Ermənistanın və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq xalqımızın  müstəqilliyi, ərazi bütövlüyü uğrunda haqq səsini ucaldan dinc əhaliyə qarşı törədilmiş qanlı hadisə də Azərbaycan xalqının qəhrəmanlıq tarixi, mübarizlik salnaməsinə çevrildi. O müdhiş gecədə vəhşiləşmiş sovet hərbçilərinin qarşısına əliyalın çıxan vətən övladları Vətənin şanlı tarixini yazdılar.

Artıq 30 ildir ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, xalqımızın şərəf və ləyaqəti uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin  otuzuncu ildönümünün keçirilməsinə dair Tədbirlər Planı haqqında” Sərəncamına əsasən ölkənin bütün idarə və təşkilatlarında, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilir.

Yasamal rayonunda yerləşən Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti  və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi silsilə tədbirlərlə yad edilir. Bu günlərdə “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı inşa yazı müsabiqəsi, “20 Yanvar şəhidləri vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuşlarmövzusunda rəsm müsabiqəsi, 20 Yanvar hüzn günü ilə əlaqədar təşkil olunan “dəyirmi masa”, Şəhidlər Xiyabanına şagirdlərin ziyarəti, “20 Yanvarhüzn gününə həsr olunmuş divar qəzetinin, stendlər və plakatların hazırlanması, “Şəhidlik zirvəsi” adlı ədəbi-bədii kompozisiyanın nümayişi təhsil müəssisəsində xalqımızın qəhrəmanlıq səhifəsini yazan, qanı bahasına öz dövlətinin müstəqilliyini qoruyan şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Məktəbin dəhlizində qırmızı qərənfilə bürünmüş qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olan şəhidlərimizə həsr olunmuş yazılar, fotostendlər  gələcək nəsillərin vətənpərvərlik ruhunda böyümələrinin göstəricisidir.

İnşa yazı və rəsm müsabiqəsinin qaliblərini müəllim və şagirdlərlə birlikdə müəyyənləşdirən məktəbin direktoru Rəna Ağazadə ilə elə məktəbin foyesində rastlaşdıq. O, 20 Yanvar gününün şagirdlərə təkcə hüzn günü kimi yox, daha çox qəhrəmanlıq, mübarizlik günü kimi çatdırılmasının vacibliyini bildirərək dedi: “20 Yanvar bu xalq, bu millət var olduqca hər zaman anılacaq, xatırlanacaq bir tarixdir. Bu gün damarında azərbaycanlı qanı axan hər bir kəsin qəlbində əbədi iz buraxıb. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Müəllimlərimiz şagirdlərə 20 Yanvar gününü xalqımızın, millətimizin qəhrəmanlıq rəmzi olaraq öyrədirlər. Lakin tariximizin qan yaddaşına yazılan bu gün təkcə ildə bir dəfə deyil, mütəmadi xatırlanmalı, yaddaşlardan silinməməlidir. Bu, bir pedaqoq kimi hər birimizin vətəndaşlıq borcumuzdur. Odur ki, bütün dərs ili boyunca məktəbimizdə vətənpərvərlik mövzusunda tədbirlər, digər rayon məktəbləri ilə sıx əlaqələr saxlayır, müsabiqələr, yarışmalar keçiririk. Dağüstü parkda yerləşən Şəhidlər Xiyabanına ölkəmizin şəhər və kəndlərindən ziyarətə gələnlərin sayı-hesabı yoxdur. Lakin biz digər məktəblərin yerləşdikləri rayon ərazisində olan Şəhidlər xiyabanlarını da ziyarət edir, onları da şagirdlərimizə tanıdırıq. Hər bir şəhidimiz xalqımızın, Vətənimizin itkisidir. Lakin ən başlıcası şəhidlərimiz qürurumuz, iftixarımızdır”.

 

Mehparə ƏLİYEVA,

Respublika”.

 

Respublika.- 2020.- 17 yanvar.- S.7.