Ömrünü təhsil,
təlim-tərbiyə işinə həsr edən Sona Çərkəz
Zərif, gözəl bir xanımın yaşadığı ömür dastanı... Amma bu gerçək dastan qəhrəmanının zərifliyi ilə yanaşı sədaqətində, dözümündə, qüdrətində bir qranit sərtliyi də var. Zaman-zaman taleyində qopan tufanlar sınağından çıxıb.
Kimdi bu zərif, qüdrətli varlıq? Malik olduğu özəllikləri ilə ictimai mühitdə ali ehtirama layiq, heyrət doğuran bir Tanrı bəndəsi! Müdrikliyi ilə mənəvi ağrılarına üstün gələn, mübarizliyi, sədaqəti, insanlara vəfası, yaxşılığı, nəcibliyi ilə yaşatmağa qadir olan Azərbaycanın dilbər sonalarından biri - Sona Çərkəz!
Ziyalı cəmiyyətində çoxumuzun gerçəkdən bir müəllimə kimi tanıdığımız ağıllı, təmkinli, cəfakeş xanımın uzun illərdi gözlərinin dərinliyinə çökmüş tənhalığının üşəntisindən qiyam qoparan həsrət dolu baxışları yandırıb-yaxır məni. Hələ sədaqət mücəssəməsi tituluna qədər Sona xanımın duyğular, hisslər içində yaşadığı həyat mahir bir rəssamın fırçasından çıxmış, gözə-könülə rahatlıq gətirən əlvan bir tablonu xatırladırdı.
Sona Məmməd qızı Məmmədova dünyaya gələndə təbiət may günəşinin ilıq şəfəqlərilə cilvələnir, ətrafa gözəllik saçırdı. Boş çöllərdə, düz-düzəngahda boy atmış yaşıl otlar, rəngarəng çəmən çiçəkləri, bağçalarda yanağı çatlamış qızılgüllərlə nazlanan təbiət bir bəzəkli gəlinə bənzəyirdi. Bu hüsnündə təbiət özünün füsunkarlığı ilə insanı ilhamlandırır, yaşamaq eşqinə gəl-gəl deyirdi. Bütün bu gözəlliklər dünyaya təzəcə göz açmış qızcığazın ruhunda, gözündə özü ilə bərabər bir duyğusallıq, həyata bağlılıq da doğurmuşdu. May qızının insanlara sevgisi, sayğısı, təbiətin özü kimi əsrarəngizliyi vücudunda, gözündə, könlündə cilvələnirdi.
Bəlkə də ailənin ilki olduğundan təkcə valideynləri deyil, qohum-əqraba, dost-tanışlar tərəfindən də çox sevildi, bəxtiyarlıq içində boy atdı, böyüdü. Orta məktəbdə elmin ilk pillələrini uğurla qalxdı, bundan sonra həyat dərslərini keçməkdən ötrü qarşısındakı enişli-yoxuşlu bir yola qədəm qoydu. Nə xoş ki bu yolda o tək olmadı. Adil Allah ona bir yol yoldaşı, ömür ortağı yetirdi ki, cütlükdə çətinlikləri keçə bilsinlər. Hər yerdə hər zaman bir cüt göyərçin təki ötsünlər. Allah onu həyatda bir gerçək obraz kimi tamamlamaqdan ötrü yarlı-yaraşıqlı, uca boylu, ağıllı, dərrakəli filoloq Çərkəz Quliyevlə qoşalaşdırdı.
Qız köklü-köməcli bir sevgi ağacı sandığı Çərkəzin qanadı altında bəxtəvər ömrünə başladı. Sona M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutun (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı fakültəsində (1968-1973) təhsil aldı. Əmək fəaliyyətinə Saatlı rayonunda orta məktəbdə rus dili müəllimi kimi başladı. 1970-ci ildən cütlük ömürlərinin Bakı həyatına qədəm qoydular.
Hər ikisi də əmək fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirdi. Çərkəz müəllim elmi tədqiqatla məşğul oldu. Yeri gəlmişkən, Çərkəz Quliyev Universitetə gəldiyi ilk vaxtlarda Mir Cəlal Paşayevin məsləhəti, xeyir-duası ilə “Süleyman Rəhimovun əsərlərində folklor” mövzusunda namizədlik işi götürərək illərlə üzərində mükəmməl işlədikdən sonra müvəffəqiyyətlə müdafiə etmişdir. (Çərkəz Quliyevdən sonra Sona xanım onun elmi işini “Tükənməz mənbə” adı ilə nəşr etdirdi).
Sona xanım isə Universitetdə Humanitar fakültələr üzrə Rus dili kafedrasında çalışdı.
Sona xanımla Çərkəz müəllim çoxlarının qibtə etdiyi xoşbəxt bir ömür yaşayırdılar. Bəxtəvərdilər, ailədə iki oğul övladı dünyaya gəlmişdi. Hər yerdə - Universitetdə, ictimai yerlərdə, qohum-əqraba içində qoşa görünürdülər. Çərkəzin Sonası, Sonanın Çərkəzi... Onları belə nişan verirdilər... Universitetdə müəllimlər də, tələbələr də bu yaraşıqlı cütlüyə böyük hörmətlə, ehtiramla yanaşır, onları bir məhəbbət dastanının qəhrəmanları kimi görürdülər. Həyat cütlüyün gözündə ilin bütün fəsillərində bahar idi, yaz idi...
Sözümün bu yerində ordan davam edim ki, Universitet Sona müəllimdən ötrü bir məbədgahdı, həyat romanının - Çərkəzli-Çərkəzsiz günlərinin sevincli-kədərli xatirələrinin hafizəsini közərtdiyi, ruhunu alışdırdığı yuvası, doğmaca odasıdır. Taleyini Universitet taleyi ilə bağlayan Sona müəllim həyat məktəbinin böyük hissəsini də burada keçib. Olmasaydı Universitet həyatı, Sona Çərkəz dərdini, kədərini müdrikcəsinə çəkəmməz, həm də nümunəvi pedaqoq kimi püxtələşə bilməzdi ki! Dərs dediyi, yetişdirdiyi tələbələrinin özlərinin də etiraf etdikləri kimi, Sona Çərkəz ilk növbədə onların həyat müəllimi oldu. Ən başlıcası, tələbələrinin mənəvi anası olmağı bacardı. Gənclərə böyük qayğısı, məhəbbəti də Sona müəllimi onların gözündə ucaltdı. Zatən balalarımızın sağlam ruhda böyüməsindən ötrü belə bir qayğı və doğmalıq çox vacibdir. Kollektivində hamıyla doğmalaşan Sona müəllim heç kəsin zəhmətini, əməyini itirmədi, unutmadı. Elə hər zaman da gözündə-könlündə əziz insanlar kimi xatırladığı bu şəxsiyyətlərin adları dilindən düşmür. Sona xanım xatırlayır ki, Universitetə gəldiyi ilk vaxtlardan Çərkəz müəllim mərhum professor Firidun Hüseynovla dostlaşdı, qardaş oldu. Eləcə də elmi-ədəbi əlaqələrində, pedaqoji fəaliyyətində həmfikir, məsləkdaş olduğu insanlar - yazıçı, tənqidçi, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev, akademik Nizami Cəfərov, professorlar Tofiq Hacıyev, Fəridə Əlixanova, Yəhya Seyidov, Azad Nəbiyev, İfrat Əliyeva... Çərkəz müəllimin elmi-ədəbi mühitdə, Universitet həyatında doğmalaşdığı, bölüşdüyü insanlar oldu. Çərkəz müəllimdən sonra bu böyük şəxsiyyətlər eyni isti münasibəti, doğmalığı ilə Sona xanımın yanında oldular. Bu qadının simasında Çərkəzi gördülər, onun ikinci həyatının davamından bir mənəvi rahatlıq tapdılar.
Doğru deyirlər ki, dünya yaxşı adamlardan xali deyil. Sona Çərkəzi sevənlərin sırası belə insanların sayəsində heyrət doğuracaq qədər böyüyür, genişlənirdi. Bu vəfalı, sədaqətli, vüqarlı qadının saf təbiətinin, ülvi sevgisinin hərarəti ürəkləri nurlandırırdı. Azərbaycan qadınına xas olan keyfiyyətləri bir çox qələm adamlarının yazılarında vəsf olundu. Onların hər biri Sona xanıma öz baxış bucağından yanaşsalar da həyatının ömür işığı Çərkəz müəllimdən sonra qadının yaratdığı Çərkəzli dünyasının cazibəsinə maraqlar daha böyük məna kəsb etdi. Haqqında ilk yazını mərhum Xalq şairi Bəxtiyar Vahabzadə, ilk şeiri də professor Teymur Əhmədov yazdı. Bundan sonra Sona Çərkəz özünün milli-mənəvi dəyərlərinə söykənən həyatı ictimai əhəmiyyət kəsb etməsilə çoxlarının diqqətini cəlb etdi.
Sona Quliyevanın
tədqiqat sahəsi rus dilinin metodikasıdır. O, müxtəlif
illərdə bir çox elmi məqalələrlə “Dil
və ədəbiyyat”,
“Çağrı” folklor
jurnalında çıxışlar
etmişdir. Eyni zamanda bir sıra elmi əsərlərin, o cümlədən
“Rus dilinin tədrisində tərcümənin
rolu” (2003), “Milli auditoriyada rus dilinin tədrisi” (2004), “Rus dilinin intonasiyasının
və ritmikasının
üzərində iş”
(2007), “Rus feillərinin
tədrisi prosesi”
(2008) kimi monoqrafik əsərlərin müəllifidir.
Sona Quliyeva müxtəlif vaxtlarda ölkəmizdə və qardaş Türkiyədə
keçirilən konfrans,
simpozium, kurslar, treninqlərə qatılıb. Bu məqamda
onların sırasında
bəzi mövzular diqqətimi cəlb edir: “Qloballaşma şəraitində müasir
pedaqoji elmin aktual problemləri” adlı Beynəlxalq elmi-praktik konfrans (Bakı. 2010), “Gülsüm
Çingizin şeirlərində
bədii təsvir vasitələri” (V Beynəlxalq
Uşaq və gənclik Ədəbiyyatı
simpoziumu), “Uşaq yazarı Fatih Ərdoğanın “Onu sevirəm” əsərinin dil və üslub
xüsusiyyətləri haqqında”
(VII Beynəlxalq Uşaq
və Gənclik Ədəbiyyatı simpoziumu
(Türkiyə). Haqqında qardaş
ölkənin mətbuatında
geniş məqalələr
dərc olunub. Özü də bir çox mövzularda Türkiyənin
qəzet və dərgilərində bədii,
publisistik yazılarla çıxışlar edib...
Sona Çərkəz Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətlərə malik bir şəxsiyyətdir. Fədakar ana, nümunəvi pedaqoq, sədaqətli, etibarlı dost, səmimi, qayğıkeş, mərhəmətli, duyğusal insandır. Bu kamil, mükəmməl şairin, publisistin bir çox əsərlərində gənclərə, vətən övladlarına öyüdü, nəsihəti, yaşadığı təzadlı ömrünün acılı-şirinli gün-güzarı real həyatdan aldığı böyük təcrübəyə söykənir.
Sona Çərkəz bütün insanları xeyirxah, mərd, sözübütöv, sədaqətli görmək istəyir. Fəqət, həyat belə bir mükəmməllikdən uzaq olan insanlardan, etibarsız, vəfasız dostlardan da xali deyil, odur ki, özünün poetik düşüncəsində belələrini tənqid etməkdən də çəkinmir. Yazır ki: Həyat məktəbində öyrəndiklərim, Dünyanı gözümdən bir az da saldı... Evimin başına keçirdiklərim, Bir-bir dönük çıxıb uzaqda qaldı... Yəni mənfəətmiş həyatda hər şey? Mənim ağlım bunu hələ də kəsmir. Yanımdan, yörəmdən çəkilməyənlər, İndi bir meh qədər qapımda əsmir...
Hərçənd, 15-dən çox şeir kitabının müəllifi olsa da, Sona Çərkəz özünü şair hesab etmir. Amma Bakı Dövlət Universitetində Humanitar fakültələr üzrə Rus dili kafedrasının baş müəllimi Sona Çərkəz şairdi, özü də dərd şairi. Çərkəz müəllim Sonanın bütün poetik əsərlərinin qəhrəmanı, sevərək vəsf etdiyi ideal obrazı oldu. Belə düşünürəm ki, Sona Çərkəz, Füzulidən üzü bəri dərd şairlərinin poetik incilərindən dərs aldı, onların mənəvi övladından biri oldu. Bəxtiyar Vahabzadənin təbirincə desək, “Ədəbiyyatda əsas məsələ dərdin özündə deyil, dərdin ifadəsindədir”. Şair poetik düşüncəsilə dərdin möhtəşəmliyini görün necə bir qüdrətlə təsvir edib: “Əgər olmasaydı dəryaca dərdim, Dərdin yoxluğunu mən dərd edərdim”...
Mən burda hər iki ustad şairin adını təsadüfən çəkmədim. Sona Çərkəzin şəxsiyyəti və yaradıcılığı haqqında onların fikirləri, düşünürəm ki, ədəbi camedən ötrü də maraqlıdır. Sonanın ailə dəyərlərinə sədaqəti, etibarı Bəxtiyar Vahabzadəni məftun etməsəydi, yazmazdı ki: “Sona xanım, ay mənim millətimin müasir Burla Xatunu, Banuçiçəyi, Həcəri, Siz bu yazınızla məhəbbət və sədaqət rəmzinə çevrilib, öz kitabınızın qəhrəmanı oldunuz. Axı əsl türk Xatunu ömür-gün yoldaşına bəslədiyi böyük sevgisində və ona olan sonsuz sədaqətində həmişə qəhrəman səviyyəsinə yüksəlmişdir”.
Sona Çərkəzlə onun Universitet həyatından çox danışmışıq. Belə məqamlarda onu həmişə diqqətlə, bir qədər də alüdəliklə dinləmiş, müsahibimin saflığına, qədirkeşliyinə, unutqan olmadığına qibtə etmişəm. Deyir ki, ondan sonra Universitetə arxa qapıdan girib-çıxırdım, heç kəslə rastlaşmaq, ağır kədərimlə kimisə qəmləndirmək istəmirdim. Həmin vaxtlarda İfrat Əliyeva mənə çox dayaq oldu. Tofiq Hacıyev deyirdi ki, Sona dərdini də mədəni çəkir, heç kəsin qarşısında əyilmir. Ondan sonra düz 15 il mənə çox ağır oldu. Taleyimdən, doğma Universitetimdən küsdüm. Ədibə Paşayeva kafedramıza gələndə məni doğma Universitetimlə barışdırdı, yaşamağa, işləməyə, fəaliyyət göstərməyə, konfrans və simpoziumlarda iştirak etməyə ruhlandırdı. Ədibə xanım ürəyimin sınıqlığını bildiyi üçün həmişə mənə diqqət göstərib. Elə işlədiyim kafedranın əməkdaşları da mənə qarşı həmişə mehriban, həssas olublar. Mən onlarla rahatca dərdləşir, bölüşürəm. Yadlar məndən yorulmadı, amma yaxınlarım bezdilər, usandılar. Bal arıları gülə qonan təki, onlar da eləcə qondular üstümə, güllər solan təki qaçıb getdilər...
Sona xanım hələ ilk kitabı “Çərkəzli-Çərkəzsiz günlərim”lə Çərkəz müəllimi tanıyanları və tanımayanları çox duyğulandırdı. Bu kitab Çərkəzin vəfalı, etibarlı Sonasına böyük hüsn-rəğbət qazandırdı. Vaxtilə Nahid Hacızadə Az.TV-də Çərkəzin ildönümü münasibətilə haqqında “Xatırlananlar” verilişini ərsəyə gətirdi. İldönümü Universitetdə, Filologiya fakültəsində qeyd olundu. Tədbirdə iştirak edənlər Çərkəzin bir alim, şəxsiyyət olaraq mənəvi ucalığından, Sona xanımın Çərkəzsiz günlərindən ürək yanğısı ilə çıxış ediblər. Çərkəz Quliyev özünün cismani yoxluğundan sonra yeni həyatına, mənəvi ömrünə başladı. Qadın ondan sonra fədakar bir ömür yaşadı. Bu ömürdə bir məhəbbət dastanı yaratdı...
Qeyd etdiyimiz kimi, Sona Çərkəz Universitetə bir övlad məhəbbətilə bağlandı. Onu sevdi, inkişafına özünün əməli töhfəsini verdi. Universitet də bu nəcib, xeyirxah insanın, pedaqoqun əməyini yüksək mükafatla dəyərləndirdi. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi təntənəli mərasimində “Yubiley medalı” ilə təltif olundu. Bilirəm ki, bu medal, onun indiyə qədər aldığı “Fəxri Fərman”lardan, ödüllərdən daha əzizdir...
Onu da duyuram ki, Sona Çərkəzin həyatı ilə barışması həm də özünün özü ilə mübarizəsindən yarandı. Amma böyük bir kütlənin gözü qarşısında keçən həyatından, haqqında yazılanlardan da aydındı ki, bu, heç də asan olmadı. Sona xanım dərk etdi ki, həyatda hər şey hərəkətdədir. Fəaliyyətə, qaynar işlərə ara vermək adamı ətalətə sürükləyir. İnsan daim işləməyə, çalışmağa, yaşamağa və yaşatmağa borcludur. Bəşər övladı işıqlı dünyada əməli fəaliyyətilə öz yolunu şərəflə yaşamalıdır.
...Təbiət özünün yaratdıqları ilə həmişə valehedici olduğu kimi, insan da qurub-yaratdıqları ilə möhtəşəmdir, əzəmətlidir. Bunlar ilk yaranışdan təbiətlə insan arasında olan oxşarlıq, paralellik deyilmi...
Sevdası gözündə közərən Sona Çərkəzin həyatı da bu oxşarlığın bir möhtəşəm təcəssümüdür.
Şəfəq
NASİR,
“Respublika”.
Respublika.- 2020.- 17 yanvar.- S.7.