Onların anılmağa haqqı var
20
Yanvar - Ümumxalq Hüzn Günü Azərbaycan
xalqının qan yaddaşında şərəfli qəhrəmanlıq
səhifəsidir. Bu faciədən 30 il ötür. Vətən
azadlığı və müstəqilliyi uğrunda mərd
oğullarımız şəhidlik zirvəsinə
ucaldılar. Mən 20 Yanvar hadisələrinin şahidi
olmuşam. Vətən uğrunda canlarını fəda edən
şəhidlərimiz haqqında yazmaq bizim borcumuzdur. 20 Yanvar
şəhidlərindən biri də
Zahid Əliyevdir. O, qədim Azərbaycan torpağı
olan Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi
(Ararat) rayonunun Şidli kəndindən idi. Tarixən bu
mahalın ərazilərində türk tayfaları: əfşarlar
və şadlılar yaşamışlar. Bu torpağın qəhrəman
oğlu Abasqulu bəy Şadlinski də şidli tayfasından
idi.
Zahid Bayram oğlu Əliyev 1963-cü il martın 23-də Vedi rayonunun Şidli kəndində anadan olmuş, 1970-1980-ci illərdə orta məktəbi elə həmin rayonda bitirmişdi, 1980-1982-ci illər də hərbi xidmətdə olmuşdur. Məlum Dağlıq Qarabağ hadisələri 1988-ci il dekabr ayının 1-də Zahidin atası Bayram kişinin orada yaşayan azərbaycanlılar kimi öz dədə-baba yurdlarından qaçqın saldı. Onlar Bakıya pənah gətirdilər. Çox çətinliklə olsa da, Suraxanı rayonunda darısqal bir evdə yerləşdilər. Zahid Suraxanıda dükanda işləyirdi, özünün ədəb-ərkanı, davranışı ilə böyük hörmət qazanmışdı. 1989-cu ildə ailə həyatı qurmuşdu. Bır qız (dörd aylıq) övladı var idi. Vətən dərdi, vətən nisgili onu rahat büraxmırdı. Zahid deyirdi ki, Şidlidə canımı torpağıma qurban verə bilmədim, indi vətənimizin azadlığı üçün vuruşmağa hər zaman hazıram. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalqın bu ədalətsizliyə etiraz əlaməti olaraq Bakıda nümayişləri geniş vüsət almağa başladı. Zahid Bakıdakı azadlıq hərəkatının mitinqlərində fəal iştirak edirdi. Hər gün işdən çıxıb hərəkat iştirakçılarının yanına gedər, onlara ərzaq aparardı.
Azadlıq istəyən xalqı susdurmaq məqsədilə Sovet hakimiyyəti fövqəladə vəziyyət elan etmədən Bakıya qoşun göndərdi. Qoşun Bakıda dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı divan tutdu. Bayram kişi Qanlı Yanvar gecəsini belə xatırlayır: “Zahid o dəhşətli yanvar axşamı özünə yer tapa bilmirdi. Elə bil nə isə itirmişdi. Tez-tez bayıra çıxırdı. Bir azdan gəldi ki, qoşun şəhərə girmək istəyir. Yeni Suraxanı yoluna gedirik. Nə qədər dedim ki, getmə, sözümə baxmadı. Onu saxlamaq olardımı? Ürəyimdə Zahidə haqq qazandırdım, çünki, Ermənistanda olanda da kəndi cavanlar qoruyurdu”.
Evdəkilərin yalvarışına baxmadan Zahid cəld atasının paltosunu geyərək məhəllə uşaqları ilə birlikdə Yeni Suraxanı yoluna tərəf getdi və orada tankların gəlməsini gözləməyə başladtlar. Bir azdan sonra rus əsgərlərinin əliyalın xalqı qıra-qıra irəlilədiyini görən Zahid əvvəl gözlərinə inanmadı, sonra özünü ələ alaraq arvad-uşağı qorumaq üçün sinəsini qabağa verdi və atılan güllələrə baxmayaraq, yaralılara kömək etməyə başladı. O, gecə Zahid evə gəlmədi. Zahidlə gedən məhəllə uşaqları qan-tər içində qayıdıb dedilər ki, qoşun camaatı qırır. Ana, bacıları və həyat yoldaşı səhərə qədər ağlayaraq onun yolunu gözlədilər. Nigaran qalan Bayram kişi səhər açılar-açılmaz hadisə yerinə getdi. Hər yan qanla dolu idi. Qrada bir milis nəfərindən öyrəndi ki, yaralıları Sabunçu xəstəxanasına apardılar. Bayram kişi gözləri dolaraq xəstəxanada gördüklərini yana-yana danışdı: “Meyitləri beton döşəmənin üstünə düzmüşdülər. Hamısı tanınmaz vəziyyətə salınmışdı. Zahid gedəndə mənim köhnə paltomu geymişdi. Onu görəndə tüklərim qabardı, oğlum qan içində idi. Düşmən gülləsi onun qarnının alt tərəfini dağıtmışdı”. Oğul dərdindən beli bükülən Bayram kişi günahkar kimi özü-özünü danlayırdı, ömür boyu oğlunu qoruyan ata, indi onu güllədən qoruya bilməmişdi. Zahid işğalçı qoşun və tankların qabağını kəsərək canını Vətənə qurban vermişdi. Azərbaycanın azadlığı yolunda ilk şəhidlərdən biri də Zahid oldu. Ailəsindən və dörd aylıq körpəsindən doymayan Zahid Vətən yolunda şəhidlik, şərəf, qeyrət və hünər zirvəsinə ucaldı. Yanvar ayının 22-də Şəhidlər Xiyabanında dəfn olundu. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. 31 mart 1998-ci il tarixdə “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalamışdır. O da 1998-ci ildə bu fərmana uyğun olaraq “20 Yanvar Şəhidi” fəxri adına layiq görüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Rəqibə Məmmədova
Respublika.- 2020.- 23 yanvar.- S. 7.