Milli azadlıq mücahidi Ülvi Bünyadzadə

 

Qəhrəmanlıq və rəşadət tariximizin milli oyanış günü kimi yaddaşımıza yazılan 1990-cı il 20 Yanvar hadisələrinin 30 ili tamam oldu. O gün günahsız insanların qanına qəltan olunmasının şahidləri bu gün də o hadisələri böyük ürəkağrısı, eyni zamanda qürur hissilə xatırlayırlar.

30 il əvvəl imperiya ordusu dinc əhaliyə odlu silahlardan atəş açdı. Bakının küçələrində yeriyən tanklardan güllələr dolu kimi yağır, binaların, ağacların arxasında gizlənən adamları belə vəhşicəsinə öldürürdülər. O gün Bakının küçələrində insan qanından gölməçələr əmələ gəlmişdi. Əliyalın xalq bu qanlı faciədə torpağa şəhidlər verdi, anaların ah-naləsi göylərə bülənd oldu, lakin qara niyyətli düşmənin qarşısında əyilmədi, sınmadı, özünün azadlığı uğrunda, məsləki yolunda bütövlük, mübarizlik nümayiş etdirdi. Vətən dərdi, el dərdi hamını bir yerə yığdı... O gecənin şəhid oğullarından biri də 20 yaşlı Ülvi Bünyadzadə oldu. Bu yazıda indi 50 yaşını qürur hissi ilə qeyd etdiyimiz Vətən sevdalısı Ülvidən söz açacam. Onun azadlığa təşnə olan qəlbinin istəklərindən, qısa ömründə əbədiyyətə aparan mübarizə yolundan, yaradıcılıq eşqindən yığcam şəkildə bəhs edəcəyəm.

Haqqında ilk söz olaraq Ülvi Bünyadzadənin doğma Vətəninə məhəbbətinin ifadəsi olan “And”ını təqdim edirəm: “Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsil-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı “mən”imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim. İmza: B.Ülvi. 10 sentyabr 1989”.

Ülvi bu “And”ını yazana qədər 20 illik ömrünün sanki çox dərin qatlarını - minillik yolunu yaşayaraq keçib gəlmişdi.

Tələbə idi. SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin 2-ci kurs tələbəsiydi. Zənnimcə, bu adı qazanana qədər onun həyat yolundan bəzi məqamları da xatırlatmaq yerinə düşər.

Ülvi Bünyadzadə ibtidai təhsilini doğulduğu Göyçə mahalının Kəsəmən kəndində, orta məktəbi isə 1978-ci ildə atasının işi ilə əlaqədar yaşamaq üçün köçdükləri Daşkəsən şəhərində almışdır. O, hansı məktəbdə oxumağından asılı olmayaraq, birinci sinifdən 10-cu sinfə qədər əlaçı olmuşdur.

Ailədə Ülviyə heç vaxt uşaq kimi baxmamışıq. Ülvi bunu özünün qeyri-adi söhbətləri, dərin düşüncəsi, istedadı, davranış tərzi, hərəkətləri, hər şeyə müdrik baxışı ilə bizə aşılamışdı. Yadımdadı, mən X sinifdə olanda Ülvi I sinifdə oxuyurdu. Onda mən Ülvinin bibisi olduğuma görə ürəyimdə bir fəxarət hissi yaşayırdım. Çünki, o, indicə qeyd etdiyim özünəməxsusluğu ilə hamının diqqətini cəlb etmişdi. “Son zəng” günü sinfimizdəki 39 şagirdin hamısı Ülviyə böyük hörmətlə hədiyyə - kitab bağışladılar. Həmin anda hədiyyələrini qucağına sığışdıra bilməyən balaca, çəlimsiz Ülvi özünü itirməyərək belə bir söz də dedi: “Mənim borcum da o olsun ki, bu kitabların hamısını gərək oxuyam”.

Daşkəsəndə orta məktəbdə oxuduğu illərdə də o, yaşıdlarından fərqlənirdi. Dərs əlaçısı olmaqla yanaşı, Ülvi həm də məktəbin bütün ictimai işlərində fəal iştirak edirdi. 9-cu sinifdə oxuyanda Ülvi çox sevdiyi Səməd Vurğunun “Vaqif” əsərinin rejissoru olaraq tamaşasını hazırlamışdı. O, bütün rolları şagirdlər arasında uyğun şəkildə bölmüş, özü isə Qacarın obrazını yaratmağı düşünmüşdü. Bu gün sinif yoldaşları hələ də xatırlayırlar ki, biz o zaman çox narahat olduq - hətta ağladıq ki, niyə Ülvi Vaqifi yox, Qacarı oynayır. O isə gülərək bizə dedi ki, siz Qacarı daha yaxından tanımaq istəyirsinizsə, tarixi yaxşı oxuyun, o zaman nə bu sualı mənə verməyəcəksiniz, nə də ağlamayacaqsınız.

“Daşkəsəndəki məktəb illərində Ülvi “Qoşqar” ədəbi birliyinin üzvü olaraq onun bütün toplanışında iştirak edirdi. Atası yaşda kişilərlə şeir mübahisələri, ədəbiyyat söhbətləri edirdi. Onları tənqid etməkdən çəkinmirdi, şeirlərinə düzəlişlər edirdi. Ülvinin mətbuatda dərc etdirdiyi ilk şeiri ədəbi birliyimizin təqdim etdiyi “Ceyran”dır:

Səyyaddan sayalanan,

Ahlı-nalalı ceyran.

Gəldi səyyaha sarı

Qaldı yaralı ceyran.

“Daşkəsən” qəzetində mütəmadi olaraq ədəbi qeydləri, şərqşünaslıq tarixinə dair məqalələri dərc olunurdu”.

Bu qeydləri “Qoşqar” ədəbi birliyinin sədri, şair Namazalı Paşayevin “Daşkəsən” qəzetində dərc etdirdiyi “Ülvi” adlı məqaləsindən iqtibas etmişəm.

Namazalı müəllim bu məqaləni Ülvinin ali məktəbə daxil olması münasibətilə qələmə almışdı. Onda 1987-ci ilin iyul ayı idi. Onu da xatırladım ki, Ülvi Daşkəsəndə musiqi təhsili almışdı, qarmon sinfini bitirmişdi. Sonralar bir yazıda Ülvinin musiqi qabiliyyəti haqqında oxuyuram: “Kimsə dedi ki, Ülvi pianoda bir xalq mahnısı çalsın. O, utancaq halda qalxıb piano arxasına keçdi. Ülvi həmin andan yaddaşımda yaşamağa başladı.18 yaşı vardı. Qonur gözləri, qartal qanadları kimi gərilmiş qara qaşları çöhrəsinə kölgə salanda qəribə, ciddi görkəm alardı. Məclis boyu ağzını açıb bir kəlmə kəsməyən bu gəncin sinəsi altında necə sirli xəzinə varmış, Allah. Bizim aşıq musiqisi, el havacatları pianoda necə səslənərmiş, İlahi. Bayaqdan susub duran Ülvi balanın ürəyi nə imiş, Tanrı. Barmaqları nə oyunlar oynayırdı. “Göyçə gölü”ndən başladı, “Divani”dən adladı, “İrəvan çuxuru”nda ayaq saxladı. “Sarı telləri” bir-bir saydı, “Ayaq Sarıtel”, “Orta Sarıtel”, “Baş Sarıtel”, “Yanıq Kərəmi”, “Naxçıvani”... Aşıq havaları pianoda dəyişdikcə, ovqatımız da dəyişdi, yaman kövrəltdi məni. Çalırdı, yorulmaq bilmirdi, qəlbinin həyəcanı tükənmirdi”.

Ülvi ali məktəbə daxil olanda dünya ədəbiyyatının şedevr nümunələrini rus və ingilis dillərində - orijinaldan mütaliə etmişdi. Atasının zəngin kitabxanasını dəfələrlə oxuyub başa çıxmışdı. Rayon kitabxanasındakı kitabların hamısını, demək olar ki, mütaliə etmişdi. Ülvi ali məktəbə daxil olana qədər belə bir mərhələlərdən keçmişdi, belə bir ömür yaşamışdı.

Tələbəlik illərinin ilk günlərində Ülvi hamının diqqətini cəlb etdi. O, yoldaşlarının, professor-müəllim heyətinin sevimlisinə çevrildi. Hazırcavablığı, zəngin dünyagörüşü, elmi, biliyi, nitq qabiliyyəti və hər kəsə hörmətlə yanaşması, bir sözlə, fitrətən fazilliyi Ülvinin savadlı və yüksək mədəniyyətli yetkin şəxs olduğunu göstərirdi.

İnstitutun “Bilik” qəzetində Ülvinin şeirləri, hekayələri, publisistik və ədəbi qeydləri mütəmadi olaraq dərc olunurdu. Burada da o, fəal ictimaiyyətçi oldu.

Əsgəri xidmətə yollandı - ozamankı Müdafiə nazirliyinin əmri ilə təhsil müddətində uzaq Sibirin Kansk şəhərində bir il əsgərlik həyatı yaşadı. Burada respublikamızda baş verən hadisələrlə hər gün göndərdiyim qəzetlər vasitəsilə tanış olurdu. Topxana meşəsinin mənfur ermənilər tərəfindən qırılmasına etiraz olaraq keçirilən mitinqlərdən xəbər biləndə yazdı ki, mitinqlərlə çox da irəli getmək mümkün deyil. İdeoloji mübarizə daha öndə olmalıdır, çünki bunsuz heç nə əldə etmək mümkün deyil. Qarabağ torpağı uğrunda başlayan mübarizənin əsas səbəblərini hərbi hissədə yaratdığı “Xətai” dərnəyi üzvləri ilə birgə yerli əhaliyə çatdırırdı.

Yazdığı məktublarında mütaliə etdiyi əsərləri yenidən oxuduğunu bildirirdi, boş vaxtlarında əsgər dostlarının xahişilə musiqi alətlərində etdiyi ifasından yazırdı.

Əsgərlikdən dönəndə ilk işinə müxtəlif ali məktəblərə gedərək fəal gənclərlə tanışlıqdan başladı. “Şimali Azərbaycan Azad Tələbələr İttifaqı” yaratmağa müvəffəq oldu. Həmin İttifaqın da Proqram və Nizamnaməsini bir gecənin içində yazdı və onu növbəti tədbirdə qəbul etdilər.

Ülvi Azadlıq mücahidi idi. İdeoloji mübarizəsi kontekstində “Partiya bizə lazımdırmı?” adlı məqaləsində yazdı: “70-80-ci illərin I yarısını çox vaxt “durğunluq dövrü” deyə səciyyələndirirlər. Lakin mənə elə gəlir ki, xalqın ideologiyasında ən böyük çevriliş məhz bu illərdə baş vermişdir. Xalq öz haqqını başa düşməyə, istismar olunduğunu, aldandığını anlamağa başlamışdı. Məhz bu mənəvi çevriliş hazırkı xalq mübarizəsinin ideoloji stimulunu təşkil edir. Dünya tarixində ilk dəfə proletariat 1871-ci ildə Parisdə hakimiyyət başına gəlmiş, 72 gündən sonra devrilmiş, ikinci dəfə isə 1917 - 1920-ci illərdə bizim ölkədə qalib gəlmiş, Leninin ölümündən sonra o da devrilmişdir. Bu 70 ildə xalqımızın yaşadığı cəmiyyətə ad verməyə mən çətinlik çəkirəm. Hər halda o nə kapitalizm idi, nə də sosializm”.

“Dayaq nöqtəsi” adlı məqaləsində yazırdı: “Bu gün institutumuzda fəal, ağıllı, hər şeyə milli qeyrət və milli varlıq mövqeyindən yanaşan tələbə və müəllimlərlə yanaşı, öz simasını itirmiş, ətraf aləmlə heç bir ideoloji əlaqədə olmaq istəməyən, öz intim duyğuları, şəxsi mənafeçilik hissləri ilə yaşayan, bir sözlə, manqurtlaşmış simalar da az deyil. İdarə heyəti dilənçi kökündə yaşayan, mənəviyyatları istismar olunan xalqın ali təhsil ocaqlarının birinə belə tələbələrin “düşməsinə” çox təəssüflənsə də, bunu təbii hal kimi qəbul edir... . Bir daha institutun kollektivini daxilən müstəqilləşməyə, azadiləşməyə, vahid qüvvədə - Azərbaycan xalq hərəkatında birləşməyə çağırırıq. Bunlarsız qələbə barədə düşünmək, yuxudan başqa bir şey deyil”.

Belə yazmasının da səbəbi vardı. Çünki hələ də sovetlər birliyinin sözünün kəsərli, keçərli olduğuna inanan rəhbərlər vardı.

Yanvar ayının 10-da bir məqalə yazmışdı. “Azərbaycan” qəzetində çap etdir, deyə ona tövsiyə etdim. Getdi və çox böyük sevinclə geri döndü. Baş redaktor Sabir Rüstəmxanlı mənimlə söhbət etdi, sonra şöbə müdiri Rüstəm Behrudini yanına çağırıb məni onunla tanış etdi və məqaləmə baxmağı, çapa hazırlamağı tapşırdı. O günü yerə-göyə sığmırdı: “Fikirlərimi söyləyərkən inandırıcı olduğuna əminlik yarada bildim”. Həmin məqalə “Qırmızı terror” adlanırdı: “Bugünkü ümumxalq hərəkatımızın məqsədi bu “bataqlığı” yox eləməkdən, ən son nəticədə azad, bütöv Azərbaycan Xalq Cümhuriyyəti qurmaqdan ibarətdir. Artıq yuxarıda qeyd elədiyim “bic” və “gəlmə” ideologiyaya qarşı əsrin əvvəlində olduğu kimi, bir ovuc ziyalı deyil, qərinələrdən keçib gəlmiş, çox yüksək bir səviyyəyə çatmış milli ideologiya ilə silahlanan 40 milyonluq azəri xalqı dayanıb. Bu qüvvənin qarşısında çox çəkməz bütün “gəlmə”lər, “bic”lər məhv olar! Eşq söyləyək o qüvvəyə!” 10.01.1990.

Amma həmin məqalə Ülvi şəhid olandan sonra qəzetdə dərc olundu...

Ülvi əsgərlikdə göstərdiyi nümunəvi davranışına, xidməti fədakarlığına görə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilmişdir. Əsgəri xidmətdən Bakıya gəlib həmin partiyanın törətdiyi oyunların şahidi olunca, Lenin (indiki Azadlıq) meydanında partbiletini ovcunun içində nümayişkaranə surətdə yandırmışdı. Ovcunun içi yanmışdı, amma əlini çəkməmişdi. Soruşanda ki niyə belə etdin? Cavabı belə oldu “lazım gələrsə, cismimizi yandırmağa hazır olmalıyıq”.

Lazım olan anda Ülvi cismini qurban verməkdən çəkinmədi. O, Eşqini, İlhamını,Torpaq,Vətən, Millət uğrunda mübarizəsini tarixləşdirən şah əsərini Şəhid adı ilə yazdı, Vətən “And”ını, özünə olan “And”ını yazdı.

13 yaşında yazdığı -

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik—

misralarının nəsr şəklini yazdı.

Birinci kursda oxuyurdu. Şeir və hekayələri, ədəbi düşüncələri İnstitut qəzetinin hər nömrəsində dərc olunurdu. Bir dəfə dedi ki, “İnstitut tələbə həmkarlar təşkilatının sədri məndən xahiş etdi ki, onun şeirləri haqqında qəzetə yazı verim, “özüm ölüm, içində dişə dəyəsi bir misra belə tapa bilmədim, məcbur edincə yazdım, amma gerçək tənqidi məqalə yazdım, sizin düşündüyünüz tənqiddən yox. Məqalə dərc olunandan sonra mənə təşəkkür etdi ki, məni bu şeir - şairlik bəlasından qurtardın”.

Ülvi indiki 4-cü mikrorayonda yerləşən “Pioner” kinoteatrının yaxınlığında şəhid olmuşdu. Bakı küçələrinə tankların soxulmasından 20 dəqiqə sonra - 00:20 dəqiqədə... Şəhidliyindən 2-3 gün sonra onun “And”ı, sevgi dolu şeirləri əl-əl gəzdi. Ona göz yetirən qızların gətirib mənə verdiyi vərəqlərdəki şeirlər artıq dillərdə əzbər olmuşdu.

Özündən sonra zəngin ədəbi irsi qaldı - şeirləri, poeması, hekayə, povest, pyesləri, tərcümələri, məktubları, ədəbi qeyd və düşüncələri... 20 yaşlı şəhidin ədəbi irsi arxiv yazılarına - sandıq ədəbiyyatına çevrildi.

20 Yanvar hadisələrindən sonra şeirlərini Nəriman Həsənzadə “Ədəbiyyat və incəsənət” qəzetində, poemasını Abbas Abdulla “Ulduz” da povestini Yusif Səmədoğlu “Azərbaycan” jurnalında, dünya ədəbiyyatından tərcümələrini Aydın Məmmədov “Xəzər”də, ictimai-siyasi məqalələrini Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetində dərc etdilər. Haqqında Tofiq Mütəllibov və onlarca digər tanınmış şair və yazıçılar, tənqidçilər yazdılar, Hüseyn Arifin “Ülvi” poeması “Azərbaycan gəncləri” qəzetində dərc olundu.

Nə yazsam, nə söyləsəm də, Ülvi sözüm - dastanım bitən deyil...

 

Almaz ÜLVİ,

AMEA N.Gəncəvi adına

Ədəbiyyat İnstitutunun

“Azərbaycan-Türkmənistan-Özbəkistan” şöbəsinin müdiri.

 

Respublika.-2020.- 23 yanvar.- S. 7.