Şəhidlik ruhuna hədsiz ehtiramın təcəssümü...

 

Gəncənin Şəhidlər Xiyabanınında ucaldılmış möhtəşəm kompleksin önündə böyük izdiham var idi. Hər il olduğu kimi, bu gün də dövlət rəsmiləri, geniş ictimaiyyətin nümayəndələri on minlərlə şəhər sakinləri, canlarını vətən uğrunda fəda edən, müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanları ziyarət etmək üçün əllərində al- tər qərənfillər bu müqəddəs məkana yığışmışdılar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyuldu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxundu. Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid məzarlarını ziyarət edərək onların üzərinə qərənfillər düzüb, şəhid ailələri ilə bölüşdü. Bildirildi ki, keçmiş imperiya rəhbərlərinin Azərbaycan xalqına qarşı xəyanətkarlıq mövqeyindən, əksəriyyəti azğınlaşmış erməni quldurlarından ibarət olan sovet ordusunun quduzlaşmış hərbiçiləri tərəfindən Bakı şəhərində törətdiyi qanlı faciədən, dünyada görsənməyən soyqırım aktın törədilməsindən böyük ürək yanğısı ilə danışdı.

Şəhər ağsaqqalı, ziyalı alim Kamil Fətəliyev söhbət zamanı bildirdi ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilə təchiz edilməsi üçün həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün Milli Ordumuz düşmənin hər hansı bir təcavüzünə layiqincə cavab verməyə qadirdir.

 

Mingəçevir

Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhəri Texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı keçirilən tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilib.

Rektor Şahin Bayramov çıxışında ümummilli lider Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsini, baş vermiş faciə ilə bağlı o zamankı imperiya rəhbərliyinə və dünya ictimaiyyətinə açıq bəyanat verməsini xüsusi vurğulayan Ş.Bayramov məhz ulu öndərin sayəsində 20 yanvar faciəsinə siyasi və hüquqi qiymət verildiyini bildirib.

Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə MDU, şəhər Təhsil Şöbəsi və Texniki Humanitar lisey tərəfindən birgə təşkil olunan silsilə tədbirlər barədə məlumat verib. Mingəçevir şəhəri Texniki-humanitar liseyin direktoru Nailə Məmmədova 20 Yanvar faciəsinə həsr olunan tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Texniki-humanitar liseyin müəllimi Zaur Kərimli “20 Yanvar faciəsinin səbəbləri”, MDU-nun baş müəllimi İlham Məmmədov “20 Yanvar müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir” mövzularında məruzələr ediblər. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Lənkəran

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar səhər saatlarından başlayaraq rayonun idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ağsaqqallar, ziyalılar, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri Şəhidlər xatirə kompleksinin qarşısına toplaşıblar.

Əvvəl şəhidlərin ruhuna dualar oxunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, hərbi hissələrin əsgər və zabitləri, ictimai birliklərin, kütləvi informasiya vasitələrinin nümayəndələri abidənin önünə gül dəstələri düzərək Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. İcra başçısı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Tədbir iştirakçıları sonra Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şagirdlərin 20 Yanvara həsr olunmuş rəsm əsərlərinin sərgisi ilə tanış olublar.

Həmin gün saat 12-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

 

Masallı

Masallıda çağdaş tariximizin qanlı və şərəfli səhifəsi olan 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib. Həmin gün rayonun ərazisində Dövlət Bayrağı endirilib. Səhər saatlarından başlayaraq Masallı şəhərinin Qəhrəmanlar parkına ziyarətə gələnlərin ardı-arası kəsilmirdi.

Burada şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş ümumrayon mərasimi keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəblilər, ziyalılar, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsinin veteranları, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidlərinin abidəsi önünə gül dəstələri, qərənfillər qoyaraq ruhlarını ehtiramla yad ediblər.

Saat 12-də rayonun bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.

 

Astara

20 Yanvar şəhidləri arasında Astaradan da iki nəfər olub: Çingiz Mirzəhüseyn oğlu Əliyev və Novruz Faiq oğlu Əsgərov. Hər ikisi Şəhidlər xiyabanında uyuyur.

Rayonda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib. Anım mərasiminə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, şəhər sakinləri toplaşmışdılar.

Tədbir iştirakçılarına 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik imperiya ordusu ölkəmizin paytaxtı Bakı şəhərində heç bir xəbərdarlıq olunmadan əliyalın, dinc əhalini, azadlıq mücahidlərini gülləbaran edib.

30 il öncə bu dəhşətli, qanlı hadisələr törədiləndə iqtidar nümayəndələri qaçıb gizləndiyi halda, Azərbaycanın qeyrətli, böyük oğlu Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq ailə üzvlərilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi tələbilə bəyanatla çıxış edib.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbir iştirakçıları ilə birlikdə Xatirə kompleksinin önünə gül dəstələri düzərək Vətənin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar səslənib.

Mərasimdə məktəblilərin iştirakı ilə 20 Yanvara həsr edilmiş kompozisiya nümayiş olunub.

 

Samux

Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda qəhrəmanlıq səlnaməsi kimi daxil olan 1990-cı il yanvarın 20-sini xalqımız heç vaxt unutmayacaq. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Samux rayonunda silsilə anım mərasimləri keçirilmişdir. Təhsil və mədəniyyət müəssisələrində faciənin dəhşətlərini əks etdirən, xalqımızın qəhrəmanlığından bəhs edən ədəbi-bədii gecələr, kompozisiyalar, sərgi və müsabiqələr təşkil olunmuşdur.

Ümumrayon tədbirində ilk öncə, Şəhidlər Xiyabanında ucaldılmış möhtəşəm abidə önünə dövlət rəsmləri, təhsil, səhiyyə, mədəniyyət, idarə və müəssələrin kollektivləri, geniş ictimaiyyətin nümayəndələri və sakinlər əllərində tər qərənfillər öz qəhrəmanlarını bir dəqiqəlik sükutla, böyük ehtiramla yad etdilər. Əllərində tər qərənfillər bu müqəddəs yerə ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Rayon rəhbəri şəhid məzarlarının başında duran valideynlərə, ailə üzvlərinə başsağlığı verilir, “bu dərd-hamının dərdidir” söyləyirdilər. Sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şagirdlərin 20 Yanvar faciəsini əks etdirən rəsmlərinə bir-bir nəzər saldi və bildirdi ki, 20 Yanvar gününü xalqımızın istiqlal, müstəqillik istəyinin zirvəsi, oyanış və Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifəsidir. SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi zorakalıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu subut etdi. Məhz yalnız ümummilli lider Heydər Əliyevin səyi nəticəsində faciə dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarla 1990-cı il 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildi.

 

Daşkəsən

Daşkəsəndə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

Rayon İH-nin başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, 20 Yanvar faciəsinin mahiyyətindən ətraflı söhbət açaraq bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq otuz il ötür. Bu ötən illər ərzində xalqımız bu hadisəni unutmur, hər il şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

 

Qazax

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü geniş şəkildə qeyd olunub.

Tədbirlər planının davamı olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında ucaldılmış memorial abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.

Şəhidlərin ruhuna dua oxunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra könüllülərdən Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Pəri İbrahimova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin III kurs tələbəsi Ləman Hüseynova və II kurs tələbəsi Tutu Qocayeva şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Daha sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatının məsul işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Şəhidlər Xiyabanında memorial önünə gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər qərənfillər düzüblər.

 

Gədəbəy

Gədəbəydə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə rayonunun Şəhidlər Xiyabanında keçirilən Ümumxalq Hüzn Günündə rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Anım tədbirində minlərlə insan Şəhidlər Xiyabanına ziyarətə gəlmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Rayon Aşıqlar məktəbində davam etdirilən tədbirdə iştirakçıları əvvəlcə rayon məktəblilərinin 20 Yanvara həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub. Qanlı Yanvara həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Slavyanka kənd 1 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

Tovuz

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Tovuz şəhərindəki Şəhidlər Xiyabanında, Qovlar şəhərində, Əlimərdanlı, Əyyublu, Düz Qırıqlı, Əlibəyli, Hacıalılı, Ağdam və Aşağı Quşçu kəndlərində anım mərasimi keçirilmişdir.

Tədbirlərdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, dini icma nümayəndələri, rayonun idarə, müəsissə və təşkilatların əmək kollektivləri, yerli sakinlər iştirak etmişdir. Minlərlə insan Tovuz Şəhidlər Xiyabanına, kəndlərdəki 20 Yanvar şəhidlərinin rəmzi abidələri və vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə komplekslərini, şəhid məzarlarını ziyarətə gəlmiş, şəhidlərin məzarı üzərinə və xatirə abidələri qarşısına gül dəstələri düzmüş, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Kəndlərdəki xatirə abidələri qarşısında məktəblilər şəhidlərin unudulmaz xatirəsinə həsr edilmiş şeir parçaları səsləndirmişlər.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələri ilə görüşmüş, bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

 

Şəmkir

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Şəmkir şəhərində yerləşən “20 Yanvar” qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoydular.

Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiyalar dinlənildi.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanına yürüş keçirdilər, rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoydular.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid ailələrinə baş sağlığı verərək, şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, həmin hadisənin təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

 

Kürdəmir

Kürdəmir rayonunda 20 Yanvar faciəsi qurbanlarının otuzuncu ildönümü - Ümumxalq Hüzn Günü böyük ehtiramla yad edildi. Rayon ictimaiyyətinin nümayəndələri 2016-cı ilin aprel ayının 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz, baş leytenant, şəhid Əbubəkr İsmayılovun yaşadığı evin qarşısındakı barelyefin önünə gül dəstəsi qoydular. Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətini başçısı Ceyhun Cəfərov çıxış edərək dedi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Xankəndində, digər işğal olunmuş ərazilərdə dalğalanacaq.

Daha sonra tədbir iştirakçıları rayonun 20 Yanvar parkına gələrək “Ana harayı” abidəsinin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

Məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiya dinlənildi, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi və 20 Yanvar faciəsini özündə əks etdirən kitablar nümayiş etdirildi.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzdülər.

Həmin gün rayonun Sığırlı kəndində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun giziri Tural Qurbanovun məzarı ziyarət olundu.

 

Ağdam

Ümumxalq Hüzn Günü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin önünə əklillər və gül-çiçək dəstələri düzərək onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon icra hakimiyyətinin başcısı Vaqif Həsənov mərasimdə çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əlləri dirsəyə qədər xalqımızın qanına batmış M.Qorbaçovun göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı şəhərində və eləcə də digər yaşayış məntəqələrində dinc insanları məhv etmək üçün onların üstünə yeridilib. Dinc əhaliyə, uşaqlara, qocalara xüsusi qəddarlıq və misli görünməyən vəhşiliklə divan tutulub. İmperiyanın qaniçən ordusu qocalara, uşaqlara, qadınlara və xəstələrə belə aman verməyərək onları qətlə yetirib, Bakı şəhərini qan gölünə çevirib. Qanlı Yanvar gecəsi həlak olan insanlar arasında Ağdamdan bir nəfər olub. Həmin qanlı faciə xalqımızın azadlığı uğrunda mübarizəsini daha da möhkəmləndirib. Misli görünməmiş bu qanlı faciəyə siyasi-hüquqi qiyməti ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev verib və bəyan edib ki, Azərbaycan xalqının müstəqillik mübarizəsinə divan tutmaq üçün bu faciə törədilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət və qayğının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, bu təbəqədən olan insanların mənzil və maşınla təmin edilməsi Prezident İlham Əliyevin fəaliyyətində ən önəmli yerlərdən birini tutur.

***

Tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar hadisələrindən 30 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilib, dinc əhaliyə divan tutulub. Yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib. 1990-cı il 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifəsi, iftixar günüdür.

Bu fikir 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Ağdam Musiqi Kollecində keçirilən “Tarixin qan yaddaşı” adlı tədbirdə səsləndirilib. Ağdam Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Anar Əsgərovun “20 Yanvar tariximizin qan yaddaşıdır” mövzusunda məruzəsi dinlənilib. Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev, Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Şirxan Baxşəliyev çıxış edərək, 30 il əvvəl Bakıda həyata keçirilən qanlı hadisələrdən bəhs edib, 20 Yanvarı Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinin parlaq səhifəsi kimi səciyyələndiriblər.

20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclər üçün vətənpərvərlik nümunəsidir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsillər də şəhidlərin qəhrəmanlığından nümunə götürməlidirlər.

 

Laçın

20 Yanvar faciəsinin 30-cu ildönümü rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə qeyd olunub.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərov xalqımızın azadlıq və müstəqililk uğrunda apardığı mübarizənin bu gün böyük ehtiramla yad olunduğunu, tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını qeyd edərək bildirib ki, keçmiş sovet imperiyası tərəfindən törədilmiş qanlı 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş və bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına var qüvvəsini sərf edib.

Müstəqillik və azadlıq uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin adının Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirən icra başçısı qeyd etdi ki, 1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün qadağalarına baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı cinayətlərin təşkilatçılarını və iştirakçılarını pisləyərək bəyanat verdi. Həmin bəyanat xalqımızın haqq səsini müdafiə edən və onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım oldu.

Şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə önündə məktəblilərin ifasında “20 yanvar faciəsi-qan yaddaşımız” ədəbi-bədii kompozisiyası göstərilib.

 

Xocavənd

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü xocavəndli məcburi köçkünlər tərəfindən silsilə tədbirlərlə qeyd edilib.

Rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil müəssisələrində konfrans və yığıncaqlar təşkil edilib. Rayonun ümumtəhsil məktəblərində Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər, inşa, rəsm müsabiqələri, şahmat yarışı keçirilib. Faciəni əks etdirən guşələr və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Tədbirlərdə vətənpərvərlik şeirləri səsləndirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş ümumrayon tədbiri isə Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə Kompleksi” önündə keçirilib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.

 

Göyçay

Səhər saatlarından Göyçay rayonundakı Şəhidlər Xiyabanına üz tutan minlərlə sakin 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün buraya axışırdı.

Ümumxalq Hüzn Günü ilə bağlı keçirilən tədbirdə çıxış edənlər bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri öz suverenliyini əldə etmək üçün ayağa qalxmış dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə və məzarları üzərinə gül-çiçəklər düzərək qəhrəman övladların xatirəsini ehtiramla yad ediblər.

Görüşdə iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycanın müstəqillik qazanmasında 1990-cı ilin qanlı 20 Yanvar günündə canlarını qurban vermiş şəhidlərimizin böyük rolu olduğunu söyləmiş və Azərbaycan xalqının tariximizə qara yanvar kimi daxil olmuş bu faciənin qurbanlarını heç zaman unutmadığını və unutmayacağını qeyd etmişdir.

Şəhid Mehman Muradovun qardaşı Mehdi Muradov vaxtilə ulu öndər Heydər Əliyev və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən 20 yanvar əlillərinin, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu və bu istiqamətdə mühüm qərarlar qəbul edildiyini dilə gətirib, ölkə rəhbərliyinə bu diqqətə və qayğıya görə təşəkkürünü bildirib.

Sonra 20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsinə dair tədbirlər planında nəzərdə tutulduğu kimi, şəhid ailələrinə humanitar yardımlar göstərilib.

 

Zərdab

Zərdab Rayon İcra Hakimiyyətində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı hüzn mərasimi keçirilib.

Əvvəlcə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş divar qəzetlərinə və əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Sonra rayonun mərkəzindəki Xatirə parkında şəhidlərə ucaldılmış abidə önünə güllər düzülüb.

Tədbirin rəsmi hissəsi ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar edilməsi ilə başlanıb.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə anım mərasimində çıxış edərək, bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu tanrıdan rəhmət diləyib hüzn tədbirində şəhidlərə həsr edilmiş kompozisiya nümayiş etdirilib. Qeyd edək ki, tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri, ucqar kəndlərdən rayon mərkəzinə üz tutmuş minlərlə sakin iştirak etmişdir.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən və gəmilərdən səs siqnalları verilib.

“Respublika”.

 

Respublika.- 2020.- 24 yanvar.- S.4.