Yaşasaydılar elmə daha böyük töhfələr verərdilər...

 

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanlarımızın azadlıq eşqini söndürə bilməyib və xalqımız qanı bahasına müstəqilliyinə qovuşub.

Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Həmin vəhşi terror aktının ən ağır cinayətlərindən biri isə yanvarın 24-də baş verib.

Qanlı 20 Yanvar hadisələrindən sonra 5 vətənpərvər elm fədaisi çalışdıqları instituta gedərkən sovet ordusunun amansızlığına tuş gəldilər. Azərbaycana yeridilən böyük hərbi kontingentinin tankı xüsusi amansızlıqla yolun kənarında nasazlığı səbəbi ilə dayanan minik maşınının üstündən keçərək hadisə yerindən uzaqlaşdı. Hər biri öz sahəsində sözünü demiş 5 alimi qanlı faciədən sonra işə aparan onların elmə bağlılığı, işlərinə olan sədaqəti idi. O hadisədə 5 alimdən 3-ü şəhid oldu. Faciə zamanı professorlar İbrahim İbrahimovSvetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə xəstəxanada dünyalarını dəyişdilər. Parlaq Mustafayevaİdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşdular.

Yaşadıqları müddətdə böyük uğurlara imza atan 3 mərd vətən övladının həyat və yaradıcılıqlarına yaxşı bələd olan hər kəs: “yaşasaydılar elmə daha böyük töhfələr verərdilər” deyir.

Artıq 30 ildir ki, AMEA-nın Polimer Materialları İnstitutunda hər il 20 Yanvar şəhidlərinin anım tədbirləri keçirilir, Şəhidlər Xiyabanına və yanvarın 24-də əməkdaşlarımızın amansızlıqla qətlə yetirildikləri Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarət təşkil olunur. Yolun 24-cü kilometrliyində qoyulan anım lövhəsi elm adamlarının ziyarət yerinə çevrilib.

Bu cinayət elm tarixində ağır itki, qara səhifə kimi qalacaqdır. İnstitutumuzun şəhid olan görkəmli alimlərinin - professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun xatirələri institut əməkdaşları tərəfindən hər zaman  yad edilir və ediləcəkdir. Vəhşi cinayətin qurbanları ömürlərinin çiçəkləndiyi, yaradıcılıqlarının bulaq kimi qaynadığı bir vaxtda həyatdan vaxtsız köçdülər, iki alim isə vəhşiliyin, amansızlığın şahidi oldular. 30 il əvvəl möcüzəli şəkildə sağ qalan professor İdris Əhmədov məhz 29 il sonra yanvarın 20-də dünyasını dəyişdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Esmira İMANOVA,

AMEA Polimer Materialları İnstitutu Beynəlxalq

ictimaiyyətlə əlaqələr və qrant layihələri şöbəsinin müdiri.

 

Respublika.- 2020.- 26 yanvar.- S.4.