Kollecdə Qanlı Yanvar tədbiri

 

Şuşa Humanitar Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova açdı.

O qeyd etdi ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaqöz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Daha sonra kollecin direktoru Rasim Mehdiyev çıxış edərək qeyd etdi ki, otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb. 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvarında əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir”.

Kollecin birinci mərtəbəsində tələbələr tərəfindən hazırlanmış sərgi keçirildi. Burada tədbirin iştirakçıları 20 Yanvar hadisələrini əks etdirən müxtəlif əsərlərlə tanış oldular.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

 

Zabit CAVADOV,

Respublika”.

 

Respublika.- 2020.- 26 yanvar.- S.4