Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində
20 Yanvar şəhidlərinin xatirəsi
anılıb
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətində (SHXÇDX) 20 Yanvar
faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir
keçirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
SHXÇDX rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev xalqımızın azadlıq mübarizəsi tarixinə əbədi həkk olunmuş 20 Yanvar hadisələrinin respublikamızın müstəqilliyinin bərpası yolunda mühüm bir mərhələ olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” 13 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il olduğu kimi, bu il də ölkəmizdə və dünyada o qanlı hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsinin yad edildiyini qeyd edib.
Tədbirdə vurğulanıb ki, o müdhiş gecə əliyalın əhalinin üzərinə ən ağır hərbi texnika və silahlarla hücumu zamanı 147 vətəndaşımız şəhid oldu, 700 nəfərdən çox adam yaralandı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi alim Firdovsiyə Əhmədova 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə ətraflı məlumat verib, bu tarixin Azərbaycanın azadlığı uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu bildirib. 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyevin keçirdiyi mətbuat konfransında Sovet İmperiyasının törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmasını, əliyalın xalqımıza qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmasını diqqətə çatdırıb. 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verildiyini bildirib.
SHXÇDX-də 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi hazırlanıb.
Həmçinin Xidmətin yerli idarə, şöbə və bölmələrində də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
Müşfiq MİRZƏ,
“Respublika”.
Respublika.- 2020.- 26 yanvar.- S.4.