Azərbaycan Milli Elmlər Akademiyasında Hesablama Palatasının sədri ilə görüş keçirilib

 

AMEA Rəyasət Heyətində akademiya əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanının rəhbəri Vüqar Gülməmmədovun akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və onlara tövsiyələrini vermək məqsədilə təşkil edildiyini diqqətə çatdırıb.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb, prioritet istiqamətlərdən ətraflı söz açıb. Qeyd edib ki, AMEA-nın 2019-cu il dekabrın 28-də keçirilmiş ümumi yığıncağında qəbul edilmiş “AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı” strateji istiqamətləri ilə böyük əhəmiyyət kəsb edir. AMEA-da qarşıya qoyulan məqsədlərə çatmaq üçün elmin inkişafına dair proqramın prioritet istiqamətlər kimi qəbul edilməsi ölkəmizdə elmin yüksək templə inkişafı ilə yanaşı, akademiyaya müxtəlif qurumlarla səmərəli birliyinə imkan verən sistemin qurulmasına şərait yaradacaq.

Həmçinin dövlət əmlakının idarə edilməsi, büdcə vəsaitlərinin dövlət qurumları tərəfindən istifadə qaydaları və s. barədə ətraflı bəhs edən Hesablama Palatasının rəhbəri bir sıra vacib məsələlər barədə tövsiyələrini bildirib.

Sonra V.Gülməmmədov AMEA əməkdaşlarının suallarını cavablandırıb. Sual-cavab müzakirələrində AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər iştirak ediblər.

Sonda akademik Ramiz Mehdiyev rəsmi dövlət qurumlarının rəhbərləri ilə AMEA əməkdaşlarının belə formatda görüşlərinin davam etdiriləcəyini diqqətə çatdırıb.

 

 

Respublika.- 2020.- 25 yanvar.- S.3.