Ölkəmiz elmi əsaslar üzərində inkişaf edir

 

Akademik Fuad Əliyevin anadan olmasının 70 ili tamam olur. Görkəmli akademik onun 40 ilini AMEA Gəncə Bölməsinin yaranması və inkişafına həsr edib. Kiçik elmi mərkəzdən artıq ölkənin elmi potensialına öz sanballı töhfələrini verən elmi məbədə çevrilməsi onun alim və təşkilatçı kimi bacarığının göstəricisidir.

AMEA-nın Gəncə Bölməsinin sədri, əməkdar elm xadimi, akademik Fuad Əliyevlə söhbətimiz də qədim şəhərin elmi həyatının dünəni, bu günü və sabahı haqqındadır.

 

– Fuad müəllim, Gəncə Azərbaycanın ən qədim milli-mədəni və elmi ənənələrə malik şəhərlərindən biridir. Bugünkü uğurlarımızdan söhbət açarkən ilk növbədə qədim şəhərdə elmin inkişaf tarixinə nəzər salmaq lazımdır, çünki nailiyyətlərin təməlində, heç şübhəsiz, zəngin elmi irs tarixi və görkəmli şəxsiyyətlər dayanır.

– Gəncə Şərqin ən qədim mədəniyyət və elm mərkəzlərindəndir. Şeyx Nizami Gəncənin elmi-mədəni səviyyəsini yüksək qiymətləndirərək doğma şəhərini “Mənim Babilim” deyə tərənnüm etmişdir.

Hələ XI əsrdə, yəni Ərəb xilafətinin çiçəkləndiyi dövrdə böyük mütəfəkkir Qətran Təbrizinin Gəncədə məskunlaşması şəhərin müsəlman Şərqində böyük mədəniyyət və elm mərkəzinə çevrildiyini göstərir. Həmin dövrdə Gəncədə fərdi və ictimai kitabxanalar, mədrəsələr, rəsədxanalar və tibb mərkəzlərinin, “Hikmət evləri” və “Şəfa ocaqları”nın mövcudluğu burada görkəmli mütəfəkkirlərin, elm xadimlərinin fəaliyyət göstərməsinin sübutudur.

Şərqin elm və mədəniyyət mərkəzlərindən olan Gəncə ədəbi mühitində X-XIII əsrlərdə fəaliyyət göstərmiş görkəmli şəxsiyyətlərin adları “Nüzhətül-Məcalis” tarixi-ədəbi əsərdə öz əksini tapmışdır. Bunlar Əbu Həfs Gənci, Əbül Üla Gəncəvi, Məhsəti Gəncəvi, Siti Gəncəvi, Rəziyyə Gəncəvi, Doxtəri Xətibi Gəncə, Qivami Mütərrizi, Mirzə Şəfi Vazeh, Şeyx İbrahim Qüdsi Şeyxzamanlı kimi dünya mədəniyyəti xəzinəsinə daxil olmuş görkəmli şəxsiyyətlərimiz, dühalarımızdır.

Şərq fəlsəfəsinin Rusiyada yaradıcılarından biri, Gəncənin məşhur Qacarlar sülaləsinə mənsub olan ilk akademikimiz, Böyük Britaniyanın Kral Asiya Cəmiyyətinin həqiqi üzvü Mirzə Cəfər Topçubaşov (1784-1869) 1817-ci ildə İran səfirliyinin tərkibində Sankt-Peterburqa getmiş, daha sonralar Peterburq Universitetinin professoru kimi Rus Arxeoloji Cəmiyyətinin Numizmatika şöbəsinin yaradıcılarından biri olmuş və ömrünün axırına qədər bu şöbənin Şərq bölməsinə rəhbərlik etmişdir.

Elmin müxtəlif sahələrində ayrı-ayrı əsrlərdə çalışmış elm xadimlərini, mütəfəkkirləri nümunə göstərmək olar ki, onlar nəinki Şərq elmində, həmçinin Avropanın müxtəlif ölkələrində öz elmi yaradıcılıqları ilə xalqımızı təmsil etmişlər.

– Fuad müəllim, qədim şəhərdə Elm mərkəzinin yaradılması ölkənin elmi-texniki potensialının güclənməsinə və Qərb regionunda müxtəlif problemlərin həllinə imkanlar açdı. Mərkəz Qərb regionunda elm adamlarının fəaliyyətini əlaqələndirməklə elmi-tədqiqat və təşkilati işlərin inkişafına yeni təkan verdi, keyfiyyətcə yeni mərhələnin təməlinə çevrildi. İndi artıq 40 ilə yaxındır ki, bu elm ocağı ölkənin elmi əsaslarla dinamik inkişafına və kadr hazırlığına öz töhfəsini verir. Bəlkə bu mənada ötən tarixə bir də nəzər salaq.

– Keçmiş SSRİ Elmlər Akademiyasının ölkəmizdə 1945-ci ildə filialı açılarkən Bakı ilə yanaşı, şəhərimizdə də Kənd təsərrüfatı elmləri sahəsində filial yaradıldı və ona akademik Firuz Məlikov rəhbərlik etdi. Sonralar maliyyə çətinlikləri üzündən bu Akademiya öz fəaliyyətini dayandırdı.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan elminə diqqət və qayğısı sayəsində 1981-ci ildə yenidən Gəncədə Elmlər Akademiyasının Elmi Mərkəzi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Gəncə Regional Elmi Mərkəzinin bazası əsasında AMEA Gəncə Bölməsi və onun nəzdində yeddi elmi-tədqiqat İnstitutu fəaliyyətə başlamışdır.

Bu institutlar Qərb bölgəsinin biomüxtəlifliyinin, təbii resurslarının araşdırılmasını, pasportlaşdırılmasını və onların xalq təsərrüfatının müxtəlif sahələrində istifadəsini tədqiq edirlər.

Ekoloji tarazlığın tədqiq olunması, təbii ehtiyatların və külli miqdarda toplanmış tullantıların araşdırılması və onların əsasında texnoloji proseslərin hazırlanması qarşıda duran ən vacib problemlərdən biridir.

Həyat üçün ən vacib amillərdən biri olan torpaq və su ehtiyatlarının tədqiqi və onlardan səmərəli istifadə olunması, bölgədə olan alternativ enerji mənbələrinin araşdırılması və onun aqrar sənayedə istifadə olunmasıdır ki, bunlar da ən vacib və maraqlı sahələrdən biridir.

Əsrlər boyu bu regionda yaşayıb-yaratmış mütəfəkkirlərin, klassiklərin, xüsusən də Nizami Gəncəvi irsinin araşdırılması Nizamişünaslığın aktual problemlərinin və onun elmi-fəlsəfi görüşlərinin tədqiq edilərək dünyaya çatdırılması elmimizin ən vacib məsələlərindən biridir.

Azərbaycan tarixinin öyrənilməsində Qərb bölgəsində arxeoloji və etnoqrafik materialların toplanması və tədqiqi, onların əsasında tədqiqatların aparılması vacibdir.

AMEA-nın Gəncə Bölməsində bu gün əldə olunan elmi nailiyyətlər barədə danışarkən ötən tariximizə nəzər salsaq görərik ki, ölkə elminə və mədəniyyətinə bu torpağın bəxş etdiyi böyük alim və mütəfəkkirlərin davamçıları, bu məktəbin nümayəndələri bu gün də şəhərimizdə yaşayıb-yaratmaqdadırlar. Bütün bunlar belə institutların fəaliyyətinə zəmin yaratmışdır.

Hələ ötən əsrin 20-ci illərindən fəaliyyətə başlayan institutlarda tarixən yerli xammal əsasında ipəkçilik, pambıqçılıq, boyaqçılıq sahələrində əsaslı tədqiqatlar bu günə qədər davam etdirilməkdədir.

Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi fərman və sərəncamlar əsasında respublikamızda ipəkçilik, pambıqçılıq, süni mayalanma kimi tədqiqat mərkəzlərinin yaradılması, texnoparkların inşa edilməsi elmi əsaslar üzərində həyata keçirilməkdədir.

Keçən əsrin 50-ci illərində görkəmli akademik Mirəli Qaşqay uzun illər ərzində apardığı elmi-tədqiqat işlərinin nəticəsi olaraq, zəngin təbii sərvətlərə malik Filizçay yataqlarını aşkar etmişdir ki, bunların əsasında geoloji komitələr yaradılmış, metallurgiya zavodları fəaliyyətə başlamışdır.

Heç də təsadüfi deyildir ki, bu gün respublikamızın qızıl ehtiyatının əsas mənbəyi Qərb bölgəsində olmaqla yanaşı, alunit xammalı istehsalı, dəmir filizi, müvəqqəti olaraq dayandırılmış kobalt istehsalı bu bölgənin məhsullarıdır.

– AMEA-nın Gəncə Bölməsini şəhərimizin sakinləri elm məbədi adlandırırlar. Binanın qarşısında ucaldılan müdriklərin və dövlət xadimlərinin heykəllərinə nəzər salarkən hər birimizin qəlbində qürur hissi oyanır. İnsanların diqqətini çəkən bu möhtəşəm bina regionda elm mərkəzi kimi məsuliyyətli bir vəzifəni həyata keçirir. Siz daha yaxşı bilirsiniz ki, ölkəmizin dinamik inkişafı innovativ texnologiyalar əsasında həyata keçirilir və insanların yaşayış tərzinin yüksəldilməsi elmi-texniki tərəqqi ilə bilavasitə bağlıdır. Ona görə də elm adamlarının qarşısında çox məsul vəzifələr durur. Bu tələbata cavab vermək üçün güclü maddi-texniki baza, dövrün tələbləri ilə ayaqlaşa biləcək kadr potensialı olmalıdır.

– Haqlısınız. Gəncənin elm tarixinə nəzər saldıqda burada əsrlər boyu görkəmli şəxsiyyətlərin, alimlərin yetişdiyi və xalqımızın bundan bəhrələndiyi aşkar olur.

Bir qədər əvvəl Gəncədə böyük kitabxanaların, mədrəsələrin, müəllimlərin olduğu haqda yığcam məlumat verdim. Biz Nizami Gəncəvi, Məhsəti Gəncəvi yaradıcılığına nəzər salsaq, bir daha görərik ki, bu şəxsiyyətləri öz təhsillərini yüksək qabiliyyətli müəllimlər, elmin bütün sahələrini əhatə edən kitablar və onları əhatə edən elmi mühit formalaşdırmışdır.

Fəlsəfi biliklərini qədim yunan kitablarından öyrənən, astrologiya elmini dəqiqliyi ilə mənimsəyən, bu gün Mendeleyev cədvəli adlandırdığımız vəsaitindən xəbərdar olan, kimya, fizika, riyaziyyat haqqında bilgisini özünün poetik əsərlərində tərənnüm edən bu dahi şəxsiyyət Avropada musiqi və şahmat aləmindən qadınların xəbəri olmadığı halda, Məhsəti xanımın yazıb-yaratdığı rübailər, əsərlər Gəncənin necə bir qüdrətə malik olduğunu sübut edir.

Binamızın qarşısında qoyulan bu abidələr şəhərimizin sakinlərinə, xüsusən də gənc nəslə xalqımızın igid övladları, böyük alimləri haqqında məlumat vermək məqsədi daşıyır və heç də bu elm məbədinin qarşısında təsadüfi ucaldılmamışdır.

Azərbaycan tarixinin ilk tədqiqatçısı olmuş Şeyx İbrahim Qüdsi Şeyxzamanlı böyük məktəblər və müəllimlər görmüş, böyük bilgilər və tarixi materiallar əldə etmiş və onların əsasında tarixi məqamları qələmə almışdır.

Mirzə Şəfi Vazehin yaratdığı “Divani-hikmət” ədəbi məclisi Gəncə mühitində görkəmli şəxsiyyətlərin formalaşmasına və Şərqlə Qərbin poetik tellərlə bağlanmasına müsbət təsir göstərmişdir.

– Dövrümüz yüksək texnologiyalar əsridir, heç şübhəsiz uğurlu gələcək, innovativ və rəqəmsal texnologiyalardan istifadə müasir dövrün tələbidir, yəqin bunlar da ən aktual, prioritet sahələr kimi diqqət mərkəzindədir.

– “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, fərman və sərəncamlarda bu sahədə qarşıya konkret vəzifələr qoyulub. Bölməmizin İnformasiya texnologiyaları şöbəsində elmi-tədqiqat işlərinin dövri elektron ədəbiyyatla təmin olunması, yeni innovativ texnologiyaların araşdırılması və onların institutların əməkdaşlarına təqdim olunması üçün sistemli iş aparılır. Qərb bölgəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin əməkdaşlarına informasiya texnologiyaları üzrə müasir tətbiqi proqramların öyrədilməsi, bölmənin müəssisələrində əldə olunan elmi nailiyyətlərin nəşr edilməsi və arxivləşdirilməsi, regionda elmi kadr hazırlığı məqsədilə Distant tədris sisteminin həyata keçirilməsi bu sahədə atılan addımlardır. Bir faktı qeyd edim ki, İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə bölmədə Distant Tədris həyata keçirilir ki, burada 2014-2018-ci illərdə regionun müxtəlif elmi-tədqiqat institutları və universitetlərindən 485 nəfər doktorant və dissertant informatika fənni üzrə seminarlar keçərək doktorluq imtahanlarında iştirak ediblər.

Şöbədə mütəmadi olaraq “Elektron dövlət” portalında yerləşən mühasibatlıq, maliyyə, elektron hesablaşmalar və ödəmələr, kadrlar qeydiyyatı üzrə elektron proqramların tətbiqi həyata keçirilir.

– Bu gün təhsil-elm-istehsalat üçbucağı sistemində gördüyünüz işlər barədə nə deyə bilərsiniz?

– Elmi işlərlə məşğul olan tədqiqatçı bilir ki, bu sahənin nə milliyyəti, nə də vətəni olur. Elmdə müsbət nailiyyətlər əldə etmək üçün sözsüz ki, müxtəlif ölkələrdə aparılan tədqiqatlar öyrənilməli və onlarla müqayisədə düzgün nəticələr əldə etmək mümkündür. Ona görə də bölmənin institutlarının əmkdaşları öz elmi-tədqiqat işlərində regionumuzda və qonşu dövlətlərdə aparılan elmi-tədqiqat işləri ilə bağlı əlaqələr yaratmaqla öz elmi-tədqiqatlarını davam etdirirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə birgə yeni liqand və kompleks birləşmələrin sintezi sahəsində, Aşqarlar Kimyası İnstitutu ilə birgə çoxfunksiyalı alkilfenolyat tipli aşqarların alınması və onların əsasında yaradılmış yeni sürtkü kompozisiyalarının biozədələnməyə qarşı xassələrin öyrənilməsi əsas tədqiqatlardan biridir.

Biosidlərin çeşidinin artırılması və birləşmələrin quruluşundan asılı olaraq onların mikrobioloji təsirinin müəyyənləşdirilməsi mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Bu məqsədlə sintez olunmuş müxtəlif tipli sürtkü yağlarının temperatur, rütubət və müxtəlif təsirlər şəraitində nəqletmə, uzun müddət saxlanıldıqda bir sıra bakteriya və göbələklərin mənfi təsiri ilə biozədələnməyə qarşı davamlılıq xassələri tədqiq olunmuşdur.

Polimer Materialları İnstitutu ilə birgə kompozisiya materialların alınması istiqamətində tədqiqatlar aparılır.

Gənc elmi kadrların hazırlanması məqsədilə elmi əsərlərin, məqalələrin və monoqrafiyaların nəşri, birgə elmi-tədqiqat işlərinin, akademik və informasiya mübadilələrinin aparılması üçün Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin Gəncə Bölməsində sahə kafedraları yaradılmışdır.

Gənc kadrların iştirakı ilə elmlərin və fənlərin qovşağında yeni elmi istiqamət olan multidissiplinar araşdırmaların aparılmasına başlanılmışdır.

Elmin müxtəlif sahələri: kimya, tarix, filologiya, biologiya üzrə ixtisaslaşmış bakalavriat və magistratura səviyyəsində tələbələrin fərdi və ya qrup halında Gəncə Bölməsində təcrübə keçmələri təmin edilib.

Laboratoriya və şöbələrdə yüksək elmi nəticələr əldə etmiş magistrantların məqalə və tezisləri müxtəlif jurnallarda, yüksək impakt faktorlu xarici elmi nəşrlərdə çap olunur.

Elmi-tədqiqatların nəticəsinə görə yüksək biliyə və təcrübəyə malik bakalavriat və magistratura səviyyəsi üzrə seçilmiş tələbələr laboratoriya və şöbələrdə elmi işə cəlb olunurlar.

Elmi əməkdaşlıq yalnız ali təhsil müəssisələri ilə deyil, həm də orta məktəblərlə aparılır. Şagirdlərin elmə maraqlarının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir.

– Bəs, Beynəlxalq elmi əlaqələr necədir?

– Qloballaşan dünyamızdan təcrid olunmuş şəkildə yaşamaq, mövcud problemləri bir ölkə daxilində həll edərək inkişaf etmək mümkün deyildir. Bu, özünü elm sahəsində daha qabarıq şəkildə göstərir.

Dünya elmi əslində vahid bir orqanizm kimidir, müsbət elmi nailiyyətlər əldə etmək yalnız əlbir, qarşılıqlı fəaliyyət nəticəsində mümkündür. Son illərdə belə əməkdaşlığa meyli daha da gücləndirmişik.

Dahi Nizami Gəncəvi və Məhsəti Gəncəvi əsərlərinin əlyazmaları nüsxələri, əsərlərinə çəkilmiş miniatürlər və görkəmli ədib, pedaqoq Mirzə Şəfi Vazehin əsərlərinin əlyazmaları, Almaniyada dərc edilmiş kitabları, həmçinin əsərlərinə görkəmli Avropa bəstəkarlarının yazdıqları klassik musiqi əsərlərinin not nüsxələri ilk dəfə olaraq Gəncə şəhərinə gətirilərək yeni yaradılmış yeddi muzeydə sərgilənir, elmi əsaslarla tədqiq olunur.

Ötən müddət ərzində Gəncə şəhərinin minilliklərə istinad edilən yerdəyişmələrin tarixi, qədim Gəncə qalasının tədqiqi ilə bağlı ABŞ-ın Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey Universitetinin alimləri ilə birgə arxeoloji qazıntılar aparılmışdır. Bu qazıntı və tədqiqat işləri nəticəsində əldə edilmiş çoxsaylı maddi mədəniyyət nümunələri, sənətkarlıq məmulatları laborator analizlər aparılması məqsədilə ABŞ-ın Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyində araşdırılmışdır. Qədim Gəncə qalasının tarixi, şəhərin yerdəyişmələrinin öyrənilməsi ilə bağlı bu müştərək tədqiqatlar davam etdirilir və dünyanın 10-dan çox ölkəsində bu araşdırmalara dair Bölmənin əməkdaşları ilə xarici alimlərin onlarca elmi əsəri yüksək impakt faktorlu elmi jurnallarda dərc edilmişdir.

Diyarşünaslıq İnstitutunun əməkdaşları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri ilə birgə İtaliyanın Beynəlxalq Aralıq dənizi və Yaxın Şərq Tədqiqatları Mərkəzinin Dini Tədqiqlər Departamentinin arxeoloqları ilə birgə əməkdaşlıq edirlər. İlk elmi nəticələr də əldə olunmuş, şəhərin Yeni Gəncə yaşayış massivində eramızdan əvvəl III-II minilliklərə aid kurqanlarda arxeoloji qazıntı işləri aparılmışdır. İki kurqanın arxeoloji tədqiqi nəticəsində tunc dövrünə aid 6 adda tarixi məmulatlar əldə edilmiş, sənətkarlığın müxtəlif növlərini əks etdirən nizə və ox ucluqları, kiçik və orta ölçülü küpələr, saxsı qablar, tunc bilərzik və muncuq nümunələri aşkar edilmişdir. Dəvəgözündən (obsidiandan) hazırlanmış ox uclarının erkən tunc dövrünə aid olduğu müəyyən edilmiş və gələcəkdə bu kurqanların birgə tədqiqi razılaşdırılmışdır.

Bu arxeoloji və etnoqrafik tədqiqatların elmi nəticələrinə və aşkar edilmiş çoxsaylı sənətkarlıq məmulatlarının tədqiqinə dair “Gəncə şəhərinin ənənəvi sənətkarlıq növlərinin innovativ üsullarla tədqiqinin əhəmiyyəti (Tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiya ingilis və italyan dillərində Çexiyanın paytaxtı Praqa şəhərində nəşr edilmiş, 11 elmi əsər Türkiyə, ABŞ, Venesuela, Belarus, Rusiya, Polşanın impakt faktorlu jurnallarında dərc olunmuşdur.

Bölmənin beynəlxalq əməkdaşlığı çərçivəsində “Gəncənin qədim memarlıq və sənətkarlıq sahələrinin multidissiplinar əsaslarla tarixi-etnoqrafik tədqiqi” adlı monoqrafiya Polşanın paytaxtı Varşava şəhərində nəşr edilmişdir.

Bölmənin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərində alunit mineralının tədqiqi sahəsində birgə elmi tədqiqatlar aparmışlar. Son vaxtlar Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə yaratdığımız elmi əlaqələrin də hər iki ölkə üçün yüksək səmərə verəcəyinə inanıram.

Ümumiyyətlə, elmdə Beynəlxalq əlaqələrin gücləndirilməsinə xüsusi diqqət göstəririk.

– Fuad müəllim, Gəncə 4 min ildən artıq tarixə malik qədim şəhərdir. Onun tarixinin öyrənilməsi və tədqiqi heç şübhəsiz, Bölmənin qarşısında duran ən başlıca məsələlərdəndir. Bu, çox çətin və məsuliyyətli işdir. Şəhər siyasi çəkişmələr, təbii fəlakətlər, müharibələr və ölkədaxili ziddiyyətlər üzündən dəfələrlə yerdəyişmələrə məruz qalıb. Belə məcburi yerdəyişmələr qeyd etdiyimiz kimi, tədqiqat işlərini xeyli çətinləşdirir, istər tarixi, etnoqrafik, istərsə də arxeoloji baxımdan çoxsahəli və gərgin elmi araşdırmalar tələb edir. Bu mənada İctimai elmlər bölməsinin üzərinə böyük məsuliyyət düşür. Gəncənin dəqiq tarixinin öyrənilməsi, əlbəttə, tarixçi alimləriniz və arxeoloqlarınız üçün təkcə vəzifə borcu deyil, həm də qürurverici bir işdir.

– Elədir. Gəncənin tarixinin araşdırılması tarixçilərimizin vəzifə borcu olmaqla yanaşı, həm də vətənpərvərlik, yurdsevərlik təəssübkeşlikdir. Diyarşünaslıq İnstitutunda Gəncə şəhərinin tarixinə dair elmi-tədqiqat işləri uğurla davam etdirilir və müəyyən qədər nailiyyətlər əldə olunmuşdur. Təkcə yaxın tariximizə nəzər salsaq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ərəfəsində aparılan elmi-tədqiqat işləri bu dövr haqqında aydın təsəvvür yaradır.

Əldə edilmiş arxiv materialları əsasında “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları”, “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı - Gəncə” , “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı kitablar son tədqiqat işlərinin nəticəsidir. Aparılan tədqiqatlar göstərdi ki, indiyədək Cümhuriyyətin Gəncə dövrü tam araşdırılmayıb. AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 3 ay ərzində 210 qərar və sərəncam verilib ki, bunlar da gələcək tədqiqatlar üçün çox gərəkli elmi mənbələrdir.

“Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri” adlı biblioqrafik monoqrafiya da bu silsilədəndir və görkəmli şəxsiyyətlərin, dövlət xadimlərinin o dövrdə misilsiz xidmətlərini sübuta yetirir.

– Elmimizin gələcək uğurları gənclərin fəaliyyəti ilə bilavasitə bağlıdır. Gənc tədqiqatçılarla iş prinsipi necə qurulub...

– Ölkə başçısı neft ixracına əsaslanan iqtisadiyyatdan insan kapitalına və innovativ texnologiyalara əsaslanan dinamik inkişaf strategiyasını ön sıraya çəkmişdir. Heç şübhəsiz, müasir biliklərə malik gənclərin hazırlanması, onların elmi-tədqiqat işlərinə cəlb edilməsi elmimizin gələcək inkişafını təmin edəcək ən mühüm amildir.

2013-cü ildə ilk dəfə olaraq Gənc Alim və Mütəxəssislər Şurası yaradılmışdır. Şura fəaliyyətini uğurla davam etdirir, nəticələr göstərir ki, elmimizin gələcəyi etibarlı əllərdədir. Təsadüfi deyil ki, AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən yığıncağında da bu məsələyə xüsusi önəm verdi.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri təkcə ötən il ərzində 10 respublika və 18 beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirak ediblər. Bölmənin gənc tədqiqatçıları Azərbaycan Respublikası Gənclərinin VIII Forumunun iştirakçısı olub, 10-a qədər elmi konfransda moderator seçilib, bölmə iclaslarına rəhbərlik ediblər. Şuranın üzvləri tərəfindən 3-ü xaricdə olmaqla 9 monoqrafiya, 51-i xaricdə olmaqla 108 məqalə, 15-i xaricdə olmaqla 31 tezis nəşr edilib.

Qərb regionunda aparılan elmi-tədqiqat işlərinin koordinasiyası, gənc elmi kadrların hazırlanması məqsədilə nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalının dörd nömrəsi çapdan çıxıb. Burada elmi məqalələri dərc edilən tədqiqatçılardan təkcə ötən il 3 nəfər elmlər doktorluğu dissertasiyasını, 24 nəfər fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib.

ümumiyyətlə, Şura şəhərin universitetlərində oxuyan, elmi-tədqiqat institutlarında çalışan gənc tədqiqatçıların bir araya gəlməsi üçün mərkəz rolunu oynayır. Humanitar, iqtisadiyyat, ekologiya, tarix və sosialogiya sahələrində əldə olunan elmi yeniliklər dinlənilir, birlikdə müzakirə olunur, çox mühüm elmi-təcrübi müzakirələr aparılır. Elmimizin gələcəyi etibarlı əllərdədir.

– Fuad müəllim, müsahibə üçün çox sağ olun, gərəkli fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayırıq.

 

Vaqif TANRIVERDİYEV,

Gəncə şəhəri.

 

Respublika.- 2020.- 25 yanvar.- S.5.