Qazaxıstanın qütb ulduzu - Abay

 

Qazaxıstan prezidenti Qasım Jomərd TOKAYEV: “Abay və XXI əsrdə Qazaxıstan”

 

Bu il Abay İbrahim oğlu Kunanbayevin anadan olmasının 175 ili tamam olur. Xalqımızın böyük oğlunun yubileyini layiqincə qeyd etmək üçün, hazırlıq işlərini görmək üçün xüsusi komissiya yaradılıb. Dövlət səviyyəsində beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Nəzərdə tutulan təbirlər şənlənmək üçün deyil, bizim geniş miqyasda tanınmağımız və mənəvi inkişafımız üçündür. Abay Kunanbayev fikir adamı, şair, maarifpərvər, yeni milli ədəbiyyatın banisi, tərcüməçi, bəstəkar kimi ölkəmizin mədəniyyət və ədəbiyyat tarixində silinməz iz qoyub. Onun şeirlərində və deyimlərində millətimiz, dövrümüz, həyatımız, dünyagörüşümüz, xasiyyətimiz, ruhumuz, dinimiz, mentalitetimiz, dilimiz, təcəlla edərək, möcüzəli Abay dünyasını yaradıb.

Ötən il Abayın yaradıcılığına həsr olunmuş estafetdə mən də bir parça oxudum. Mən həm də Limeyim adlı məktəblinin başladığı təşəbbüsü, ölkə əhəmiyyətli estafeti dəstəkləyib, iştirakçı oldum. Məktəblilərin arasında böyük marağa səbəb olan təşəbbüsə ölkəmizinin vətəndaşları, sonra isə dünyanın tanınmış şəxsləri qoşuldu, bu, aylarla davam etdi. Bütün Qazaxıstan bir neçə ay boyunca yenidən Abay irsini öyrəndi. Bu münasibət Abayın xatirəsinə hörmət olmaqla yanaşı, həm də uşaqların tərbiyəsində effektli vasitədir. Mən inanıram ki, Abay şeirinin oxusu yubiley ilində də davam etdiriləcək.

Elbaşı Nursultan Nazarbayev “Gələcəyə istiqamət: mənəvi dirçəliş” məqaləsində ictimai şüurun yenilənməsinin vacibliyini qeyd edir. Milli özünüdərkin qorunması və ona müasir tələblərə uyğun adaptasiya olunmaq ümummilli problemdir. Ona görə ki, özünüdərkin modernizasiyası XXI əsrdə ölkənin sıçrayışlı inkişafına yol açır.

Belə hesab edirəm ki, Abayın irsi çox faydalıdır. Böyük şairin əsərləri bu gün də aktualdır. Abay ideyası bizim hər bizimizin mənəvi qidamızdır. Buna görə də onun əsərlərindən millətin modernləşməsi yönümündə rasional və faydalı istifadə edilməsi üçün yenidən öyrənilməlidir.

Bu məqalədə Abayın sözünun möhtəşəmliyini və ucalığını, Abay sözündən millətimizin hansı ibrət götürməsinin vacibliyini nəzərə alaraq, fikirlərimi onun əsərlərindən çıxardığım nümunələr üzərindən bölüşmək istəyirəm.

 

Milli eyniliyin nümunəsi

Yenilənmə — yeni dəyərləri götürüb, keçmişi unutmaq deyil. Keçmişimizi və milli irsimizi qorumaqla bugünkü inkişafımızı daha sanballı, zəngin bir tərzdə yönləndirə və nəticələr əldə edə bilərik. Bu inkişaf mərhələsində biz Abaydan yan keçməməliyik. Böyük mütəfəkkir bir əsr yarım əvvəl xalqı yenidən doğulmağa, doğulub yeni həyata uyğunlaşmaya səsləyirdi.

Əlbəttə, Nazarbayevin “Dövrlər dəyişsə də, dünyanın forması dəyişsə də, xalqımızın Abaya olan sevgisi dəyişməyəcək, onun əsərlərinin bilinməyən səhifələrini açaraq yeni sirlərlərinə vaqif olacaqlar. Abay millətinin yaddaşında əbədi yaşayacaq və əsrlər boyu yurdunu və millətini zirvələrə qaldıracaqdır”, - fikirlərini rəhbər tutaraq, şairin ibrətamiz irsinin əbədi vəsiyyət olduğuna diqqətlə nəzər yetirəriksə, xalqının və yurdunun inkişafı və irəli getməsi üçün cani-dildən çalışdığının, öyüd və nəsihətlər etdiyinin fərqinə vararıq.

Abayın əsərlərini oxuyanda görürsən ki, o hər zaman ölkəsinin irəli getməsi və çiçəklənməsi ideyasını yüksək qiymətləndirərək, elm və təhsilin tərəqqinin əsası olduğunu qeyd edirdi. Abay qazax millətini hər zaman oxumağa, öyrənməyə çağırırdı: “Elmin yoxdursa, öyünmə”-deyirdi. Çünki elmsiz insanın nəyəsə nail olmasının mümkünsüz olduğunu bilirdi. “Biz elmimizi satıb mal-mülk axtarmamalıyıq”, -deyən Abay, ölkənin zəngin olmasının yolunu vətəndaşlarının elmə yiyələnməsində görürdü. Bu mənada ulu Abayın: “Fayda gəzmə, şərəf gəz, bir az da bilik öyrən” fikri çox yerinə düşmüş olur. Onun bu fikirləri bu gün də aktualdır. Hətta öz dövründə olduğundan daha aktualdır. Ona görə ki, yaşadığımız XXI əsrdə elmi biliklərə sahib olmadan yüksəklərə ucalmaq, irəliyə getmək olmaz. Buna görə də biz hər şeydən əvvəl təhsil sistemini modernləşdirməliyik. Əlbəttə, biz bu problemi aradan qaldırmaq üçün xeyli iş görmüşük, lakin bizim təhsildə hələ də boşluqlar vardır. Təhsilin təkmilləşdirilməsinin yollarını mən seçkiqabağı platformamda və ötən il avqust ayında keçirilən konfransda geniş şəkildə açıqlamışdım.

“Müəllim statusu haqqında” qanunun qəbul edilməsi bu istiqamətdə görülən ən yaxşı təşəbbüslərdən biridir. Bu addım təhsilin keyfiyyətinə hesablanıb. Hər bir cəmiyyətdə müəllimin xüsusi yeri var. Gələcək nəslin tərbiyəsində və formalaşmasında müəllim əsas rol oynayır. Müəllimə hörmət etmək, onun qədrini bilmək hər birimizin borcudur. Buna görə də dövlət müəllim peşəsinin statusunu yaxşılaşdırmalı və onun maneəsiz, rahat, sağlam işləməsi üçün hər cür şərait yaratmalıdır.

Abayın xüsusi qeyd etdiyi mətləblərdən biri dil öyrənmək idi. Şair iyirmi beşinci “Qara söz”də dil öyrənmənin faydasından danışarkən deyirdi: “Qarşısındakı millətin nümayəndəsinin dilini və elmini bilən adam, özünü həmsöhbəti ilə eyni səviyyəyə qoya bilər və haqlı olduğu üçün heç zaman yalvarıb-yaxarmaz”. Demək, özümüzdən ayrı millətlə eyni səviyyədə olmaq istəyiriksə, mütləq onun dilini öyrənməliyik. Hazırkı yeni tarixi məqamda hamımız ana dilimizin genişlənməsinə, tanınmasına önəm verməli və dilimizin səviyyəsini yüksəltməliyik. Bundan başqa, biz ingilis dilini öyrənməyi də qarşımıza məqsəd qoymalıyıq. Gənclərimiz nə qədər çox dil bilərsə, o qədər geniş dünyagörüşünə sahib olacaqlar. Lakin onlar öz ana dilimizi də dərindən öyrənməyi unutmamalıdırlar. Yetişməkdə olan nəsil, Abayın dediyi kimi, tam elmli olub, öz dilinə hörmət edən və bir neçə dildə danışmağı bacararsa, şübhəsiz ki, o zaman xalqımıza, millətimizə başucalığı gətirəcəkdir. Gözümüzün önündə dünya hər gün deyil, hər saat dəyişir. Bu dəyişikliklər içərisində yaşadığımız dövr qarşımızda çağırışlar və yeni tələblər qoyur. Elm sahəsindəki yeniliklər insanı hər zaman irəliyə aparır. Biz görürük ki, müasir dünyamızda elm və düşüncələrin təması ilə yaşanan bir dövr yetişib. Yeni dövrün karvanına qoşulub irəliləmək üçün ilk əvvəl bizim açıq zehnimiz və sağlam düşüncəmiz olmalıdır. Belə yanaşma mədəniyyətimizin gözəl nümunələrini yeni üfüqlərə çıxarmağa imkan verəcək. Dövrün tələblərinə uyğun olaraq köhnə stereotiplərdən vaz keçməli, irəliləyişimizə mane olan vərdişlərimizən əl çəkməliyik. Abay öz dövründə bu mənzərəyə baxaraq: “Bilmədiyin sözü danışma, ağıllı adam boş-boş danışmaz, yalan və qeybət etməz”-deyib, zəmanəsinin insanlarını dürüst olmağa çağırırdı.

Elin, yurdun aşığı xalqa müxtəlif mədəniyyətləri öyrədər. Abay da öz xalqını, elini, yurdunu günə çıxarmaq üçün yazdı, oxudu. Hətta bu gün bizim bəhs etdiyimiz intellektli millətin formalaşması tənliyi də bir əsr yarım bundan əvvəl Abay tərəfindən yazılmışdı. Böyük mütəfəkkir hər gün xalqını ucaltmaq haqqında düşünürdü.

Ona görə də biz Abayı bir daha dərindən öyrənməyə önəm veririk. Abayı tanıyan adam özü-özünü tanıyar. Özü-özünü tanıyan adam ədəblə oturub-durar, elmə, biliyə üstünlük verib, hər zaman yeniləşmək istəyər. İntellektli millət belə yaranır. Ona görə də, Abayın sözü hər gələn yeni nəslin yaddaşına dəmir yazı kimi həkk olunmalıdır.

Sənət öyrənməyin insana faydasını yaxşı bilən şair xalqının övladlarını müxtəlif sənət və peşə öyrənməyə səsləyirdi. Hətta bu gün bizim görmək istədiyimiz “intellektual millət modeli” fikrinin də Abaydan başlanmasını desək, yanılmarıq. O, uzaqgörən fikirləri ilə millətinin yeni üfüqlərə çatmasını arzulayırdı. Buna görə də biz var gücümüzlə Abayı dərindən tanımağa borcluyuq. Abayı tanıyan insan özünü tanıyacaq. İnsanın özü ozünü tanıması və daim öyrənməsi, elmə və biliyə yiyələnməsi onun yetkinləşməsidir.

Abay hər bir qazax uşağını vətənpərvər görmək istəyirdi. Abayın əsərləri əsl vətənpərvərlik məktəbidir, torpağa, ölkəyə və xalqa məhəbbət öyrədir. Buna görə də vətəndaşlarımızın bilikli olmasını istəyiriksə, o zaman Abayı oxumaqdan, əzbərləməkdən yorulmamalıyıq. Biz ölkəmizi, millətimizi Abay kimi sevməliyik. Uca şair millətin çatışmazlıqlarını çox sərt bir dildə qələmə almaqla, qazax xalqını və millətini irəliyə aparmaq məqsədi güdürdü. Abayın zəngin əsərləri və irsi qazax xalqının yeni dövrdə formalaşmasına xidmət edir. Şairin əsərlərindəki düşüncə və fikirlər hər bir gəncin, hər bir vətəndaşın millətinə, ölkəsinə, torpağına bağlılıq və vətənpərvərlik sevgisi aşılayır. Buna görə də müdrik Abayın əsərlərinin mahiyyətini gənc nəslə aşılamaqla, onlar üçün ruhi qida mənbəyinə çevirə bilsək, bu millətin yeniləşməsi yolunda vacib addımlardan biri olacaq.

Abay əsərlərini oxuyan gənc nəsil, milli yüksəlişə gedən yolu tanıyacaq. Abayın əsərləri insana bu gücü və ruhu verməyə qadirdir.

 

Dövlətin daxili maraqları

Biz suveren dövlətik. Müstəqil dövlət kimi inkişaf edib yüksəlməyimiz üçün ən əvvəl dövlətçiliyimizi möhkəmləndirməliyik. Buna görə də ölkənin hər bir vətəndaşı qanuna riayət etməli və cəmiyyətin tələblərinə uyğun yaşamağı özünə borc bilməlidir.

Əgər xalq iqtidara hörmət bəsləməzsə, bu, bizim dövlətçiliyimizə böyük zərbə vurar. Buna görə də vətəndşlara, əsasən də gənclərə dövlətə hörmətlə yanaşmanın vacibliyi təbliğ olunmalıdır. Bu məqamda da Abayın əsərlərinə nəzər salmaq lazım gəlir.

Böyük şair əsərlərində millətin maraqlarını önə çəkərək, onları birliyə səslədi. Abay ədalətli bir cəmiyyətin qurulması düşüncəsini ortaya qoydu. Elə buna görə də Abayın fikirləri XXI əsrdəki Qazaxıstan üçün, xalqın bərabərliyi və birliyi üçün qurduğumuz cəmiyyətlə uzlaşır. Mütəfəkkir Abayın yanaşmaları sivil dövlət prinsipləri ilə uyğunluq təşkil edir. Yalnız qanunun üstün, idarəetmənin şəffaf olduğu, ictimai fikrin nəzərə alındığı, vətəndaşların dövlət qulluğunda fəal fəaliyyəti nəzərə çarpan bir cəmiyyətdə ədalətdən danışmaq olar.

Mənim “Xalqın səsini dinləyən dövlət” adlı konsepsiyamda söz açdığım ədalətli cəmiyyəti necə qurmağın yollarından bəhs edilir. İqtidar və cəmiyyət arasındakı birlik dialoqu dövlətə olan etibarı artıracaq. Hökümət üzvləri, nazilər və hakimlər, dövlət məsələlərini həll edərkən həm də vətəndaşların arzu və istəklərini nəzərə almalıdırlar.

Bu ideya da Abayın arzuladığı ədalətli dövlətin əsasıdır. Böyük şairin “Böyük məclis dağıldı, aləmə səs yayıldı” kəlamında daböyük hikmət vardır. Şairin bu beyti öz dövründə ölkəni idarə edənlərdən məmnun olmadığını göstərir. “Nə özü bir iş görər, hamıya ağzın əyər”, - deyə bilən yurddaşlarımızın sayının artmaması üçün hakimiyyət hər zaman xalqın səsini dinləməyi bacarmalıdır. Cəmiyyətdə olan mövcud problemlərin həlli üçün İctimai Etibar Milli Şurasını yaratdıq. İctimai Şuranın işinin səmərəli olması üçün tez-tez üzvlərlə görüş keçirib, necə işləmələri ilə maraqlanıram.

Abayın əsərlərində meritokratiya - öz arşını ilə ölçmək məsələlərinə də ciddi önəm verilir. Şair insanı vəzifəsinə, şanına görə deyil, işi, gördüyü əməli ilə dəyərləndirir. Böyük şair, qazax gənclərinə yol göstərərək, həm də onlara bələdçilik edir. Hazırda Qazaxıstanda siyasi yenilənmə sürətlə davam edir. Elbaşının məsləhəti və dəstəyi ilə rəhbərliyə gənclər gətirilir. Buna baxmayaraq, ölkəmizdə köklü siyasi dəyişikliyə ehtiyac duyulduğu barədə fikirlər də tez-tez gündəmə gəlir. Lakin bu mövzuda milli razılığa gəlmək, dövlətin imkanlarını olduğu kimi dəyərləndirmək və üzərimizə götürdüyümüz məsuliyyəti hiss etmək gərəkdir. “Dəyişək” - deyə populist şuarlarla qışqıranlar, ölkəmizin gələcəyini də düşünməlidirlər. Hamının bildiyi kimi, populizm heç bir cəmiyyətə xeyir gətirməyib. Dünyanın müxtəlif guşələrində dəqiq strategiyası olmayan və sadə şuarlarla hakimiyyətə gəlmək istəyən qruplar hər zaman olub. Belə insanlar haqqında Abay deyirdi: “Yalan deyib aldadar, Sonra da yolda qoyar”. Belə yanaşmalar istənilən ölkəni sarsıdan və milli birliyi zəiflədən təhlükəli bir oyundur. Abayın dediyi kimi, lovğalanmaq, başqasını alçaldıb, özünü ucada görmək, dava etmək bizə heç yaraşmaz.

Dünyada və ölkəmizdə baş verən hadisələri təmkinlə təhlil edib, qətiyyətlə irəliləməliyik. Biz əlimizdə olan bütün imkanlardan yararlanaraq keçmişimizlə bu günümüz ararsındakı bağları qorumalı, alın tərimizlə, qanımızla qazandığımız, qurduğumuz dövlətimizin mənafeyini düşünməliyik. Yalnız belə bir siyasət yeritməklə bütün strateji hədəflərimizə çata bilər və Qazaxıstanı lider dövlətlər sırasına yüksəldə bilərik.

 

YENİLİYİN YANINDA

Yeni Qazaxıstanın özünün yeni cəmiyyətini quracağı şübhəsizdir. Bu məqsədə çatmaq üçün biz millətimizin dəyərini və qiymətini artıraraq, xalqımızın rəqabət qabiliyyətini inkişaf etdirməyə üstünlük verməliyik. Bundan əlavə, cəmiyyətin inkişafına mane olan, birliyimizə, həmrəyliyimizə xələl gətirən hər cür mənfi xüsusiyyətlərimizdən yaxa qurtarmalıyıq. Dünyanın bir çox tanınmışları bu gün klassik kapitalizmin gətirdiyi böhrana şübhə ilə yanaşırlar. Çünki dünyada varlı ilə kasıb, alimlə cahil, şəhərlə kənd arasındakı məsafə çoxalıb. Zaman hər gün bu prosesdəki məsafəni artırmaqdadır. Ticarət maraqları üstünlük təşkil etdiyindən, elm başqa səmtə yönəldildi, əfsuslar olsun ki, insanlar çox vaxt ancaq şəxsi maraqları üçün məsuliyyət daşımağa başladılar. Şəhərlər sürətlə böyüdükcə, kiçik yaşayış məntəqələri inkişafdan qaldı. Alimlərin fikrincə, bütün bunlara səbəb isə sosial ədalətsizlikdir. Sosial ədaləti və ya məsuliyyəti necə bərpa etmək olar? Əlbəttə, bu asan iş deyil. Bu çətin sualın çözümünü Abayın “Bütöv adam” fəlsəfəsindəki fikirlərindən yararlanaraq həll etmək daha doğrudur. “Bütöv adam” sözü ingiliscəyə “A man of integrity” kimi tərcümə edilir. “Bütöv adam” çox bilikli, özünə güvənən, yaxşılıq edib haraya çatan bir insan obrazıdır. Bu gün hər yerdə axtardığımız belə bir insanı Abay, hələ on doqquzuncu əsrdə yaratmışdı. İnsanın həyatı müxtəlif hadisələrlə dolu olanda o yaşayır. Həyatında hadisələr baş verməyən insan cəmiyyətdən uzaqlaşacaqdır. İnsanların arasındakı münasibətlər onların qarşılıqlı məsuliyyətini yaradır. İnsanlar münasibətlərində öz şəxsi mənafelərini güdməyə çalışanda isə əks tərəfin mövqeyi dəyişir və hər kəs öz eqosunu ortaya qoyur. İnsanlar arasındakı belə münasibətləri görən Abay: “Ağlını, əməlini və qəlbini bir elə. O zaman ətrafındakılardan fərqlənəcəksən”, - deyərək insanın parlaq zəkasından və hünərindən başqa, həm də mərhəmətli bir qəlbə sahib olmasının mühümlüyünü vurğulayır. Bu leytmotiv bütün dövrlərdə qazax xalqının fəlsəfəsi olub.

Belə yüksək milli və mənəvi dəyəri olan xalqımız özü ağır gündə yaşayanda belə, başqa xalqın nümayəndələrinə qollarını açıb, bağrına basıb, isinməyə ocaq verib. Özü evində yeməyə bir parça çörək tapmayanda, sonuncu tikəsini qonşusu ilə bölüb. Yıxılanın əlindən tutub və ona dayaq olub. Adət-ənənlərimizdə və məişətimizdə hər zaman böyüyə hörmət, kiçiyə məhəbbət ön plana çəkilib. Bu milli-mənəvi dəyərlərini nəsildən-nəslə ötürərək, millət kimi yaşamağa, var gücüylə yaşatmağa davam edib. Biz Abayın “Bütöv adam” fəlsəfəsini də yenidən öyrənməliyik. “Bütöv adam” fəlsəfəsi əslində həyatımızın hər sahəsini-dövlət idarəetməsi və təhsil sistemi, ticarət və ailə institutlarının fəaliyyət sahəsini əhatə etməlidir. Abay yaradıcılığının əsas mövzularından biri də kimisə kürəyindən vurmaq kimi bir rəzilliyə qarşı mübarizədir. Şair yazdığı əsərlərində insanı əyləncə düşgünü olmamağa, ayıq olmağa, vurulmamaq üçün dürüst yaşamağa, işləyib öz zəhməti ilə dolanmağa dəvət edir. Belə davranış sərgiləyərsə, ətrafındakı insanlara yük olacağını, insanların həyatında psixoloji sıxıntılar yaradacağını izah edir.

İnsanları səbirli olmağa səsləyir. Yaltaqlıq və kimisə tərifləmək kimi cılız bir xüsusiyyətin insana şərəf gətirmədiyini yazır. Abayın şerlərindəki “Usanmadan çalışarsan, doyar qarnın dilənmədən”, “Qarnı tox, işi yox bir insan oğlu,

Yolunu azacaq olacaq oğru”- fikirləri əsl ata nəsihətidir. “Özünə güvən ki, Zəhmətlə ağıl, Qurtarar hər cürə bəladan səni” - misrası bizim həm də ata-anamızdan, babalarımızdan eşitdiyimiz öyüdlərdir. İnsan oğlu Abayın bu günümüzə vəsiyyət kimi qoyub getdiyi nəsihətlərə əməl edərsə, işləyib çalışmaqdan yorulmaz, hər kəsə öz səmərəli əməli ilə nümunə olar.

Xalqımız zəhmətin nə olduğunu gözəl bilir. Böyük Vətən müharibəsi illərində valideynlərimizin çəkdiyi əzab-əziyyətin böyük bir gücə çevrildiyini də unutmamışıq. Biz zəhmətin bəhrəsinin qələbəyə çevrildiyinə o ağır sınaq illərindən şahidik. Bu gün o illərdə zəhmət çəkən insanların hər biri dövlət tərəfindən ən ali mükafatlara layiq görülüblər. Ən başlıcası odur ki, sülh və əmin-amanlıq şəraitində yaşadığımız ölkəmizdə vətəndaşlarımız halal zəhmətləri ilə ölkənin iqtisadiyyatına və güclənməsinə xidmət edirlər.

Abay öz əsərlərində həm də insanın əməklə, zəhmətlə ucalmasını gözəl bir duyğu ilə vəsf edir. Alın təri, zəhməti ilə halal qazananların həyat hekayətlərini qələmə alaraq, onları nümunə göstərir. Sahibkarlıqda halallığı və düzgünlüyü təbliğ edir, yaşayış səviyyəsini yüksəltmək üçün iş yerləri açılmasının vacibliyini önə çəkir. Onuncu “Qara söz”də deyir: “Yorulmadan çalışan, axtaran oğul, Halal zəhmətilə çox zəngin olur”. Abay əlində sənəti, peşəsi olan adamın heç zaman ac qalmayacağını söyləyir. Otuz üçüncü “Qara söz”də deyildiyi kimi: “Əlində peşəsi olan ustanın pulu tükənsə də, varı tükənməz”. Böyük inamla demək istəyirəm ki, bizim müasir Qazaxıstan xalqı üçün bu fikirlər heç vaxt öz əhəmiyyətini itirməyəcək. Buna görə də biz xarici ölkələrdən alınma xammaldan asılı olmaq əvəzinə, yurdumuzda bacardığımız qədər kiçik və orta sahibkarlığa meydan verməliyik.

 

Dünya mədəniyyətinin siması

İnkişaf etmiş bütün dövlətlər həm də özlərinin mədəni irsləri, böyük şəxsiyyətləri ilə öyünürlər. Onların arasında siyasətçilər, dövlət xadimləri, sərkərdələr, şair və yazıçılar, incəsənət və mədəniyyət xadimləri də vardır. Qazax millətinin də tarixə adı yazılan böyük şəxsiyyətləri çoxdur. Onların sırasında Abay İbrahim oğlu Kunanbayevin xüsusi çəkisi var. Biz onu dünyaya layiq olduğu kimi tanıtmalıyıq. Diplomatik fəaliyyətim dövründə xarici ölkələrdə fərqli siyasətçilərlə, hər cür sahənin mütəxəssislərilə görüşlərim, müzakirələrim olurdu. Görüşdüyüm insnalrın əksəriyyəti Qazaxıstanın iqtisadiyyatı və siyasi durumu haqqında dolğun məlumatlara malik olsalar da, bizim adət-ənənələrimiz, milli-mədəni mirasımız haqqında heç bir bilgiyə malik deyildilər. Ona görə də sual edirəm: “Biz niyə milli kimliyimizi, mədəniyyətimizi Abayın vasitəsi ilə tanıtmayaq?”

Ülamə Abay, qazax torpağında böyüyən və dünyalarca məşhur, böyük bir mütəfəkkirdir. O, yaratdığı əsərləri ilə insanlığa ağlının və beyninin bəhrəsini verib.

Abayın poetik gücünü və əsərlərinin dərin köklərini araşdıran, irsini tədqiq edən alimlərimiz onun qazax folkloru, Şərqin və Qərbin söz dahilərindən, rus ədəbiyyatından, tarixi əsərlərdən necə bəhrələndiyini yaxşı bilirlər. Filosof Abayın dini baxışlarının da xüsusi yeri vardır. Allaha böyük inamı olan Abay deyir: “Allah özü haqdır, sözü də haqdır. Haqdan gələn yalan olmaz”. Onun yaradan və yaradılış haqqında fikirlərini oxuyanda bir daha anlayırsan ki, ədib Şərq və Qərb filosoflarının əsərlərinə dərindən bələd olub. “Qara Soz”ün 37-ci kəlməsində Allah haqqında fikirlərini çox aydın ifadə edib.

Abayın mənəvi dünyasını dəyərləndirən ilahiyyatçı filosoflar onun əsərlərindəki “kamil müsəlman” haqqında yazdıqlarına diqqət çəkirlər. Müridimizin qələmində obrazı yaranan “kamil müsəlman” təkcə qazaxlar üçün deyil, həm də bütün dünya müsəlmanları üçün ən ali din xadimidir. Bu mənada islami bilik və dəyərlər mövzusunda da sözü olan Abay, hakim olan Abayın dini dünyagörüşləri böyük müstəvidə müzakirəyə çıxarıla bilər. Bu mənada vurğulamaq istəyirəm ki, Abay həm də dinimizin bilicisi kimi şərəflənə biləcək bir şəxsiyyətdir. Paytaxtımızda beynəlxalq səviyyədə “Ənənəvi dinlər və dini liderlərin görüşü”nə həsr olunmuş konfranslar, yığıncaqlar keçirilir. Bizim həyata keçirdiyimiz bu tədbirlərin özündə belə Abayın arzuları arasında bir bağlılıq vardır.

Şairin bütün yaradıcılığı boyu insanın mənəvi dünyasını qorumağın əsas olması fikirləri hər birimizi düşündürməlidir. M.Auvezov “Abay yolu” romanında Abay obrazı ilə dünya ədəbiyyatında onun yerini təsdiqləyib. Bu kitab Abayı tanımağın, öyrənməyin çox sadə yoludur. Əsl Abayı, şair Abayı tanımaq üçün onun şeirlərinin və qara sözlərinin içərisində olan mənaları, mətləbləri və düşüncələri ortaya qoymaq lazımdır. Onun əsərləri dünyanın işlək dillərində əsl mənası saxlanmaq şərti ilə çox nəfis formada tərcümə edilməlidir. Hazırda biz bunu “bacardıq” - deyə bilmərik. Onu tərcümə edən şəxsin sözdən anlayışı olmalıdır. Bizim Abayın yaradıcılığını araşdıran elm adamlarımız, dilçilərimiz və bu mövzu ilə maraqlanan vətəndaşlarımız öz tövhələrini əsirgəməməlidirlər. Elbaşı Nursultan Nazarbayev: “Abay qazax xalqının mənəvi xəzinəsinə böyük töhfələr vermiş müdrik filosof olmaqla yanaşı, Qazaxıstanın milliliyinin qorunması yolunda parlaq zəhməti olan şəxsiyyətdir”, - deyir. Həqiqətən də, böyük mütəfəkkirin əsərləri təkcə qazaxların deyil, bütünlükdə insanlığın mənəviyyatını zənginləşdirir. Çünki Abayın əsərlərinin məzmununu oxuduqca anlayırsan ki, bu əsərlər mənəvi dəyərlər mənbəyidir. Onun qara sözləri, eyni zamanda, dünya söz xəzinəsini zənginləşdirir. Abayın ibrətamiz sözləri, kəlamları şifahi xalq ədəbiyyatında, xalqın yaddaşında, məişətində işlənərək “Qara söz” kitabı kimi ədəbiyyatda xüsusi janra çevrilib. Abay bizə miras qoyub getdiyi qara sözləri ilə insanlara ortaq bir miras hədiyyə etməklə yanaşı, həm də mənəviyyatın ucalığının doğru yolunu cızaraq, uzaq hədəfləri göstərir. Onun nəsihətlərinin təməlində mədəniyyət və yaxşılıq, insani dəyərlər və təhsil dayanır.

Müdrik Abayın əsərlərinə bənzər bir nümunə axtarsaq, o zaman fikrimizə fransız mütəfəkkiri Monte gəlir. Monte əsərlərində əsasən öz obrazını yaratmaqla, həm də insanın təbiətinə diqqət yetirir. Abayın qara sözlərinin missiyası isə insanı düşünməyə vadar edir. Düşünüb danışmaq, kişi kimi yaşamaq, qarşıya qoyduğu hədəfi prinsipə çevirməkdir. “Qara söz”ü oxuduqca, sözlərinin necə böyük sehrə malik olduğunu görürsən. Abayı dünya mədəniyyətində nə qədər geniş tanıda bilsək, millətimizin nüfuzu da bir o qədər artacaqdır. Bugünkü qloballaşma və informasiya texnologiyaları əsrində Abayın sözləri hər kəsi düşündürməlidir.

Dünyanın hər yerində elm və təhsil sahəsində yeniliklər, inqilablar edən və bütün bəşəriyyətə ortaq dəyərlər gətirən şəxsiyyətlər olub və olacaq. Çin deyəndə Lao Tsi və Konfutsi, Rusiya deyəndə Dostoyevski və Tolstoy, Fransa deyəndə Volter və Russo kimi şəxsiyyətləri xatırlayırıq. Eləcə də “Qazaxıstan” - deyəndə xaricilərin “Abay” deyə biləcəyi bir təbliğatı öhdəmizə götürüb onu məşhurlaşdırmalıyıq. Digər millətlərin “Qazaxlar Abayın mənsub olduğu millətdir, xalqdır” deməkləri bizə şərəf gətirəcək. Abayı nə qədər tərif etsək, ona yaraşır. Onun həyatı və özündən sonra xəzinə kimi qalan gözəl əsərləri təkcə qazax xalqı üçün deyil, bütün dünya üçün nümunədir. Abayın insanlar və cəmiyyət, elm və təhsil, din və adət-ənənə, təbiət və ətraf mühit, dövlət və idarəetmə, dil və dini münasibətlər barədə düşüncələri əsrlərdən sonra da öz dəyərini itirmir. Çünki şairdən miras qalan əsərləri bütün insanlıq üçün mənəvi qidadır. Qazaxıstan dövlət kimi, ölkə kimi var olduqca, Abayın adı da ucalacaqdır. Onun tükənməyən yaradıcılığının məhsulu olan ata sözləri, qara sözləri mənəvi dəyərlərimiz saysaq, müasir dünyada ölkəmizin nüfuzu artmaqda davam edəcək. Ona görə də hər şeydən əvvəl, Abayı xalqımızın bir dəyəri kimi üzə çıxarıb və onu layiq olduğu kimi tanıtmalıyıq. Böyük mədəni irsə malik olan ölkələrin hər biri qazaxların milli kimliyini, mədəniyyətini və ədəbiyyatını, mənəvi dəyərlərini bu yurdun, torpağın dünyaya bəxş etdiyi şəxsiyyətlərin adı ilə dəyərləndirəcəklər. Buna görə Abayı müasir Qazaxıstan markası kimi dünyaya geniş tanıtmaq lazımdır. Bu, gənc nəsilimizin də müqəddəs borcudur.

 

Abay adına keçirəcəyimiz tədbirlər bizə nə verəcək?

Biz milli şüurumuzu yenidən canlandırmaq və rəqabətədavamlı bir ölkə qurmaq və ona sahib olmaq istəyiriksə, Abayın əsərlərini diqqətlə oxumalıyıq. Onun əsərləri bu gün yazılıbmış kimi, cəmiyyətdəki müxtəlif hadisələrə və proseslərə birbaşa təsir edir. Bu əsərləri nəzərdən keçirəndə bir daha əmin olursan ki, şair təkcə öz dövrünün deyil, bu günümüzün də həqiqətlərini qələmə alıb. Abay vətənimizin qütb ulduzudur.

“Hər qazaxın evində bir domra olmalıdır”- sloqanı indi hər birimizin sahibləndiyimiz dəyərdir. Bundan başqa hər bir qazaxın evində Abayın kitabları və Muxtar Auvezovun “Abay yolu” romanının olması da şərtdir. Gələcək nəsillər Abayın yolunu davam etdirməlidir. Bizim məqsədimiz həm də böyük şairin xəyallarını və arzularını həyata keçirməkdir.

Bu il Abayın anadan olmasının 175 illiyi münasibəti ilə 500 müxtəlif adlı tədbirlər keçirəcəyik. Bu mötəbər tədbirlərin içərisində UNESCO ilə birlikdə təşkil edəcəyimiz “Abay mirası və dünya mənəviyyatı” adlı beynəlxlaq elmi-praktik konfrans da vardır. Bu ilin oktyabr ayında isə ölkəmizdə “Abay və mənəvi dirçəliş məsələləri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Bu beynəlxalq səviyyəli tədbirlərdə Abay şəxsiyyəti və irsi dünyanın tanınmış alimləri, yazıçıları tərəfindən ətraflı araşdırılacaq və onun əsərlərində göstərilən faydalı məsləhətlərin XXI əsr Qazaxıstanında tətbiqi yolları müəyyən olunacaqdır. Əhəmiyyətli layihələrdən biri də böyük mütəfəkkirin əsərlərinin 10 dilə tərcümə olunması və nəşridir. Abayın əsərləri külliyyat şəklində ingilis, ərəb, yapon, ispan, italyan, çin, alman, rus, türk və fransız dillərinə tərcümə ediləcək. Şairin həyat və yaradıcılığına həsr olunan, qazaxın qədim mədəniyyətini və adət-ənənələrini əks etdirən sənədli “Abay” filmi və teleserialı çəkiləcək.

Şairin yubiley ilində incəsənət adamlarının iştirakı ilə ölkəmizdə və beynəlxalq aləmdə teatr və musiqi festivalları keçiriləcək. Abay ilinə həsr olunmuş mükafatlar təsis ediləcək. Ədəbiyyat və incəsənət sahəsində yazılmış əsərlər “Abay Dövlət Mükafatı”na təqdim olunacaq.

Həyatı və yaradıcılığı xarici ölkələrdə də işıqlandırılacaq. Qazaxıstan Respublikasının Rusiya, Fransa, Böyük Britaniyadakı və digər ölkələrdəki Qazaxıstan səfirliklərində “Abay mərkəzi” açılacaq. Bu mədəni tədbirlər üçün ayrılan vəsaitlər təyinatı ilə, israfa yol verilmədən xərclənməlidir.

Şərqi Qazaxıstanın Akşokı deyilən bölgəsində Kunanbay Öskenbay sülaləsinə məxsus olan məzarlıq bərpa ediləcək.

Bundan başqa, Abay İbrahim oğlu Kunanbayevi daha geniş aləmdə tanıtmaq üçün Hökumət komissiyası aşağıda nəzərdə tutulan tədbirləri keçirməlidir:

Semey vilayəti ölkəmizin müqəddəs diyarlarından biridir. Məmləkətimizin mənəvi dəyərlərinin daşıyıcısı olan Semey şəhərini tarixi diyar kimi qeydə almalıyıq. Bu torpaq dünyaya Abay Kunanbayev, Şakərim və Muxtar Auvezov kimi böyük dühaları bəxş edib. Buna görə də tədbirlər öncəsi Semey şəhərinin sosial-iqtisadi inikşafı ön plana çəkilməlidir, tarixi və mədəni abidələri Abayın ruhuna hörmət əlaməti olaraq bərpa olunmalıdır. Hökumətə bu işləri görmək üçün qərarlar qəbul etməyi tapşırıram.

Müqəddəs məkan sayılan məşhur Jidebay muzey kompleksi yüksək səviyyədə abadlaşdırılıb, ulu şairin ruhuna hörmət əlaməti olaraq təmir edilib, ziyarətçilərin üzünə açılmalıdır.

Yubiley ilində müqəddəs məkanlardan biri sayılan “Jidebay-Borlı” dövlət tarixi mədəni və ədəbi memorial qoruq-muzeyində elmi-tanıtım konfransları təşkil edilməlidir.

Jidebayda “Abay mirası” adlı mərkəz tikilməlidir.

1918-ci ildə Semey şəhərində Muxtar Auvezov və Jusupbek Aymautov tərəfindən işıq üzü görən, 1992-ci ildə yenidən çap edilən “Abay” jurnalı dövlət himayəsinə alınmalıdır.

Bu yubiley ilində keçiriləcək tədbirlər Abaya olan sonsuz sevgimiz və hörmətimizin ifadəsidir. Ona görə də bütün Qazaxıstan xalqını bu tədbirlərdə fəal iştirak etməyə dəvət edirəm.

***

Biz yaxşı bilirik ki, Abayın 175 illik yubileyini qeyd etməklə ölkəmizin adına-sanına şərəf gətirəcəyik, ictimai şüuru yeniləməklə yanaşı, bu tədbirlər bizim yeni əsrdə sürətli inkişafımıza da kömək edəcək.

Yubiley tədbirlərini keçirməkdə məqsəd xalqımızın böyük oğluna olan minnətdarlığını ifadə etməkdir. Biz çətin bir Abay imtahanı qarşısındayıq.

Elbaşının başladığı, elin dəstək olduğu bir çox işləri uğurla başa vurmuşuq. Biz dünyanın 50 ən inkişaf etmiş ölkələri arasında olmağı hədəf götürdük. Bu məqsədimizə vaxtından əvvəl çatdıq.

Biz dünyanın aparıcı otuz ölkəsi arasında olmağı hədəf seçdik, bu məqsədə də çatacağıq. Abayın irsi bu məqsədə çatmağımıza yardımçı olacaq. İndi isə bir məqamda diqqətli olmağımız vacibdir: “Biz Abayın köməyindən nə qazandıq, Abayı lazımınca analaya bildikmi?”

Bu gün bütün imkanlarımızdan istifadə edib, bu böyük dühanın yubileyini yüksək səviyyədə və şərəflə qeyd etməyi qarşımıza məqsəd qoymalıyıq. Hər bir vətəndaşımızın yubiley ilində yurdumuzun üzünü ağ etmək üçün çalışmasını arzu edirik. Hər bir vətəndaşı bir sual düşndürməlidir: Abay bizdən nə istəyirdi? Abay xalqının hansı uğuruna sevinərdi? Onu sevindirə biləcək bir iş görə bildikmi? Abayı qazax xalqının hansı xüsusiyyətləri üzürdü? Onun bəyənmədiyi, tənqid etdiyi əməllərdən çəkinə bildikmi? Özgələri deyə bilmərik, şairin dediyi beş layiqli işi görüb, beş düşməni özümüzdən uzaqlaşdıra bildikmi? - böyük fəlsəfi fikirlərin mahiyyətinə varsaq, demək biz Abaydan çox şey öyrənib, faydalı ola bilərik.

Abayın xəzinəsi bizim xalq kimi birləşməyimizə, ölkə kimi inkişaf etməyimizə zəmin yaradan müqəddəs bir dəyərdir.

Millət olaraq həyatımızın hər sahəsində Abayın verdiyi ibrətamiz nəsihətlərə uyğun olaraq hərəkət edəriksə və yazdıqlarını həyata keçirə biləriksə, dünyadakı nüfuzumuzun artmasına şübhə etməyək.

Abayın arzuları, xalqın arzularıdır. Xalqın xəyalını və bizə etibar edilən əmanəti qorumaq üçün əlimizdən gələn heç nəyi əsirgəməyəcəyik. Abayın nəsihət və vəsiyyətləri müasir Qazaxıstanı XXI əsrədə yüksəklərə aparacaq.

 

Qazax dilindən tərcümə etdi:

Aida Eyvazlı.

 

Respublika.- 2020.- 28 yanvar.- S.3.