Suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılır

 

Məlum olduğu kimi, kənd təsərrüfatında məhsul istehsalı təbii-iqlim şəraitinin aktiv təsiri altında həyata keçirilir. Bundan əlavə, iqtisadi sərhədlərin sürətlə liberallaşdırılması və bu yönümdə qloballaşma təzahürlərinin genişlənməsi aqrar sahədə xarici iqtisadi fəaliyyətə dövlətin aktiv müdaxiləsini şərtləndirir. Eyni zamanda nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının çoxfunksiyalılığının təmin edilməsi baxımından sosialekoloji tarazlığın pozulmaması şərti ilə torpaq, iqlim, əmək ehtiyatlarından və istehsal vasitələrindən səmərəli istifadə edilməsinə yönəlik tədbirlərin həyata keçirilməsinə də zəruri dövlət dəstəyinin verilməsi müasir şəraitdə daha çox labüdlük kəsb edir.

Artıq iqtisadiyyatda elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin tətbiqi innovasiyaların geniş yayılmasına əlverişli şərait yaratmışdır ki, bu da inkişaf etmiş ölkələrdə dövlətin sosial-iqtisadi proseslərə aktiv müdaxiləsi fonunda reallaşdırılır. Ümumiyyətlə, dünya praktikası inandırıcı arqumentlərlə sübut edir ki, hətta ayrıca götürülmüş bir ölkədə belə bazarın özünü tənzimləməsi tam mənası ilə iqtisadiyyatın normal fəaliyyətinə və inkişafına imkan vermir. Məhz bu baxımdan sosial-iqtisadi böhranların aradan qaldırılması və beynəlxalq iqtisadi münasibətlər sistemində ölkənin iqtisadi reytinqinin yüksəldilməsi məqsədilə dövlət tənzimlənməsinin müxtəlif forma, metod və vasitələrindən geniş şəkildə istifadə olunur. Ümumiyyətlə, Qərbi Avropa ölkələrində qarşıya qoyulan məqsəd və vəzifələrdən, eləcə də iqtisadiyyatın mövcud durumundan asılı olaraq dövlət tənzimlənməsinin forma və metodları müxtəlif proporsiyalarda tətbiq edilir.

Aqrar sahənin dövlət tənzimlənməsinin obyektiv zəruriliyi bir sıra səbəblərdən irəli gəlir. Bu səbəblər içərisində ən geniş yayılanlarını aşağıdakı kimi təsnifləşdirmək mümkündür:

- ölkənin ərzaq təhlükəsizliyinin təmin ediməsi;

- sahələrin rəqabət qabiliyyətinin və məhsuldarlığının aşağı səviyyədə olması;

- kənd təsərrüfatı və sənaye məhsulları arasında qiymət disparitetinin mövcudluğu;

- aqrar sahədə çalışanların gəlirlərinin iqtisadiyyatın digər sahələri ilə müqayisədə aşağı olması;

- kənd təsərrüfatının investisiya cəlbediciliyinin aşağı olması;

- aqrar sahədə risklərin səviyyəsinin yüksək olması.

Bazar iqtisadiyyatında dövlətin rolunun genişləndirilməsinin vacibliyini nəzərə alaraq ötən il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə ölkə başçısı bildirmişdir ki: “Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz”.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkə başçısı qeyd etmişdir ki: “Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir”.

Ötən ildə aqrar sahədə də yüksək inkişaf tempi müşahidə olunmuşdur. Xüsusilə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu pambıqçılıq ənənələri inkişaf etdirilərək əvvəlki şöhrətini bərpa etməkdədir. 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artmışdır. Bu günədək 100 min hektar sahədə pambıq əkilmişdir. Əkin sahələrinin ötən ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, orta məhsuldarlıq isə 11,8 sentner artmışdır.

Bu gün aqrar sektorun bütün sahələri kimi, pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu sahədə qarşıda duran vəzifələr, qəbul edilmiş qərarlar və təsdiq olunmuş müvafiq Dövlət Proqramı öz nəticəsini verməkdədir. Bütün bunlar isə, ilk növbədə Prezident İlham Əliyevin pambıqçılığa diqqəti və kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə həmin müşavirədə çıxış edərək bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin, diqqət və qayğının təzahürü olaraq böyük inkişaf yolu keçmiş meliorasiyasu təsərrüfatı sahəsinə ayrılmış əsaslı kapital qoyuluşu son illərdə dəfələrlə artmış, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır. Yeni 4 su anbarı tikilərək istismara verilmiş, 10 min kilometrə qədər yeni suvarmakollektor-drenaj şəbəkələri tikilib və bərpa edilmişdir. 2200-dən artıq subartezian quyusu qazılmış, ümumilikdə 462 min hektar sahədə torpaqların su təminatı, 292 min hektar sahədə isə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 194 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilmişdir.

2019-cu ilin kəskin quraqisti keçməsinə baxmayaraq, bütün imkanlar səfərbər edilərək irriqasiyameliorasiya sistemlərinin normal istismarı təmin edilib, mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, suvarmada növbəliliyin tətbiq olunması və görülmüş digər tədbirlər nəticəsində respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 400 min hektar sahədə orta hesabla üç dəfə suvarılıb.

Ə.Əhmədzadə demişdir ki, əvvəlki illərdə daha böyük sahələrdə pambıq əkini aparılsa da, sahələr düzgün seçilmədiyindən, qış otlaq sahələrində, suvarma şəbəkələri olmayan ərazilərdə pambıq əkinləri aparıldığından yekunda kifayət qədər məhsul istehsalına nail olunmurdu. Sizin tapşırığınıza əsasən, ötən illərdən fərqli olaraq, Kənd Təsərrüfatı Nazirliyiyerli icra hakimiyyəti orqanları ilə birlikdə ötən ilin payız aylarından başlayaraq 2019-cu ilin pambıq əkinləri üçün əsasən suvarma şəbəkələri olan sahələr seçildi və əkinlər həmin sahələrdə aparıldı.

Pambıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi, yüksək məhsul istehsalına nail olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Səhmdar Cəmiyyətin mütəxəssislərinin, pambıqçılıqla məşğul olan aidiyyəti qurumların, fermerlərin və torpaq mülkiyyətçilərinin iştirakı ilə geniş müşavirələr keçirilib. Həmin müşavirələrdə sahədə olan vəziyyət araşdırılıb, çatışmazlıqlar və problemlər ətraflı müzakirə edilib, onların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilib və qarşılıqlı əməkdaşlıq şəraitində onların həllinə nail olunub.

Cari ildə 100 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün suvarmakollektor-drenaj şəbəkələri, hidrotexniki qurğu, nasos aqreqatları, subartezian quyuları təmir edilib və yeniləri tikilib.

Mingəçevir su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar ötən ildən etibarən Yuxarı Şirvan kanalının baş qurğusunun sugətirici kanalının dərinləşdirilməsi işlərinə başlanılıb və görülmüş işlərin nəticəsi olaraq anbarda suyun səviyyəsinin azalmasına baxmayaraq, cari ildə kanala tələb olunan miqdarda suyun götürülməsi təmin edilib. Əgər bu işlər vaxtında yerinə yetirilməsəydi, Şirvan bölgəsi rayonlarının 130 min hektar torpaq sahəsinin su təminatında və əhalinin kommunal-məişət su təchizatında ciddi çətinliklər olardı. Suyun gətirilməsi üçün hazırda 50 ədəd maşın və torpaqqazan texnika cəlb olunmaqla işlər davam etdirilir. Görülmüş tədbirlər nəticəsində pambıq sahələri ötən il ümumilikdə 3,1 dəfə suvarma suyu ilə təmin edilib.

Səhmdar Cəmiyyət meliorasiyairriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması və sahələrin genişləndirilməsi istiqamətlərində əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də məqsədyönlü fəaliyyətini davam etdirib. Ötən il respublikada 20 min hektara yaxın ərazidə yaradılmış 10 aqroparkdan 4-ü pambıqçılıq rayonlarının payına düşür.

Eyni zamanda, Sabirabad, İmişli, Biləsuvar və Saatlı rayonlarında yaradılmış iri təsərrüfatlara məxsus yeni suvarılan torpaqların suvarma suyu ilə təmin edilməsi və meliorativ tədbirlərin aparılması işləri davam etdirilib, Salyan rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün işçi layihə hazırlanıb.

Şəmkirçay su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin son hissəsinin tikinti işləri başa çatdırıldıqdan sonra Goranboy rayonunun daha 12 min hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Keçən əsrin 80-ci illərində tikintisi yarımçıq qalmış Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının Kür çayı üzərində yerləşən nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması işləri davam etdirilib.

Suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün 2018-ci ildə Araz çayının beton üzlük çəkilmiş Yeni qol kanalından suvarma sahələrinə suyun paylanması məqsədilə 115 kilometr paylayıcı kanalların tikintisi ötən il başa çatdırılıb.

Respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 345 ədəd subartezian quyusu, (onlardan 160 ədədi pambıqçılıq rayonlarının ərazilərində), qazılıb ki, bu da 8362 hektar torpaq sahəsinin su ilə təmin edilməsinə imkan yaradıb. 2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, onun 28 min hektarı yeni suvarılacaq, 30 min hektarı su təminatı və 22 min hektarı meliorativ vəziyyəti yaxşılaşdırılan torpaqlardır və bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür.

2020-ci ildə 400 ədəd subartezian quyusundan 158-nin pambıqçılıq rayonlarında qazılması nəzərdə tutulub. Hazırda mütəxəssislərimiz tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birlikdə həmin quyuların yerlərinin seçilməsinə və layihələrinin hazırlanmasına başlanılıb. Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrində meliorativ tədbirlərin layihə sənədləri hazırlanır.

Əhməd Əhmədzadə çıxışının sonunda ölkə başçısına müraciət edərək qeyd etmişdir ki: “biz 16 ildir şahidiyik ki, Sizin rəhbərliyiniz altında həyata keçirilən hər bir tədbir buya digər sahənin intensiv inkişafını, bu sahədə böyük dönüşün baş verməsini təmin edən səfərbəredici qüvvəyə malikdir. Son illərdə pambıqçılıqla bağlı keçirdiyiniz müşavirələr bunu bir daha sübut edir. Çünki Siz təkcə qarşıya tələblər qoymaqla kifayətlənmir, sahənin inkişafı üçün lazım olan dövlət dəstəyini ən yüksək səviyyədə təmin edirsiniz. Respublikanın melioratorları Sizi əmin edirlər ki, pambıq və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bundan sonra da daha böyük səylə çalışacaqlar”.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi (HGMXİ) də əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də respublika Prezidentinin qərar və tapşırıqlarının, Dövlət proqramlarının və bununla əlaqədar olaraq Səhmdar Cəmiyyətin qarşısında duran vəzifələrin icrasında yaxından iştirak etmişdir.

Hidrogeoloji tədqiqatlarını uğurla davam etdirən HGMXİ ötən il respublikanın 1 400 500 hektar suvarılan torpaq sahəsində yeraltı suların stasionar rejim-müşahidə və çöl tədqiqat işlərini müvəffəqiyyətlə yerinə yetirmişdir. Pambıq əkilən və dövriyyəyə yeni qatılmış torpaq sahələrinin hidrogeoloji tədqiqatlarına xüsusi yer verilmişdir.

Ötən il 1 400 500 hektar suvarılan torpaq

sahəsi şorlaşma xəritələri ilə təmin olunmuşdur. Suvarılan torpaq sahələrinin 595 582 hektarı drenləşmişdir ki, onlardan da 358 589 hektar açıq-üfüqi, 225 805 hektar örtülü-üfüqi, 11188 hektar isə şaquli drenlərdir.

2019-cu il idarə tərəfindən aparılmış tədqiqatların nəticəsinə uyğun olaraq suvarılan torpaqların qrunt sularının yatım dərinliklərinə görə sahələrə ayrılması aşağıdakı kimi olmuşdur: 1 m-dən az 5 690 ha, 1,0-1,5 m-də 49 685 ha, 1,5-2,0 m-də 277 011 ha, 2,0-3,0 m-də 543 829 ha, 3,0-5,0 m-də 256 008 ha, 5,0 m-dən çox 268 277 ha.

Tədqiqatlarla 2019-cu ildə suvarılan torpaqların meliorativ vəziyyəti qrunt sularının yatım dərinliyinə, minerallaşma dərəcəsi və torpaqların şorlaşma dərəcəsinə görə qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, yaxşı torpaqlar 524 285 ha, kafi torpaqlar 780 415 ha, kafi, ancaq pisləşmə təhlükəsi olan torpaqlar isə 95 800 ha, o cümlədən qrunt sularının yolverilməyən dərinliyinə görə 5 690, torpaqların şorlaşmasına görə 40 425 ha, qrunt sularının böhran səviyyəsinə görə isə 49 685 ha təşkil edir.

Müqayisələr göstərir ki, Səhmdar Cəmiyyətin həyata keçirdiyi meliorativ tədbirlər nəticəsində ötən il suvarılan torpaqların meliorativ vəziyyəti xeyli yaxşılaşmışdır.

Aparılmış tədqiqatlar nəticəsində respublikamız əsas əkinçilik sahəsi olan Kür-Araz ovalığında ayrı-ayrı torpaq-meliorativ zonalar üzrə meliorasiya olunanmeliorasiya olunmuş torpaqlardan istifadə etmək üçün fermerlərə və torpaq icarədarlarına tərəfimizdən təklif olunan tədbirlər aşağıdakılardır:

Kür-Araz ovalığına daxil olan hər bir düzün torpaq-meliorativ şəraiti nəzərə alınmaqla, həyata keçirilmiş meliorativ tədbirlərdən sonra əkin sahələrindən götürülmüş torpaq nümunələrinin kimyəvi analizi əsasında torpaqların duzluluq dərəcəsi müəyyənləşdirilərək, torpaqdan səmərəli istifadənin təşkili məqsədi ilə cari yumaya aşağıdakı mənimsənilmə ardıcıllığı tövsiyə edilir.

A. Maili-Qarabağ düzünün şimal-qərb hissəsi:

1. Payızda arpa əkilir.

2. Yazın əvvəllərində (fevral-mart) örtük altında yonca əkilir.

3. üçillik yonca əkini şumlanır və sahə pambıq əkini üçün hazırlanır.

B. Soda ilə şorlaşmış və şorakət torpaqların yayıldıqları zona:

1. Yuma yanvar-fevral aylarında qurtardıqda yonca altında (yazın əvvəllərində səpməklə) istifadə olunur.

2. Torpaq fevralmart aylarında yuyulub qurtardıqda, sahədə pambıq və yaxud başqa texniki bitki, yuma bu müddətdən də sonra qurtardıqda isə sahəyə silosluq sıx qarğıdalı əkilir.

3. Yuma sentyabrda və oktyabrın əvvəlində qurtararsa, sahəyə payızlıq taxıl əkilir və sonralar yazın ilk günlərində onun örtüyü altında yonca səpilir.

C. Şirvan düzü və Cənubi-Muğan:

a) gələn ilin yazında, dərin dondurma şumundan sonra sahədə yazlıq bitkilər əkilməlidir, sahənin şumdan sonra bitkisiz saxlanılması məqsədəuyğun deyildir.

b) payızda arpaörtük altında yonca əkməli və yonca üç il becərilməlidir.

c) yonca şumlanır və sahə növbəti əkinin əsas bitkisi olan pambıq altında istifadəyə verilir.

D. Muğan-Salyan massiviŞirvan düzünün Kür sahili zonası:

a) Yumadan sonrakı birinci ilsonra yenidən iki il pambıq əkilir.

b) Dördüncü ilin payızında arpayazda onun örtüyü altında yonca əkilir.

c) Beşinci il yonca əkini saxlanılır.

d) Altıncı və sonrakı iki il pambıq əkilir.

Möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. HGMXİ-nin kollektivi də Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC qarşıda qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəkdir.

 

Saleh SADIQOV,

MeliorasiyaSu Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət

İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 28 yanvar.- S.4.