QƏRB VƏ ŞƏRQ MƏDƏNİYYƏTLƏRİ SİSTEMİNDƏ XRİSTİAN VƏ İSLAM MÜNASİBƏTLƏRİ

 

(əvvəli 26 yanvar tarixli sayımızda)

 

O, özünün “Sivilizasiyalar tarix məhkəməsi qarşısında” və digər əsərlərində yer üzündə 37 tarixi sivilizasiyanın olduğunu söyləmişdir. S.Hantiqton da xristian-islam münasibətlərindən danışarkən “İslam dünyası və Qərb” əsərində qeyd etmişdir ki, bu qarşıdurmanın səbəbini həmin iki dinin, iki böyük sivilizasiyanın və onu təşkil edən ünsürlərin mahiyyətində axtarmaq lazımdır. Bu səbəbləri təkcə bu iki din arasında deyil, onların oxşar cəhətləri ilə şərtlənmiş başqa sivilizasiyalarda da axtarmaq lazımdır. Bu ziddiyyətlər Orta əsrlərdə Qərb-Şərq dünyagörüşləri arasında daha da kəskinləşmişdir. Dünyanın və insanın yaranması, insan və təbiət, insanın dünyada yeri və mövqeyi kimi məsələlərdə bu fərqlər özünü daha qabarıq göstərir. Məhz min illərdir bəşəriyyət bu rəngarəng mədəniyyətlər arasında, bu iki mədəni qütb arasında vurnuxmaqdadır. Bunlar əsasən Şərq və Qərb mədəniyyəti qütbləridir. Lakin artıq çoxdan təsdiq edilmişdir ki, dünya mədəniyyətinin ilkin mənbəyi, dünya sivilizasiyasının başlanğıcı Şərq olmuşdur. Lakin Avropa mərkəzçiliyi çox vaxt bu fikri qəbul etməmiş, onu tərsinə yozmuşdır. Bu sahədə Hegel xüsusilə fərqlənmişdir. O, deyirdi: “Şərq fikrini fəlsəfə tarixindən çıxarmaq lazımdır”. Hegelin bu fikri Şərq mədəniyyətini inkar etmək, Şərq xalqlarının min illərlə əldə etdiyi mədəni nailiyyətlərinin bir növ üstünə xətt çəkmək idi. O, həmçinin Şərqdə azadlığın mövcud olmasına da mənfi münasibət bəsləyərək deyirdi ki, Şərq bilir ki, bir nəfər azaddır, yunan və Roma dünyası bilir ki, bəziləri azaddır, alman dünyası bilir ki, hamı azaddır. Bununla Hegel dünya tarixini biri-birinə zidd olaraq Şərq dünyasına, Roma dünyasına, alman dünyasına bölür və son olaraq alman dünyasını tam azad, ən yüksək dünya adlandıraraq onu Qərb-xristian dünyasının zirvəsi hesab edirdi. Bununla da o, Şərq dünyasını qətiyyən başa düşmək istəməyərək hər vasitə ilə Qərb sivilizasiyasını Şərq sivilizasiyasından üstün tutmağa çalışırdı. O, öz fikrini davam etdirərək daha sonra deyirdi ki, Şərqin “mağara adamı” təfəkkür sahəsində heç bir irəliləyişə malik ola bilməmişdir. Qərb tədqiqatçıları da Hegelin ardınca onun fikrinə şərik çıxaraq göstərirdilər ki, ancaq yunan mədəniyyəti Avropanın əqli inkişafının başlanğıcı olmaqla yanaşı, qədim dünya tarixində xristianlıq Şərqdən fərqli daha üstün olmuşdur. Lakin qeyd etmək lazımdır ki, sonrakı illərdə də avromərkəzçilik Qərb mədəniyyətinə üstünlük verməklə Şərqin qədimliyini və universallığını inkar etməkdə davam etmişdir. Bu bir həqiqətdir ki, Şərq xalqlarının mədəniyyəti müsəlman dünyasını tədriclə, lakin əsaslı şəkildə daha da zənginləşdirmişdir. Tarixi tərəqqinin müəyyən mərhələlərində din real olaraq konkret tarixi dövrün tələblərinə uyğun olaraq ümumbəşəri dəyərlərdən və mənəviyyat normalarından müxtəlif formalarda istifadə etmişdir. Əgər biz bu mənəviyyat normalarından dini kənarlaşdırsaq və təcrid etsək, həmin dövrün mədəniyyəti və mənəvi həyatı çox sönük, cılız görünərdi. Bütün hallarda xalq iradəsi və fəaliyyətinin məhsulu olan mədəniyyətlərdə dini olanla milli olan, həm də dini olanla dünyəvi olan bir-biri ilə çox sıx surətdə çulğalanmışdır. Bu baxımdan İslam bütün müsəlmanların dini olsa da, ayrı-ayrı xalqların özünü tanımasında və milli şüurun formalaşmasında mühüm rol oynamışdır. Bu isə onu göstərir ki, müsəlman dini və mədəniyyəti bir dövrün məhsulu olmayıb, bütövlükdə Şərq xalqlarının yüksək dərəcədə inkişaf etmiş mədəniyyətlərinin sintezindən ibarətdir. Lakin bu da bir reallıqdır ki, bu mədəniyyətlər arasında ümumi cəhətlərlə yanaşı, fərqli cəhətlər də mövcud olmuş və onlar bu və ya digər formada indi də davam edir. Bu, hər şeydən əvvəl, Qərb rasionalizmi və Şərq əxlaqi-etik prinsiplərin dəyişməzliyi ilə bağlıdır. Şərq insanı bu prinsipləri dəyişməz əbədi normalar kimi qəbul edərək yaşatmağı özlərinin mənəviyyat norması kimi qəbul edərək onlara Şərq anlamına uyğun olaraq əməl etmişdir. Qərbin normal həyat modeli isə orta əsr xristian Avropasında formalaşmışdır. Bu isə Qərb insanının birləşməsinə, onlar arasında yeni münasibətlər yaradılmasına imkan vermiş, Avropa sivilizasiyasının daha dayanıqlı dini məzmun almasına şərait yaratmışdır. Müsəlman Şərqində isə bu proses Qərbdən fərqli getmiş, daha möhkəm maddi və mənəvi dayaqlara söykənmişdir. Bunu Qərb mütəfəkkirləri özləri də dönə-dönə qeyd edərək göstərmişlər ki, rasional Qərb emosional Şərqdən doğan işıqlı nurdan daha yaxşı faydalanaraq varlıqlarını dərk edərək öz yaşam tərzini qaydaya sala bilmişdir. Bütün bunlar bir daha göstərir ki, Qədim Şərq, həqiqətən, dünya mədəniyyətinin başlanğıcı olmuş, Qərb isə ondan bəhrələnərək öz elm və mədəniyyətini yarada bilmişdir. İslamın müsəlman Şərqində sürətli yayımı isə çox möhkəm dayaqları olan antik mifi, dini-mənəvi ənənələrə son qoyaraq Avropanın taleyində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Yeri gəlmişkən, onu da göstərək ki, həmin antik ənənələr məhz qədim Romada alman tayfalarının hücumuna davam gətirərək öz mövcudluğunu qoruya bilmişdir. Bütün bunlarla yanaşı, unikal, güclü, humanist bir din olan islam digər dinlərlə də yaxınlıq etməklə böyük bir yüksəliş yolu keçərək getdikcə tərəfdaşlarını daha da artıra bilmişdir. Bütün bunlar isə bütövlükdə qoca Şərqin qədimliyi və universallığını bir daha sübut edir.

Ümumiyyətlə, bəşər sivilizasiyası tarixində dinlərin hər birinin özlərinə xas inkişaf və fəaliyyət yolu olmaqla yanaşı, onlar arasında, xüsusən xristian və islam arasında yaxınlıq, qarşılıqlı anlaşma, birgə fəaliyyət, dialoq halları da az olmamışdır. Onlar müxtəlif dini etiqatlara və rituallara sahib olsalar da, qarşılaşdıqları mürəkkəb problemləri birlikdə həll edə bilmişlər.

Görkəmli ərəb mütəfəkkiri Əl-Həsən bin Təlali demişdir: “Biz dini dözümsüzlüyə yol verməməliyik. Məlumatın azad mübadiləsini təmin edərək dünyaya, öz müqəddəs kitablarımıza, digər dinlərin müqəddəs kitablarına yeni gözlə baxaraq, bizi ayıran cəhətləri aradan götürməli, bizi birləşdirən cəhətləri ümumiləşdirməliyik” (Sivilizasiya pered sudom istorii, s. 105, 2001). Çox yerində deyilmişdir. Bu fikir mədəniyyətləri və dinləri biri-birinə qarşı qoyanlara bir növ dərsdir.

Mədəniyyətlər və dinlərarası əməkdaşlıq və dialoqda digər dinlərdən fərqli olaraq islam dininin xüsusi yeri və rolu vardır. İslam geniş və əhatəli dünyagörüşü olmaqla həyatın bütün sahələrində, o cümlədən, qlobal təbiət və cəmiyyət hadisələrinə münasibətdə öz yeri və mövqeyi olmaqla yanaşı, digər dinlər arasında xüsusilə fərqlənir. Onun qlobal hadisələrə özünəməxsus münasibəti müəyyən əxlaqi prinsiplər və dəyərlər üzərində qurulmuşdur. Qlobal təbiət və cəmiyyət hadisələri, onların baş verməsi və qarşısının alınması yolları haqda Quranda, hədislərdə, ilahiyyatçı alimlərin əsərlərində bir sıra faydalı fikirlər vardır. Quranda təbiət və sosial fəlakətlərin baş verməsi səbəbləri bizim vərdiş etdiyimiz müasir elmi əsaslarla deyil, Quranın yarandığı ictimai və mədəni şəraitə uyğun olaraq əks olunmuşdur.

Dözümlülük, xeyirxahlıq, tolerantlıq islamın mahiyyətini təşkil edir. Tolerantlıq islamın əsas müddəaları və təlimi ilə səslənən ümumi mənəvi prinsiplərə əsaslanır. İslama görə, tolerantlıq müxtəlif inanclı insanlar arasında bir növ körpüdür. Allah buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. Qurani Kərimdə deyilir: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inandıq” (26, 49).

Quran müsəlmanların təkcə müqəddəs kitabı deyil, həm də islam mədəniyyətinin ən qiymətli abidəsidir. Quran müsəlmanların inam və iman mənbəyidir. Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən olan Qurani Kərim müsəlmanlığın hüquqi-mənəvi dayağı olmaqla yanaşı, həm də çox mühüm bir əbədi-tarixi salnamədir. Quranda dindarların ailə-məişət həyatı, davranış normaları hərtərəfli şəkildə öz əksini tapmışdır. Onda insanların həyat tərzinə, onların keçmişinə, gələcəyinə dair çox qiymətli müddəalar vardır.

Quran müsəlmanlığın dini-fəlsəfi, mənəvi-etik baxışlar sistemidir. Ümumbəşəri dəyərləri ifadə edən bir sıra fikir və ideyalar burada dini forma və normalarda özünəməxsus əks olunmuşdur. Məhz buna görə müxtəlif dinlərə məxsus olan müqəddəs kitablara hörmətlə yanaşılması ta qədim zamanlardan mövcud olmuşdur. İnsan nəslinin birliyi ideyası tarixilik baxımından ilk dəfə olaraq məhz ilahi-mifoloji formada əks olunmuşdur.

İslam dini azadfikirlilik və humanizm, sülh və əmin-amanlıq dinidir. Müxtəlif xristian və yəhudi icmaları islam dünyasında öz dünyalarını yaratmışlar. İslam dünyasında başqa dindən olanlara qarşı peşə və yaşam fərqləri yoxdur. Buna əyani misal olaraq IX əsrdə Xilafətin paytaxtı olan Bağdadda xristian icmasının başında saray həkimi olan xristian dururdu. Yəhudi icmasının başında isə saray bankiri yəhudi dururdu (6/43). Adam Mets yazırdı: “Müsəlman imperiyasında adamı ən çox mat qoyan başqalarından olan məmurların çoxluğudur. Müsəlmanlar hətta bu məmurlara tabe olurdular, din bir növ müxtəlif əqidəli insanları birləşdirən, barışdıran mənəviyyatdır”. XI əsrdə xəlifə Harun-ər Rəşidin hakimiyyəti dövründə Bağdad mədəniyyətin mərkəzinə çevrilmişdi. Harun-ər Rəşid haqqında dövrün görkəmli mütəfəkkirləri çox maraqlı fikirlər söyləyirdilər ki, onun əzəməti istedad sahiblərini daim maqnit kimi özünə çəkirdi. Onun ətrafında şairlər, fəqihlər, həkimlər, dilçilər, sənətkarlar toplanmışdır. Y.Risler yazırdı ki, tarixdə belə şey olmamışdır ki, Harun-ər Rəşidin dövründə olduğu kimi, bu qədər görkəmli alimlər və sənətkarlar toplanmış olsun. Çünki onun dövrü inkişaf etmiş mədəniyyət dövrü idi. Bütün bunlar islam dinini digər dinlərdən, dini-mənəvi ənənələrdən köklü surətdə fərqləndirən cəhətlərdir. Ümumiyyətlə, din milli-mənəvi dəyərlər sistemidir. Lakin dinlər öz aralarındakı fərqə baxmayaraq onların hamısının əsasını tək Allaha inam və etiqad təşkil edir. Daimi və əbədi dünya hesab etdikləri ruhani dünya hər şeyin hər şeydə ilahi harmoniyasının təcəssümüdür. Dində əsas məqsəd insan ruhunun xilas edilməsinin təmin edilməsidir. Sosial-mədəni tərəqqidə din nəzəri bilik sahələrinə nisbətən daha mürəkkəb və daha rəngarəng mənəvi hadisədir. O, insanların mənəvi-etik, hissi-emosional həyatına daxil olaraq onları daha da zənginləşdirir, bir növ onlara yaşam və mənəvi oyanma stimulu verir. Din mədəniyyətin, mədəni tərəqqinin mühüm tərəflərindən biri olmaqla yanaşı, həm də gerçəkliyi özünəxas olan spesifik şəkildə dərk etmək vasitəsidir. İnsanlığın ilkin dövrlərində, hətta sonralar da dini etiqad və təsəvvürlər sadəlövh şəkildə olsa da, dünyanın qavranılması, dərk edilməsinə xidmət etmiş, onu maraqlandıran suallara cavab axtarmışdır.

Müsəlmanlarla qeyri-müsəlmanlar arasında tarixən dinc yaşam mühiti mövcud olmuş, bu mühitdən onlar daim faydalanmışlar. Lakin tədriclə genişlənən bu ünsiyyət mühiti qarşılıqlı anlaşma şəraitində davam edərək onların hər birinin bir-birinə marağını artırmış, son olaraq hər iki din arasında mənəvi yaxınlığın yaranmasına səbəb olmuşdur. Bütün bunlar bir daha onu göstərir ki, islamla xristianlıq arasındakı münasibətlər heç də təsadüfi, keçici olmamış, əksinə, müəyyən zəminə, tarixi kökə malik olmuşdur. Lakin bunu da qeyd edək ki, hazırda bu sahədə problemlər hələ də qalmaqdadır, belə ki, islam dünyası ilə dialoqun əhəmiyyəti və aktuallığı hələ də Avropada tam dərk edilməmiş, müəyyən çətinliklər yaratmışdır. İslam-xristian münasibətləri bu çətinliklərə baxmayaraq, hər cür maneəni aradan qaldıraraq davam etmiş, indi də davam edir. Lakin bu iki din arasında bütün çətinliklərin aradan qalxdığını söyləmək olmaz. Bu çətinlikləri yaradan və onu var gücü ilə təbliğ edən radikal qüvvələr hələ də belə boş, mənasız hədyanlar söyləyirlər ki, guya islam bu dialoqa, yaxınlaşmaya hazır deyil, Şərq dünyası öz yerində sayaraq hələ də ləng inkişaf edir. Lakin onlar sadə bir həqiqəti qəbul etmək istəmirlər ki, konkret şəraitdən və yaşam tərzindən asılı olaraq Şərq və Qərb dünyasının inkişaf dinamikası eyni deyil, onlar arasında müəyyən fərqlər vardır. Lakin buna baxmayaraq, onlar arasında yaxınlaşma, qarşılıqlı anlaşma davam edir, öz nətcəsini verir. Bu prosesin qarşısını heç cür almaq mümkün deyil, bu, obyektivlikdən doğan hadisədir və zamanın tələbidir.

Müasir qloballaşma şəraitində bəşəriyyətin bütün sahələrdə onun ümumplanetar vəhdəti və birliyi genişlənir, gələcək perspektivini müəyyən edən bir növ ümumu sistem yaranır. Bu sistemdə Şərq və Qərb mədəniyyətlərin arasında qanunauyğun olaraq dövrün tələblərinə uyğun yaxınlaşma və dialoq prosesi daha da sürətlənir və genişlənir. Bu isə istisnasız olaraq islam dünyasında xristian amilinin, xristian dünyasında isə islam amilinin daha da güclənməsinə səbəb olur. Bunu da unutmayaq ki, müasir dünyada islam mədəniyyətinin xristian dünyasına necə böyük təsiri artıq bir reallıqdır, həqiqətdir.

Bütövlükdə dünya mədəniyyəti, konkret olaraq islam mədəniyyəti bəşəriyyətin sosial-mədəni tarixi və inkişafı ilə bilavasitə bağlı olan mənəvi-etik, elmi-fəlsəfi ideya və baxışları özündə birləşdirən tam, vahid mədəniyyətdir. Məhz bu baxımdan bəşər mədəniyyətinin inkişafında xüsusi bir mərhələ təşkil edən islam dinini, onun tarixi rolunu araşdırıb öyrənmədən insanlıq dünya mədəniyyətindən sanki bir növ təcrid olunmuş olardı.

 

Əlipaşa ƏLİYEV,

fəlsəfə üzrə elmlər doktoru,

professor.

 

Respublika.- 2020.- 28 yanvar.- S.5.