Aparılan islahatlar
innovativ iqtisadiyyatın inkişaf dinamizmini qoruyur
Dövlət
başçısı deyib: “Bu islahatlar
inkişafımızın bundan sonra daha da uğurlu
olacağına imkan verəcək, o cümlədən iqtisadi
artım daha da böyük rəqəmlərlə
ölçüləcəkdir”
Azərbaycanda islahatlar və bu zəmində quruculuq,
abaqlıq işləri öz sürətini əskiltmir. Ölkənin hər tərəfində
hərtərəfli inkişaf üçün zəruri
müasir infrastrukturlar, yeni sosial obyektlər yaradılıb və
bu proses davamlıdır. Düşünülmüş siyasətlə
həyata vəsiqə alan layihələr
sosial-iqtisadi inkişafda mühüm rol oynamaqla yanaşı,
öz dizaynı və müasirliyi ilə göz
oxşayır, mövcud gözəlliyə yeni bir ahəng,
turizm cəlbediciliyinə də güclü stimul verir. Dünyada iqtisadi və maliyyə
böhranının səngimədiyi, sonunun da görünmədiyi
bir şəraitdə ölkədə həyata keçirilən
islahatların və reallaşdırılan layihələrin
ilbəil artan dinamizmi diqqəti cəlb edir. İqtisadi sahədə inkişaf tempini qorumaq daha
yüksək mərhələyə çatmaq
üçün ötən illərdə önəmli
addımlar atılmış, mühüm islahatlar həyata
keçirilmiş və bu siyasət davam edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanında
keçirilən iqtisadi müşavirədəki nitqində
islahatların davamlılığı prioritet olmasının
uğurları barədə deyib: “Azərbaycan 2019-cu ildə
iqtisadi sahədə qarşıda duran bütün vəzifələri
uğurla icra etmişdir. Təkcə rəqəmlərə
baxanda demək kifayətdir ki, 2019-cu il
iqtisadi inkişaf baxımından ölkəmiz
üçün uğurlu olmuşdur. Dünya
Bankı Azərbaycanı 20 ən islahatçı ölkə
siyahısına salmışdır, bu, böyük nailiyyətdir.
Bu, onu göstərir ki, ölkəmizdə
aparılan köklü islahatlar aparıcı beynəlxalq
qurumlar tərəfindən də təqdirlə qəbul
edilir”. Beləliklə, Azərbaycanda
iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu
istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirirlər.
Dövlət başçısının Dünya Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya
İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq
Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə
qurumlarının rəhbərləri ilə çoxsaylı
görüşləri meydana danılmaz bir reallığı
qoyub - Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.
“Doing Business” hesabatında ölkəmiz biznes
mühitinə görə dünya miqyasında 25-ci yerdədir.
Son hesabatda Azərbaycan yenə də 20 ən
islahatçı ölkə sırasında qərarlaşıb.
Davos Ümumdünya İqtisadi Forumunun
hesabatında ölkəmizdə aparılan islahatlar
ardıcıl xarakter daşıyır. Azərbaycan
öz tarixi inkişaf dövrünü yaşayır. Hər ay baş verən iqtisadi artım davamlı
prosesə çevrilib. Bu hər şeydən
əvvəl yürüdülən səmərəli operativ,
çevik icrası iqtisadi siyasət nəticəsində əldə
edilir. Həyata keçirilən siyasətin
mahiyyətində dünya bazarının tələblərinə
cavab verən istehsal məhsullarına və güclü ixrac
potensialına malik olmaq hədəfi durur.
Azərbaycanın strateji kursunun uğurluluğu sayəsində
və sosial-iqtisadi inkşafın yüksək tempi, dinamizmin
qorunması reallıqdır və nəticədə bu gün
quruculuq və abaqlıq işləri öz sürətini
azaltmır. Hər tərəfdə müasir iqtisadi
infrastrukturlar, yeni müəssisələr, sosial obyektlər
inşa edilir, sənaye sahələri yaradılır,
mövcudları əsaslı təmir edilir və ən yeni
texnologiyalarla təmin olunur, müasirlik qorunur.
İqtisadiyyat sənayesiz gücsüzdür və zəruri
istehsal məhsulunun idxalından asılıdır. Ölkəmizdə
sənayeləşmə prosesi də öz sürətinin
azaltmır və hazırda yeni pilləyə qədəm
qoyub. Faktlardan göründüyü kimi,
istehsalın sürəti və tempi kifayət qədər
yüksəkdir. Ölkə regionların
sosial-iqtisadi inkişafı dördüncü Dövlət
Proqramının bu ilini də ümumi iqtisadi inkişafın
davamlılığını və yüksək tempini
qoruyaraq. uğurla yekunlaşdırmaq
əzmindədir. Ötən illərin sosial-iqtisadi
inkişafının göstəriciləri təsdiq edir ki, Azərbaycan
bu yüksək tempi saxlamaq və “Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının bütün hədəflərini
uğurla reallaşdırmaq əzmindədir.
Dövlət öz milli maraqlarından
çıxış edərək qarşılıqlı mənafeləri
ödəyən beynəlxalq qurum və tədbirlərdə
fəal iştirak edir. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və
Sosial Komissiyasının (UNESCAP) statistik göstəricilərinə
əsasən, Azərbaycanın dənizə
çıxışı olmayan ölkə olaraq inkişaf dəyəri
11,24 faizə bərabərdir. Dənizə
çıxışı olmayan İEOÖ kimi Azərbaycan
davamlı və hərtərəfli inkişafa nail olmaq və
iqtisadiyyatın şaxələndirilməsi üçün
dünya iqtisadiyyatına inteqrasiyaya hər zaman mühüm
siyasi seçim kimi baxıb. Azərbaycan dənizə
çıxışı olmayan ölkə olaraq
İEOÖ-nin inkişaf üçün Vyana Fəaliyyət
Proqramını alqışlayır və uzunmüddətli
iqtisadi davamlılıq məqsədlərinin uğurla həyata
keçirilməsi baxımından strateji istiqamət kimi tərəfdarıdır.
Həmin Proqramın təşviqi sayəsində
bu problemin yaratdığı məhdudiyyətlərin aradan
qaldırılması istiqamətində əməkdaşlığın
iştirakçı dövlətlərlə sıx əlaqə
nəticəsində faydalı imkanlar yarada bilər. Azərbaycan gənc dövlət olmasına baxmayaraq
qısa müddətdə sosial-iqtisadi intibaha imza atıb.
Çox az dövr ərzində
informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və enerji
sahələrində regionun inkişaf səylərini
qarşılamaq üçün onun potensialının
aşkar ediməsinə töhfə verən önəmli təşəbbüslər
edib. Bu bir reallıqdır ki, BMT-nin Asiya və Sakit Okean
üzrə İqtisadi və Sosial Komissiyasının dəyərləndirməsinə
əsasən Azərbaycan dənizə
çıxışı olmayan ölkələr arasında ən
güclü transsərhəd bağlantıya və yüksək
inkişaf etmiş İKT sektoruna malikdir. Dövlət
müasir texnologiyalar sahəsinə böyük sərmayələr
qoyur. Artıq ölkədə kosmik sənaye
yaradılıb və müvəffəqiyyətlə
inkişaf edir. Azərbaycan üç
kosmik peykə malikdir. Hazırda ölkəmiz
Trans-Avrasiya Super İnformasiya Magistralı (TASM) layihəsinin
reallaşması ilə informasiya-kommunikasiya texnologiyaları mərkəzinə
çevrilib. Azərbaycan ilə
Qazaxıstan arasında fiber-optik rabitə xəttinin dənizin
dibi ilə inşası təməlqoyma çox mühüm əhəmiyyətə
malikdir. Bu özlüyündə həm
siyasi, həm iqtisadi, həm sosial əlaqələrə
güclü stimul deməkdir. Belə ki, nəticədə
nəinki iki ölkədə, həmçinin geniş bir
regionda rəqəmsal infrastruktur güclənəcək,
informasiya daha sürətli və böyük həcmlə
ötürələcək, internet xidməti dayanıqlı
olacaqdır. Azərbaycanın Avropa və Asiyanı birləşdirən
qədim İpək Yolunun bərpasında aparıcı
rolunun əhəmiyyətini də bura əlavə etsək,
Avrasiya materikində nəqliyyat-tranzit və rabitə
infrastrukturunda ölkənin son dərəcə mühüm
qovşaq olduğunun, hətta sərnişin və yüklərin
daşınmasını daha etibarlı, davamlı və
iqtisadi baxımdan çox səmərəli marşrutla təmin
etməklə, multimodal nəqliyyatın həcmini artırmaqla
regionlararası və regiondaxili ticarətin genişləndirliməsinə
müstəsna şərait yaradıldığının
şahidi olarıq. Pekinlə Londonu birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi
ölkəmizin regional əhəmiyyətini daha da
artırıb. Cənub Qaz Dəhlizinin
üç mərhələsinin də reallaşması
dövlətimizi Avrasiya məkanında çox mühüm və
təhlükəsiz tərəfdaşa çevirib. Bu layihələri əsasən dəstəkləyən
və maliyyələşdirən Azərbaycandır. Bundan başqa, yeni Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı uğurla istismara verilib. Bütün
bu layihələrin icrası və istismarı Avrasiya materikində
və onun hüdudlarından kənarda əməkdaşlığın
genişlənməsinə, inkişafa, sülhə və birgəyaşayışa
mühüm töhfə olması aydın görünür.
Ölkə rəhbərinin son 16 il ərzində
həyata keçirdiyi siyasətə xarici ekspertlər də
yüksək qiymət verirlər. Vurğulamaq
lazımdır ki, artıq reallaşmış bu layihələr
Avrasiya və Afrika daşımaları sistemində, eləcə
də bu məkandakı dövlətlərin iqtisadi sahələrinin
inkişafında xüsusi təsirə malik olacaqdır.
Əgər biz Avrasiya materikinin dəmiryolu
infrastrukrunun xəritəsinə baxsaq, Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin 4 qütbü bir-birinə bağlayan və
onlarla dövləti əhatə edən dəmir yolu şəbəkəsində
çoxşaxəliliyi təmin edən nə qədər
mühüm və zəruri qovşaq rolunda bir dəhliz funksiyası
daşıdığına əmin olacağıq. Buna görə də bu reallaşmış layihə
materikdə yerləşən bütün ölkələr
üçün cəlbedici və səmərəli nəqliyyat
vasitəsidir. Türkiyə Cümhuriyyətinin
Prezidenti Rəcəb Tayyib Ərdoğanın BTQ-yə “Orta dəhliz”
adı verməsi də məhz qitələrin magistral dəmiryollarını
əlaqələndirən xətt kimi bir rola malik olması ilə
bağlıdır. Rusiya Siyasi Tədqiqatlar
İnstitutunun baş direktoru, politoloq Sergey Markov
vurğulayıb ki, Azərbaycanın xarici siyasətində
çoxvektorluluq davam edir. Politoloq ölkəmizin
çoxşaxəli və çoxsahəli əməkdaşlıq
əlaqələrini belə ifadə edib: “Azərbaycanın
bütün qonşuları ilə - Rusiya, Türkiyə və
İranla, habelə iri geosiyasi subyektlərlə - Avropa
İttifaqı, ABŞ və Çin ilə çox gözəl
münasibətləri var. Avropa İttifaqı ilə “Tərəfdaşlığın
prioritetləri haqqında Saziş” imzalanıb. Xəzər
dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiya Azərbaycan
rəhbərliyinin bu məsələyə necə konstruktiv
yanaşmasını əks etdirir. Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, bu yanaşmalar Rusiyanın
yanaşmalarına əsla zidd deyil və çox cəhətdən,
üst-üstə düşür. Bu, Xəzərdə
fəallığın inkişaf etdirilməsi
üçün, Xəzər regionunun siyasi mübarizə
meydanına çevrilməməsi üçün möhkəm
hüquqi təməl yaradır”.
Əsl siyasi müstəqilliyin təməlində
dinamik, müstəqil innovativ iqtisadi inkişaf dayanır. İstər
daxili, istərsə də xarici siyasətdə bu prinsipial və
qətiyyətli yanaşma ölkənin işlərinə kənar
qüvvələrin kobud şəkildə müdaxilə etmələrinə,
bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə
çalışan bəzi dövlətlərə, beynəlxalq
qurumlara, transmilli korporasiyalara münasibətdə öz səmərəliliyini
daha aydın şəkildə göstərmişdir. Aparılan iqtisadi islahatların ən mühüm
istiqamətlərindən biri də investisiyaların təşviqi
ilə bağlı həyata keçirilən tədbirlərdir.
2016-cı ilin 20 aprelində Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərmanları ilə “İnvestisiya təşviqi
sənədinin verilməsi Qaydası”, investisiyanın həyata
keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya
layihəsinin həcmi ilə bağlı minimal məbləğ
və layihənin həyata keçiriləcəyi inzibati ərazi
vahidləri təsdiq edilmişdir.
İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində
və “Gömrük tarifi haqqında” qanunda nəzərdə
tutulmuş güzəştlərdən yararlanmağa imkan
verir.
İnvestisiya təşviqi sənədini almış
sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən,
əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri
texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda
ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə
azad edilirlər. Bu, qeyri-neft sektoruna investisiyaların artırılmasına,
yeni iş yerlərinin açılmasına əlverişli zəmin
yaratmaqla yanaşı, sahibkarlığın inkişafına əhəmiyyətli
töhfə verir. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar
investisiya layihələrinin xüsusi maliyyələşmə
əsasında həyata keçirilməsi haqqında” Qanunda nəzərdə
tutulmuş “Tik, idarə et, təhvil ver”
(TİT) modelinin tətbiqi də sahibkarlar üçün
geniş imkan yaradır, ölkə iqtisadiyyatına
investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir.
Belə ki, investisiya layihələrini TİT
modelinə uyğun həyata keçirən investor dövlət
rüsumlarından və yığımlardan azaddır.
Azərbaycan
dünyada az ölkələrdəndir ki,
apardığı siyasəti, iqtisadi və siyasi islahatları
hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi
altında deyil, elmi prinsiplərlə, mükəmməl strategiya
əsasında reallaşdırır. Ölkə
rəhbərliyi bu gün gələcəyə baxaraq daxili və
xarici siyasətini müəyyənləşdirir və bu əsasda
operativ olaraq islahatlar həyata keçirir, innovativ layihələr
reallaşdırır. Dövlət
başçısı inkişafın dinamizmini qorumaqla islahatların
daim yeni mərhələyə qalxması və bu prosesin
proqressiv sosial-iqtisadi nəticələri barədə deyib:
“Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin
islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə,
həm də kadr və struktur islahatları sahələrində.
Bu islahatlar inkişafımızın bundan sonra
daha da uğurlu olacağına imkan verəcək, o cümlədən
iqtisadi artım daha da böyük rəqəmlərlə
ölçüləcəkdir”.
Ataş CƏBRAYILOV
Respublika.- 2020.- 30 yanvar.- S.1.