Gömrük işi müasir dünyanın çağırıişlarına uyğun şəkildə yenidən qurulur
Müsahibimiz Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Səfər
Mehdiyevdir
–Səfər müəllim, 30 yanvar Dövlət Gömrük Komitəsinin yarandığı gündür. Artıq Gömrük Komitəsi 28 illiyini qeyd edir. Ötən dövr ərzində gömrüyün keçdiyi yol barədə nə demək olar?
–Dövlət Gömrük Komitəsi 1992-ci il yanvarın 30-da, Azərbaycan öz suverenliyini bərpa etdikdən üç ay sonra yaradılıb. Ötən dövr ərzində gömrüyün keçdiyi yol asan olmayıb. Müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi, gömrük xidməti də böhran dövrünü yaşayıb. Həmin illərdə mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan verməyib. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, gömrük xidmətində də kompleks tədbirlər həyata keçirilib.
Müstəqil və müasir gömrük xidməti formalaşdırılarkən dahi rəhbər Heydər Əliyevin tövsiyələri əsas tutulub: gömrük orqanları xarici-iqtisadi əlaqələrdə öz yerini müəyyən etməli, iqtisadiyyatın inkişafına xidmət göstərməli, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini verməli idi. Ulu öndər Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir, bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Dövlət Gömrük Komitəsinin yaradılmasının 5 illiyində, 1997-ci ildə Heydər Əliyev vurğulamışdır ki, “gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir”.
Həmin təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə və böyük uzaqgörənliklə təhlil edən Heydər Əliyev bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdi.
Öz imkanlarına görə unikal orqan olan gömrük xidmətinin vəzifəsi - həm dövlət büdcəsinə daxilolmaları təmin etmək, gömrük hüquqpozmalarına qarşı mübarizə aparmaq, xarici ticarəti sürətləndirmək və asanlaşdırmaq, həm də ölkənin iqtisadi təhlükəsizliyini qorumaqdır.
Məhz ulu öndər Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan Azərbaycan Gömrük Xidməti qısa zaman kəsiyində ölkəmizin önəmli dövlət təsisatlarından birinə çevrildi. Bu gün isə Azərbaycan Gömrük Xidməti Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasına uyğun olaraq daha da inkişaf edib ölkəmizin mühüm dövlət təsisatlarından birinə çevrilməklə yanaşı, dünya gömrük ailəsində yüksək etibar və etimad qazanıb.
Gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına, bir sözlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb. Prezident İlham Əliyevin tarixi İpək Yolu üzərində strateji mövqe tutan ölkəmizin tranzit potensialının gücləndirilməsi, ixrac potensialının artırılması istiqamətində atdığı addımlar gömrük orqanlarının da qarşısında yeni hədəflər müəyyənləşdirib.
Artıq ən müasir idarəetmə strukturuna malik Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişdirərək beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, ən müasir gömrük nəzarət üsul və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atır. Gömrük xidmətində həyata keçirilən islahatlar nəticəsində xarici ticarət iştirakçılarının aktivliyi artıb, biznes mühitinin əlverişliliyinin artırılması, rəqabətliliyinin qorunub saxlanması və şəffaflıq təmin edilib. Eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların artımına nail olunub.
–Yeri gəlmişkən, ötən il Gömrük Komitəsi üzrə büdcə daxilolmaları və xarici ticarətin göstəricilərinin dinamikası necə olub?
–Ötən il Dövlət Gömrük Komitəsi üzrə makrogöstəricilər baxımından uğurlu bir il olub, büdcə daxilolmalarındakı artım tendensiyası maksimum səviyyədə qorunub.
2019-cu il üzrə Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 4 milyard 408 milyon 620 min manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb. Beləliklə, proqnoz göstəriciləri ilə müqayisədə 706 milyon 620 min manat artıq gömrük vergi və rüsumları toplanıb və ya proqnoza 119,1 faiz əməl olunub.
Bununla da Dövlət Gömrük Komitəsi yarandığı dövrdən rekord fiskal göstəriciləri nümayiş etdirərək son 2 il ərzində büdcə proqnozunda nəzərdə tutulduğundan 2 milyard manata yaxın artıq vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin edib.
Eyni zamanda, 2019-cu il ərzində xarici ticarət mühitində müsbət artım tendensiyası müşahidə olunub. Dünya bazarında neft qiymətlərinin nisbətən stabil olması və investisiya qoyuluşlarının həcminin artması ölkənin həm ixracında, həm də idxalında sabit artım üçün şərait yaradıb. Rəqəmlərə gəldikdə, 2019-cu ildə xarici ticarət dövriyyəsi 33,3 milyard ABŞ dolları təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 2,4 milyard ABŞ dolları və ya 7,6 faiz artım deməkdir.
Sevindirici haldır ki, ixrac həcminin 1 faizə yaxın artmasına baxmayaraq qeyri-neft sektorunda ixracın artımı 14 faiz təşkil edib. İdxalın həcmi isə əhəmiyyətli dərəcədə, 19 faiz artaraq 13,7 milyard ABŞ dolları olub. Bununla da 2019-cu ilin sonuna qeydə alınan müsbət saldo 5,96 milyard ABŞ dolları təşkil edib.
Ötən il Azərbaycan Respublikası ilə ticarət aparan xarici ölkələrin sırasında 2018-ci ildə olduğu kimi idxalda ilk üçlüyə Rusiya Federasiyası, Türkiyə Respublikası və Çin Xalq Respublikası daxil olub. Bu da ölkənin ümumi idxalının 39 faizini təşkil edib. İxracda isə əsas üç ölkə İtaliya Respublikası, Türkiyə Respublikası və Çin Xalq Respublikası olub.
Onu da nəzərə çatdırım ki, 2019-cu il ərzində idxal əməliyyatlarının həcmi 13 milyard 668 milyon dollar məbləğində olmaqla 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 202 milyon dollar və ya 19,2 faiz artıb. İxrac əməliyyatlarının həcmi isə 19 milyard 635 milyon dollar təşkil edib və 2018-ci illə müqayisədə 146 milyon 620 min ABŞ dolları və ya 0,8 faiz artıb.
–Xahiş edirik, gömrük orqanlarının ümumiyyətlə 2019-cu il üzrə fəaliyyətinin nəticələri barədə də məlumat verəsiniz.
–2019-cu ildə şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, qanuni ticarətin asanlaşması və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin sonunda imzalanmış müvafiq Fərmana əsasən, 2019-cu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanılıb.
Bu layihənin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamlarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipinə uyğun inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
Beləliklə, Azərbaycan Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı öncül beynəlxalq praktikaya əsaslanaraq gömrük xidmətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biridir. Bu sistem xarici iqtisadi fəaliyyət sahəsində etibarlı tərəfdaş prinsipinə uyğun olaraq Azərbaycan gömrüyündə tətbiq olunan ən müasir üsullardan biridir.
“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”na müvafiq olaraq ötən il 599 xarici ticarət iştirakçısı Komitəyə müraciət edib. Bunlardan, ümumilikdə 530 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Gömrük sistemində aparılan islahatların tərkib hissəsi olaraq gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin risk qiymətləndirilməsinə əsasən aparılmasına ciddi zərurət yaranıb. Bu istiqamətdə 2019-cu il ərzində konkret addımların atılması əsas prioritetlərdən olub. Risklərin idarə edilməsi sisteminin tətbiqinin məqsədi risk qiymətləndirilməsi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi və mövcud resurslardan daha səmərəli istifadənin təmin edilməsindən ibarətdir.
Hesabat dövrü ərzində risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili həyata keçirilib. Bu tədbirlərin nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə avtomatlaşdırılmış proqram təminatında müvafiq təhlillər aparılıb.
2019-cu il ərzində müəyyən olunmuş risk göstəriciləri əsasında 1375 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar olunaraq Risklərin Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (RAİS) inteqrə edilib və nəzarətə götürülüb. İdxal olunan malların gömrük dəyərinin, mal miqdarının, xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə mal kodlarının düzgün bəyan olunmasında yaranmış riskli əməliyyatlar üzrə aidiyyəti gömrük orqanları məlumatlandırılmaqla külli miqdarda gömrük ödənişlərindən yayınma halları aşkar edilib və həmin məbləğin dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Ötən il ərzində gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) təkmilləşdirilməsi, məlumatların yoxlanılması və emalı, biznes proseslərinin təkmilləşdirilməsi, innovasiya layihələrinin tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və digər istiqamətlərdə bir sıra işlər görülüb.
Ümumdünya Gömrük Təşkilatının elektron təhsil - “CLiKC! e-Learning” sistemi gömrük xidmətində istifadəyə verilib. Yaradılan lokal və uzaq məsafədən elektron təhsil sistemi gömrük əməkdaşları və Dövlət Gömrük Akademiyasının tələbələri üçün nəzərdə tutulub.
2019-cu ilin yanvarında Dövlət Gömrük Komitəsinin ÜGT-nin dəstəyi ilə hazırladığı Elektron Tədris Platformasının təqdimatı keçirilib. Azərbaycan gömrüyü hər zaman elmi nailiyyətlərin gömrük işinin təşkili sahəsində tətbiqinə xüsusi önəm verib və Elektron Tədris Platforması da bu sahədə növbəti addımlardan biridir.
Bu layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradır. Təhsildə yeni metod və yanaşmaları ehtiva edən Elektron Tədris Platforması bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə imkan yaradan bir sistemdir.
Bu gün gömrük sistemində informasiya texnologiyaları sahəsində ən son yeniliklərin tətbiqi nəticəsində artıq gömrük orqanları tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərir, xarici ticarət iştirakçıları ilə münasibətdə də bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri elektron qaydada həyata keçirilir.
Sərhədkeçmə prosesinin asan və sürətli şəkildə həyata keçirilməsini təmin edən yeniliklərdən biri də “bir inspektor-bir nəqliyyat vasitəsi” layihəsidir. Bu layihə real vaxt ərzində gömrük-buraxılış məntəqəsindən keçən nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artırılmasına şərait yaradır ki, bu da ticarətin sürətləndirilməsi üçün mühüm amillərdən hesab edilir.
Ötən ilin iyununda isə Dövlət Gömrük Komitəsi “Maersk” və “İBM” şirkətlərinin birgə hazırladığı, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan “TradeLens”ə qoşulub. “TradeLens”dən istifadə etməklə Dövlət Gömrük Komitəsi “TradeLens” ekosistemi üzrə hərəkət edən daşımalardakı konteynerlərin tərkibi və prosesdə iştirak edən tərəflər haqqında daha erkən və daha ətraflı məlumat əldə edir. Bu isə ölkə daxilində və xaricində həyata keçirilən daşımalar üzrə risklərin daha səmərəli şəkildə qiymətləndirilməsinə, gömrük rəsmiləşdirilməsi prosesinin daha sürətli icra edilməsinə, ticarətlə məşğul olanlar üçün yüksək xərc tələb edən öhdəliklərin yüngülləşdirilməsinə və region üzrə, ümumilikdə ticarət prosesinin sadələşdirilməsinə imkan verir.
Hazırda informasiya texnologiyaları sahəsində resurslarımızı 2009-cu ildən tətbiq edilən VAİS vasitəsilə xarici ticarət iştirakçısı-məmur təmasının minimuma endirilməsinə yönəltmişik. Əslində, “Yaşıl dəhliz” və artıq gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi sisteminin tətbiqi gömrük bəyannamələrinin elektron qəbulu sisteminin daha da inkişaf etdirilərək malların avtomatlaşdırılmış buraxılış sistemlərinə keçidini nəzərdə tutur. Bu, VAİS-i tətbiq etməklə gömrük rəsmiləşdirilməsinin bütün mərhələlərində həyata keçirilən mürəkkəb əməliyyatların tam avtomatlaşdırılmasını əhatə edir.
Artıq gömrük orqanlarının təqdim
etdiyi bir çox xidmətlər elektronlaşdırılıb
və hər il yeni elektron xidmətlər istifadəyə
verilir. Dövlət Gömrük Komitəsi elektron xidmətlər
üzrə ölkə miqyasında qabaqcıl pozisiyalardan
birini tutaraq 2019-cu il ərzində xarici ticarət
iştirakçılarına 4 milyon 500 mindən artıq
müxtəlif xidmətlər göstərib. Bu da VAİS-in nə dərəcədə
işlək bir sistem olmasından xəbər verir. Bununla
yanaşı, artıq elektron xidmətlərin gömrük
xidmətinin “Smart Customs” mobil tətbiqinə
daşınması prosesinə də başlanılıb.
Belə ki, təqdim etdiyimiz elektron xidmətlərdən
mobil telefonlar vasitəsilə də faydalanmaq mümkün
olacaq.
Bundan başqa, 2019-cu ilin dekabrında Dövlət
Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə
başlayıb. Bunda da məqsəd gömrük-sərhəd
keçid məntəqələrində sərnişinlərin
və nəqliyyat vasitələrinin sürətli
keçidini təmin etməkdir. Artıq
şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər
gömrük-sərhəd keçid məntəqələrinin
qarşısında növbə gözləmədən
keçə bilərlər.
Layihəyə
əsasən 3 növ xidmət təklif olunur: “Elektron növbə”
(e-növbə); “Sürətli keçid” (Fast Track); “CİP
xidmətləri”. Bunun üçün yalnız bir-iki dəqiqə
vaxt sərf etməklə internetə
çıxışı olan istənilən məkandan və
ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin
rəsmi internet səhifəsindəki “Elektron xidmətlər”
bölməsindən “onlayn növbə” alt bölməsinə
daxil olaraq “e-növbə” xidmətini seçmək
lazımdır.
–Səfər
müəllim, bildiyimiz kimi, ölkənin iqtisadi təhlükəsizliyinin
qorunması məqsədilə
qaçaqmalçılığa və gömrük işi
sahəsində digər hüquqpozmalara qarşı mübarizə
gömrük orqanlarının əsas vəzifələrindən
biridir. Bu sahədə ötən ilin nəticələri
necə olub?
–2019-cu il ərzində gömrük orqanları tərəfindən
əməliyyat-axtarış fəaliyyətinin və
gömrük nəzarətinin gücləndirilməsi istiqamətində
həyata keçirilmiş kompleks tədbirlər nəticəsində
13443 hüquqpozma faktı aşkar edilib.
Bu faktlardan 866-sı cinayət xarakterli faktlar olub və həmin
faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyaları
və digər cinayət predmetlərinin dəyəri 11 milyon
273 min manatdan çox təşkil edib. Bu əməllərin
törədilməsində şübhəli bilinən 992 nəfərin
(771 Azərbaycan vətəndaşı, 220 əcnəbi, 1 vətəndaşlığı
olmayan) barəsində müvafiq tədbirlər
görülüb.
Gömruk
sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin
qarşısını almaq məqsədilə gömrük
orqanları tərəfindən (o cümlədən digər
hüquq-mühafizə orqanları ilə birlikdə)
görülmüş tədbirlər nəticəsində
2019-cu il ərzində narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsilə əlaqədar 393 fakt aşkar
olunub.
Bu faktlar
üzrə ümumilikdə 1 ton 988 kq 628 qram narkotik vasitələr,
psixotrop maddələr və onların prekursorları qanunsuz
dövriyyədən çıxarılıb. 2019-cu il ərzində
narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən 490 nəfər: 416 kişi və 74 qadın olmaqla
367 nəfər Azərbaycan vətəndaşı, 122 nəfər
əcnəbi (91 İran, 16 Gürcüstan, 5 Rusiya, 3 Ukrayna, 3
Pakistan, 2 Türkiyə, 1 Boliviya və 1 Braziliya vətəndaşı)
və 1 vətəndaşlığı olmayan şəxs barəsində
müvafiq tədbirlər görülüb, 79 halda bu əməlləri
törədən cinayətkar dəstə ifşa edilib.
Bundan
başqa, “Valyuta tənzimi haqqında” Qanuna və digər
qanunvericilik aktlarına əsasən, gömrük orqanları
valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən
keçirilməsi üzərində nəzarəti həyata
keçirərkən qanunvericiliyin tələblərini pozan
şəxslərdən 310330 ABŞ dolları, 13585 avro,
6,531,350 rus rublu, 35000 türk lirəsi, 25400 Azərbaycan
manatı, 11627 manat dəyərində 730 ədəd
gümüş zinət əşyaları, 56008 manat dəyərində
284,614 karat qiymətli daşlar, 1,293,908 manat dəyərində
1803 ədəd qızıl zinət əşyaları
aşkar olunub.
Hesabat
dövründə gömrük orqanları tərəfindən
239569 ədəd CİTES obyekti olan tibbi zəli, 2970770 litr
dizel yanacağı, 3,140,993 manat dəyərində dərman
vasitələri, 2679 manat dəyərində baytarlıq dərmanları,
1800 ədəd təhlükəsizlik kameraları, 2 ədəd
elektroşoker, 18 ton 202 kq kimyəvi maddə, 24 kq 370 qram
kürü, 7525 litr mühərrik yağı, 1152 ədəd
mobil telefon və 43078 ədəd mobil telefonların
aksesuarları, 121080 manat dəyərində məişət
texnikası və əşyaları, 113 ədəd odlu
silahın patronları, 5760 ədəd ov silahının sursat
və ləvazimatları, 1 559 130 ədəd pirotexniki məmulatlar,
3 ədəd pnevmatik silah, 11500 ədəd pnevmatik silahın
patronları, 164 ədəd soyuq silah, 30766 manat dəyərində
tibbi ləvazimatlar və xeyli miqdarda digər mallar tutulub.
Ötən
il gömrük orqanları tərəfindən alkoqollu
içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının
idxalı zamanı vergidən yayınma və aksiz
markalarının tətbiqi qaydalarının pozulması
hallarının qarşısının alınması
üçün həyata keçirilmiş tədbirlər nəticəsində
aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə
gətirilməsinə cəhd göstərilən 282 796,2
manat dəyərində 2 005 144 ədəd xaricdə istehsal
olunan siqaretlər, 1469,5 manat dəyərində 1305 ədəd
siqarlar, 130980 manat dəyərində 80894,7 litr spirtli
içkilər saxlanılıb.
–Bir qədər
əvvəl qeyd etdiniz ki, gömrük orqanları məmur-sahibkar
münasibətlərini müasir idarəçilik prinsipinə
uyğun inkişaf etdirir. Ümumiyyətlə,
bu gün gömrük-biznes əməkdaşlığı
necə qurulub?
–Gömrük
xidmətində islahatların uğurla reallaşdırılmasında
gömrük-biznes münasibətləri mühüm rol
oynayır. Bu məqsədlə gömrük
orqanlarının sahibkarlarla davamlı görüşləri
keçirilir, iş adamlarının təklif
və iradları gömrük işinin səmərəli
şəkildə təşkilinə öz töhfəsini
verir.
Biznes
nümayəndələrilə hər zaman açıq
dialoqa hazır olan Dövlət Gömrük Komitəsinin rəhbərliyi
ötən il Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan-Fransa
Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya
Ticarət Palatasının üzvləri ilə
görüş keçirib, eləcə də “Caspian European
Club”un təşkilatçılığı ilə baş
tutan biznes-forumda iştirak edib. Bu tədbirlərdə
gömrük islahatları barədə məlumat verilib,
gömrük-biznes əməkdaşlığı və
perspektivlər barədə fikir mübadiləsi
aparılıb.
Eyni
zamanda, Dövlət Gömrük Komitəsinin yerli orqanları
da yerlərdə iş adamları ilə vaxtaşırı
görüşlər keçirir, bu görüşlərdə
sahibkarları maraqlandıran məsələlər müzakirə
edilir və onlara kömək göstərilir. Ötən il ərzində Bakı Baş Gömrük və
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş
Gömrük idarələrində keçirilən
görüşlərdə də gömrük islahatları və
yeniliklər barədə iş adamları bilgiləndirilib.
Bundan başqa, ölkəmizdə fəaliyyət
göstərən hüquq və konsaltinq şirkətlərinin
nümayəndələrinin Şimal Ərazi Baş
Gömrük İdarəsinin “Samur” gömrük postuna və
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara
gömrük-sərhəd buraxılış məntəqəsinə
səfəri təşkil olunub. Şirkət nümayəndələrinə
sərhədkeçmə proseslərinin sürətləndirilməsi
və avtomatlaşdırılması ilə bağlı
görülən işlər əyani şəkildə
nümayiş etdirilib, malların və nəqliyyat vasitələrinin
qeydiyyatı, nəzarət prosedurlarının sadələşdirilməsi
istiqamətində atılan addımlar barədə məlumat
verilib.
Azərbaycan
Prezidenti İlham Əliyevin dövlət sərhədindən
buraxılış məntəqələrində
gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi
barədə verdiyi tapşırıqların icra vəziyyəti
və bu istiqamətdə görülmüş tədbirlərin
səmərəliyinin qiymətləndirilməsi məqsədilə
Dövlət Gömrük Komitəsinin rəhbərliyi aidiyyəti
qurumların rəhbər şəxsləri ilə birlikdə
yerlərə də səfər edir, müvafiq iş
görür.
Ötən
il Komitə rəhbərliyi “Qırmızı Körpü”,
“Mazımçay”, “Samur” və Biləsuvar gömrük
postlarında, Aksizli Mallar üzrə Baş Gömrük
İdarəsi və Bakı Baş Gömrük İdarəsində
mövcud vəziyyətlə tanış olub, eləcə də
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində
istifadəyə verilməsi nəzərdə tutulan
gömrük və müvəqqəti saxlanc anbarlarına
baxış keçirib.
Onu da
bildirim ki, ötən ilin iyulunda Dövlət Gömrük
Komitəsinin Bakı Baş Gömrük İdarəsində
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və
Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə
başlayıb. Gömrük xidmətlərindən istifadə
edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş
Gömrük İdarəsində fəaliyyət göstərən
“KOB Dostu”na müraciət etməklə
idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi
və prosedurları, o cümlədən investisiya və ixrac
təşviqindən istifadə zamanı gömrük güzəştləri
ilə bağlı informasiya, məsləhət, hüquqi
yardım, əlaqələndirmə kimi xidmətlərdən
istifadə edirlər.
–Son
zamanlar Gömrük Komitəsinin media ilə münasibətlərində
də fəallıq diqqət çəkir. Gömrük-media
əməkdaşlığını necə qiymətləndirirsiniz?
–Bəli,
Dövlət Gömrük Komitəsi öz fəaliyyətində
ictimaiyyətlə əlaqələrə də xüsusi diqqət
yetirir, iş prinsipini media ilə açıq və şəffaf
əməkdaşlıq üzərində davam etdirir. Gömrük sistemində aparılan islahatlar çərçivəsində
gömrük-media münasibətləri də yeni müstəvidə
inkişaf edir, bu sahədə yeniliklərin ictimaiyyətə
çatdırılmasında Azərbaycan mediasının səmərəli
və peşəkar yanaşması məmnunluq doğurur.
Ötən
ilin yanvarında “Gömrük orqanlarında aparılan
islahatlar: müasir tələblər və
çağırışlar” mövzusunda fərdi jurnalist
yazıları müsabiqəsinin yekunları da bu baxımdan qənaətbəxş
olub. Müsabiqəni Dövlət Gömrük
Komitəsi və Mətbuat Şurası birgə təşkil
edib. Fevral ayında ölkənin
aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin
Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi
və “Azərterminalkompleks” Birliyinə səfəri təşkil
edilib. Jurnalistlər həmin qurumların
yaranması və fəaliyyəti barədə məlumatlandırılıb.
Mart ayında isə Şəki şəhərində
Dövlət Gömrük Komitəsi media nümayəndələri
üçün “Gömrük islahatları: şəffaf
gömrük, asan və sürətli ticarət” mövzusunda
təlim keçirib. Təlim çərçivəsində
jurnalistlərin Azərbaycan Respublikasının
Gürcüstanla dövlət sərhədində yerləşən
Qərb Ərazi Baş Gömrük İdarəsinin
“Mazımçay” gömrük postuna səfəri də təşkil
edilib. Burada media nümayəndələrinə
“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi əyani
şəkildə nümayiş olunub.
Media
nümayəndələri üçün daha bir təlim
noyabrda Lənkəran şəhərində “Gömrük
sistemində aparılan islahatlar: nəticələr, perspektivlər”
mövzusunda keçirilib. Bu da
gömrük-media əməkdaşlığının
gücləndirilməsi istiqamətində jurnalistlər
üçün təşkil edilən dördüncü təlim
olub. Təlim çərçivəsində
kütləvi informasiya vasitələrinin nümayəndələri
Cənub Ərazi Baş Gömrük İdarəsinin İran
İslam Respublikası ilə sərhəddə yerləşən
Astara gömrük postuna səfər edib. Media nümayəndələri
ixrac və idxal gömrük nəzarət xəttində həyata
keçirilən əməliyyatları izləyib, sərnişin
keçid xətlərində gömrük nəzarətinin təşkili
prosesi ilə tanış olublar.
Ümid edirəm ki, gömrük-media münasibətləri
bundan sonra da inkişaf edəcək və bu əməkdaşlıq
ictimaiyyətin gömrük sahəsində məlumatlandırılmasına
töhfə verəcək.
–Bəs,
Gömrük Komitəsinin beynəlxalq əlaqələri barədə
nə deyə bilərdiniz?
–Ümumiyyətlə,
bu gün Azərbaycan Gömrük Xidməti dünya
gömrük ailəsinə nüfuz edib və onun fəaliyyəti
beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Elə 2019-cu ilin yanvar və iyun aylarında
Ümumdünya Gömrük Təşkilatının Baş
katibi Kunio Mikuriyanın Azərbaycan Respublikasına səfər
etməsi deyilənləri bir daha təsdiqləyir.
Onu da xatırladım ki, Kunio Mikuriyanın ölkəmizə
yanvar səfəri, onun ikinci dəfə ÜGT-nin Baş
katibi seçildikdən sonra xarici ölkələrə ilk rəsmi
səfəri olub. İyun ayında baş tutan səfər
zamanı isə Baş katib Bakıda keçirilən
Ümumdünya Gömrük Təşkilatının
İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar
Konfransı və Sərgisində iştirak edib.
Hər iki səfər zamanı Azərbaycan Prezidenti ilə
görüşündə ÜGT-nin Baş katibi Azərbaycan
Gömrük Xidmətinin nümunəvi bir qurum olduğunu və
Ümumdünya Gömrük Təşkilatının
standartlarına uyğun fəaliyyət göstərdiyini
vurğulayıb. Öz növbəsində, dövlətimizin
başçısı gömrük sahəsində
genişmiqyaslı islahatların həyata keçirildiyini və
bunun artıq çox yaxşı nəticələr verdiyini,
Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf
gömrük sistemlərindən biri olmasını istədiyini
vurğulamaqla, bu sahəyə xüsusi diqqətini bir daha
göstərib. Görüşlərdə
ölkəmizin Ümumdünya Gömrük Təşkilatı
ilə uğurlu əməkdaşlıq həyata
keçirdiyi bildirilib, əlaqələrimizin perspektivləri
barədə fikir mübadiləsi aparılıb.
2019-cu ildə
beynəlxalq əməkdaşlıq sahəsində
mühüm yeniliklərdən biri də Ümumdünya
Gömrük Təşkilatının Avropa Regionu
Gömrük Xidməti Rəhbərlərinin Konfransında
bütün Avropa ölkələrinin dəstəyi ilə Azərbaycanın
2 il müddətinə (2019-2021-ci illər) ÜGT-nin
Gömrük Əməkdaşlıq Şurasının sədr
müavini, Avropa Regionu üzrə rəhbəri vəzifəsinə
seçilməsi olub.
Dövlət
Gömrük Komitəsinin ÜGT-nin Avropa
Regionu üzrə rəhbərliyi dövründə region
dövlətləri ilə əməkdaşlıq əlaqələrinin
davam etdirilməsi nəzərdə tutulub. Diplomatik
münasibətlərimiz olan qonşu ölkələrlə əməkdaşlıq
əlaqələrimiz davam etdiriləcək və
gömrük işi sahəsində ortaya çıxan məsələlər
öz həllini tapacaqdır. Gömrük
işi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar
çərçivəsində də digər ölkələrlə
əməkdaşlıq əlaqələri davam etdiriləcək.
Onu da
deyim ki, ötən il Azərbaycan
gömrüklə əlaqəli bir sıra regional və beynəlxalq
tədbirlərə ev sahibliyi də edib. Onların
sırasında isə ən böyük tədbir bir qədər
əvvəl qeyd etdiyim Ümumdünya Gömrük Təşkilatının
İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar
Konfransı və Sərgisidir.
Bu tədbir, ümumiyyətlə dünyada gömrük
sahəsində ən böyük beynəlxalq toplantı hesab
edilir.
Bakı şəhərində, Heydər Əliyev Mərkəzində
iyunun 12-dən 14-dək keçirilən bu tədbirdə 91
ölkədən 500-ə qədər nümayəndə -
gömrük orqanları, biznes və elm dairələri, beynəlxalq
təşkilatlar, informasiya texnologiyaları sahəsində ixtisaslaşan,
eləcə də gömrük işində tətbiq edilən
texniki nəzarət vasitələrinin istehsalçısı
olan şirkətlərin təmsilçiləri iştirak
edib.
Tədbirin açılış mərasimində Azərbaycan
Prezidenti İlham Əliyevin konfrans və sərgi
iştirakçılarına ünvanlanan məktubunda belə
mötəbər tədbirin Bakı şəhərində
keçirilməsi çox yüksək qiymətləndirilib. Azərbaycan
iqtisadiyyatının müxtəlif sahələrində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim
böyük önəm verildiyi, informasiya cəmiyyətinin
formalaşması və inkişafı məqsədilə
müvafiq milli strategiyaların qəbul edildiyi
vurğulanıb.
İlk dəfə olaraq ÜGT-nin həm özəl, həm
də dövlət sektoru üçün nəzərdə
tutulan iki tədbiri - İnformasiya Texnologiyaları Sərgisi və
Texnoloji İnnovasiyalar Konfransı birləşdirilərək
vahid tədbir çərçivəsində təşkil
edilib. Bu
yeniliyə məhz Bakıda keçirilən tədbirdə
imza atılması isə Azərbaycanın mötəbər
tədbirlərə ev sahibliyi etməsi
işində qazandığı xüsusi rəğbət və
etimadın göstəricisidir. Eyni zamanda, bu
konfrans və sərginin Bakıda keçirilməsi Azərbaycanın
informasiya texnologiyaları sahəsində uğurla irəlilədiyinin
bariz nümunəsidir.
–Azərbaycan
Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Gömrük Komitəsində bu sahədə
hansı işlər görülür?
–2019-cu ildə Dövlət Gömrük Komitəsinin fəaliyyətində
yeniliklərdən biri də “Könüllü
gömrükçü” dəstəsinin
yaradılmasıdır.
Gənclərin hərtərəfli inkişafı, bilik
və bacarıqlarının artırılmasında
könüllülük hərəkatı böyük önəm
daşıyır. Ölkəmizdə bu hərəkatın
formalaşmasında Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən gənclər siyasəti, bu sahəyə
göstərilən dövlət qayğısının
mühüm rolu var. Eyni zamanda, Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər
minlərlə gəncimizə potensiallarını
reallaşdırmaq, öz imkanlarını göstərmək
üçün şərait yaradıb.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə
2020-ci ilin “Könüllülər ili” elan edilməsi
könüllülük fəaliyyətinə istiqamətlənmiş
daha çox layihələrin həyata keçirilməsinə
şərait yaradacaq və bu Sərəncam ölkədə
könüllülük fəaliyyətinə verilən
yüksək dəyərin daha bir göstəricisidir. Öz növbəsində,
Dövlət Gömrük Komitəsi sistemində gənclərin
potensialından daha səmərəli istifadə etmək,
onlara peşə vərdişlərini aşılamaq, gənclərin
təcrübi biliklərini artırmaq, startap layihələri
ilə bağlı cəmiyyətin bütün sahələrində
onların fəal iştirakına şərait yaratmaq,
yaradıcı və innovativ potensialının üzə
çıxarılması dəstəklənir və
inkişaf etdirilir.
Dövlət Gömrük Komitəsində ilk
“Könüllü gömrükçü” dəstəsi Komitənin
müvafiq Sərəncamı ilə ötən ilin iyununda
formalaşdırılıb. “Könüllü
gömrükçü” dəstəsinin üzvləri Komitənin
müxtəlif struktur bölmələrində fəaliyyətlərini
uğurla davam etdirir və “Könüllü
gömrükçü” dəstəsinə üzvlər
“Ehtiyat üzvlər bazası”ndan müsahibə yolu ilə
seçilir.
Dövlət Gömrük Komitəsi bölgələrdə
yaşayan gənclərin də həyatın bütün sahələrində
iştirak imkanlarını artırmaq, habelə gömrük
sistemində könüllülük hərəkatını
stimullaşdırmaq və yerlərdə intensivləşdirmək
niyyətindədir. Bu məqsədlə Ərazi Baş
Gömrük İdarələrində və İdarələrin
strukturuna daxil olan bir sıra gömrük postlarında da gənclər
könüllülük fəaliyyətinə cəlb edilir.
Beləliklə,
2019-cu ildə gömrük orqanlarında ilk dəfə olaraq
131 nəfər könüllü gömrükçü fəaliyyətə
başlayıb, onlar 4 ay müddətində Dövlət
Gömrük Komitəsinin müxtəlif strukturlarında
müvəffəqiyyətlə fəaliyyət göstəriblər.
–Səfər
müəllim, sonuncu sualımız gömrük sahəsində
2020-ci ilin əsas prioritetləri barədədir.
–Gömrük
xidməti gələcəkdə də ölkənin iqtisadi
qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasında yaxından iştirak
edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin
müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün bütün qüvvə və
bacarığını səfərbər edəcək.
2020-ci il ərzində sərhəd-keçid məntəqələrində
infrastruktura yenidən baxılaraq sərhəd ticarətinin
daha da asanlaşdırılması üçün işlər
görüləcək, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar
münasibətlərinin minimuma endirilməsi istiqamətində
tədbirlər davam etdiriləcək. Bu sahədə
“Yaşıl dəhliz” sisteminin tətbiqi həm idxal, həm
də ixrac əməliyyatları üçün genişləndiriləcək.
Əsas vəzifələrdən biri də
iqtisadiyyatın innovativ inkişafının sürətləndirilməsi
məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi,
kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli
mülkiyyətin informasiya cəmiyyətinə təsirinin
artırılması, həmçinin Azərbaycan xalqına məxsus
mədəni irsin qorunmasının təmin edilməsidir.
Buna uyğun olaraq, insan kapitalına əsaslanan innovativ
iqtisadiyyatın inkişafı və əqli mülkiyyət
hüquqlarının qorunması üzrə
dayanıqlığın təmin edilməsi məqsədilə
əqli mükiyyət hüquqları üzrə qanunvericilik
bazasının yenidən işlənməsi və reyestr
sisteminin təkmilləşdirilməsi nəzərdə
tutulan işlərə daxildir.
Eyni zamanda, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etməklə mövcud alət və vasitələrin tətbiqi əsasında beynəlxalq ticarətin asanlaşdırılması və xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Səlahiyyətli İqtisadi Operator üzrə qanunvericilik bazasının yenidən işlənməsi, Səlahiyyətli İqtisadi Operator institutunun inkişafı, xarici ticarət iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi və bu statusu əldə etmiş şəxslərlə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üzrə işlərin görülməsi əsas hədəflərdəndir.
Prezident İlham Əliyevin son iki ildə gömrük sistemində aparılan islahatları yüksək dəyərləndirməsi gömrük orqanlarının fəaliyyətinə böyük stimul olmaqla, bizi ölkəmizin iqtisadi inkişafı üçün daha da əzmlə çalışmağa sövq edir. Eyni zamanda, bununla arxayınlaşmır və etiraf edirik ki, həlli vacib problemlər hələ də qalır.
Azərbaycan Prezidenti 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə gömrük orqanlarında aparılan islahatların uğurlu nəticələri ilə yanaşı, bəzi problemləri də diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, ötən dövrlərdə gömrük-keçid məntəqələri yenidən qurulsa da, günün tələbləri nəzərə alınaraq daha yüksək səviyyədə təmir edilməli, bu məntəqələrdə ən yeni avadanlığın quraşdırılması, daha rahat keçidin təmin edilməsi məsələlərinə baxılmalıdır.
Dövlətimizin başçısının gömrük-keçid məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələri hər zaman diqqət mərkəzindədir.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Azərbaycanın Rusiya, Gürcüstan və İranla dövlət sərhədlərində yerləşən gömrük-keçid məntəqələrində təmir-tikinti işləri aparılıb, bu məntəqələr müasir texnoloji avadanlıqlarla təmin olunub. Eyni zamanda, əvvəlki illərlə müqayisədə 2019-cu ildə həm xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarının, həm də ölkəmizə turist axınının artdığı nəzərə alınaraq, istər qərb, istərsə də şimal istiqamətində yeni gömrük-keçid məntəqələrinin tikilməsinə başlanılıb və bu işlər 2020-ci ildə də davam etdiriləcək.
Bununla yanaşı, gömrük-keçid məntəqələrində vətəndaş-məmur münasibətlərinin tam sağlam əsaslar üzərində qurulması və bu məntəqələrdə xidmətin ən yüksək səviyyəyə çatdırılması istiqamətində görülən işlər davam etdirilir. Gömrük xidmətində aparılan islahatlarda prioritet istiqamətlərdən biri də gömrükçülərin peşə hazırlığının artırılmasıdır və bu məqsədlə gömrük əməkdaşları davamlı şəkildə ixtisasartırma təlimlərinə cəlb olunur.
Təkcə 2019-cu ildə 700-dən artıq gömrük işçisi belə təlimlərdə iştirak edib. Bu təlimlərdə gömrükçülərə zəruri bilik və bacarıqlarla yanaşı, etik davranış qaydaları da aşılanır. Xidməti intizam qaydalarının tələblərini pozanlara qarşı müvafiq tədbirlər görülür və bu istiqamətdə görülən işlər 2020-ci ildə də ən əsas vəzifələr sırasında olacaq.
Əminliklə bildirirəm ki, Azərbaycan gömrük orqanları gələcəkdə də Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq mühüm uğurlara imza atacaq.
Azərbaycan Prezidentinin uğurlu iqtisadi siyasətinə, tapşırıq və tövsiyələrinə uyğun olaraq 2020-ci ildə də Dövlət Gömrük Komitəsi xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, qanunla təsdiq olunan 4 milyard manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.
Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı müdrik rəhbər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük xidməti ölkədə aparılan islahatların davamlılığını təmin etməklə, iqtisadi təhlükəsizliyin keşiyində bundan sonra da şərəflə duracaq.
Müsahibəni apardı:
H.MUSAYEV
Respublika.- 2020.- 30 yanvar.- S.3;4.