Zəka sahibinin vətəndaşlıq
və insanlıq nümunəsi
“Mərhəmət, rəhmdillik, başqasına görə narahatlıq - insanlar arasındakı münasibətlərdə ən vacib keyfiyyətlərdəndir. Yaxşılıq heç vaxt unudulmur... Əgər sən yaxşı, xeyirxah iş görmüsənsə, gec, ya tez bunun əvəzini görəcəksən”.
(Azad Mirzəcanzadə)
Bu yaxınlarda professor Eldar Şahbazov və Elçin Kazımovun birgə əməyi və zəhmətləri sayəsində tərtib edilən “Akademik Azad Mirzəcanzadə - neft elminin fenomeni” adlı kitab geniş oxucu auditoriyasına təqdim olundu. Kitab akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində ərsəyə gəlib. Bu əsər vasitəsilə oxucu dünya şöhrətli alim, yüzlərlə elmi əsər, ixtira və patentin müəllifi, neft və qazçıxarma sənayesinə misilsiz töhfələr verən akademikin elmi fəaliyyəti ilə yanaşı, mürəkkəb və keşməkeşli həyat yolu ilə də yaxından tanış ola bilir.
Kitabın Azərbaycan, rus və ingilis dillərində olmaqla 3 dildə tərtibi xüsusən əhəmiyyətlidir. Çünki ölkəmiz, sözün əsl mənasında, dahi insanlardan nəinki xali deyil, hətta onların çoxluğu ilə fəxr edə bilərik. Di gəl ki, onların özlərinə layiq miqyasda təqdimatı və tanıdılması sahəsindəki işlər çox vaxt yetərli olmur və bəzən həmin dahilərimizi nəinki xaricdə tanıtmağa nail ola bilirik, hətta öz ölkəmizdə belə, kifayət qədər tanınmır. Bu da bir gerçəkdir ki, fenomenal bilik, bacarıq və istedad sahibləri çox vaxt qeyri-adi dərəcədə təvazökarlıqla seçilir, gördükləri işlər haqqında bəhs etməyi xoşlamır, əməllərini özlərinin xalqa borcu kimi həyata keçirirlər. Odur ki, onlar haqqında istər sağlığında, istərsə də dünyasını dəyişdikdən sonra kiminsə təmənnasız addımına, fəaliyyətinə şahid olmaq qürurvericidir.
Azad müəllimin kitabda ardıcıllıqla yer alan bioqrafiyasının zənginliyi, elmi əsərlərinin çoxluğu və rəngarəngliyi oxucunu heyrətə gətirir. Kitabda oxucuların əksəriyyətinin anlamayacağı çox sayda terminlər var ki, bunlar Azad Mirzəcanzadənin elmi fəaliyyətini əks etdirir. Lakin sıravi, xüsusən də, maraq dairəsi daha çox ədəbiyyat və ümumiyyətlə, sənətdən ibarət olan bir oxucuya Azad müəllimi alimdən də artıq, insan kimi, müəllim kimi tanımaq daha maraqlıdır. Odur ki, bu yazıda məqsədim Azad Mirzəcanzadənin neft sənayesinə, elminə töhfələrindən bəhs etmək deyil. Fikrimcə, bunca fəaliyyətdən sonra “Mən öz xalqıma hələ çox borcluyam” deyən A.Mirzəcanzadənin düşüncələri, həyat kredosu, yaşadığı ömrə kənardan, uzaqdan münasibəti oxucu üçün daha maraqlı və cəlbedicidir və belə bir fenomenin xarakterik cizgilərini təsvir edən bu kitabın daha çox oxucuya çatmaq haqqı olduğu düşüncəsindəyəm. Burada oxucu Azad Mirzəcanzadəyə bir alim kimi ərsəyə gətirdiyi kitabların, saysız-hesabsız elmi əsərlərin adlarından bələd olursa, onu bir müəllim, pedaqoq kimi şagird və tələbələrinin təqdimatında tanıyır. Azad müəllimin erudisiyası, çoxtərəfli maraqları, həyata fəlsəfi baxışı, sənətə münasibəti isə daha çox avtobioqrafiyası və müsahibəsindən bəlli olur.
Kitabda professor Eldar Şahbazovun akademik Azad Mirzəcanzadə ilə müsahibəsi mənim üçün ən maraqlı fəsillərdən biri oldu. Maraqlıdır ki, vaxtilə tələbəsi olmuş E.Şahbazov kifayət qədər sərt xarakterə malik müəlliminə cəsarətli suallar verməkdən, bəzi məqamlarda, hətta inadkarlıq nümayiş etdirməkdən çəkinmir. Xüsusən, elmimizdə “Mirzəcanzadə həddi”, xarakterdəki xeyir və şər elementləri, alimlərin xidmətinin təqdiri məsələləri ilə bağlı dialoqlar xeyli maraq doğurur, verilən suallar və alınan cavablar sayəsində hər iki tərəfin xarakteri açılır. Burada müəllimlə şagirdin yaxşı mənada ötkəmliyi tamamilə adekvatdır.
Müsahibədən bir faktı da öyrənirik ki, sovet dövründə, hələ 50-ci illərdə belə, Azad müəllimin səmərəli təklifləri erməni həmkarları tərəfindən əngəllənir, həyata keçirilməsinə süni maneələr yaradılırmış: “Bu hadisə “qardaş ermənilər”in uzaqdakı məqsədləri naminə hələ o zamanlar da birləşə bildiyini aydın nümayiş etdirir” - kitabda bu və bənzər fikirlərin Azad Mirzəcanzadə tərəfindən təkrar-təkrar ifadə edildiyinə şahid oluruq. Akademik ürək yanğısı ilə vurğulayır ki, biz hətta düşmənlərimizi belə, dəfələrlə bağışlamağın, pislikləri tamamilə unutmağın acı nəticələrini yaşayırıq.
Yəqin heç təəccüblü də deyil ki, bütün böyük insanlar minnətdar olmağı bacaran adamlardır, Azad Mirzəcanzadə özü demişkən, belələri hər hansı kiçik bir yaxşılığı da unutmurlar. O, müsahibə və xatirələrində, hətta lap uşaqlıq dövründə belə, ona edilmiş yaxşılıqları minnətdarlıqla xatırlayır, həmin insanların adını hörmətlə anır. Və nə yaxşı ki, bu insanlıq nümunəsinin zənciri arada qırılmır, bu qədər böyük alim və şəxsiyyətin yetirmələri də onu minnətdarlıqla yad edir, yaddaşlarda yaşaması üçün səy göstərir.
Bu müsahibədə Azad Mirzəcanzadə müxtəlif sənət
sahələrinə aid xeyli
istedadın adını çəkərək əlavə edir: “İndi də istedadlar var, lakin onlar təvazökardırlar
və nəzəri cəlb etmirlər. Bizdə istedad defisiti yoxdur. Amma bizdə adı
elmdən vacib hesab edən
adamlar üstünlük
təşkil edir. Eyni
zamanda, professor Çippolonun istənilən çoxsaylı insan konqlomeratında axmaqların orta sıxlığının daimi olması qanunu da pozulmur. İmkan vermək
olmaz ki, onlar bu istedadlara
mane olsunlar. Bu, təhlükəlidir”. Azad
müəllim vurğulayır
ki, yalnız istedadlı olmaq yaxşı alim, yaxşı sənətkar
olmaq üçün
kifayət deyil, peşəkarlıq üçün
dözüm və səbir vacib faktordur. Odur ki, müsahibənin
sonunda “Siz özünüzü dahi hesab edirsinizmi?” sualına “Mən özümü peşəkar
hesab edirəm” cavabını verir. Peşəkarlıq isə məşhur
bir aforizmdə deyildiyi kimi, əsl vətənpərvərlik
nümunəsidir.
Alimin xatirələrindən
öyrənirik ki, anası aktrisa olduğundan uşaqkən
o, Azərbaycan Dövlət
Dram Teatrının səhnəsində
oynanılan çoxlu
sayda tamaşanı izləmək imkanına malik olubmuş və təbii ki, bu, onun
sənət zövqünün
formalaşmasında dərin
iz qoyub. Həm də
yalnız sənət
zövqü baxımından
deyil, həmçinin
gələcək ixtisası
ilə əlaqəsi olmayan pyes yazmaq
təcrübəsi baxımdan.
Neft-qaz mütəxəssisi
olan Azad Mirzəcanzadə
xatirələrində pyesinin
ilk dinləyicisi olan
Mir İbrahim müəllimi
xatırlayarkən belə
bir fikir işlədir: “Bu müdrik
və gözəl insanı mən minnətdarlıqla xatırlayıram.
O, məni ruhlandırırdı,
eyni zamanda, izah edirdi ki,
incəsənət və
ədəbiyyat təqlid
deyil”. Bu gün bir çox adını yazıçı,
şair, hətta ədəbiyyatşünas qoyan
bir xeyli “sənət adamı”nın, təəssüf
ki, heç cür çata bilmədiyi həqiqəti
gələcəyin neft
fenomeni hələ yeniyetməykən əxz edə bilmişdi. Beləliklə, uşaqlıq
və gəncliyində,
elə sonrakı illərdə də tanış olduğu sənət adamlarının vasitəsilə
ədəbiyyat, musiqi,
teatr, təsviri incəsənət kimi sahələrin incəliklərinə
bələdliyinə şahid
oluruq.
İngiltərəli yazıçı və tənqidçi Riçard
Oldinqton deyirdi ki, bilməli olduğumuz hər şeyin öyrədilməsi
mümkün deyil, odur ki, əsl
müəllim hər şeyi öyrədən yox, hər şeyi
öyrənmək üçün
yol göstərəndir. Akademik A.Mirzəcanzadə
elmdə elə bir cığır açıb ki, hətta özündən
sonra da bu yolda davamçılar
yetişir və addımlayır. Sözügedən
kitabda “Müəllifdən”
başlığı ilə
verilən fəsildə
yazılır: “Ömrünün
son illərini neft sənayesində nanotexnologiyaların
yaradılması ideyasına
həsr edən Azad müəllim öz tələbələri qarşısında
çox ciddi və məsuliyyətli vəzifələr qoydu. Təkcə belə bir faktı
qeyd etmək yerinə düşərdi
ki, böyük alim 2006-cı ildə dünyasını dəyişəndən
sonra Azərbaycanda
Azad Mirzəcanzadə məktəbinin
yeni bir qolu yarandı və bu günə
qədər də öz inkişaf mərhələlərini keçməkdədir.
Neft sənayesində nanotexnologiyaların
yeni bir səviyyəyə qalxması
məhz Azad Mirzəcanzadə
ideyalarından bəhrələnmişdir”.
Başqa
sözlə, deyə bilərik ki, Azad müəllim sahib olduğu
bilgilərin hesabına
özündən sonra
gələn nəslə
bu bilgilərin işığına çıraq
yandırmağı öyrədib.
Davamçılara, tələbələrə öyrətməkdən daha
vacib olanı müəllimin öz şəxsi nümunəsidir.
Azad Mirzəcanzadə bu baxımdan mükəmməl müəllimlik
örnəyidir.
Bir müəllimin,
pedaqoqun ən çox fəxr etdiyi məqam şagirdlərinin, tələbələrinin
nüfuz sahibi olması, öyrədilənləri
həyatında və
peşəsində uğurla
tətbiq edə bilməsi, qazandığı
müvəffəqiyyətlərin və ən çox da vətənə
qazandıra bildiklərinin
miqyasıdır. Akademik A.Mirzəcanzadə həm
də xoşbəxt bir müəllim adına sahibdir.
Elə təkcə bu kitabın müəlliflərinin simasında
biz onun davamçılarının
əldə etdiyi uğurlar və ölkə üçün
gördüyü işlərin
miqyasına bələd
ola bilirik: texnika elmləri doktoru, professor Eldar Şahbazov “Nanoelm və nanotexnologiyalar” sahəsində YUNESKO mükafatı
laureatı, Rusiya Təbii Elmlər Akademiyası və Ukrayna Neft-qaz Akademiyasının həqiqi
üzvü, 22 patentin
və dünyanın müxtəlif ölkələrində
çap olunmuş
170-dən artıq elmi
əsərin müəllifi;
texnika elmləri doktoru Elçin Kazımov isə 15 patentin, 125 elmi əsərin müəllifi,
“Nanoelm və nanotexnologiyalar” sahəsində
YUNESKO mükafatı laureatı
və Rusiya Təbii Elmlər Akademiyasının üzvüdür.
Həmçinin Azad Mirzəcanzadə
xatirələrində sonradan
SSRİ Qaz sənayesi
nazirinin müavini olmuş Telman Vəkilovun, görkəmli
travmatoloq Abram İsakov,
Respublika Ali Təhsil nazirinin müavini Ruslan Səmədov,
professor Rafiq Şərifzadə
kimi onlarca tələbəsinin adını
çəkir ki, çoxu ölkənin görkəmli alimləri,
akademiyanın müxbir
üzvləri olmuşlar.
Kitabda oxuduqlarımızdan gəlinən
qənaətlərdən bəlli
olur ki, akademik A.Mirzəcanzadə
təhsili yalnız orta və ali məktəbə
aid mərhələ hesab
etmir, insanın ömrü boyunca öyrənməli olduğu
fikrini irəli sürür. Yəni onun yozumunda
öyrənmək yalnız
konkret mərhələdən
ibarət təhsil deyil, insanın ünsiyyətdə olduğu
adamlardan, getdiyi məkanlardan, bir sözlə, həyat tərzindən asılıdır.
Akademik fikrini bu şəkildə ümumiləşdirir: “Lev Tolstoy deyib ki, insanın
tərbiyəsi bütünlüklə
beş yaşa
qədər davam edir. Lakin mənim nümunəm
göstərir ki, xeyli irəli yaşlarda da bu, mümkündür.
Amma bu halda, təhsil
və tərbiyədəki
maneələri aşmaq
üçün çoxlu
zəhmət və qüvvə sərf etmək lazımdır”.
Bu kitabda yer alan hər bir fəsil, xüsusən, akademik Azad Mirzəcanzadənin xatirələri
oxucu üçün
çox gözəl örnəkdir: insanın elmə, təhsilə, yaxşılığa, pisliyə,
sənətə, cəmiyyətə,
vətənə münasibəti
bir ziyalının simasında nümunəyə
çevrilir. Hər kəsin gözəl bildiyi bir ifadə
var: “Alim olmaq asandır, insan olmaq çətin”.
Əlbəttə, yaxşı
alim olmaq heç də asan bir iş
deyil, lakin yaxşı insan olmaq, ondan qat-qat
çətin və ağırdır. Akademik A.Mirzəcanzadə
həyatı və fəaliyyəti ilə daha çox tələbələrinə örnək
idisə, hazırda onun haqqında tələbələrinin zəhməti
sayəsində ərsəyə
gəlmiş “Akademik
Azad Mirzəcanzadə - neft
elminin fenomeni” kitabından tanıdığımız
universal zəka sahibi olaraq, düşünə
bilən və özü üçün
qənaətlər hasil
edən hər bir oxucu üçün
o daha çox, vətəndaşlıq və
insanlıq nümunəsidir.
Mətanət
VAHİD,
filologiya
üzrə fəlsəfə doktoru.
Respublika.- 2020.- 31 yanvar.- S.5.