Multikulturalizm dövlət siyasəti və
xalqımızın həyat tərzidir
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini tolerantlıq dövlət siyasətinin məntiqi nəticəsidir. Uzun illərdir ki, Azərbaycan ayrı-ayrı dinlərə, irqlərə və dillərə məxsus insanların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məkan kimi tanınır. Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”nin elan edilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamda deyilir: “Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mənəvi rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir”.
Tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də dövlətimizdə fərqli dillərə, dinlərə və irqlərə mənsub olan insanlar ortaq məxrəcə gələ bilirlər. Çünki hələ qədim zamanlardan məmləkətimiz çoxmillətli, çoxdinli bir ölkə olaraq özünü təsdiqləyib. Burada tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Yüzilliklər bir-birini əvəz etsə də, Azərbaycan xalqı öz humanist mövqeyində qalıb, nəsillər babalardan əmanət qalan ənənəni davam etdiriblər. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azərbaycanlılar mehriban, qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqların nümayəndələri özlərini hərtərəfli ifadə edə biliblər.
Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi olaraq uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafına xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar. Azərbaycandakı fərqli etnik qrupların münaqişə olmadan, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşaya bilməsi faktı dövlət başçısının Azərbaycan multikultural cəmiyyətindəki inteqrasiya və idarəetmə siyasətinin uğurlu nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın multikulturalizm modelinin digər ölkələrlə müqayisədə müsbət mənada kəskin fərqlənməsinin əsas səbəbi ilk növbədə onun dövlət siyasəti olmaqla yanaşı, həm də xalqın həyat tərzinin bir parçası kimi mövcudluğudur. Siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktları ilə yanaşı, fərman və sərəncamlarda da qeyd olunan bu siyasət eyni zamanda ölkənin sosial-iqtisadi, mədəni sahələrdə inkişafının da təməlidir.
Dövlət siyasəti və həyat tərzi olaraq ölkəmizdə multikulturalizm siyasətinin təməli ümummilli lider tərəfindən qoyulmuşdur. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanı vətəndaş müharibəsindən qurtarması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii ki, bu uğurlu multikultural xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bu günə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, tarixi-dini abidələrimizin bərpası, multikulturalizmin təbliğ olunması sahəsində uğurlu yol keçmişdir. Azərbaycan multikulturalizminin siyasi banisi, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlət-din münasibətləri sisteminin effektivliyini təmin edən başlıca amil, həmin sistemin Azərbaycan xalqının xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və vicdan azadlığının təmin olunması prinsiplərinə əsaslanmasıdır. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli və mübariz davamçısı Prezident İlham Əliyev bu xətti uğurla davam etdirərək, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ölkə başçısının qeyd etdiyi kimi: “Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir”. Cənab İlham Əliyevin sözlərinə əsaslanaraq, belə qənaətə gəlmək olar ki, multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişaf mərhələsinin ən yüksək pilləsində olmasının göstəricisidir ki, bu sahədə dövlət siyasətinin mühüm rolunu nəzərə alaraq bu məqsədə nail olduğumuzu qeyd edə bilərik. Bunlarla yanaşı qeyd edək ki, ölkəmizdə multikulturalizm siyasətinin uğurla inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafına müsbət təsir göstərməkdədir.
İnanırıq ki, Azərbaycanın çoxdinli, çoxmillətli bir dövlət olmaqla bütün dünya üçün öz dəyərini göstərməyindən narahat olan və təxribatlara yol vermək istəyən bütün qüvvələrin səylərinə və cəhdlərinə baxmayaraq, ölkə Prezidentinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızda tolerantlıq mühiti daha şəffaf və sağlam şəkildə formalaşır və dünyanın digər dövlətləri Azərbaycanın bu nümunəvi tolerantlıq mövqeyindən örnək götürəcəklər.
Orxan
MUSAYEV,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü.
Respublika.- 2020.- 31 yanvar.- S.6.