Kiçik çillə başlayır

İnanclarda, adət-ənənələrdə xalqın özünəməxsus xüsusiyyətləri, həyat və məişəti, qəhrəmanlıqları, gələcəyə böyük inamı, xeyirin şər üzərində qələbəsi öz əksini tapmışdır. Xalq inamından süzülüb gələn çillələrdən ikincisi Kiçik Çillədir. Fevralın əvvəlindən başlayan Kiçik Çillə iyirmi gün ömür sürür.

Böyük Çillənin əksinə olaraq Kiçik Çillə daha sərt təbiətli, amansızdır. Mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik Çillə ilə bağlı poetik düşüncəsində vermişdir. Kiçik Çillə soyuq, şaxta, boran və çovğunla özünü göstərir. Bununla bağlı el məsəlində deyilir: “Bu Kiçik Çillə özünə görə deyil. Kiçik Çillənin soyuğu, təndirə təpər toyuğu. Kiçik Çillə Böyük Çilləyə deyir: -Sənin ömrün məndə olsa, bilirsən neyləyərdim? Toyuqları hində, qadınların əlini un çuvalında, atların qulununu qarnında dondurar, boylu gəlinlərə uşaq saldırardım.

Kiçik Çillə, qan çilə

Kəhər atı qamçıla.

Çatdır bizi bahara,

Halımıza yan, çillə”.

Azərbaycanda lap qədimdən Kiçik Çillə qadınlar bayramı kimi də qeyd edilərdi. Demək olar ki, Novruz bayramı qadınlar bayramının içində yetişib davam edir. Həyat vermək qadının funksiyasıdır. Məhz buna görə də səmənini yalnız qadın yetişdirə bilərdi. Kiçik Çillədə təbiətin gözəllik, məhsuldarlıq simvolu olan qadına sitayiş edilir, anaya, bacıya, həyat yoldaşına, sevdiyi qıza müxtəlif hədiyyələr verilərdi.

Kiçik Çillənin ilk on günlüyünü “Xıdır Nəbi” adlandırırlar və bununla bağlı mərasimlər keçirirlər. Əcdadlarımız Kiçik Çillənin soyuğundan çıxmaq üçün Xızırdan imdad diləyirdilər. Xızır peyğəmbərin şərəfinə mərasim, bayram təşkil etmək, qışın çətinliklərindən onun köməyilə xilas olmaq anlamını verir.

Bəzi bölgələrdə isə Xıdır Nəbi mərasimləri Kiçik Çillənin sonrakı on günlüyündə keçirilir. Məsələn, Naxçıvanın bəzi kəndlərində Xıdır Nəbi bayramı fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün də qeyd edilir. Əcdadlarımız bu bayrama on gün qabaqdan hazırlıq görərdilər.

Bu çağın Xıdır Nəbi adlanması Xızır Peyğəmbərlə əlaqəlidir. Onun adının Xızır, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqqında fikirlər müxtəlifdir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “suyun, külək və havanın himayəçisi” kimi təqdim olunur. Folklor nümunələrində, divan ədəbiyyatında, klassik əsərlərdə çıxılmaz vəziyyətə, dara düşən qəhrəmanların köməyinə Boz atlı Xızır Peyğəmbər çatır. “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğacın boyu”nda Xızır Buğacı həyata qaytaran obraz kimi verilib. “Qurani-Kərim”də də adı çəkilən Xızır göy atlı, ölməz peyğəmbər kimi göstərilir. Əfsanələrə görə, bayram başlamamışdan Xıdır Nəbi göy atına minib göyə çıxır. Həmin vaxtdan güclü külək əsməyə başlayır.

Xıdır Nəbi bayramının birinci günü torpaq tərif olunar, torpağı isitmək məqsədilə od qalanar, bağlar, əkin yerləri təmizlənərdi. İkinci gün öküzlərin sayı qədər duzsuz kömbə bişirilərdi. Üçüncü gün isə cütçülər, əkinçilər tərif olunardı. Həmin bu üç gündə hava işıqlanmamış cavanlar Xıdır Nəbini axtarışa çıxardılar. Axtarışda olanlar “Xıdırçı” adlanırdı.

Kiçik Çillənin onuncu günü Xıdır Nəbinin gəlişi münasibətilə axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığar, onun şərəfinə təmtəraqlı süfrə açılardı.

Xıdıra xıdır deyərlər,

Xıdırın payını verərlər.

Çatma, çatma, çatmaya,

Çatma yerə batmaya.

Xıdıra pay verməyənin

Ayağı yerə çatmaya.

Bu mərasimdə bütün evlərdə hazırlıq görülər, zəngin süfrələr açılardı. Hətta kasıbların süfrəsinin kasad olmaması üçün imkanlılar onlara yardım edərdi. Onlar inanırdılar ki, əgər kiminsə süfrəsi zəif, kasad olardısa, Xıdır Nəbi küsüb gedər, baharın gəlişi gecikərdi.

Xıdır Nəbinin şərəfinə açılmış süfrəyə qırmızı və yaşıl rənglənmiş yumurta, qüvvətli yeməklər və çərəz qoyardılar. Qırmızı yumurta günəşi, yaşıl rəng isə təbiəti, yaşıllıqları ifadə edir. Hətta əcdadlarımız Xıdır Nəbi üçün ayrıca pay da hazırlayardılar. Bu yemək qovrulmuş buğdadan, bəzən noxuddan hazırlanardı. “Xıdır Nəbi”nin sonuncu gecəsində kirkirədən (əl daşından) keçirilən “qovut unu”nun üzərinə xüsusi piyə çəkilmiş və ya uc tərəflərdən pambığa sarınaraq yağda qızardılmış alma ağaclarının çubuqlarını şam kimi düzüb yandırardılar. Bu çubuqları evin kiçik oğlu toplamalı idi. Hər çubuq bir niyyət üçün nəzərdə tutularmış. Səhərə qədər bu una toxunmazdılar. İnanca görə, gecə Xıdır Nəbi buradan payını götürərdi. Belə hesab edirdilər ki, hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artardı. Səhəri bütün ailə üzvləri həmin unu yeyər, ondan qovut hazırlayardılar. El arasında “Əhəmiyyət verən yoxdur”, “Qulaq asan yoxdur” anlamında işlədilən “Ağzına qovut verən yoxdur” ifadəsi də məhz bu mərasimdən qaynaqlanır.

Qovut hazırlamaq üçün şəkərdən şərbət düzəldilir, üzərinə gülab əlavə edilir. Həmin şirə unla qatışdırılır, kürə halına salınır. Şirədən başqa, duru baldan və bəhməzdən də istifadə olunur.

Naxçıvanda Xıdır Nəbi bayramında maraqlı bir mərasim keçirilir. Belə ki, gəlin köçmüş qızlara ata evindən, nişanlı qızlara isə oğlan evindən “Xıdır payı”, “Xıdır xonçası” aparmaq adəti geniş yayılmışdır. Xıdır xonçasında yundan toxunmuş qış geyimləri də olardı.

Xıdır Nəbi bayramı günü keçirilən “baltakəsmə”, “bıçaqkəsmə”, “qorxutma” ayinləri də xalqın inancından doğan maraqlı adətlərdəndir. Əcdadlarımız inanırdılar ki, bu mərasimləri icra etdikdən sonra qısır heyvanlar bala verəcək, bar verməyən ağaclar bəhər gətirəcək, yumurtlamayan toyuqlar yumurta verəcək, küt düşəcəkdir.

Kiçik Çillənin son iki çərşənbəsi Novruzun gəldiyini xəbər verir. İlk çərşənbədə yazın gəlişini hiss etməyi xalqımız “yalançı çərşənbə” adlandırmışdır. İkinci çərşənbə isə “Xəbərçi çərşənbə” adlanır ki, bu da baharın ilkin əlamətləri ilə Novruzdan xəbər verir.

Xıdır Nəbi bayramı əkinçilik və maldarlıq dövründən keçirilir. Bu bayram, demək olar ki, cüzi fərqlərlə bütün türk xalqlarında qeyd edilir. Əsasən, Qarabağ, Naxçıvan, Gəncə-Qazax bölgəsində, Türkiyənin Qars və Ərdahan ərazisində yüksək səviyyədə keçirilir.

Xalqın Xızır peyğəmbərə inamından qaynaqlanan “Xızır Zində babaya and olsun”, “Xızıra and olsun”... kimi andlar, “Xızır payını versin”, “Xızır köməyinə çatsın”, “Xızır səni yolda qoymasın...” kimi dualar folklor nümunələrimizdəndir. Rəvayətə görə, tut ağacını Xızır peyğəmbər ehsanlıq üçün əkib. Etiqada görə, tut ağacını qurumamış kəsmək olmaz. Siyəzəndəki Beşbarmaq dağının Xıdır Zində pirinin ziyarətgaha çevrilməsi, insanların ora gedərək kömək istəmələri də xalqın Xızır peyğəmbərə olan inancından doğur.

Yazıçı və şairlərimizin yaradıcılığında da kiçik çillənin vəsfinə həsr olunmuş bədii nümunələrə rast gəlmək olur. Sözümüzün bu məqamında Əhməd Cavadın “Çillələr” şeirini xatırlamaq yerinə düşür:

Qabağı yazdır Çillənin,

Ömrü azdır Çillənin.

Yer bürünür qara,

Təslim olur bahara.

Kiçik Çillə özünü yetirir...

Almara NƏBİYEVA,

Filologiya üzrə fəlsəfə doktoru.

KİÇİK ÇİLLƏ BAŞLAYIR

Yer bürünür ağ qara,

Təslim olur bahara.

Kiçik Çillə özünü yetirir...

Almara NƏBİYEVA,

Filologiya üzrə fəlsəfə doktoru.

Respublika.- 2020.- 31 yanvar.- S.6.