İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları ilə bağlı təlim keçirir

 

Bu sistemin tətbiqi tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir

 

2020-ci ilin ilk ayının sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, o cümlədən İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrində olaraq proqram təminatından istifadə qaydaları üzrə təlim keçirirlər. Təlim “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanından irəli gələrək tibb müəssisələrinin elektronlaşdırılması və icbari tibbi sığorta sisteminə keçidini təmin etmək məqsədilə aparılır. Tibb kontingenti ilə növbəti görüş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirildi.

İlk öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən bu qurum fəaliyyətə başlamış, 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə onun əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyipublik hüquqi şəxs yaradılmışdır.

Müəssisədə keçirilən görüş zamanı qeyd olundu ki, 2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır.

Zaur Əliyev çıxışında TƏBİB-in fəaliyyətinin əsas məqsədinin tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən, keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarət olduğunu dedi. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq, keyfiyyətin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcəkdir. O, 2020-ci ilin sonuna qədər bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunacağını, lakin bunun mərhələli şəkildə baş tutacağını qeyd edərək bildirdi ki, icbari tibbi sığortaya yumşaq şəkildə keçid üçün mərhələli tətbiq daha məqsədəuyğun hesab edilib. Bölgü belədir: şimal, qərb, cənub və Bakı-Sumqayıt-Abşeron.

Təbii ki, ilk növbədə tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq. Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr (ambulatorstasionar) barədə məlumatlar öz əksini tapacaq. Həmçinin proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən şəxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq. Proqramda qeyd olunan diaqnozlarlaborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.

TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək. İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin yeni formasıdır və sistemin tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisələrinin idarəedilməsi təkmilləşəcək, əhalinin tibbi xidmətlərə əlçatanlığı artacaq, səhiyyə müəssisələri, eləcə də tibb işçiləri arasında sağlam rəqabət mühiti yaranacaq. Söhbət əsnasında o da bildirildi ki, pilot ərazilərdə əhalidən sığorta haqqı toplanılmır. Belə ki, pilot ərazilərin 340 min nəfər sakiniburada rəsmi qeydiyyatda olan 30 min nəfərə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə edib.

Agentlik tərəfindən 2020-ci ildən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq olunacağı 20 rayonda, habelə hazırda pilot layihənin icra olunduğu 3 inzibati ərazidə ötən ilin noyabrdekabr ayları ərzində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər Mingəçevir şəhəri, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, YevlaxAğdaş rayonlarında təşkil olunub. Sözügedən regionların əhalisi icbari tibbi sığorta sisteminin əhəmiyyəti, üstünlükləri, məqsədi, icbari tibbi sığorta haqqı, xidmətlər zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və s. barədə məlumatlandırılıblar.

Proqram təminatı vətəndaşın elektron qaydada qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostikstasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradacaq. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət edəcək.

Eyni zamanda, hər bir vətəndaş bilməlidir ki, səhhətində yaranan problemlə əlaqədar (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) ilk növbədə şəxsiyyət vəsiqəsi ilə birgə öz ailə həkiminə (ilkin səhiyyə müəssisəsi - Ailə Sağlamlıq Mərkəzi) müraciət etməlidir. Ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir. O vətəndaşı müayinə, müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə ixtisas həkiminə göndəriş verir. Bundan sonra ailə həkiminin göndərişi əsasında vətəndaş tibb müəssisəsinə (ixtisas həkiminə) müraciət edə bilər.

Agentlik ölkədə icbari tibbi sığortanın tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlər zərfini hazırlayıb. Xidmətlər zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Görüşün sonunda qonaqlar onu da vurğuladılar ki, bütün xidmətlər əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, əhalinin tibbi xidmətlərə əlçatanlığının və tibbi xidmətlərin göstərilməsində mərhələliliyin təmin edilməsinə, xəstəliklərin erkən aşkarlanması məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

 

Səadət YUSİFQIZI

 

Respublika.- 2020.- 31 yanvar.- S.5.