BƏXTİYARLIQ
Təxminən iki il əvvəl Bəxtiyarın “Bağışla məni, ana” adlı bir yazısını oxumuşdum. “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, respublikanın Əməkdar jurnalisti Bəxtiyar Sadıqovu deyirəm. “Bağışla məni, ana” onun mənfur düşmənin işğal etdiyi ərazilərdə tənha qalmış qəbirlərə həsr etdiyi bir elegiya idi.
Həyəcansız oxumaq olmurdu... “Bağışla məni, ana”, - deyirdi müəllif. Bu, anasının, düşünürəm ki, həm də digər doğmalarının məzarını ziyarət edə bilməyən, onlara qəbirləri yanında yasin oxutdurmaq imkanından məhrum olan minlərin ürəyinin səsi idi. Əslinə qalsa, bu, bir yurd həsrəti, haray idi...
“Zaman yaman sürətlə dəyişir, ana!
Havanın
müharibə qoxusu get-gedə artır!
Daha
heç kimdən qorxmuruq, artıq hər şeyimiz var:
gücümüz də, siyasətimiz də, silahımız
da, hələ desən güclü iqtisadiyyatımız da!
Onu da bil
ki, bu həsrətin qisasını düşməndə
heç zaman qoymayacağıq!”, - deyirdi müəllif.
Ümidlə, inamla, əminliklə nida edirdi ki, gələcəyik!
Və bir
gün müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev “Biz gəlmişik!” deyəndə,
“Qarabağ bizimdir!” həqiqətini dünyaya bir daha bəyan
edəndə mənim, təbii ki, ilk növbədə
yadıma düşənlərdən biri Bəxtiyar oldu. Bu Qələbənin
qazanılması üçün uzun illərdir qələmini
silaha çevirən bir yazar, cəbhə bölgəsindəki
seçicilərin deputatı, dövlətimizin siyasətini dəstəkləyən
və kütlələrə çatdıran, Prezidentimizə
həyata keçirdiyi çoxşaxəli islahatlarda,
gördüyü bütün işlərdə düzgün əqidəsi
və yaradıcı əməyi ilə köməkçi
olan “Azərbaycan” qəzetinin baş redaktoru və yurd həsrətli
bir insan kimi onu da təbrik etməyə tələsdim.
Bəxtiyar Sadıqovu çoxdan tanıyıram. Milli Məclisin
iclas günlərində bir-birimizi əyani görməkdən
əlavə, onunla həm də hər nömrəsinə imza
atdığı “Azərbaycan” qəzetinin səhifələrində
qiyabi görüşürəm. Qəzeti
izləyirəm, o cümlədən baş redaktorun məqalələrini
bir qayda olaraq oxuyuram. Hərdən
özüm də “Azərbaycan”da çıxış edirəm
və bundan qürur duyuram.
Şəksizdir ki, hər bir insan ailə, qohum-əqrəba,
dost-tanış, məktəb, bir sözlə, ətrafındakı
ictimai-siyasi aləmin əhatəsində böyüyür və
bu, onun xasiyyətinin, şəxsiyyətinin
formalaşmasına böyük təsir göstərir. O da şəksizdir ki, insan
bir çox dəyərləri, ilk növbədə həm də
doğulduğu torpaqdan ərməğan alır. Əsrarəngiz Qarabağ bu mənada səxavətini
heç bir övladından əsirgəməyib. Dahisi
dahidir, alimi alim... Meşələrinin həzin
pıçıltısı, bulaqlarının zümzüməsi,
çaylarının şırıltısı neçə-neçə
oğul və qızına şaqraq səs, xoş avaz bəxş
edib. Bunlar öz yerində... Amma desəm
ki, bu torpaqda istedadsız bir kimsə yoxdur, yəqin ki,
heç kəs sözümü qəribliyə salmaz.
Qarabağda ən adi peşə sahibi belə öz işində-peşəsində
qabiliyyətli, istedadlıdır... Bir sözlə,
qarabağlılar torpağa bağlı, olduqca zəhmətsevər,
vətənpərvər insanlardır. Məsələn,
Bəxtiyar müəllimin böyüdüyü evdən, ailədən
iki istedadlı, zəhmət və sənət sevgisi ilə
yüksək peşəkarlığa nail olmuş jurnalist
çıxıb. Əvvəlcə
bacısı Rəfiqə jurnalistliyin çətin
yollarının yolçusu olmağı qətiləşdirib.
Övladlarının mükəmməl savad, gərəkli
peşə sahibi, yaxşı insan olmasını bütün
varlığı ilə arzulayan və daim buna çalışan
Sədəf xanım onların seçiminə həmişə
hörmətlə və həssaslıqla yanaşırdı. Beləliklə, ana əvvəlcə
jurnalistliyi seçən qızına, sonra oğluna da
xeyir-dua verdi. Uzun illərdir “Gəncənin
səsi” qəzetində (sovet dönəmində qəzet
“Kirovabad kommunisti” adlanıb) çalışan və
hazırda onun baş redaktoru, çoxsaylı bədii-publisistik
məqalə və kitabların müəllifi olan Rəfiqə
Sadıqova seçiminin düzgünlüyünü işi və
yaradıcılığı ilə təsdiq etdi. Onu da əlavə edim ki, Gəncə seçicilərini
deputat kimi təmsil etdiyim dövrdə Rəfiqə
Sadıqovanın jurnalistlik səriştəsini qəzet
üçün materiallar hazırladığı zaman əyani
gördüm, millət vəkili kimi mənimlə də
söhbətləri, müsahibələri olub. Oxucular, ümumən şəhər sakinləri ona
dərin hörmət bəsləyirlər. Bu xanımın peşə seçməkdə
özündən yaşca kiçik qardaşına təsiri
nə dərəcədə olub, onu bilmirəm. Amma hər halda Bəxtiyar Sadıqov böyük
jurnalistikaya gələn yolu tədricən, zəhmətlə,
getdikcə qələmini cilalaya-cilalaya, peşəkarlığını
artıra-artıra keçib.
Adətən həyatda, cəmiyyətdə nüfuz,
hörmət qazanan, vəzifə sahibi olan insanlar haqqında
danışanda, yazanda “o, pillə-pillə ucalıb” ifadəsini
tez-tez işlədirlər. Bəxtiyar
Sadıqovdan bəhs edəndə bu, heç də şablon səslənmir.
Keçən ilin əvvəlində
altıncı çağırış Milli Məclisin
deputatı seçilməsindən əvvəl onun qısa
şəkildə yazılmış tərcümeyi-halına
rast gəldim. Keçdiyi həyat yoluna
az-çox bələd olsam da, ömürnaməsinə bir
daha nəzər saldım. Həmin vərəq o vaxtdan
iş masamın üstündə qalıb. İndi oradan
oxuyuram: “Bəxtiyar Yusif oğlu Sadıqov 1951-ci ildə Ağdam
şəhərində anadan olub. 1965-ci ildə
Ağdam şəhər 4 nömrəli səkkizillik məktəbini
bitirib. 1965-1969-cu illərdə Bakı
Yerli Sənaye Texnoloji Texnikumunda təhsil alaraq “Ağac
biçmə və ağac emalı texnologiyası” üzrə
texnik-texnoloq ixtisasına yiyələnib. Texnikumu fərqlənmə
diplomu ilə başa vurduğuna görə pedaqoji
şuranın qərarı ilə ali məktəbə
oxumağa ezam edilib. 1969-cu ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə
daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə
diplomu ilə bitirib. İctimai fəallığı
ilə fərqlənən Bəxtiyar Sadıqov hələ
texnikumda oxuyarkən texnikum üzrə tələbə həmkarlar
təşkilatının sədri, universitetdə isə
fakültə komsomol təşkilat katibi seçilib”.
İstər-istəməz diqqətim “fərqlənib”,
“fərqlənmə” sözləri üzərində cəmlənib
qalır.
Düşünürəm ki, Bəxtiyar Sadıqovun orta
ixtisas və ali təhsil alarkən
qazandığı biliklərin səviyyəsini səciyyələndirən,
hələ ilk gənclik illərində ictimai işlərdə
fəallığının göstəricisi olan bu meyar əslində
həyatının sonrakı dövrlərində də onunla
qoşa addımlayıb. Yənə cəsarətlə
deyirəm ki, Bəxtiyar Sadıqov həmişə
yaxşı mənada fərqlənənlərdəndir.
Jurnalist və publisist kimi, baş redaktor kimi, millət vəkili
kimi, övlad və ata kimi, dost, insan, vətəndaş kimi...
Ustad qələm sahibi, bir-birindən maraqlı və
düşündürən yazılar müəllifi olan Bəxtiyar
Sadıqov jurnalistikanın, necə deyərlər, əlifbasından
başlayaraq ən dərin sirlərinə yiyələnib. Öz məqsədinə
doğru inamla, təmkinlə irəliləyib. Əlində universitet diplomu səkkiz ay “Azərbaycan”
nəşriyyatının qəzet-jurnal sexində
çeşidləyici işləyəndə bunun
üçün heç bir kompleks yaşamayıb. Ən başlıcası, heç vaxt qələmini
yerə qoymayıb.
1975-ci ilin aprel ayından başlayaraq “Abşeron” qəzetindəki
əmək fəaliyyətində, əvvəlcə korrektor,
sonra müxbir, şöbə müdiri, redaktor müavini kimi
keçdiyi yolda qəzetçiliyin “hər üzünü
görüb”.
Gözü önündə qəzetin hər nömrəsi
“doğulduqca”, o , bu sahənin əsl
bilicisinə çevrilib.
O illər
Bəxtiyar Sadıqovun qələmi də gündən-günə
püxtələşdi, cilalandı. Sosial-iqtisadi, mədəni
hadisələrin və digər sahələrdə baş verən
yeniliklərin mərkəzində, qurub-yaradan insanların
arasında, bir sözlə, daim həyatın qaynarında
olmaq ona qələmini bütün mövzularda sınamağa
və yaradıcılığını hərtərəfli
inkişaf etdirməyə imkan verdi.
1986-cı ildə Bəxtiyar Sadıqov Azərbaycan KP
MK-nın orqanı, respublikada sovet dövrünün ən
nüfuzlu siyasi-ictimai nəşri olan “Kommunist” qəzetinə
işə dəvət olunur. Bəlkə də kimsə
o vaxt, elə indinin özündə də bunu bir şans, necə
deyərlər, bəxtin gətirməyi sanıb. Ancaq mən belə deməzdim. Çünki
o zaman bu mətbu orqanda çalışanlar Azərbaycan
jurnalistikasının seçilmişlərindən idilər.
Oxuculardan yaşlı və orta nəslə mənsub
olanlar təsdiq edə bilərlər ki, “Kommunist”in o dövrdəki
yazarları uzun illər mətbuatda
çalışmış və zəngin təcrübə
toplamış insanlar idi. Odur ki, kimsə, ələlxüsus
cavan jurnalist işə götürülərkən məsələ
yüz ölçülüb bir biçilirdi... Əlbəttə, “Kommunist” seçimində
yanılmamışdı. Kənd təsərrüfatı
şöbəsinin müxbiri kimi Bəxtiyar Sadıqov
günün tələblərinə uyğun maraqlı və
gərəkli məqalələr, şərhlər,
oçerklər yazdı. Az
keçmiş ona qəzetin aparıcı şöbələrindən
olan kənd təsərrüfatı şöbəsinin
müdiri vəzifəsi etibar edildi.
Sonra dövran dəyişdi, zaman başqa axara
düşdü. 1991-ci ildə Azərbaycan dövlət
müstəqilliyi əldə etdi. Bəxtiyar
Sadıqov elə həmin ildən fəaliyyətini yeni nəşrə
başlayan “Həyat” qəzetində davam etdirdi. 1992-ci ilədək burada zona (bölgə) müxbiri
kimi çalışdı. “Həyat” və
“Azərbaycan” qəzetləri birləşdiriləndən və
qəzet artıq “Azərbaycan” adı ilə çıxandan
sonra Qarabağ bölgəsi üzrə xüsusi - hərbi
müxbir işlədi. Qarabağ müharibəsinin
veteranı olan jurnalistimizin o illərdə qələmə
aldığı qanlı döyüşlərin bilavasitə
iştirakçısına çevrilərək
ölümün gözünə dik baxdığı anlar da
az olmayıb. Çox sevdiyi
vətənpərvərlik mövzusu Bəxtiyar Sadıqovun
yaradıcılığında həmin vaxtdan özünə
daha geniş yer alaraq, indiyədək uğurla davam etdirilir.
Belə ki, hərbi müxbirlikdən sonra Bəxtiyar
Sadıqov yenə də “Azərbaycan”da çalışaraq
müxbir və şöbə müdiri oldu. 2002-ci il aprelin 12-dən isə qəzetin baş
redaktorudur.
Uzun illərin müşahidəsinə əsaslanaraq deyə
bilərəm ki, bir sıra jurnalistlər mətbu orqana rəhbər
keçəndən sonra şəxsi
yaradıcılıqlarını məhdudlaşdırırlar. Baş
redaktor, millət vəkili Bəxtiyar Sadıqov
üçün isə bu məsələ heç zaman ikinci
dərəcəli olmayıb. Geniş
mövzu dairəsinə malik jurnalist-publisistə hansı
tematikanın daha yaxın olduğunu söyləməyə
bir qədər çətinlik çəkirəm. Ulu
öndər Heydər Əliyevin xalqımızın həyatında
və müstəqilliyimizin bərqərar olmasında əvəzsiz
rolundan bəhs edən çoxsaylı məqalələr, Azərbaycanı
dünyanın sayılıb-seçilən ölkələri
sırasına çıxaran Prezident İlham Əliyevin
çoxsahəli islahatları, xilaskarlıq missiyası
haqqında silsilə yazılar, Vətən, torpaq təəssübkeşləri
- qəhrəman oğullar barədə oçerklər və
s. onun tarix elminə bədii-publisistik dildə töhfəsidir.
Qələmi “Ruhlar şəhəri”nin faciəsini
harayla aləmə car çəkib, “Adiləşən
rekordlar”ımızın qürurunu da bir daha yaşadıb hər
birimizə. Milli-mənəvi dəyərlərimizi
xatırladıb hamımıza...
Bunlardan əlavə, tanınmış jurnalistimiz 50-dən
çox elmi, bədii, siyasi və publisistik kitabın
redaktorudur.
Oxucuların rəğbətini qazanan “Qeyrət və xəyanət”,
“İnsan və zaman”, “Həqiqət və yalan”, “Ömrün
söz yadigarı” kitabları isə jurnalist qələminin məhsulu,
jurnalist ömrünün naxışlarıdır.
Bəxtiyar Sadıqovu bir qələm sahibi kimi səciyyələndirən
xüsusiyyətləri cəsarətlə onun 19 ildir rəhbərlik
etdiyi qəzetin yaradıcı kollektivinə də şamil etmək
olar. “Azərbaycan”da uzun illərdir mətbuatda
sözünü demiş yazarlarla yanaşı,
jurnalistikamızın redaksiyanın özündə püxtələşmiş
cavan nümayəndələri də çalışır.
Odur ki, qəzet Azərbaycan dövlətinin
daxili və xarici siyasətinin, həyata keçirdiyi
sosial-iqtisadi islahatların işıqlandırılmasında
daim öndə gedir. Rəsmi dövlət qəzeti, Milli
Məclisin orqanı olaraq , sözün əsl
mənasında, dövrümüzün ən səhih və
doğru salnaməçisi, ən yeni tariximizin
güzgüsüdür. Ölkə həyatının
elə bir sahəsi yoxdur ki, qəzetdə öz əksini
tapmasın.
Prezident İlham Əliyevin “Azərbaycan”ın 100 illiyi
münasibətilə qəzetə ünvanladığı məktubunda
bu mətbu orqanın fəaliyyətini yüksək dəyərləndirməsi
kollektivin əməyinə verilən ən yüksək qiymətdir. Ölkəmizin,
Vətənimizin adını daşıyan,
“ömrünün” 103-cü ilini yaşayan “Azərbaycan”
üzərinə düşən tarixi missiyanı şərəflə
yerinə yetirir. Dahi üzeyir bəy
Hacıbəylinin, vaxtilə bu qəzetin “beşiyi
başında” dayanan digər görkəmli mühərrirlərin
arzuları indi sözün əsl mənasında çin
olub. Bu gün “Azərbaycan” qəzeti
dövlətçilik ideologiyasının və azərbaycançılıq
məfkurəsinin baş təbliğatçısı kimi
çıxış edir. Qəzet Prezident
İlham Əliyevin çoxşaxəli, səmərəli fəaliyyətini
geniş işıqlandırmaqla yanaşı, həm də
bunun təbliğatını yüksək səviyyədə
qurur.
Qeyd etdiyim kimi, “Azərbaycan”ı daimi izləyən
oxuculardanam. Açığı, hər günüm bu qəzetlə
başlanır. “Azərbaycan”ın
çıxışları mənim və bir
çoxlarının fəaliyyətində tezislər, istiqamətlər
rolunu oynayır. Bir sözlə, “Azərbaycan”
müasir Azərbaycan mətbuatının flaqmanıdır və
Bəxtiyar Sadıqov qəzetin qarşısında qoyulan
bütün vəzifələri şərəflə yerinə
yetirən baş redaktordur. Uğurlar
baş redaktorun özünün və
formalaşdırdığı səriştəli, yorulmaz,
möhkəm və mehriban kollektivin birgə əməyinin nəticəsidir.
Kollektiv demişkən, “Azərbaycan”la əməkdaşlığım
sayəsində qəzetin bir sıra yazarlarını da
yaxından tanımışam. Əməkdaşların
qəzetdəki çıxışlarından, eləcə də
onlarla söhbətlərimizdən görünür ki, Bəxtiyar
müəllim həm də hər bir işçiyə fərdi
yanaşmağı bacaran, redaksiyada çalışan
jurnalistlərə öz potensiallarını ortaya qoymağa
imkan yaradan baş redaktordur.
Çıxardığım nəticələrdən biri də
budur: Bəxtiyar Sadıqov tələbkar redaktor olmaqla
yanaşı, həm də onların hər biri
üçün yaxşı dost və həmkardır. Bir rəhbər
kimi hər kəsin qayğı və problemlərindən,
uğur və sevincindən, dolanışığından xəbərdar
olması da öz yerində... Xeyirdən-şərdən
qalan deyil. Qəlbində ədalət
mizan-tərəzisi heç vaxt əyilməyən bu insan Həcc
ziyarətinə də gedib. O müqəddəs səfərdə
bizə yol yoldaşlığı qismət olub. Orada onun milli-mənəvi dəyərlərimizə
nə qədər bağlı olduğunu yaxından duymuş
və əyani görmüşəm. Başqa
sözlə, insanların öz arzu və niyyətləri ilə
Haqqın dərgahına əl açdığı o
günlərdə Bəxtiyar müəllimin əsl Allah
adamı olduğunu bir daha dərk etdim. Həmin
vaxtdan bəri də onun qiymətli, yüksək dəyərlərimizə
bağlılığının və sadiqliyinin şahidiyəm.
Bəxtiyar Sadıqovun seçicilərinə münasibətini
isə bir deputat həmkarı kimi söyləyə bilərəm. O, ikinci,
üçüncü, dördüncü, beşinci və
altıncı çağırış Milli Məclisə
deputat seçilib. Yəni artıq 20 ildən
çoxdur millət vəkilidir. Bu
faktın bəlkə də şərh edilməyə, izah
olunmağa heç bir ehtiyacı yoxdur. Ata-babalarımız
yaxşı deyiblər ki, elin gözü tərəzidir.
Seçici yalnız onun etimadını doğruldan insana beş dəfə dalbadal səs verər. Belə ki, Bəxtiyar Sadıqov seçicisinin səsini
eşidən, onu dinləməyi bacaran deputatdır. Bu illər ərzində Bəxtiyar müəllimin dəfələrlə
cəbhə bölgəsi olan Ağdama, eləcə də həmyerliləri-seçicilərinin
məcburi köçkün kimi məskunlaşdıqları
qəsəbələrə getdiyindən xəbərim olub.
Keçirdiyi çoxsaylı görüşlərdə,
həmçinin seçicilərinin ona fərdi müraciətlərində
qaldırılan məsələlərin, irəli
sürülən təkliflərin müsbət həllinə
çalışır. Deputat həmkarım
Milli Məclis tərəfindən qanun və qərarların
qəbul edilməsi proseslərində, eləcə də
parlamentdə üzvü olduğu komitənin işində fəal
iştirak edir.
Bəxtiyar Sadıqovun Azərbaycan jurnalistikası, istərsə
də xalq və dövlət qarşısındakı xidmətləri
öz layiqli qiymətini alıb. Peşəkar
jurnalistin qələminin məhsulu ayrı-ayrı vaxtlarda
müxtəlif yaradıcılıq mükafatlarına layiq
görülüb. O cümlədən, 1983-cü və 1994-cü
illərdə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl
qələm” mükafatını alıb. 2007-ci ildə isə
“Yusif Məmmədəliyev adına medal”la
təltif olunub. Layiq görüldüyü digər
mükafatlar da 2000-ci ildən Yeni Azərbaycan
Partiyasının üzvü olan B.Sadıqovun respublikanın
ictimai-siyasi həyatında fəallığı ilə fərqləndiyinin
göstəricisidir.
Bəxtiyar Sadıqov Mətbuat Şurası İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının Məclis üzvüdür. Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabitdir. Bütün bunları mən sıradan bir fakt kimi sadalamıram, qələmi və vətəndaş mövqeyi ilə seçilən, Vətəninə övlad sədaqəti və dövlətinə məmur ləyaqəti ilə xidmət edən bir insanın ömürnaməsi kimi vərəqləyirəm.
Azərbaycan mətbuatının inkişafındakı və respublikanın ictimai-siyasi həyatındakı xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev Bəxtiyar Sadıqovu Əməkdar jurnalist fəxri adına layiq görmüş və “Şöhrət” ordeni ilə təltif etmişdir.
Vaxtilə Bəxtiyar Sadıqov yazmışdı: “İtirilmiş ərazilərin geri qaytarılması niyyətindən bir an belə əl çəkməməliyik. Müharibə tarixdir. Tarix isə vaxtında və olduğu kimi yazılmalıdır. Səhvlərdən, uğursuzluqlardan söhbət açarkən nə vaxtsa Qələbə barədə söz açacağımıza da inamımızı itirmirik...”.
Bu uzun illər ərzində başda Bəxtiyar Sadıqov olmaqla “Azərbaycan”çılar Qələbəyə inamı itirmədilər. Zəfərə doğru gələn çətin yolu sözün gücü, zəkanın nuru ilə işıqlandırdılar. Dövlətimizin, Prezidentimizin, xalqımızın ən yaxın köməkçisi, dəstəkçisi oldular.
Budur, Qələbədən söz açacaqları gün də gəldi . Bəxtiyar Sadıqov niyyətinə, vədinə sədaqətlə əməl edir. Bir zaman “Səbrin hüdudu varmı, Allahım?” yazan müəllif indi “Həsrətin sonu varmış!” deyir. Birliyimizin və hünərimizin, zəfər və Qələbə tariximizin rəmzinə çevrilən “Dəmir yumruq”dan, “44 gündə dəyişən reallıqlar”dan bəhs edir. Rəhbərlik etdiyi qəzetin digər qələm sahibləri də həmçinin... “Azərbaycan”da Vətən müharibəsinin az qala hər anı öz əksini tapıb.
Qarşıdakı hədəflər də böyükdür. Çünki ölkəmizin həyatında yeni dövr başlanıb - postmüharibə dövrü, daha geniş miqyasda tikmək, qurmaq, yaratmaq dövrü...
Nə xoş ki, əziz dostumuzun 70 illik yubileyi də bu gözəl, sevincli və qürurlu günlərə təsadüf edir. Bəxtiyar müəllim yubileyini ailəsinin, layiqli vətəndaş, insan kimi yetişdirdiyi övladlarının, sevimli, şirin-şəkər nəvələrinin əhatəsində qeyd edir. Əziz dostumuza, Azərbaycanın layiqli oğlu olan Bəxtiyar Sadıqova bəxtiyarlığı ilə uzun ömür yaşamağı arzu edirik.
Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı.
Respublika.- 2021.- 6 yanvar.- S.14.