Tarixi müsahibə
Ulu öndər Heydər Əliyevin otuz bir il öncə verdiyi tarixi müsahibəsinin təravətini, aktuallığını itirmədiyi bu gün bir çox cəhətdən maraq doğurduğunu nəzərə alaraq “Respublika” oxucularına təqdim edirik: Milli QHT Forumunun prezidenti Rauf Zeyni 31 il bundan əvvəl, Azərbaycanda ictimai-siyasi həyatın gərgin şəraitində Naxçıvana səfəri zamanı ulu öndər Heydər Əliyevlə görüşüb ondan müsahibə almışdır. O, 1990-cı il dekabrın 1-də saat 10:50-də Naxçıvanda həmin görüşü belə xatırlayır: “Bildirdim ki, məqsəd həm onunla görüşmək, həm də imkan daxilində müsahibə almaqdır. “Gəlirlər, müsahibə alırlar, amma dərc edə bilmirlər” - Heydər Əliyev belə cavab verdi. Dedim onlar Bakıdan gəliblər, mən isə Sumqayıtdan gəlmişəm, xalq arasında Sizin haqqınızda müxtəlif uydurmalar, söz-söhbətlər dolaşmaqdadır, bunlara aydınlıq gətirmək məqsədilə belə müsahibələrə ehtiyac var. Heydər Əliyev gülümsədi və dedi: “Əgər siz təkid edirsinizsə, onda axşam saat yeddidə gözləyirəm”. Mən minnətdarlığımı bildirdim və axşam saat 19:00-da Naxçıvan şəhəri, Puşkin küçəsi 2-də, o zaman görüş baş tutdu. Heydər Əliyevin yaşadığı məlum ünvanda şəxsən mənim üçün çox böyük əhəmiyyəti olan həmin tarixi görüş baş tutdu. Heydər Əliyevlə söhbətimiz 3 saata yaxın çəkdi. Əvvəlcə Sumqayıtdakı vəziyyətdən, ölkədə gedən siyasi proseslərdən danışdıq, suallar verdi. Sonra qərara aldım ki, bu tarixi fürsəti əldən verməyim, söhbəti müsahibəyə çevirim. O vaxt diktafon da yox idi, Naxçıvanda bir nəfərdən diktafonu kirayə götürmüşdüm. Diktafonu qoşdum. Heydər Əliyev də öz diktafonunu qoşdu. Söhbətə başladıq. Təxminən 90 dəqiqəlik söhbət alındı...”.
Rauf Zeyni xatırlayır ki, müsahibəni dövrün qəzetlərindən heç biri dərc etmək istəməyib. Müsahibənin siyasətdən bəhs etməyən cüzi hissəsini “168 saat” adlı qəzet dərc etməyə razılıq verib, amma bir həftə sonra həmin qəzet bağlanıb.
– Heydər bəy, Sizi Azərbaycana gəlməyiniz və millət vəkili seçilməyiniz münasibətilə təbrik edirəm.
– Çox sağ olun, minnətdaram.
– Elə birinci sualı respublikada keçirilən antidemokratik seçkilər və onların bugünkü nəticələri haqqında vermək istəyirəm. Seçkinin nəticələri Sizi qane edirmi?
– Seçkilər haqqında bizim bir o qədər də məlumatımız yoxdur, indi qəzetlərdə belə şeylər yazılmır. Ona görə də vəziyyəti dəqiq bilmirik. Ancaq ordan - burdan, bura gəlib çatan məlumatlardan belə aydın olur ki, bu seçkilər demokratik şəraitdə keçirilməyib və seçkilərdə indi hamının marağında olan demokratiya prinsipləri təmin olunmayıb. Bu baxımdan mən Naxçıvan Muxtar Respublikasında keçirilən seçkiləri Azərbaycanın bütün başqa regionlarına nisbətən nümunə göstərə bilərəm. İndi burada - Naxçıvanda bütün təbəqələrdən Ali Məclisə nümayəndələr seçilib, onlardan 94-ü AXC-nin üzvləridir.
Bundan əlavə, bir çox deputatlar demokratik bloka qoşulublar və bu 10 gün müddətində sessiyanın gedişatı onu göstərdi ki, deputatların cürbəcür siyasi qüvvələrə mənsub olması sessiyanın demokratik şəraitdə səmərəli keçirilməsini təmin edən əsas amillərdən biridir. Bir sözlə, mən Naxçıvanda keçirilən seçkilərdən ümumiyyətlə razıyam və proseslərin demokratikləşmə istiqamətində getməyinin nəticələrini artıq görürəm. Ancaq Azərbaycan haqqında ümumi fikir söyləmək mənim üçün çətindir. Aldığım məlumatlara görə bir çox yerlərdə, təəssüf ki, seçkilər demokratik olmayıb.
–
Respublikanın yeni parlamentindən nə gözləyirsiniz? Bu parlament xalqı indiki böhran vəziyyətindən
çıxarmağa qadirdimi?
– Həmişə
arzu ilə yaşamaq lazımdır. Mən həmişə
nikbin olmuşam və nikbin də olmaq istəyirəm. Mən çox arzu edirəm ki, yeni parlament
respublikanı bu böhran vəziyyətindən
çıxarsın. Bunun üçün
çox ciddi addımlar atmaq lazımdır. İndiyə qədər aparılan işləri mən
qənaətbəxş hesab etmirəm. Arzu
edirəm ki, nəhayət, sessiyada toplanacaq deputatlar xalq
qarşısında öz məsuliyyətlərini dərindən
hiss etsinlər və respublikanın böhran vəziyyətindən
çıxması üçün hərə öz sahəsində
bacardığı qədər mübarizə aparsın.
Mən özüm bu mübarizəni
aparacağam.
– Azərbaycan
xalqının əsl faciəsinə çevrilmiş
Dağlıq Qarabağ problemini kimlər yaratdı və bu dəhşətli
problemdən yaxa qurtarmaq mümkündürmü?
–
Dağlıq Qarabağ probleminin tarixi ola
bilər ki, böyükdür, kökləri dərindir. Ancaq
onun yaranması təxminən 3 il bundan
qabaq baş verib. Hesab edirəm ki, bu faciənin
yaranmasının günahkarları birinci növbədə
Ermənistanda, İrəvanda yaşayan erməni millətçiləridir,
onların Ermənistandan kənarda olan havadarlarıdır.
O cümlədən bu faciənin yaranmasının
günahkarları Azərbaycanda son 3 ildə hakimiyyətə
rəhbərlik edənlərin hamısıdır. Məhz hamısı. Heç
birinə bəraət qazandırmaq olmaz və şübhəsiz
ki, ümumittifaq siyasi rəhbərliyinin də burada çox
böyük günahı vardır.
Mən dəfələrlə demişəm və sizin
sualınıza cavab verərək qeyd etmək istəyirəm
ki, Qarabağ məsələsinin qarşısını
vaxtında, hələ ilk dövrdə bu məsələ
meydana atılan zaman almaq mümkün idi. Xüsusilə çətin,
mürəkkəb bir vəziyyətə gətirib
çatdırmadan...
Bunun üçün şübhəsiz ki, gərək
hər bir tərəfdən hərəkət olaydı, istək
olaydı. Ancaq gərək Azərbaycan Respublikasının rəhbərləri
Azərbaycan xalqı haqqında, Azərbaycanın ərazi
bütövlüyü haqqında, Azərbaycan ərazilərinin
toxunulmazlığı haqqında düşünəydilər,
onların əlində çox böyük imkanlar var idi.
Onlar bu imkanlardan istifadə etməyiblər.
Mən onların heç birisinə bəraət
qazandıra bilmirəm.
– Erməni
lobbisi Sizi Moskvada təqib elədiyi vaxtda, yəni Siz SSRİ
Nazirlər Soveti sədrinin I müavini olanda respublika tərəfindən
də kömək olmadığı halda
özünüzü erməni lobbisinə qarşı
hansı formada müdafiə edirdiniz?
– Birinci,
erməni lobbisi mənim əleyhimə böyük təxribat
işlərini uzun illər aparıb. Bu artıq
indi hamıya məlumdur və erməni millətçiləri
bunu gizlətmirlər, öz mətbuat orqanlarında
açıq yazırlar ki, uzun illər onlar mənin əleyhimə
ittifaq siyasi rəhbərliyi qarşısında cürbəcür
təxribat işləri aparıblar, məni ləkələmək,
aradan götürmək fikrində olublar. Bu,
mən hələ Azərbaycanda işləyən vaxtlarda da
olub. Yəqin ki, mən onların
planlarının həyata keçirilməsi üçün
ən təhlükəli bir şəxs imişəm.
Ancaq mən Moskvaya gedəndən sonra onların fəaliyyəti
daha da güclənib, onlar daha da geniş imkanlarından istifadə
edərək mənim əleyhimə işlər aparıblar. Təəssüf
ki, Azərbaycanın rəhbərləri mənə bu barədə
kömək etməyib. Hamısını
deyə bilmərəm, bəziləri hətta onlara kömək
də ediblər. Bu erməni lobbisi
bütövlükdə hamısı və Azərbaycanda millətinə,
xalqına, vətəninə nankor baxan, xain çıxan, mən
onları ancaq belə adlandıra bilərəm, bir qrup adamlar
fürsətdən istifadə edib erməni lobbisi ilə birləşib
mənim əleyhimə cürbəcür işlər
aparıblar.
Mənə məlumdur ki, Azərbaycanda yaşayan bəzi
adamlar - vaxtilə mən Azərbaycanda rəhbər olduğum
dövrdə ədalətli cəza almış adamlar Moskvada
yaşayan bir çox ermənilərlə əlbir olub mənim
əleyhimə cürbəcür anonim məktublar
hazırlayırdılar. Bu, konkret faktlardır və mənə məlumdur.
Belə şəraitdə mən ancaq
özüm özümü müdafiə edə bilərdim və
bunu etdim. Bu da mənim özümə tam
inamımdan, özümə arxayınlığımdan,
özümü pak hiss etməyimdən irəli gəlirdi.
Mübarizə meydanından geri çəkilmədim.
–
Sumqayıtda 1988-ci ildə erməni millətçiləri tərəfindən
törədilmiş faciəyə münasibətiniz?
– Mən
hesab edirəm ki, bu müəyyən qüvvələr tərəfindən
təşkil edilən, erməni millətçiləri və
ola bilər ki, onların Azərbaycanda olan
bəzi köməkçiləri vasitəsilə törədilmiş
faciədir.
Mən nə
deyə bilərəm ki... Bu, bədbəxt hadisədir
və faciə sözünü unutmalıyıq. Çox təəssüf edirəm ki, Azərbaycana
rəhbərlik edən adamlar, rəhbər işçilər
vəziyyəti vaxtında özləri üçün
araşdıra bilməyiblər və hadisələrin
qarşısını ala bilməyiblər. Məndə olan məlumatlara görə Sumqayıt
hadisələrinin qarşısını elə həmin
gün almaq olardı, əgər Sumqayıtda nüfuzlu,
hörmətli Azərbaycan rəhbərləri olsaydı və
onlar lazımi tədbir görsəydi.
–
Qorbaçov bu günlərdə mədəniyyət və ədəbiyyat
xadimləri ilə görüşündə belə bir
söz dedi: “ya upornıy sosialist”...Sizcə, sözüylə
əməli uzlaşırmı və onun indiki siyasi xətti
ölkəni haraya aparır?
– Mən Qorbaçovu çox yaxından tanıyıram
və onunla bir yerdə işləmişəm. Siyasi fəaliyyətinə
bələdəm, ölkə rəhbəri olandan sonra da onun
fəaliyyətini çox yaxından izləyirəm. Qorbaçovun sözü ilə əməli
heç vaxt uzlaşmayıb. Heç vaxt
dediyi sözü həyata keçirməyib və yaxud dediyi
sözlə atdığı addımlar tamamilə bir-birinə
zidd olub. Ona görə də bu sözlər
məni o qədər təəccübləndirmir, ancaq eyni
zamanda bir daha və bir daha narahat edir. Çünki
bu qədər xalqı aldatmaq, yalan demək olmaz. Bir tərəfdən özü sosialist
quruluşunu, Sovetler İttifaqını dağıdır, o
biri tərəfdən isə deyir ki, “ya upornıy sosialist”.
Bir tərəfdən şəxsi mülkiyyətçiliyin
həyata keçməsinə şərait yaradır, ikinci tərəfdən
həmin toplantıda deyir ki, “ya upornıy sosialist”. Bunlar
mənim üçün təəccüblü deyil, ancaq
eyni zamanda Qorbaçovun nə qədər ikiüzlü siyasət
aparmasını bir daha sübut edir və onun iç
üzünü açır.
– Bir
ağsaqqal kimi bu gün AXC-nin öncülləri haqqında fikriniz
nədir və onlara nə tövsiyə edərdiniz?
– AXC
haqqında mənə hər yerdə sual verirlər. Mən hələ Moskvada olanda da, Azərbaycana,
Naxçıvana gələndən sonra da bütün
görüşlərimdə, mitinqlərdə və başqa
yığıncaqlarda bu haqda suallar veriblər. Mən həmişə demişəm və indi də
öz fikrimdə də qalıram ki, AXC yeni yaranmış
demokratik, siyasi bir qüvvədir, mən bunun gələcəyini
görürəm, siyasi gələcəyini görürəm.
Mən belə hesab edirəm ki, hər bir xalqını sevən
adam gərək bu hərəkatın
inkişaf etməsinə kömək etsin və ona şərait
yaratsın.
Burada -
Naxçıvanda Xalq Cəbhəsinin bir çox üzvləri
ilə tanış olandan sonra və xüsusən NMR-in Ali Məclisinin
bütün yığıncaqlarında şahidi olmuşam
ki, Xalq Cəbhəsində Azərbaycan xalqına çox sədaqətli,
dəyərli, ağıllı, bacarıqlı, xalqın aqibəti
haqqında düşünən adamlar var və onlara kömək
etmək lazımdır. O ki qaldı öncüllərə, mən
bilmirəm indi Xalq Cəbhəsinin öncülləri kimdir. Əgər öncüllərinə mənim
tövsiyəmi bildirmək istəsəniz mən çox arzu
edərdim ki, onlar hamısı ayıq olsunlar, heç bir
şeydən qorxmasınlar, çəkinməsinlər.
Öz əqidələrini heç nəyə
satmasınlar, təmiz olsunlar, pak olsunlar, xalqın
qarşısında vicdan təmizliyini həmişə
qorusunlar və ən nəhayət bir olsunlar. Çünki Xalq Cəbhəsinin sıralarında
milli birlik, mənə belə gəlir ki, bu təşkilatın
gələcəyini təmin edən əsas məsələdir.
– İslam dininə və dünyada olan
islamçılığa münasibətiniz?
– Mənim
ümumiyyətlə, bütün dinlərə münasibətim
müsbətdir. Bir müddət əvvəl
buraya Gürcüstandan gürcü jurnalistləri gəlmişdilər.
Onlar da mənə bu sualı verdilər. Mən
ola bilər ki, onlara verdiyim cavabı təkrar
edəcəyəm. Onlara dedim və indi də sizin
sualınıza cavab olaraq bildirirəm ki, hər bir din gərək
inkişaf etsin. Ancaq bu ölkədə
(SSRİ) təəssüf ki, bir dini o biri dindən
üstün tuturlar. Bizim ölkədə
indi din azadlığı yaranıb. Lakin
ölkədə təkcə xristian dini təbliğ olunur.
Əgər bizim ölkə bir çox dinə
mənsub olan xalqlardan ibarətdirsə, onda nə
üçün Moskva televiziyası hər gün cürbəcür
xarakterli verilişlərdə ancaq xristian dinini təbliğ
edir?
Və mən
öz müşahidələrimdən belə hiss etmişəm
ki, təəssüf ki, xristian dinini üstün hesab edən
bir çox rəhbər şəxslər Moskvada müsəlman
dininə çox mənfi münasibət bəsləyirlər.
Onlar nədənsə islam dinindən
qorxurlar, islam dininin inkişafını özləri
üçün təhlükə hesab edirlər. Mən həmişə
öz-özümə bu sualı vermişəm ki, onlar nəyə
görə islam dininə belə
münasibət bəsləyir? Onların da bəzilərindən
soruşmuşam ki, siz öz xalqınızın mənsub
olduğu dindən niyə bu cür qorxmursunuz? Ancaq islam dini sizin üçün belə bir təhlükə
yaradır? Mənə belə gəlir ki, bu məsələ
aydınlaşdırılmalıdır.
–
Respublika mətbuatının, çox təəssüflər
olsun ki, Sizin gəlişinizi və fəaliyyətinizi
işıqlandırmaması bizi də kədərləndirir.
Bunun səbəbləri və kökləri
haqqında nə deyə bilərsiniz?
– Bunun səbəbləri
mənim üçün aydındır, yəqin ki,
respublikada mətbuat rəhbərləri və onlara rəhbərlik
edən orqanlar, yaxud məsul şəxslər hələ də
mənə qarşı erməni lobbisinin tərəfdarlarıyla
birlikdə belə bir mənfi mövqe tuturlar, bunu başqa
cür izah edə bilmərəm. Bu ədalətsizlikdir,
mən azərbaycanlıyam, Azərbaycan xalqının
bugünkü çətin dövründə öz
xalqıma qulluq etmək üçün bura gəlmişəm.
Əgər burada xalqın xeyrinə az da
olsa fəaliyyət göstərə bilirəmsə, mənə
belə gəlir ki, bunun qarşısını almaq, bunu
xalqdan gizlətmək heç də xalq üçün
xeyirli iş deyil, bu ancaq şəxsi qərəzlikdir. Bunu başqa heç nə ilə izah edə bilmərəm.
– Bəzi
tanınmış “ziyalılar”ın indiki prosesdə
tutduqları gözləmə mövqeyinə Sizin
münasibətiniz?
– Mən
onların mövqeyini pisləyirəm və ümumiyyətlə,
mənim tanıdığım bir çox ziyalıların və
ümid bəslədiyim Azərbaycan ziyalılarının
indiki gözləmə mövqeyi, yaxud tam bitərəf
mövqeyi məni çox narahat edir. Ziyalılar
gərək həmişə xalqın aqibətinin həll
olunması dövrlərində öz sözlərini desinlər,
səslərini qaldırsınlar, mövqelərini bildirsinlər.
Əgər onlar indi susub kənara çəkiliblərsə,
gözləmə mövqeyindədirlərsə, demək
külək hansı tərəfə güclənərsə,
o tərəfə keçəcəklər. O zaman yəqin
ki, onlar xalq qarşısında ziyalı kimi öz
nüfuzlarını itirəcəklər və bu da ədalətli
olacaqdır.
–
Respublika səviyyəsində, ittifaq səviyyəsində,
dünya səviyyəsində olan bir şəxsiyyət kimi,
bir siyasi xadim kimi respublikanın iqtisadiyyatı haqqında nə
deyə bilərsiniz? Azərbaycan Respublikası
özü özünü dolandıra bilərmi?
– Birinci
onu deyə bilərəm ki, Azərbaycanın iqtisadiyyatı
indi çox bərbad vəziyyətdədir. Mən
Azərbaycanın 20-ci illərdən indiyə qədər
iqtisadiyyat tarixini yaxşı bilirəm və tam əsasla deyə
bilərəm ki, heç bir dövrdə, hansı
dövrü necə adlandırırsınız
adlandırın, Azərbaycan iqtisadiyyatı bu qədər bərbad,
bu qədər aşağı səviyyədə və bu qədər
təhlükəli səviyyədə olmamışdı.
Son beş ildə iqtisadiyyat bir faiz olsun
inkişaf etməyib. Əksinə geriləyib.
İqtisadiyyatın bütün sahələri -
sənaye, kənd təsərrüfatı, inşaat, tikinti,
sosial problemlərin həll olunması geriləyib.
Bu da şübhəsiz ki, respublikanı iqtisadi böhran
vəziyyətinə gətirib çıxarıb. Belə vəziyyətdə
yaşamaq olmaz. Xalq belə şəraitə
dözə bilməz. Ona görə
respublikanın iqtisadiyyatını bu böhran vəziyyətindən
çıxarmaq lazımdır. Bu,
sualın birinci hissəsinə cavab. İkinci
hissəsinə cavab ondan ibarətdir ki, Azərbaycanın
iqtisadi və sosial potensialı böyükdür. Təəssüf ki, son 5-6 ildə bu potensial səmərəli
istifadə olunmur. Əgər bu potensial səmərəli
istifadə olunarsa, Azərbaycan iqtisadi baxımdan həqiqətən
tam müstəqil ola bilər və ölkə
iqtisadi suverenliyini təmin edə bilər.
– Heydər
bəy, məlumdur ki, Siz Azərbaycana gələndə ilk dəfə
məhz Şəhidlər Xiyabanını ziyarət etmisiniz. Belə bir sual verim ki, Şəhidlər Xiyabanını
ziyarət edərkən hansı hissləri keçirdiniz?
– Bəli,
Şəhidlər Xiyabanına getmişdim, ona görə ki,
orada yatan bizim azərbaycanlı qardaşlarımızın
xatirəsi qarşısında, onların qəhrəmanlıqları
qarşısında öz vətəndaşlıq borcumu
verim. Və mən onların hər birinin xatirəsi
qarşısında baş əyirəm. Çünki
onlar xalqın azadlığı və ədalət uğrunda
mübarizə apararaq həlak olublar. Mən
orada çox böyük kədər hissi keçirirdim.
Təkcə orada yox, ümumiyyətlə,
yanvarın 20-dən Azərbaycan xalqının başına gəlmiş
bu faciə məni daim kədərləndirib. Buna görə
də NMR-in Ali Məclisinin iclasında biz Bakıda 20 Yanvar
hadisələrinə münasibət məsələlərini
müzakirə edərkən mən öz fikirlərimi
demişəm, hiddətimi bildirmişəm və
açıq-aşkar bu faciəni Azərbaycan xalqının
tarixində ən qara səhifə kimi qiymətləndirmişəm.
Azərbaycan xalqının başına gəlmiş
bu bəlanın günahkarlarının aşkara
çıxmasını tələb etmişəm və bu
hadisələrə siyasi qiymət verilməsini tələb
etmişəm. Mən bu fikirlərlə,
yaşadığım bu duyğularla Şəhidlər
Xiyabanını ziyarət etməyə getmişəm.
– İcazə versəydiniz, bir sentimental sual verərdim,
bu şəxsən özümü maraqlandırır. Mənə elə
gəlir ki, bizim bütün tanınmış şəxslərimizə
öz həyat yoldaşları tərəfindən
böyük dayaq olduğu kimi, bizim hamımızın
hörmətlə yad etdiyimiz Zərifə xanım da Sizə
həmişə bir dayaq olub. Mən
çox üzr istəyirəm, sentimental hissləri yada
salıram. Şəxsən mənə
onun hardasa yad yerdə, Moskvada dəfn olunması böyük təsir
edir. Bu gün istərdim ki, o, Azərbaycanda
dəfn olunsun. Yəni o vaxt bu
mümkün idimi, ağır da olsa Zərifə xanımla
keçirdiyiniz günlər haqqında, onun əzablı siyasət
meydanında sizə necə dayaq olması haqqında bir
neçə kəlmə.
–
Bilirsiniz, bu doğrudan da çox sentimental sualdır. Həmişə Zərifə xanım yada
düşəndə, onun haqqında söhbət olanda
kövrəlir, dayana bilmirəm. Bir şeyi deyə bilərəm
ki, həyatımın (Heydər bəy bərk kövrəldi
və onun gözləri doldu, bir az duruxdu,
sonra sözünə davam elədi) ən xoş cəhəti
ondan ibarətdir ki, belə bir həyat yoldaşım olub. Çox ağıllı, mədəni, vətənpərvər
insan idi. Böyük alim idi. Hərtərəfli inkişaf etmiş bir şəxs
idi, eyni zamanda mənin üçün sədaqətli həyat
yoldaşı idi. Sədaqətli
sözünü deyəndə mən buna çox geniş məna
verirəm və həmişə onu əsas götürürəm
ki, ümumiyyətlə, mənim həyat yolum çətin
olub. Böyük çətinliklərlə
rastlaşmışam və bütün bu çətinliklərdə
ən böyük dayağım Zərifə xanım idi.
Ona görə də onun həyatdan getməsi,
şübhəsiz ki, mənə böyük zərbə
oldu. Olduqca böyük zərbə oldu...
Zərifə xanımın xatirəsi mənin
üçün həmişə əzizdir. Mənə
belə gəlir ki, belə şəxsiyyətlər,
ümumiyətlə, unudulmazdır. O vəfat edəndən
sonra mən çox kədərli idim. Bizim
şair Bəxtiyar Vahabzadə onun həyatdan getməsi
münasibətilə şeir yazıb göndərmişdi,
onu tez- tez xatırlayıram. O təxminən belə
yazmışdı ki, kədərlənməyə əsas
var, ancaq eyni zamanda sevinmək də lazımdır ki, belə adam var.
– Və
icazənizlə sonuncu sual. Çox siyasi xadimlər
proqnoz verməyi xoşlayırlar, bu məşğuliyyətlə
qidalanırlar, uzaq proqnozları deməyi xoşlayırlar.
Lakin yaxın proqnozu heç kəs demək istəmir.
Heydər bəy, yaxın müddətdə xalq
hərəkatını və respublikamızı nə
gözləyə bilər?
–
Bilirsiniz, mən proqnoz vermək istəmirəm. Mənə belə gəlir ki, xalq hərəkatını
da, respublikamızı da hələ ki, olduqca çətin və
ağır günlər gözləyir. Çünki,
təəssüf ki, xalq hərəkatı ilə respublikanın
başqa siyasi qüvvələri yekdil deyillər. Bunların arasında müəyyən saziş
yaranmayıb. Xalq hərəkatını
boğmaq cəhdində olan qüvvələr çoxdur.
Bir ilə yaxındır ki, respublikanın
paytaxtında fövqəladə vəziyyət hökm
sürür, hansı ki, fövqəladə vəziyyətin
saxlanılmasına heç bir əsas yoxdur. Bu fövqəladə vəziyyət kimin əleyhinə,
hansı qüvvələrin əleyhinə yönəlib?
Deməli, xalqın əleyhinə yönəlib...
Respublikada
baş verən hadisələrdən belə nəticəyə
gəlmək olar ki, sabah, yaxud o biri gün
üçün yaxşı heç nə gözləyə
bilmərik. Lakin elə söhbətimizin əvvəlində
qeyd etdim ki, mən nikbin əhval-ruhiyyəli adamam. Belə güman edirəm ki, xalqımız qəhrəman
xalqdır, cəsarətli xalqdır. Hər
halda bu çətin vəziyyətdən də yəqin
çıxa biləcək və mən şübhəsiz ki,
xalqımızın gözəl gələcəyini
görürəm.
– Çox sağ olun, Heydər bəy, məni
qəbul etdiyinizə və müsahibə verdiyinizə görə
Sizə minnətdarlığımı bildirirəm.
Respublika.- 2021.- 7 yanvar.- S.4.