Aprel döyüşləri Vətən müharibəsindəki qələbəmizin müjdəsi idi

 

2016-cı il aprelin əvvəllərində Ermənistan hərbi hissələri  Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini iriçaplı silahlar və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətdilər. Cəbhəyanı zonaya yaxın olan yaşayış məntəqələri və məcburi köçkün qəsəbələri atəşə məruz qaldı. Düşmən təxribatının  qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində erməni hərbi birləşmələrinin mühəndis-istehkam  müdafiə xətti yarılaraq,  Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik ələ keçirilmiş, düşmənə məxsus 6 tank, 15-dək artilleriya qurğusu məhv edilmiş  düşmənin xeyli sayda hərbi qulluqçusu öldürülmüşdür. Aprel döyüşləri Vətən müharibəsi Qələbəsinin müjdəsi idi. Bu döyüşlər  torpaqlarımızın düşmən tapdağından azad olunması və Qarabağa qayıdışın başlanğıcı oldu.

 

12 iyul 2020-ci ildə erməni quldurları atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu  istiqamətində mülki əhalini və beynəlxalq layihə olan Bakı-Tbilisi-Ceyhan boru kəmərini atəşə tutmuş və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etmişdi. Əsgər və zabitlərimizin həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir.

 

27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin  genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən  Azərbaycan Ordusunun  mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı qurğulardan intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdi.  Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatları həyata keçirdibununla da İkinci Qarabağ müharibəsi başladı. Böyükdən-kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillər əzbəri olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ermənistanın törətdiyi növbəti təxribatın qarşısını almaq məqsədilə başlanan hərbi əməliyyatlar və 44 günlük döyüşlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, onun şəxsi heyəti isə peşəkarlığını əyani şəkildə sübut etməklə, ölkəmizə möhtəşəm  qələbə qazandırdı. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli ordumuzun qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kənd və qəsəbələrimizi işğaldan azad etməsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Bununla da Azərbaycanın haqq mübarizəsi hərbi-siyasi qələbə ilə başa çatdı.

 

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev demişdir: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr azad edilirdi. Azərbaycan əsgərləri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

 

İşğal olunmuş ərazilərimiz 30 ilə yaxın müddət ərzində erməni quldurları tərəfindən tamamilə dağıdılmışdır. Düşmən sadəcə evləri, binaları yox, həm də dini ibadətgahlarımızı dağıntılara məruz qoyub. 44 günlük Vətən müharibəsində Azərbaycan üçün yeni dövr başlamışdır. Şübhə yoxdur ki, Azərbaycan xalqı bu dövrdə də birlik və həmrəylik göstərərək, dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəkdir. Bu istiqamətdə dövlət başçısının tapşırığı ilə müvafiq dövlət strukturları və aidiyyəti orqanlar fəaliyyətə başlamışdır. Artıq minalardan təmizlənən torpaqlarımızın bərpası işlərinə başlanılmışdır. Zəfər yolu adlanan Füzuli-Şuşa istiqamətindəki yolun çəkilməsi bunun bariz nümunəsidir. Bütün infrastruktur layihələri uğurla həyata keçirilir. 

 

Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun zəfəri və şücaəti sayəsində mədəniyyətimizin tacı olan Şuşanın azad edilməsi şanlı tariximizə böyük hərflərlə yazıldı. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın martın 16-da Şuşaya növbəti səfərləri olmuşdur. Səfər zamanı ölkə rəhbərinin şəhərin mədəni irsinin bərpası ilə bağlı bir sıra tapşırıqlar verməsi Şuşanın bərpası və inkişafı baxımından olduqca əhəmiyyətlidir. Dövlət başçısı demişdir: “Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq. Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”

 

Bu gün tarixi zəfərdən sonra Azərbaycan xalqı və dövləti həmrəy şəkildə düşmən tapdağından azad olmuş yurdumuzu bərpa etmək əzmindədir. O yurd yerləri dirçələcək, insanlar öz ata-baba yurdlarına qayıdıb  firavan yaşayacaqlar.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 2 aprel.- S.5.