Düşmənə tarixi gözdağı, əbədi ibrət dərsi

 

2016-cı ilin Aprel döyüşləri və bu hərbi əməliyyat zamanı Azərbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir. Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan ordusunun Aprel döyüşlərində ortaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdirheç bir qüvvə ona mane ola bilməz.

 

Bu baxımdan Aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan Aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər və indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan Aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən şanlı Azərbaycan ordusunun hücumu, ölümcül həmlələri düşməni kapitulyasiya sazişini imzalamağa məcbur etdi. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi.

 

Artıq Aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə bu gün deyil, illər, əsrlər sonra da Aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun göstərdiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fəxrlə xatırlanacaq.

 

Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar əbədi Azərbaycan xalqının qəlbində yaşayacaqlar.

 

Cəlil XƏLİLOV,

Respublika Veteranlar Təşkilatının

sədr müavini, polkovnik

 

 Respublika.- 2021.- 2 aprel.- S.5.