31 MART SOYQIRIMI QURBANLARI YAD OLUNUB

 

GƏNCƏ

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn anım tədbirində Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 1918-1920-ci illərdə mənfur ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə törətdikləri qanlı hadisələr haqqında geniş məlumat vermişdir.

 

Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev qeyd etmişdir ki, “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edir”.  Bəli, Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə, 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

 

Sonda rektor bildirmişdir ki, bu il biz Ali Baş Komandanımız və qüdrətli ordumuz sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız zəfərə görə şəhid və qazilərimizə borcluyuq. Bütün şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

 

Ən qəddar və amansız terror hadisələrindən, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətindən danışan İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

 

Müəllimlərdən İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Çinarə Səfərova, Səbinə Əlizadə, tələbələrdən İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aytac Hüseynova, Aqronomluq fakültəsinin II kurs tələbəsi Ülviyyə Qəhrəmanova, Aqrar mühəndislik fakültəsinin I kurs tələbəsi Nərmin Xəlilova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında, eləcə də müxtəlif vaxtlarda erməni daşnaklarının Azərbaycanın digər bölgələrində törətdikləri qanlı cinayətlər haqqında danışıb və şeir parçaları ilə çıxış ediblər.

 

 

 

YEVLAX

 

Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımından 103 il ötür. Yevlaxda da anım tədbiri ilə əlaqədar şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri Şəhidlər Xiyabanında yerləşən “31 Mart - Azərbaycanlıların Soyqırımı” abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, ruhlarına ehtiramlarını ifadə etmişlər.

 

Sonra Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn tədbirdə şəhər icra hakimiyyətinin başçısının müavini - ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirmişdir ki, 1918-ci ilin mart qırğınları erməni daşnakları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən biridir. Həmin hadisələr zamanı Bakıda və Bakıətrafı rayonlarda, Qarabağın Dağlıq ərazisində, Qubada, Şamaxıda, İrəvan və Zəngəzurda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, 656 yaşayış məskəni xarabaya çevrilmişdir. Bakıda Mart qırğını dörd gün davam etmiş, bu soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox, Bakıətrafı kəndlərdə isə 30 minə yaxın azərbaycanlı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirmişdir.

 

Tədbirdə çıxış edən şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşadə Teymurova, şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Maarif Ramazanov, şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fərid Əliyev, şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Əsma Mirili çıxış etmişlər.

 

 

 

NAFTALAN

 

Naftalanda anım tədbiri ilə əlaqədar şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Polis şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Naftalan şəhər filialının sədri, Vətən müharibəsi iştirakçıları “Xatirə kompleksi”ni ziyarət edərək abidə önünə gül dəstələri düzüb. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub. Bildirilib ki, azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. 1918-ci ilin əvvəllərində himayadarların köməyi ilə Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımına siyasi qiymət verildi Bəli, tarix heç zaman unudulmur, həm xatırlanır, həm yazılır. Erməni vəhşilikləri vətən tarixinin qanla yazılmış səhifəsi olsa da, bu gün Azərbaycan dövləti bütün problemlərin öhdəsindən uğurla gəlmişdir.

 

Zabit XƏLİLOV,

 

“Respublika”.

 

 

 

MASALLI

 

Masallı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Mart soyqırımı” mövzusunda onlayn tədbir keçirilib. Əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev əsrlər boyu xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, ermənilər antitürk siyasəti həyata keçirərək Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi torpaqlarımızda minlərlə azərbaycanlını amansızcasına qətlə yetirib. 1905 və 1918-ci illərdə erməni daşnakların törətdiyi qırğınların ardınca 1920-ci ildə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə, 1988-ci ildə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi.

 

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi yad olunduğunu diqqətə çatdırıb. Bu təqvimin baş vermiş faciəvi hadisələrin xalqımızın yaddaşında əbədi həkk olunduğunu əks etdirdiyini bildirib.

 

Sonra YAP Masallı rayon təşkilatının üzvlərindən Nahid Rəhimov, Aytən Şükürova, Rövşən Muxtarov və başqaları törədilən qanlı hadisələrə görə ermənilərin ədalət məhkəməsi qarşısında cavab verəcəklərini bildiriblər.

 

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımı Günü ilə əlaqədar onlayn tədbir keçirilib. Müəssisənin direktoru Fuad Mənsimov bildirib ki, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən sayılır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli-mədəni, tarixi abidələr dağıdılıb.

 

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışında qeyd edib ki, aparılmış araşdırmalar sayəsində yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

 

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “Tarixi yaddaşımızdan silinməyən soyqırımı” mövzusunda onlayn tədbir keçirilib. İlk öncə soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə 1918-ci ilin mart ayında Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınlar barədə məlumat verib. Onlayn tədbirdə tələbələrdən Sahibə Məmmədova, Samirə Fətullayeva və başqalarının çıxışları dinlənilib.

 

 

 

LERIK

 

Lerik Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə birgə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirib.

 

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədilib. Xalqımıza qarşı törədilən terror, soyqırımı aktları uzun müddət saxtalaşdırılmaya məruz qalıb, yalnız ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı faciələrə ilk siyasi-hüquqi qiymət verilib. Azərbaycan Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

Son illər dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan tədbirlər nəticəsində bir çox dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə 1918-ci ilin martında minlərlə dinc azərbaycanlının öldürülməsinin bəşər tarixində ən dəhşətli hadisələrdən olduğu qeyd edilib.

 

İcra başçısı bildirib ki, tarix heç zaman unudulmur. Bu gün müstəqil, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibidir. Ötən ilin sentyabrında başlayan 44 günlük müharibə zamanı Ali Baş Komandanımızın rəhbərliyilə uzun illər məkrli düşmənin tapdağında qalan əzəli və tarixi torpaqlarımız azad edilib. İnanırıq ki, cənab Prezidentimizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində xalqımızın başına gətirilən bu faciələr beynəlxalq aləmdə soyqırımı aktı kimi qəbul ediləcəkdir.

 

Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Cəlil Baxşiyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, şəhər 2 saylı tam orta məktəbin müəllimi Şəhla Məmiyeva bu faciələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolundan, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyindən danışıblar.

 

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2021.- 2 aprel.- S.6.