Azərbaycanın milli ruhunu yaşadan Şuşa!

 

Xalqımız 2021-ci ilin Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd etdi. Bu, tarixi hadisədir. Torpaqlarımız işğaldan azad edildikdən sonra qədim Şuşa şəhərində Novruz tonqalı yandırıldı. Həmin gün Azərbaycanın mədəniyyət paytaxtında bayram əhval-ruhiyyəsi hökm sürürdü. Əlbəttə, bu əlamətdar hadisədir, 28 ildən sonra Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalandı, tarixi ədalət bərpa edildi.

 

Şuşada alovlanan tonqalımız qalib xalqın Zəfər bayramı idi. Bu sonsuz sevinci bizə bəxş edən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbəri olduğu Azərbaycanın zəfər çalan yenilməz ordusu, dünya siyasi masasında öz arqumentləri ilə bütün haqq mövqeyimizi qəbul etdirməyi bacaran Azərbaycan diplomatiyası və cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşən mətin və həmrəy Azərbaycan xalqıdır.

 

Bu il ölkə vətəndaşları öz Novruz təbrikini dağlar qoynundakı Şuşadan aldı. Belə ki, Ali Baş Komandan İlham Əliyev martın 16-da Şuşa şəhərinə növbəti tarixi səfərini elədi və bu dəfə öz xalqına əfsanəvi Cıdır düzündən Novruz təbriklərini çatdırdı. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Azərbaycan xalqının ən əziz bayramı olan, xalqın birliyinin, həmrəyliyinin simvollarından biri Novruz bayramını Şuşada qeyd etməsi eyni zamanda bütün dünyaya bir siyasi mesaj idi. Cıdır düzündə alovlanan Novruz tonqalı bu torpağın əsl sahiblərinin burada olduğunu göstərən bir nur, düşmənə isə gözdağı oldu. Bu tonqal sanki Müzəffər ordunun rəmzi, həmrəy xalqın yurda dönən coşqusu idi. Bu tonqal bütün türk dünyasını, doğma Qarabağımızı işıqlandırırdı.

 

Şuşa əsrlər boyu qədim Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı olub. Şuşa Şərqin Konservatoriyası adlandırılır.

 

Prezident cənab İlham Əliyev Cıdır düzündəki tonqal önündən Azərbaycan xalqına müraciət edərək demişdir: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir”.

 

Tarixi Şuşa şəhərində vandal ermənilərin dağıtdığı Vaqifin məqbərəsi, Bülbülün, Üzeyirin abidə və ev muzeyləri, tarixi məscidlərimiz və mədəni irsimiz bərpa olunur. Bu gün inamla deyə bilərik ki, Şuşa Azərbaycanın qısa zamanda yenidən parlayan mədəniyyət və tarixi irs paytaxtı kimi öz şöhrətini geri qaytaracaqdır. Dövlət başçısı cənab İlham Əliyevin təbirincə desək, Şuşa Azərbaycanın milli ruhunu qoruyanyaşadan şəhərdir və biz bu gün doğma ocağımızdayıq.

 

 

 

Nərmin VƏLİYEVA,

Gəncə Dövlət Universitetinin

tarix fakültəsinin magistri.

 

Respublika.- 2021.- 2 aprel.- S.6.