Əməkdar müəllim, xeyirxah insan
Qusar şəhərinin mərkəzində, ikimərtəbəli yaraşıqlı bir bina ucalır. Bura şəhər Uşaq incəsənət məktəbidir. 40 ildən çoxdur ki, o, hər gün bu ünvana tələsir. Şagirdlərinə musiqinin sirlərini öyrədir. Haqqında söhbət açdığımız Respublikanın Əməkdar müəllimi Səfər Səfərovdur.
Musiqi sahəsində ilk addımlarını elə bu məktəbdə atıb. 1968-1973-cü illərdə burada fəaliyyət göstərən musiqi məktəbinin şagirdi olub. Sonra Dərbənd şəhər 4 illik orta ixtisas musiqi məktəbində oxuyub. Dağıstan Respublikasının “Əməkdar mədəniyyət işçisi” Sədi Zamanovdan dərs alıb. Burada tar sənətinin sirlərinə dərindən yiyələnib. 1978-ci ildə həmin məktəbi bitirib rayona qayıdıb. Qusar şəhər Musiqi məktəbində tar müəllimi kimi fəaliyyətə başlayıb. Bir müddət müxtəlif vəzifələrdə çalışsa da, həmişə doğma peşəsinə can atıb. Müəllimliyi daha üstün tutub. Məktəbə qayıdıb. Ötən illər ərzində onlarca gəncin musiqi sənətinə gəlməsində xidməti olub. Səfər müəllim fəxrlə deyir ki, dünən qarşımda şagird kimi oturan bu gün mənimlə müəllim kimi çiyin-çiyinə çalışır. Təhsilini orta ixtisas musiqi məktəblərində davam etdirənlər də çoxdur. Bunlar mənim ən böyük qənimətim, mükafatım və sərvətimdir.
Səfər Səfərov bir pedaqoq kimi milli musiqimizin və folklorumuzun öyrənilməsi və təbliğində illərlə əmək sərf edib. Uzun illər rayonun ən böyük folklor ansamblına - “Trillo”ya rəhbərlik edib. Özü də bu ansamblda tar ifa edib. Sovetlər dönəmində və sonrakı illərdə “Trillo”nun səsi-sorağı, şöhrəti respublikamızın hər yerində eşidilib. Ansambl dəfələrlə ölkə rəhbərliyinin də iştirak etdiyi ən mötəbər mədəniyyət saraylarında, o vaxtkı Lenin adına, indiki Heydər Əliyev sarayında çıxışlar edib. Rayonun ən istedadlı gənclərinin birləşdiyi bu ansambl tez-tez respublikamızın rayonlarında, eləcə də qonşu Dağıstan Respublikasında qastrol səfərlərində olub. Həmişə də rəğbətlə qarşılanıb.
Səfər müəllim bu gün dərs deməklə bərabər, həm də Müdafiə Nazirliyinin Qusarda yerləşən “N” saylı hərbi hissəsinin nəfəs alətləri orkestrində çalışır. Uşaq incəsənət məktəbində, eləcə də rayonun mədəniyyət işçiləri arasında böyük nüfuz sahibidir. Onun barəsində ancaq xoş sözlər eşidilir. İş yoldaşı Q.Qədirovun onun haqqında söylədiyi fikirləri dəftərçəmizin kənarına qeyd etdik: bir insana nə qədər müsbət mənəvi keyfiyyətlər məxsusdursa, onların hamısını Səfər müəllimin xarakterində görmək olar. Onu özümə ideal hesab edirəm. Müəllim kimi müəllim, yoldaş kimi yoldaş, dost kimi dostdur. Xeyirxah, təvazökar və mehriban insandır.
Səfər müəllim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Svetlana xanım da müəllimdir. 37 ildir ki, rayon Təhsil Şöbəsində çalışır. Səfərovlar ailəsində iki oğlan uşağı böyüyüb. Övladların ikisi də ali təhsillidir. Ailənin böyük oğlu Vadim İqtisad Universitetini bitirib. Valeh isə Biznes Universitetinin məzunudur. Onu da qeyd edək ki, Valehlə bu gün eli-obası fəxr edir. O, Vətən müharibəsinin iştirakçısıdır. Könüllü müharibəyə qatılan Valeh Səfərov ötən il oktyabrın 23-dən dekabrın 27-dək döyüş bölgəsində hərbi xidmət keçib. Ağcabədi, Beyləqan rayonlarında verilən hərbi tapşırıqların öhdəsindən layiqincə gəlib. Hərbi hissənin “Fəxri fərman”ına layiq görülüb.
Bu il ömrünün 63-cü baharını yaşayır Səfər müəllim. Tarı əlindən yerə qoymayan ustad yenə məktəb yollarındadır. Yorulmaq bilmədən eyni həvəs, eyni şövqlə çalışmaqdadır.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2021.- 2 aprel.- S.6.