Şuşadakı Novruz tonqalı bütün Qarabağı işıqlandırdı

 

Böyük fəxarət və qürur hissi ilə bəyan etmək olar ki, Vətən müharibəsində müzəffər Azərbaycan ordusu iyirmi səkkiz il yarım faşist xislətli erməni daşnaklarının işğalı altında olan Qarabağın tacı sayılan Şuşa şəhəri azad olundu. Bu tarixi qələbə döyüş meydanında qazanıldı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim tarixi Qələbəmiz, Zəfərimiz günüdür. Şuşadakı qələbə döyüş meydanında qazanıldı, danışıqlar masası arxası arxasında yox.

 

 

28 il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub-yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Mənfur düşmənimiz olan ermənilər Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimiz dağıdıldı.

Şuşanın işğaldan azad edilməsi, burada üçrəngli Azərbaycan Bayrağının dalğalanması xalqımızı, bütün dünya azərbaycanlılarını, daha doğrusu, türk dünyasını sevindirir.

Xoş qədəmli bahar yurdumuza qədəm qoymuşdur. Dağlar qoynunda yerləşən, örpəyə bürünmüş Şuşa şəhərində bu günlərdə bayram təntənəsi duyulur, yurdumuzun bu cənnət guşəsində xoş qədəmli Novruzun gəlişi təntənə ilə qeyd olunur.

Novruzun gəlişi, nəhayət, Şuşaya da xoş ovqat, çal-çağır gətirdi. Novruzun ilk günü bütün azərbaycanlıların diqqəti 28 ildən sonra işğaldan azad olan qədim Şuşa şəhərinə dikilmişdi. İnsanlar qürur hissi keçirdilər ki, neçə-neçə illərdən sonra Şuşada Novruz tonqalı yandırıldı. Bu tonqalın gur işığı Qarabağ ellərini işıqlandırdı, qalib ölkənin sakinləri sevindi, məğlub ermənilər isə yasa batdı.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Novruz şənliyində Şuşanın cıdır düzündə bayram tonqalı alovlandırmaları 28 ildən sonra tarixi ədalətin bərpasının rəmzi kimi qürurverici idi. Qarabağı işıqlandıran Novruz tonqalını isə ölkə başçısı İlham Əliyev yandırdı. O, əlamətdar bayramda Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən, Şuşada aparılacaq quruculuq, bərpa işlərindən danışdı. Vurğuladı ki, biz bu il Novruz bayramını Şuşada Cıdır düzündə qeyd edirik. “Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşəallah gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.

Şuşada yandırılan Novruz tonqalları çox tezliklə işğaldan azad olunmuş ərazilərimizdə-Ağdamda, Qubadlıda, Zəngilanda, Laçında, Füzulidə, Kəlbəcərdə, Xocavənddə, Suqovuşanda, Hadrutda və digər yurd yerlərində də yandırılacaq, bir sözlə, insanlar xonçalı novruzu çal-çağırla qeyd edəcəklər.

Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Novruz tonqalının yandırılması başdan-başa Qarabağ torpağını, hətta bütün türk dünyasını işıqlandırdı, birlik, həmrəylik nümayiş etdirildi.

Şuşadakı Novruz tonqalı bir nəğməyə dönərək qardaş Türkiyənin sakinlərinə də bol-bol sevinc gətirdi, neçə illərdən sonra Şuşanın erməni tapdağından azad edilməsi İstanbulda, Ankarada, İzmirdə, Qarsda və Türkiyənin digər ellərində coşqu ilə qarşılandı. Hamı bir ağızdan deyirdi:

—Tonqalın gur yansın ay gözəl Şuşa, Cıdır düzündən həmişə musiqi səsi gəlsin, Qarabağın şikəstəsi eşidilsin, Xanın səsi dağlar qoynunda dalğa-dalğa yayılsın. Şuşaya azadlıq günəşi əbədilik doğsun!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla olan dostluğu, qardaşlığı, qədim Şuşa ilə bağlı ürək sözlərini belə dəyərləndirmişdi: “Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçünbir sevgidir. Bu sevginiyaşamaq istəyirik”.

2021-ci ilin Novruz bayramında Şuşada tonqalın yandırılması Prezident Rəcəb Tayyib Ərdoğan və bütün türk xalqı tərəfindən coşqu ilə qarşılanmışdır.

Şuşa şəhərində Novruz bayramının qeyd olunması, bayram tonqalının yandırılması insanlarda yüksək əhval-ruhiyyə, sabaha inam yaratmışdır. Biz həmin insanlardan bir neçəsinin ürək sözlərini oxuculara təqdim edirik.

Hulusi Kılıç (tanınmış diplomat):

—Cənab Prezident İlham Əliyevin Cıdır düzündə yandırdığı Novruz tonqalı təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının içini isitsə də, İrəvanı yaxıb-yandırdı. 30 ildən sonra nəhayət Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarında can rahatlığı, könül xoşluğu ilə qalibqürurlu bir toplum olaraq Novruz tonqalları yandırdı. Novruzun bir başqa təntənə ilə keçirildiyinə özüm Bakıda böyük elçilik yapdığım dönəmlərdə bir daha şahidlik etdim.

Ancaq hər zaman gözlərdə kədər gördüm, üzlərdə nisgil gördüm. Qarabağın işğalda qalması bu gözəl bayramı coşqu ilə qeyd etməyə imkan vermədi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Cıdır düzündəki çıxışı isə çox mənalı idi və qəlblərin dərinliyinə işlədi. Xüsusilə onunAllah Azərbaycan xalqının duasını eşitdi” kəlməsi məni bərk kövrəltdi. Bəli, gərçəkdən Aləmlərin Rəbbi belə bir haqsızlığı qəbul etmədi və çox şükürlər olsun ki, 30 ildən sonra Türk dünyasına belə bir qələbə bəxş etdi. Təbii ki, dövlət xadimlərinin cəsarətli qərarları, igid oğullarımızın misilsiz cəsarəti öz yerində və onların haqqına girmək böyük günah olardı. Amma uca Tanrının qüdrəti və Azərbaycan xalqının haqlı mücadiləsini İlham Əliyevin təbirincə desək, eşitməsi bu problemin çözülməsində həlledici amil oldu.

Can Azərbaycanın Novruz bayramını təbrik edirəm, süfrələrinizdən ruzi-bərəkət əksik olmasın, hər zaman qələbə ovqatında olasınız. Allahdan təmannam odur ki, ən qısa zamanda işğaldan azad olunan torpaqlarda həyat qaynasın və qardaş-bacılarımız öz ata-baba yurdunda, doğma ev-eşiklərində bayramlarını qeyd etsinlər. Azərbaycan xalqına bu bayramda Türkiyədən 82 milyonluq qardaş-bacılarımıza da çoxlu pay düşür və bizlər də sizin bu sevincinizə şərik olmaqla özümüzü bəxtiyar hesab edirik. Allah qiyamətə qədər bu qardaşlığın daha da möhkəmlənməsinə yardım etsininşallah bu birliyə, heç zaman xalqlarımıza zaval gəlməyəcək.

Günel Bayramova (tələbə):

—Vaxtilə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev demişdir ki, vaxt gələcək ki, işğal altında olan torpaqlarımız azad ediləcəkdir. Elə də oldu. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində peşəkarlıq, rəşadət göstərərək işğal altında olan ərazilərimizi düşməndən azad etdi.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Novruzun ilk günündə Şuşada bayram tonqalının yandırılmasını sidq ürəklə qarşıladılar. Prezident İlham Əliyevin Novruz tonqalını yandırması və dərin, məzmunlu çıxışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Eşq olsun, Azərbaycan Ordusuna!

Elçin Bağırov ( adamı):

Şuşa şəhəri işğaldan azad olunanda İstanbul şəhərində hamı bir-birini qucaqlayır, azərbaycanlılar, türklər qürur hissi keçirir, sevinirdilər ki, 200 ildən çox Azərbaycanda tüğyan edən erməni terroruna, erməni vandalına son qoyuldu.

Şuşadakı Novruz tonqalı bütün türk dünyasını işıqlandırdı.

Zülfiyə Günəş (tədqiqatçı):

Şuşada Novruz tonqalı yandırılanda biz özümüzü Qarabağda, Azərbaycanın mədəniyyət mərkəzində, “Cıdır” düzündə hiss edirdik. Biz azərbaycanlılar hər addımda türk bacı və qardaşlarımızın təbriki ilə üzləşirdik. Sanki həmin gün Şuşada yanan tonqallar, İstanbuldakı Mərmərə, Qara dəniz sahillərini işığa qərq etmişdi...

Tarixin təkəri Azərbaycanın xeyrinə işlədi, 28 ildən sonra Şuşadakı bayram tonqalları yenidən yandırıldı, Cıdır düzü, qarlı dağlar, romantik görüntülər hamıda xoş ovqat, sabaha inam yaratdı.

 

Esmira YAZKAN Aslanova,

Respublika” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri.

 

Respublika.- 2021.- 1 aprel.- S.5.