Yeni Azərbaycan Partiyasının mövqeyi gündən-günə möhkəmlənir
1991-ci ildə müstəqil dövlət kimi tarixə qədəm qoymuş Azərbaycan Respublikasının müstəqillik yolu mürəkkəb və kəşməkeşli olmuşdu. Müstəqil dövlətçiliyin siyasi və iqtisadi dayaqlarının yaradılması sahəsində zəruri vəzifələrin həll edilməməsi, daxili siyasətdə buraxılan ciddi səhvlər respublikada sosial-iqtisadi böhranın dərinləşməsinə, ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Şəxsi iddialarını həyata keçirməyə səy göstərən müxtəlif qüvvələr arasında qarşıdurmanın güclənməsi, cəmiyyətdə hökm sürən özbaşınalıq, hərc-mərclik heç bir siyasi qüvvəyə inamın olmaması ilə nəticələnmişdi. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Hakimiyyət orqanları iflic vəziyyətinə düşmüşdü. Hakimiyyətə qanunsuz yollarla gəlmiş siyasi partiyaların “liderləri” ölkənin yeraltı, yerüstü sərvətlərini talayır, şəxsi mənafelərini güdürdülər. Səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində xalqımız əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, ölkədə iqtisadi, siyasi, sosial və eyni zamanda mənəvi-psixoloji böhran dövrü başlamışdı. Bu dövrdə həm də Ermənistanın təcavüzkar siyasəti nəticəsində əzəli, əbədi torpaqlarımız işğal olunur, qaçqın və köçkünlərin sayı günbəgün artırdı. Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin ilk illərində respublikanın rəhbərliyində bir-birini əvəz edən “iqtidarlar” ölkənin qarşısında duran mühüm vəzifələri nəinki həyata keçirə bilmədilər, respublikada gündən-günə dərinləşən sosial-iqtisadi, siyasi, mənəvi böhranın aradan qaldırılmasına əsaslı addım belə atmadılar. AXC-Müsavat birliyi qısa zaman ərzində səriştəsiz fəaliyyəti ilə ölkəni daha dərin böhrana yuvarladı. Bütün bunlar Azərbaycanın təzəcə bərpa etdiyi dövlətçiliyi və müstəqilliyi üçün ciddi təhlükə yaradırdı. Lakin xalqımız vaxtilə müstəqil dövlətçiliyini itirsə də, müstəqilliyi, istiqlalı uğrunda mübarizədən heç vaxt usanmamışdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın yaddaşında silinməz izlər qoymuş, demokratik dövlət qurmağa, dövlətçilik ənənələrini yaşatmağa qadir olduğunu göstərmişdir. Bu dəfə də xalqımız öz müstəqilliyini qorumaq, ölkədə başlamış vətəndaş müharibəsini durdurmaq, doğma vətənini parçalanmaqdan, dağılmaqdan xilas etmək üçün arxalandığı, inandığı, güvəndiyi xilaskar oğlunu - böyük şəxsiyyət, təcrübəli dövlət xadimi Heydər Əliyevi təkidlə Azərbaycana rəhbərlik etməyə çağırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ölkəmizi parçalanmaqdan, milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Onun qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu, xalqımız, millətimiz öz müstəqilliyinə qovuşdu, ölkəmizdə əmin-amanlıq bərqərar oldu.
Heydər Əliyev deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir”. Ulu öndərin siyasi təcrübəsi, bilikləri, çalışdığı bütün dövrlərdə xalqına, millətinə sadiqliyi Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirmişdi. Bütün siyasi fəaliyyətini yalnız və yalnız xalqının xoş gələcəyi, işıqlı sabahı istiqamətində quran ümummilli lider Azərbaycanın müstəqilliyi uğrunda var gücünü səfərbər etmişdi. Bu gücün, iradənin, əzmin sayəsində Azərbaycanın müasir tarixində misilsiz hadisələrə imza atıldı. Öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması da bu hadisələr arasında mühüm yer tutur. Azərbaycan tarixinin son dərəcə ağır, mürəkkəb və ziddiyyətli dövründə - 1992-ci ilin noyabr ayında Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirilən konfransda YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi.
Cəmiyyətin artmaqda olan ictimai-siyasi tələbatına, Azərbaycan xalqını, onun min bir əziyyətlərlə, fədakarlıqlarla qurduğu müstəqil dövlətini uçurumlara sürükləyən bəzi üzdəniraq ünsürlərə cavab olaraq yaranan Yeni Azərbaycan Partiyası qısa zaman ərzində cəmiyyətin həyatında sabitləşdirici meyillərin gücləndirilməsi, vətəndaş həmrəyliyinin, milli birliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi, hərbi, siyasi və s. problemlərin həllində böyük fəaliyyət dairəsi olan təşkilata çevrildi.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, xalqın dinc və firavan həyatının təmin edilməsi prinsipləri üzərində qurulan Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir, xalqına, millətinə məsuliyyətlə xidmət edən bir partiyadır. Bu partiyanın təməli sağlam amal, işıqlı ideyalar üzərində qurulduğu üçün ümumxalq məhəbbəti qazanmışdır. Heydər Əliyevin dediyi kimi bu partiya Azərbaycanın ictimai-siyasi həyatında ən güclü, ən səviyyəli, ən mütəfəkkir fikirli, ən tərəqqipərvər bir siyasi təşkilatdır.
Məqsədi, məramı, missiyası yalnız və yalnız Azərbaycanın işıqlı gələcəyinə xidmət göstəməkdən ibarət olan Yeni Azərbaycan Partiyası sıralarında qərarlaşan hər bir üzvünün qarşısında milli ideologiyamızın əsasını təşkil edən dövlətçiliyimizin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, milli vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərimizin inkişafı, ana dilimizə, dinimizə, mənəvi-əxlaqi mentalitetimizə bağlılığı, ümumbəşəri dəyərlərin mənimsənilməsi, tarixi köklərimizin dərindən öyrənilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi mühüm vəzifələr qoyur. Elə bunun nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyası xalqın partiyası kimi qəbul edilir.
Yeni Azərbaycan Partiyası 30 ilə yaxın bir müddətdə qət etdiyi şərəfli yolda hər zaman sivilizasiyalı, hüquqi və demokratik dövlət qurmaq, xalqın milli, mədəni, mənəvi irsini, ümumbəşəri dəyərlər təməlində təkamül yolunu inkişaf etdirmək və bütün ictimai təşkilat və partiyalarla fəal əməkdaşlıq etmək prinsipləri ilə fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında dəyərli yerini tutmuş və öz mövqeyini gündən-günə möhkəmləndirir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası XXI əsrin, üçüncü minilliyin partiyasıdır və getdikcə ucalan, böyük bir dövlətə çevrilən müstəqil Azərbaycanı daim irəliyə aparacaqdır”. Bu bir həqiqətdir ki, yeniləşən, müasirləşən Azərbaycan böyük bir sürətlə irəliyə doğru addımlayır.
Yeni tarixi dövrdə, günbəgün yeniləşən Azərbaycanda Yeni Azərbaycan Partiyası mütərəqqi fikirli gəncləri öz ətrafında birləşdirir. YAP-da nəsillərin müsbət mənada varislik prinsiplərinə ciddi əməl edilir. Belə ki, gələcəyimizi, sabahımızı təmin edən gənclərin rolu YAP-ın fəaliyyətində yüksək qiymətləndirilir, ölkəmizdə gənclər siyasətinin düzgün strategiya və taktikasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Elə bunun nəticəsidir ki, bir pedaqoq, təhsil müəssisəsinin rəhbəri kimi qürur hissi ilə deyə bilərəm ki, bu gün saf əqidəli, amallı gənclərimizin sayı gündən-günə artır.
Ümummilli lider Heydər Əliyev zəkasının, siyasi nüfuzunun, dühasının məhsulu, ölkəmizdə qaynar siyasi həyatın aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə siyasi fəallığı, diplomatik bacarığı ilə siyasi lider kimi tanınan İlham Əliyevin rəhbərliyi altında üzərinə götürdüyü tarixi missiyanı uğurla həyata keçirir. Analitik təfəkkürə, müasir idarəçilik bacarığına, dərin biliyə, intellektə və yüksək nüfuza sahib olan, Azərbaycanı dünya miqyasında şərəflə təmsil edən Prezident İlham Əliyev Heydər Əliyev kursunun layiqli davamçısı olaraq dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olması, Azərbaycanın xoş gələcəyi naminə var qüvvəsini sərf edir. Yeni Azərbaycan Partiyası bu gün Ali Baş Komandanın rəhbərliyi altında ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu daha da möhkəmləndirir.
Bu günlərdə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Ölkəmizin həyatında mühüm hadisə olan qurultayda partiyanın yenilənmiş strukturu, YAP-a birləşən siyasi partiyalar, ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm tələblər müzakirə olundu, müasir dövrün tələblərinə uyğun olaraq partiyanın məqsəd və vəzifələri, eləcə də inkişaf yolları müəyyənləşdirildi. Ən başlıcası isə banisi, memarı ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycanın daha da inkişaf etdirilməsi, dünyanın qüdrətli dövlətləri sırasında yer alması istiqamətində aparılan islahatlarda partiyanın hər bir üzvünün iştirakının vacibliyi vurğulandı.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin diplomatik fəaliyyəti təkcə ölkə daxilində deyil, Azərbaycanın hüdudlarından kənarda da böyük maraqla izlənilir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev müstəqil Azərbaycana, onu təmsil edən Yeni Azərbaycan Partiyasına qətiyyətlə, inamla rəhbərlik edir. Bu inam, qətiyyət, cəsurluq və mübarizlik də onu xalqına sevdirən, güvəndirən əsas amildir.
Xanlar İMAMƏLİYEV,
236 saylı məktəbin direktoru,
Əməkdar müəllim.
Respublika.- 2021.- 1 aprel.- S.6.