Qələbə bizim
haqqımız idi
Ötən il Ali Baş Komandan “Qələbə” sözünü qızıl hərflərlə tariximizə yazdı. Onun apardığı siyasət, atdığı diplomatik addımlar, siyasi iradəsi, əzmkarlığı nəticənin əldə edilməsində müstəsna rol oynadı. Dünyaya qarşı təkbaşına mübarizə apardı. Bütün təzyiqlərə tab gətirdi. Qalibiyyət qazanandan sonra bütün dünya deyir ki, Azərbaycan ən müasir müharibə apardı və 44 gün ərzində möhtəşəm hərbi güc nümayiş etdirdi. Ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təchiz olundu. Nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi. Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən söz açır.
Vətən müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir. Cənab Prezident üçün bu il heç də asan keçmədi. Bir tərəfdən koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən dünyanın ən şərəfsiz düşməni ilə müharibə etmək 30 ilə yaxın bir müddət idi ki, torpaqlarımız işğal altında idi. Bu işğal bizim gözümüzü kölgəli, başımızı aşağı etmişdi. Vur-tut iki milyon olan ermənilərin torpaqlarımızı işğal etməsi bizim yaralı yerimiz idi. Əslində onların gücü hardaydı ki, bizim müqəddəs torpaqlarımızı işğal da edəydilər, əgər onların arxasında dayanan olmasaydı.
1988-ci ildən başlayan savaş 2020-ci ildə bizim qələbəmizlə yekunlaşdı. Möhtərəm Prezidentimizin uzaqgörən xarici və daxili siyasəti, iradəsi və əzmi sayəsində torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Dünyaya özlərini məğlubedilməz kimi göstərən mənfur ermənilərin yaratdığı mif darmadağın oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi və dünyaya Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, xalq, Prezident və ordu birliyinin necə möhkəm olmasını sübut etdi. Biz bilirik ki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Bizim qəhrəman əsgərlərimiz bunu bir daha sübut etdi. Onlar öz canları və qanları bahasına torpaqlarımızı azad etdilər. Azərbaycan xalqının milli ruhunu, qeyrətini geri qaytardılar.
10 NOYABR. Bu tarix əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı. Həmin gün tarix yazan, Qarabağı 44 gün içərisində işğaldan azad edən, dövlət rəhbərimiz cənab İlham Heydər oğlu Əliyev QARABAĞIN İŞĞALDAN azad edildiyini böyük sevinc içərisində vurğuladı. On milyon Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi, şəhid anaları ağladı, şəhid ataları ağladı, şəhid bacıları, qardaşları və ümumiyyətlə hər kəs sevincdən ağladı. Çünki həmin gün Şəhidlərimizin qisası alınmışdı. Bu gün biz Azərbaycanın ən qürurlu günlərini yaşayırıq. Həmişə deyərdik ki, əgər müharibə başlasa, qısa müddətdə bu problemi həll edəcəyik, düşməni darmadağın edəcəyik. Elə də oldu. Cəmi 44 gün bəs elədi ki, biz düşməni məğlub etdik və haqq öz yerini tapdı.
Bu Qələbəni bizə yaşatdığı üçün göstərdiyi şücaətə, möhtəşəm iradə və mübarizəyə görə möhtərəm Prezidentimizə minnətdarıq! Şuşa bizim gözümüz, bizim canımızdır. Onun rəhbərliyi altında gözəl və şərəfli günlər bizi gözləyir. Bir Millət olaraq sona qədər Prezidentimizin arxasındayıq. Allah Ordumuzu və millətimizi qorusun! Ordumuzun torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı mübarizədə hər gün eşitdiyimiz yeni zəfər, yeni uğur, yeni qələbə sevincini Uca Allahın yardımı ilə xalqımıza bəxş etdiyi üçün müzəffər Ali Baş Komandana minnətdarlığımızı bildirirəm. Haqq yolunda aparılan mübarizəmizdə Ali Baş Komandan olaraq ona güvəndik. Bu günlərdə yaşadığımız zəfər coşqusu bizlərə hər an sevinc göz yaşları, sevincdən doğan qəhər bəxş edir. Bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları! Qoy Uca Tanrı Prezidentimizi, Ordumuzu, xalqımızı, Vətənimizi qorusun! Bir Vətənimiz var - Azərbaycan. Bir şüarımız var - Qarabağ Azərbaycandır! Eşq olsun əbədi və müdrik PREZİDENTİMİZƏ!!!
Allahverən ŞƏRİFOV,
Əmək veteranı
(Zəngəzur mahalı,
Qafan rayonu).
Respublika.- 2021.- 4 aprel.- S.4.