Azərbaycanda COVİD-19-la səmərəli
mübarizə aparılır
Dünya koronavirus pandemiyası fəsadlarını hələ ki aradan qaldıra bilməmişdir. Bu xəstəliyin təsirini zəiflətmək və müalicənin səmərəliliyini artırmaq üçün bir çox ölkələr vaksinlərin istehsalını təmin etmişdir. Azərbaycan pandemiyanın zərərlərini önləmək, nəzarətdə saxlamaq, müalicənin effektini daim yüksəltmək üçün ilk gündən bütün addımları atmış və bu gün də bu proses davam edir.
Vurğulamaq vacibdir ki, dünyada koronavirus infeksiyasının sürətlə yayılması nəticəsində müvafiq tibbi ləvazimat və qoruyucu vasitələrə tələbat kəskin artdı, bu səbəbdən demək olar ki, bütün ölkələrdə tibbi ləvazimatların, o cümlədən maskanın böyük qıtlığı yaşandı. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla öz ölkələrinin tələbatını ödəməyi əsas götürdülər. Vəziyyət o dərəcədə ciddiləşmişdi ki, pandemiyaya qədər müttəfiq və strateji partnyor olan ölkələr tibbi ləvazimatlara, vaksinlərə sahib olmaq üçün bir-biri ilə amansız rəqabət mübarizəsinə girişdilər. Məsələn, AB-nin üzvləri İtaliya, İspaniya və Macarıstan Birlikdən yox, Türkiyədən yardım görüblər. Qardaş ölkə vaxtında bütün lazımi addımları atdığına görə həm müalicədə, həm də müvafiq avadanlıq və maska istehsalında çox böyük uğurlara nail olub. Ona görə də Türkiyədən təqribən 90 ölkə yardım istəmişdir. Vurğulamaq lazımdır ki, Azərbaycanda da vaxtında önləyici tədbirlər görüldüyü üçün proses daim idarə edilir. Müvafiq qurumlar yaradılmış, lazımi avadanlıqlar gətirilmiş, pandemiya şəraitində müvafiq qaydalara necə riayət edildiyi ilə bağlı maarifləndirmə işləri aparılmışdır. Azərbaycanda dövlət başçısı əhalinin sağlamlığının qorunması məsələsinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin tapşırığına əsasən, qısa müddətdə tibbi maska istehsalı avadanlığı və xammal Azərbaycana gətirilmiş, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye statusu verilmişdir. Bu da müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kreditlə təmin edilmişdir. Müasir avadanlıq Türkiyədən gətirilmiş və ən qısa müddətdə quraşdırılmışdır. Ümumiyyətlə, bu müəssisənin yaradılmasına 3,9 milyon manat investisiya xərcləri sərf edilmişdir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular isə Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Maskalar İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla istehsal edilir. Qablaşdırıldıqdan sonra xüsusi avadanlıqda sterilizasiyadan keçirilir. Real iqtisadiyyatın bir mühüm sahəsi olan bu müəssisənin məhsulları təbii ki, öncə daxili tələbatı ödəməyə yönəldiləcək, daha sonra ixrac potensialına diqqət yetiriləcəkdir. Qeyd edək ki, böyük ehtiyac duyulan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr Azərbaycanda da istehsal olunur. Spirt məhsulunun qablaşdırılması və daşınması üçün müxtəlif həcmli qablar ölkəmizə məxsusdur və 6 şirkət dezinfeksiyaedici məhlullar istehsal edir.
Müasir dünya İnformasiya-kommunikasiya-texnologiyaları dövrüdür. İKT avadanlıqlarından istifadə zamanı qoruyucu vasitələrin olması son dərəcə aktual məsələdir. 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə STEAM-Azərbaycan layihəsi tətbiqinə başlanılıb. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etməklə qabiliyyətlərini genişləndirməkdir və bu istiqamətdə Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. İlk zamanlarda gün ərzində 150 ədəd bu cür maska istehsal olunub. Dövlət başçısı koronavirusdan qorunmaq üçün xüsusi əhəmiyyətə malik maskaların istehsalının təşkili barədə vurğulamışdır: “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir, çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək. Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”. Qeyd edək ki, hazırda ölkəmizdə maska təminatı ən yüksək səviyyədədir.
Vurğulamaq lazımdır ki, Azərbaycanda real iqtisadiyyatın sahələrinin davamlı inkişaf yolunda olması və müasir layihələrin innovativ reallaşmasının sayı durmadan artması hazırki pandemiya şəraitində öz müsbət nəticəsini göstərdi. İqtisadiyyatın şaxələndirilməsi, təsərrüfat sahələrinin davamlı inkişafı daxili bazarın təminini yüksəltməklə yanaşı, müvafiq sahələri də stimulə edir. Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üç tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı məhz çoxşaxəli inkişaf etmiş qeyri-neft sektoruna aid müvafiq layihələrin və infrastrukturun reallaşması nəticəsində mümkün olmuşdur.
Azərbaycan da bu xəstəliyin yayılmaması və müalicəsi üçün ön və gərgin mübarizə cərgəsindədir. Belə ki, dünyada sürətlə yayılan bu xəstəliklə hər ölkə lazımi mübarizə aparmadı, ciddiyə almadı, nəticə çox acınacaqlı oldu. Məsələn, onlardan biri Braziliyadır, indi bu ölkə pandemiya yoluxmasına görə ilk yerlərdə gedir. Dünya ictimaiyyəti hazırda hər bir ölkədəki, həm də Azərbaycandakı mübarizəni, o cümlədən xalqımız da aydın görür. Ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmışdı və 35 rayon və şəhərimizdə 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərirdi.
Ümumən koronavirus xəstələri 20-dən çox xəstəxanada müalicə alıb. Müalicənin daha səmərəli olması üçün bu xəstəxanaların arasında ən müasir xəstəxana - “Yeni klinika” mühüm imkanlara malikdir. İlkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayaraq 575 çarpayılıq olub. Dövlət başçısının iştirakıyla ötən il martın əvvəlində bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilib. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar da koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Çox diqqətəlayiq haldır ki, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və koronavirus xəstələri burada müalicə aldılar. Xaricdə yaşayan və orada olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində operativ addımlar atılıb, onlar xarici ölkələrdən təxliyə edilib və böyük əksəriyyəti karantin rejimində müvafiq yerlərdə yerləşdirilib, gündəlik yeməklə təmin edilib və tibbi müayinədən keçiblər.
Azərbaycan Prezidenti ölkə səhiyyə sisteminin daha güclü olması və hər cür çağırışlara cavab verə bilməsi üçün dövlətin və sahibkarların fəaliyyətinin bu istiqamətdə fəallıqları və görülən tədbirlər barədə deyib: “Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir”.
Koronavirus dünyada yeni sonu bir o qədər də aydın olmayan vəziyyət yaratmışdır. Bu gün aparıcı dövlətlər belə borc almağa başlamışlar. Bir çox təsərrüfat sahələri çöküb. Vaxtilə hər bir hadisəyə münasibət bildirən və müdaxilə edən beynəlxalq qurumlar artıq fəallıqlarını itiriblər. Dünyanı idarə edən siyasi qüvvələr öz haylarındadırlar, vəziyyətdən çıxış yolu axtarırlar. Azərbaycan Prezidenti pandemiyanın yaratdığı sosial, iqtisadi və hətta siyasi burulğan şəraitində dövlətin bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdiyi barədə deyib: “Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi... Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik”.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında COVİD-19 virusunun son dərəcə təhlükəli xəstəlik olduğu barədə deyib: “İlk növbədə, deməliyəm, heç kəs unutmamalıdır ki, biz hələ də pandemiya dövründə yaşayırıq və karantin rejimi ləğv edilməyib. Baxın statistikaya, görün biz nə vaxt yumşalmaya getdik - mayın əvvəlində. Nə üçün? Çünki dinamika müsbət idi. Sağalanlar xəstələnənlərdən çox idi. Sonra nə gördük? Bəzi insanlar məsuliyyətsizlik göstərdi və yoluxma halları geniş vüsət aldı, dinamika pozuldu. Nə etdik? Yenidən sərtləşdirdik. Unutmamalıyıq ki, bu, ölümcül virusdur, ölümcül!” Yarana biləcək təhlükələrin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə, dövlət başçısının sərəncamıyla ötən il fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Xəstəliklə mübarizə aparmaq məqsədilə təxirəsalınmaz qaydada xəstəxanaların virusla mübarizə üçün hazır vəziyyətə gətirilməsi, çarpayı fondunun artırılması və zəruri olan tibbi avadanlıq və preparatların təchiz olunması istiqamətində bütün zəruri tədbirlər görüldü, əhaliyə lazımi maarifləndirici tövsiyələr, xəbərdarlıqlar edildi. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını Azərbaycan Respublikası Nazirlər Kabineti 4 aprel 2020-ci il tarixli qərarıyla təsdiq etmişdir. Bu Plan üç istiqamət üzrə müvafiq tədbirləri nəzərdə tutur:
İqtisadi artıma və sahibkarlığa dəstək sahəsində tədbirlərin əhatə dairəsi: iqtisadi qurumların fəaliyyətinin fövqəladə koordinasiyası; İş yerlərinin və sosial sabitliyin qorunması; İqtisadiyyatda şəffaflığın artırılması; İqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi; İqtisadiyyata və sahibkarlığa dövlətin krediti; zəmanət dəstəyinin verilməsi; İqtisadiyyatın və sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi; Pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi; Post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.
Məşğulluq və sosial rifaha dəstək: Dövlət sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi; Qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi; İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi; Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi.
Makroiqtisadi və maliyyə sabitliyinə dair tədbirlər planı. Daha sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi veb səhifəsində yerləşdirilmiş məlumata əsasən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı hazırlanıb. Proqram bu istiqamətləri əhatə edir: Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi; Müvafiq müddətə əmlak və torpaq vergilərindən azadolmalar; Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar; İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi; Bəzi vergi ödəyicilərinin müvafiq müddətə əlavə dəyər vergisindən azad edilməsi; Güzəşt veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi; 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması; Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması; Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının əlavə dəyər vergisindən azad edilməsi); Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların əlavə dəyər vergisindən azad edilməsi; Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması; Epidemiyanın qarşısının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisinin sıfır (0) faiz dərəcəsi ilə tutulması. Göründüyü kimi, pandemiyanın bütün sahələrdə yaratdığı problemlərlə mübarizə dövlətin ciddi nəzarətindədir.
Bu qlobal bəlaya qarşı Azərbaycan Prezidenti İlham Əliyev dünya birliyini birlikdə mübarizəyə aparmağa dəvət edib. Bu məsələ Türk Şurası, Qoşulmama Hərəkatı ilə müzakirə edilib, problem BMT səviyyəsinə qaldırılıb, Təsadüfi deyil ki, BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib və avqustun 31-də həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə deyib: “Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir. Biz Azərbaycana minnətdarıq ki, o, Qoşulmama Hərəkatının sədri olaraq bu mühüm xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış edib”. Bu sözlər Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolun, hörmət və etibarının göstəricisidir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiya ilə mübarizəsinə həmişə yüksək qiymət verib.
Hazırda dünyada koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi digər ölkələr Sinovac peyvəndini seçib. Digər effektli vaksinlər də ölkəmizə gətiriləcəkdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 29 mart tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 28,926 nəfər vaksinasiya olunub. Ümumilikdə isə hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536,871 nəfər peyvəndlənmə prosesində iştirak edib. Proses davam edir.
Ataş CƏBRAYILOV
Respublika.- 2021.- 4 aprel.- S.1;3.