Tibbi xidmət insanları razı salır

 

7 Aprel Ümumdünya Sağlamlıq Günüdür

 

Bu gün ölkəmizdə bütün sahələrlə yanaşı, səhiyyə islahatları da uğurla həyata keçirilir, istər paytaxtımızda, istərsə də regionlarda müasir tipli, dünya standartlarına cavab verən yeni tibb ocaqları istifadəyə verilir, kadr potensialı güclənir. Əlbəttə, bu da insanların sağlamlığının qorunub saxlanılmasında mühüm rol oynayır.

 

 

Hər yerdə olduğu kimi, Bakının Nərimanov rayonundakı 18 nömrəli şəhər poliklinikasında da son illər mühüm irəliləyişlər müşahidə olunur. Tibb işçiləri Prezident İlham Əliyevin göstərişi və tövsiyələrinə layiqincə əməl edirlər.

 

Poliklinika “Gənclik” metrosunun yaxınlığında yerləşir, hər gün müxtəlif ünvanlardan buraya çoxlu insanlar gəlir. Onların müalicə və müayinəsi düzgün həyata keçirilir.

 

Poliklinika 33 minə yaxın əhaliyə xidmət edir. Vurğulamaq lazımdır ki, ərazilərdə insanlar arasında tibb xidmətinin qorunub saxlanılması məqsədilə geniş maarifləndirmə işləri aparılır. Burada terapevtik, ürək, endokrinoloji, nevroloji, onkoloji, stomatoloq, oftalmoloq, burun-boğaz xəstəlikləri üzrə kabinetlər fəaliyyət göstərir.

 

Bütün kabinetlər müasir avadanlıqlarla təchiz olunmuşdur.

 

Tibb işçiləri müharibə və əmək veteranlarının sağlamlığının qorunub saxlanılmasına maksimum səy göstərirlər.

 

Qeyd etmək lazımdır ki, poliklinikada şəkər xəstəliyi olan insanlara həmişə qayğı və diqqət göstərilir. Şəkər xəstəliyindən əziyyət çəkən insanlar ölçü aparatı ilə təmin olunmuşdur, hər ay onlar pulsuz dərmanla təchiz olunur. Bu isə hamını razı salır.

 

Artıq bir ildən çoxdur ki, koronavirus xəstəliyi dünyanı cənginə almışdır. Hər bir şəxs bu xəstəlikdən uzaq olmaq üçün həkim məsləhətlərinə ciddi riayət etməli, sanitariya qaydalarının qorunub saxlanılması üçün tibbi maskalardan düzgün istifadə etməli, ictimai nəqliyyatda, insanların sıx olduğu yerdə məsafə saxlamalı, özlərində narahatlıq hiss etdikdə həkimə müraciət etməlidirlər.

 

Poliklinikamızın işçiləri pandemiyadan qorunmaq üçün əhali arasında mühüm işlər aparır, xüsusilə yaşlı nəslin nümayəndələrinin sağlamlığının qorunub saxlanılmasını diqqət mərkəzində saxlayırlar. Bu işlərə poliklinikanın baş həkimi, təcrübəli səhiyyə işçisi Şəhla Məmmədova tərəfindən ciddi nəzarət olunur.

 

Artıq xeyli vaxtdır ki, Nərimanov rayonunun bütün səhiyyə ocaqlarında, eləcə də 18 nömrəli şəhər poliklinikasında koronavirus xəstəliyinə qarşı peyvənd işləri aparılır. Qeyd etmək lazımdır ki, poliklinikada hər gün səhər saat 9-dan axşam saat 7-8-dək əhali arasında vaksinasiya həyata keçirilir. İlk olaraq 50 və 65 yaşdan yuxarı olan insanlarda peyvənd işləri aparılır. Hazırda bu uğurla davam etdirilir.

 

Ağxalatlı həkimlər, tibb işçiləri insanların sağlamlığının keşiyində ayıq-sayıq dururlar. Ümumdünya Sağlamlıq Günü münasibətilə səhiyyə işçilərini təbrik edir, onlara çətin və şərəfli peşələrində yeni-yeni uğurlar arzulayırıq.

 

 

 

Mansır HÜMBƏTOV,

Nərimanov rayonundakı

18 nömrəli şəhər

poliklinikasının

baş həkimin müavini.

 

Respublika.- 2021.- 6 aprel.- S.6.