Bol suvarma suyu
yüksək məhsul
deməkdir
Yazın gəlişi ilə torpaq yenidən canlanır. Günəşin ilıq nəfəsi
ilə torpaqdan baş qaldıran cücərtilər qarış-qarış
boy atır. Kənd adamı
əl-qolunu çırmalayıb
işə başlayır.
Taxıl zəmilərində,
bağlarda, tərəvəz
sahələrində qızğın
iş gedir. Təsərrüfat adamları səhərdən-axşamadək
torpaqda əlləşir,
suyunu verir, gübrəsini səpir, zərərvericilərə qarşı
müalicə tədbirlərini
görür və s. Bütün aqrotexniki xidmətləri ardıcıllıqla
vaxtında və keyfiyyətlə aparır.
Bir sözlə, insan əlləri torpağa sığal çəkir.
Bu işdə torpaq adamına ən yaxın köməkçi melioratorlardır.
Vaxtında verilən su
torpağın canı,
bitkinin məlhəmidir.
Odur ki, hər il
təsərrüfat mövsümü
başlayana qədər
melioratorlar gərgin çalışır, hazırlıq
işlərini vaxtında
görürlər. Sahələri
bol suvarma suyu ilə təmin
edirlər.
İri kənd təsərrüfatı
rayonu olan Xaçmazda bu il melioratorlar
mövsümə yaxşı
hazırlıq görmüşlər.
Rayon Suvarma Sistemləri
İdarəsinin kollektivi
təsərrüfatları vaxtında bol su ilə təmin
edə biləcəkdir.
Hidrotexniki qurğularda, kollektor-drenaj
sistemlərində təmir
işləri başa çatmaq üzrədir.
Bu barədə bir qədər ətraflı
məlumat verən idarənin rəisi Vaqif Səlimov deyir: rayonumuzda 50 min 286 hektar suvarılan torpaq sahəsi mövcuddur. Sahələrin
21734 hektarını taxıl,
15 min 925 hektarını meyvə,
1520 hektarını tərəvəz,
5492 hektarını yem
bitkiləri, 5065 hektarını
həyətyanı, 550 hektarını
meşə təsərrüfatının
sahələri təşkil
edir. Rayon üzrə
ümumi suvarma şəbəkəsinin uzunluğu
2178 kilometrdir. Kanalların 1795 kilometri torpaq məcralı, qalan hissəsi isə beton və yeraltı
kanallardır. Bundan əlavə,
rayonun ərazisində
42 ədəd subartezian,
7 artezian quyusu vardır. Əsas su mənbələri
Samur-Abşeron kanalı,
“Xan” arxı, Qudyalçay, Vəlvələ,
Qusarçay, Ağçay,
Qaraçay, Çağacuq
çayları və
yeraltı qara sulardır. Su mənbələrindən səmərəli
istifadə etmək, təsərrüfatlara suvarma
suyunu vaxtında çatdırmaq məqsədilə
mövsümə qədər
bütün hidrotexniki
qurğular, kollektor-drenaj
sistemlərində təmir
işləri aparmışıq.
Şəbəkə təmizlənmiş və yenidən saz vəziyyətə gətirilmişdir. Təmir işləri
artıq yekunlaşmaq
üzrədir.
“Xan arx”, “Çinar tala”, “Qıraqlı”, “Rəhim oba”, “Pirqulu oba” SİB-lərinin ərazilərində daha çox iş görülmüşdür. İdarəmizin melioratorları suvarma şəbəkəsini təmir etməklə bərabər, həm də çay məcralarında cari təmir işləri aparmışlar. Vəlvələ, Qusarçay, Qaraçay və Qudyalçay çaylarında sahil bərkitmə, təmizləmə işləri görülmüşdür. Onu da deyim ki, bu işlərin həyata keçirilməsi üçün idarəmizin kifayət qədər ağır texnikası vardır. Bu günlər artıq sahələrdə yaz suvarma işlərinə başlanılmışdır. Məlumat üçün deyim ki, 11 min 500 hektar taxıl sahəsində, 2100 hektar meyvə bağında birinci yaz suvarması həyata keçirilmişdir. 3700 hektar taxıl sahəsində isə ikinci suvarması həyata keçirilmişdir.
Pirquluoba Sudan İstifadəedənlər Birliyi 9 kəndi əhatə edir. Ərazidə hər il min tonlarla taxıl, meyvə, tərəvəz yetişdirilir. SİB-in sədri Əmirsultan Həkimov bildirir ki, birliyin əhatə etdiyi kəndlərdə 2479 hektar suvarılan sahə vardır. Aprelin 1-dək arx və kanallarda təmir-təmizləmə işləri başa çatdırılmışdır. Sudan istifadə edənlər öz təsərrüfatlarında rahat çalışır, sudan lazımi qədər istifadə edə bilirlər. Yeri gəlmişkən deyim ki, son illərdə kəndli sahibkarlar intensiv bağçılığa daha çox üstünlük verir, suvarmada damcı üsulundan istifadə edirlər. Artıq yeni salınmış 10 hektar meyvə bağı damcı üsulu ilə suvarılır. Bu da sudan maksimum qənaətlə istifadə etmək deməkdir.
Həbibkənd kəndindəyik. Kəndin hər tərəfi meyvə bağlarıdır. Seyidəli Sultanovun rəhbərlik etdiyi ailə təsərrüfatına məxsus meyvə bağındayıq. Təsərrüfatında yeni saldığı intensiv bağ üçün su anbarı düzəldən bağbanla söhbət edirik. Təsərrüfat başçısı deyir ki, mülkiyyətimizdə 10 hektar meyvə bağı vardır. Bunun 7 hektarı bar verən bağlardır. Hazırda gördüyünüz bağı bu il salmışıq. Tinglərini Türkiyədən aldığımız gilas bağıdır. Bu gilas sortu həm tez bara düşür, həm də cərgədə ağacların sayı çoxdur. İntensiv bağ damcı üsulu ilə suvarılacaqdır. Artıq su anbarı hazırdır. İndi buradan ağacların dibinə su xətləri çəkilir. Qalan bağları isə arx suyu ilə suvarırıq. S.Sultanov bildirir ki, nəinki mənim, digər bütün təsərrüfatların suvarma suyundan heç bir çətinlikləri yoxdur. Sağ olsun melioratorlarımız. Ötən il Samur-Abşeron kanalından kəndimizə 5 kilometr məsafədən beton kanal çəkiblər. İndi bizim kəndin, ətraf böyük bir ərazinin torpaqları həmin kanal vasitəsilə suvarılır. Su bol olanda məhsul da çox olur. Təsərrüfat ili yaxşı gəlir. Ümid edirik bağlardan yüksək məhsul əldə edəcəyik.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2021.- 7 aprel.- S.5.