İnsanların sağlamlığı cəmiyyətin
sərvətidir
7 aprel Ümumdünya
Sağlamlıq Günüdür
Bəşəriyyət üçün insan sağlamlığının böyük önəm daşıdığı xüsusi qeyd olunmalıdır. Hamımız üçün həyat da, böyük məqsədlər də, qazandığımız nəticələr də məhz sağlamlıqdan başlanır. Ona görə hər il 7 aprel gününün sağlamlıq məsələsinə həsr olunması dünyada yaşayan bütün insanlar üçün əhəmiyyətlidir.
Bu il isə ümumdünya Sağlamlıq Gününün önəmini artıran əsas məsələ hazırda dünyanın bütün ölkələrində yayılaraq ümumən bəşəriyyəti təhdid edən COVİD-19 koronavirus infeksiyasının yaratdığı qlobal problemlərlə bağlıdır. Belə bir xəstəliyin törətdiyi çətinliklərdən sonra indi hər kəs insan səhhətinin, Yer üzündə hamımız üçün sağlam bir mühitin yaradılmasının, xəstəliklərə qarşı birgə mübarizənin nə qədər mühüm zərurət olduğunu hiss edir. Eyni zamanda, həkim və ümumən tibb işçisi sənətinin necə çətin və məsuliyyətli bir iş olduğunu da hər kəs anlayır. Bu sahədə çalışan insanların başqalarının həyatını xilas etməkdən ötrü göstərdikləri fədakarlıqları, qəhrəmanlıqları hamı alqışlayır.
Azərbaycan dövləti insanların sağlamlığını, səhiyyə xidmətlərinin vətəndaşlar üçün əlçatanlılığının təmin olunmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasında bu məsələ xüsusi yer tuturdu. Ulu öndər ölkə əhalisinin sağlamlığı ilə bağlı dövlətin üzərinə düşən zəruri tədbirləri həyata keçirməklə yanaşı, vətəndaşların sağlamlığının qorunması missiyasını yerinə yetirən əsas insanlar kimi, həkimləri də yüksək mənəvi dəyərlərə sadiqlik göstərməyə, özünüinkişafa, sosial məsuliyyətə çağırırdı.
Həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyev üçün də əhalinin sağlamlığı əsas prioritetlərdəndir. Dövlət rəhbərimizin bu sahəyə xüsusi qayğısı nəticəsində ölkənin hər bir bölgəsində müasir tibb müəssisələri şəbəkəsi yaradılıb. Xəstəxanalarımız, tibb müəssisələrimiz bütünlüklə yenilənib və bu proses davam etdirilir.
Azərbaycanda inanılmaz görünən kardiocərrahiyyə, o cümlədən uşaqların anadangəlmə ürək qüsurları əməliyyatları, orqan transplantasiyaları və s. bu kimi mürəkkəb əməliyyatlar indi yerli klinikalarda həkimlər tərəfindən uğurla həyata keçirilir. Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də bütün regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə münbit şərait yaradıb. Ötən illərdə Heydər Əliyev Fondunun reallaşdırdığı səhiyyə layihələrinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında yaradılmış Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
“Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara yardım” və s. layihələr bu baxımdan böyük rəğbətlə qarşılanmışdır. Qurumun təşəbbüsü ilə inşa olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar, uşaq evləri ölkə səhiyyəsinə böyük töhfə olmuşdur. Fond nəinki Azərbaycanda, ümumən dünyada yaşayan soydaşlarımızın müalicəsi ilə bağlı problemlərinə fəal şəkildə kömək göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milləti yoxdur!”, “Sağlam olmağını yəqin et, xəstəliyə “Yox” de!” devizi altında həyata keçirilən aksiyalar bu qəbildəndir. Bu aksiyalar pasiyentlərin pulsuz müayinəsinə, gənc həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına böyük kömək göstərir.
Hazırda ölkədə “Şəkərli diabet xəstəliyi üzrə” Üçüncü Dövlət Proqramı da uğurla icra olunmaqdadır. Eyni zamanda, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.
İnsanların sağlamlığının təmin olunmasında müstəsna rol oynayan həkimlərin, tibb işçilərinin peşəkar hazırlığı məsələlərinə də xüsusi diqqət yetirilir. Tibb təhsilində davamlı islahatlar aparılır. Xarici ölkələrin qabaqcıl təhsil təcrübəsi ölkəmizə gətirilir. Səhiyyə işçilərinə Avropa klinikalarında təcrübə keçmək imkanı yaradılır. Onların fərdi inkişafı üçün digər məqsədyönlü addımlar atılır. Bütün bunların nəticəsidir ki, hazırda xəstəxanalarımızda ən müasir müalicə üsullarından istifadə edilir. Azərbaycan Prezidentinin bununla bağlı qarşıya qoyduğu konkret vəzifələr var: “Bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Əlbəttə, siz yaxşı bilirsiniz ki, dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır”.
Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanması da son illər ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların ən böyük uğurlarındandır. Bu istiqamətdə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsindən ötrü müvafiq infrastruktur formalaşdırılıb. Məqsəd əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığorta imkanı formalaşdırmaqdır. Zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlılığını təmin etməkdir.
Rəhbərlik etdiyim “Zəfəran Hospital” müasir texnika və avadanlıqlarla təchiz olunmuş, 24 saat genişprofilli-dünya standartlarına cavab verən təcili yardım, laboratoriya, poliklinika, kardiologiya, ürək-damar cərrahiyyəsi, travmatologiya-ortopediya, neyrocərrahiyyə, urologiya, reanimasiya və intensiv terapiya, ginekologiya və plastik - rekonstruktiv cərrahiyyə şöbələrindən ibarət tibbi xidmətlərlə vətəndaşlarımıza xidmət göstərən özəl tibb mərkəzlərindən biridir. Bu şöbələrdə tam peşəkar və məsuliyyətli tibbi personal fəaliyyət göstərir. Kollektivimizin əsas məqsədi yeni müalicə və diaqnostika metodlarını, eləcə də müasir tibb texnologiyalarını tətbiq etməklə cəmiyyətin sərvəti olan insanların sağlamlığına yüksək səviyyədə nail olmaqdır.
7 Aprel - Ümumdünya Sağlamlıq Günü həm də indi dünyanın hər yerində COVİD-19 pandemiyasına qarşı döyüşən bütün həmkarlarıma minnətdarlıq bildirmək və hər kəsin sağlamlığının tam potensialına nail olmaqda, əhaliyə göstərdikləri tibbi xidmətlərdə uğurlar arzulamaq fürsətidir.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytındakı şüarda elə bu cür də əks olunub: “Sağ ol deməyə bircə an lazımdır!” Biz də o bir anımızı əsirgəmədən insanların sağlamlığı qayğısına qalan hər kəsə təşəkkürümüzü bildirir, dünyamızın bu çətinliklərdən tezliklə çıxmasını diləyirik.
Firdovsi MƏMMƏDOV
“Zəfəran Hospital”ın
baş həkimi.
Respublika.- 2021.- 7 aprel.- S.6.