Peyvənd sağlamlığımızın qorunması və yenidən normal həyata qayıtmağımız üçün əsas vasitədir

 

7 aprel Ümumdünya Sağlamlıq Günüdür

 

Bildiyimiz kimi, ötən ilin əvvəlindən dünyanı bürüyən qlobal koronavirus pandemiyası sosial-iqtisadi sahədə ciddi fəsadlar yaratmaqla, həm də insanların sağlamlığını təhlükə altında qoymuşdur. Ölkəmiz də dünya birliyinin bir parçası olmaqla xarici mənşəli şoklara məruz qalmışdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu xəstəliyə qarşı mübarizə istiqamətində təxirəsalınmaz tədbirlərə başlanmışdır. İlkin olaraq ölkə rəhbərinin müvafiq sərəncamına əsasən 2020-ci il fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Səhiyyə Nazirliyi və TƏBİB (Tibbi ərazi bölmələrini idarəetmə birliyi) öz işlərini Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi qərarlar və inkişaf etmiş ölkələrin təcrübəsi əsasında qurdular. Operativ tədbirlər nəticəsində yeni modul tipli xəstəxanalar tikilmiş, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilmiş, yeni süni tənəffüs aparatları (ECMO) alınmış, həkimlər səfərbər edilmişdir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilmiş müşavirələrdə koronavirusla mübarizənin vəziyyəti və görülmüş tədbirlər təhlil edilmişdir. Bir sözlə, əhalinin sağlamlığının qorunması məqsədilə pandemiyanın yayılmağa başladığı ilk günlərdən bütün zəruri addımlar atılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan koronavirusla qətiyyətli mübarizə aparan ölkələr arasında lider olmuş, MDB məkanında isə ilk sıradadır.

Pandemiyanın yayılmağa başladığı gündən keçən müddətə nəzər salsaq görərik ki, müxtəlif vaxtlarda karantin rejimi tətbiq olunmuş, qaydaların pozulmasına görə cərimələr sərtləşdirilmişdir. Bununla yanaşı xəstəliyə yoluxmuş insanların müalicəsi də yüksək səviyyədə aparılmışdır. Həmçinin vətəndaşlardan ictimai yerlərdə, işdə, nəqliyyat vasitələrində karantin qaydalarına əməl etmək tələb olunmuşbununla bağlı maarifləndirmə işləri aparılmışdır. Sosial məsafəni saxlamaq, maskadan istifadə etmək, gigiyenik məhlullarla əlləri yumaq vacib şərtlərdir. Bütün bunlarla yanaşı, virusa qarşı mübarizənin ən səmərəli yolu vaksinasiyanın tətbiqidir.

Azərbaycan həm də COVAX beynəlxalq təşəbbüsə qoşulan ilk ölkələrdən biri olmaqla bu sahədə üzərinə düşən öhdəlikləri layiqincə həyata keçirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiya ilə mübarizə elə bir prosesdir ki, bununla dar çərçivədə və bir ölkə səviyyəsində uğur qazanmaq olmaz. Burada həmrəylik və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə birgə çalışmağımızın önəmi çox vacibdir. Bu baxımdan Azərbaycan Qoşulmama Hərəkatının lideri, o cümlədən ikitərəfli əlaqələrdə qarşılıqlı hörmət və ədalətlilik prinsipini əlində rəhbər tutmuş bir ölkə kimi dövlətimizin başçısının təşəbbüsləri sayəsində həm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq proqramlarına ianə etmiş, həm də ikitərəfli qaydada 30-dan çox ölkəyə humanitar yardım göstərmişdir. Pandemiya ilə mübarizədə ölkəmizin mövqeyi, təşəbbüsləri və həyata keçirdiyi tədbirlər beynəlxalq ictimaiyyət və dünya dövlətləri tərəfindən müsbət qarşılanır. Məsələn, aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilatın Baş direktoru Tedros Qebreyesusla videokonfrans formatında keçirilən görüşdə ölkəmizin qlobal pandemiya ilə mübarizəyə verdiyi töhfələr diqqət mərkəzində olmuşdur. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyası çağırılmış, Türk Şurasının fövqəladə Zirvə görüşü keçirilmişdir. Qeyd edilmişdir ki, martın 21-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə COVİD-19 əleyhinə peyvəndlərin bərabər məqbul qiyməti, vaxtında və universal əlçatanlığın təmin edilməsi adlı proqramı qəbul edilmişdi. Əlbəttə, bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir və qlobal miqyaslı problemlərin həllində fəal rol oynadığını təsdiq edir.

Aprelin 5-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Twitter səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir. Orada deyilir: Azərbaycan Prezidenti ilə bu həftəsonu söhbət zamanı həmçinin fürsətdən istifadə edərək COVİD-19-a qarşı dünyada cavab tədbirlərinə Azərbaycanın maliyyə dəstəyi üçün, ÜST ilə əməkdaşlığa görə, “Vaccin Equityin müdafiəsinə, Qoşulmama Hərəkatı ölkələri arasında həmrəyliyə göstərdiyi dəstəyə görə təşəkkür etdim”.

Ölkəmizdə yeni növ koronavirusun qeydə alındığı vaxtdan etibarən onun geniş yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən tədbirlər uğurla aparılır. Demək olar ki, dünyanın bir çox aparıcı ölkələri ilə eyni vaxtda - yanvarın 18-də ölkəmizdə vaksinasiya prosesinə başlanmışdır. Məlum olduğu kimi, peyvəndləmə əvvəlcə 65 yaşdan yuxarı, sonra 60, daha sonra 50 yaş, hazırda isə 40 yaşdan yuxarı olan şəxslər arasında başlanmışdır. Martın 31-də Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya ilə bağlı vəziyyəti və peyvəndləmə prosesini müzakirə edib. İclasda qərargah üzvləri, şəhər və rayonların icra hakimiyyəti başçıları və baş həkimlər iştirak etmişlər. Ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti - yoluxmanın dinamikası və vaksinasiya prosesinin gedişi gündəlikdə duran məsələ olub. Ölkəmizdə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib. İclasda peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilmişdir.

Dünyanın əksər ölkələrində COVİD-19-a qarşı müxtəlif karantin qaydaları tətbiq olunsa da, peyvəndləmə sürətlə aparılsa da, pandemiyanın tamamilə aradan qaldırılmasına hələlik nail olunmayıb, əksinə virusun yeni mutasiyaya uğraması haqda məlumatlar yayılır. Görülən tədbirlərə baxmayaraq, ötən həftə ölkəmizdə də yoluxmanın gündəlik sayı 2 mindən yuxarı olmuşdur. Lakin aprelin 5-də bu rəqəm birdən-birə 2 dəfə azalmışdır. Belə ki, aprelin 5-də ölkəmizdə korona infeksiyasına 1099 nəfər yoluxmuş, 647 nəfər müalicə olunaraq sağalmışdır. Sutkada yoluxma sayı azalsa da, həmin gün COVİD-19 üçün götürülmüş analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat etmişdir.

Onu da qeyd edək ki, koronavirus testinin nəticəsi pozitiv çıxmış bəzi vətəndaşlar ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud surətdə pozaraq yaşadıqları ünvanı tərk etmələri aşkarlanır. Belələri polis əməkdaşları tərəfindən saxlanılır, onlarla profilaktik və maarifləndirici söhbətlər aparılır və evlərinə qaytarılır.

Bir məsələni də xüsusi qeyd etmək yerinə düşər. Əhalinin COVİD-19-a qarşı vaksinasiyası və tətbiq olunmuş qaydalara əməl olunması ilə bağlı maarifləndirmə işlərinin aparılmasında digər qurumlarla yanaşı, kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür. Dünyanı cənginə alan pandemiyanın tamamilə aradan qaldırılmasında sağlamlığımızın qorunması və yenidən normal həyata qayıtmağımızda peyvəndləmənin əsas vasitə olduğu, koronavirusla mübarizədə tələb olunan üç qaydaya (maska taxmaq, məsafə saxlamaq, gigiyenik qaydalara riayət etmək) hər bir vətəndaşın məsuliyyətlə yanaşması mühüm şərtdir.

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2021.- 7 aprel.- S.6.