Aşıq Ələsgər sözünün qüdrəti
Aşıq Ələsgərin 200 illik yubileyi qarşısında
Aşıq
Ələsgər incə qəlbləri oxşayan, səmimi məhəbbət
duyğularını tərənnüm edən, Vətəninə,
elinə, obasına qırılmaz tellərlə bağlanan,
insanlara müsbət keyfiyyətlər aşılayan qüdrətli
söz sərrafı olub.
Aşıq Ələsgər saf məhəbbətli, təmiz qəlbli bir sənətkar idi. O, sinəsinə saz götürüb elin xeyir-şərində, ağır məclislərdə iştirak edən aşığın ədəb-ərkanından söhbət açaraq demişdir:
Aşıq olub tərki vətən olanın,
Əzəl başdan pür kamalı gərəkdir.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
O, böyük ustad kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini çox böyük ustalıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir. Onun sənəti xalqın ruhundan doğmuş, onun mənəviyyatından qidalanaraq inkişaf etmişdir. Onun əsərlərində təbiət, dağlar, düzlər, çaylar, göllər, saf bulaqlar, atlas geyimli dağların ətri, təravəti və gözəlliyi çox ustalıqla misralanmışdır. O, aşıq şeirinin demək olar ki, bütün formalarına müraciət etmiş, qoşmalar, gəraylılar, təsniflər, qıfılbəndlər, dodaqdəyməzlər yaratmış, deyişmələrdə iştirak etmiş, yüksək peşəkarlıqla bütün formalara yiyələnmişdir. İndi də el şənliklərinin əvvəli Aşıq Ələsgərin ustadnamələri ilə başlayır, sonu da onun divanələri ilə tamamlanır.
Aşıq Ələsgər halal zəhməti insanın ən yüksək keyfiyyətlərindən biri, bəlkə də, birincisi kimi qiymətləndirir. O göstərir ki, hər kəs öz əməyinin barı ilə dolanmalı, dolayı yollarla başqasının malına göz dikməməli, başqasının zəhmətini mənimsəməməlidir, maya halal olmalıdır. Maya halal olmayan evdə xeyir-bərəkət də olmaz. Ən nəcib insani keyfiyyətləri öz şəxsində cəmləmiş, öz halallığı ilə el arasında böyük nüfuz qazanmış Aşıq Ələsgər haramxorları düzgün yola - halallığa çağırarkən bəzən özünə müraciətlə onlara öyüd-nəsihət verir:
Sövdə qıl haqq ilə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxtım!
Aşıq Ələsgər bu tövsiyəsi ilə - “ziyanın yarısından qayıtmaq da xeyirdir” - atalar sözünü başqa şəkildə tövsiyə etməklə insanları halallığa səsləyir. Onun şeirlərinin böyük bir qismi nəsihətlərdən ibarətdir. Bu cəhətdən “Gərəkdi”, “Dayanmaz”, “Ola bilməz”, “Olmaz-olmaz”, “Olar”, “Olacaqdı”, “Eylər”, “Yaxşıdı” və sairə rədifli qoşmaları bu baxımdan daha səciyyəvidir. Onun sözlərinə yüzlərlə mahnı bəstələnmişdir. O, xalqımız tərəfindən bu gün də sevilə-sevilə dinlənilir. Aşıq Ələsgər aşıq poeziyasının, saz ifaçılarımızın zənginləşməsinə böyük töhfələr vermiş, öz yüksək sənətkarlığı ilə aşıq sənətinin şöhrətini yüksəklərə qaldırmışdır. Sənətkar aşığın 200 illik yubileyi yaxınlaşır. Heç şübhəsiz ki, bu yubiley Aşıq Ələsgərin adına layiq, yüksək səviyyədə keçiriləcək. Xalqımızın Aşıq Ələsgərə olan məhəbbəti heç vaxt sönməyəcək.
Məhəmməd VƏLİYEV
Respublika.- 2021.- 7 aprel.- S.7.