Azərbaycanın bütün sahələrdə möhtəşəm uğurları

 

 

Azərbaycanın sürətli iqtisadi inkişafı, həyata keçirilən siyasi islahatlar, milli təhlükəsizliyin təmin olunması yönündə görülmüş tədbirlər ölkədə möhkəm əsaslara malik ictimai-siyasi sabitliyin təmin olunmasını şərtləndirib. Azərbaycan ötən illərdə siyasi, iqtisadi, sosial sahələrdə, beynəlxalq mövqelərinin möhkəmləndirilməsində əzəmətli uğurlar qazanıb. Demokratik dəyərlərə sadiqlik nümayiş etdirən ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar idarəetmənin təkmilləşdirilməsində, insan hüquq və azadlıqların qorunmasında, hüquqi dövlət quruculuğu prosesinin dönməz xarakter almasında özünü göstərib. Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alır. Eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən ən çox islahat həyata keçirən ölkələrdən biri kimi qiymətləndirilir, respublikamızda etibarlı sərmayə mühitinin bərqərar olduğu vurğulanır.

 

 

 

Ölkədə qeyri-neft sektorunun üstün inkişafına nail olunub, regionlarda geniş infrastruktur layihələri icra edilib, sənayenin, sahibkarlığın, özəl bölmənin davamlı inkişafı təmin olunub. Prezident İlham Əliyevin 18 illik siyasi fəaliyyətinə, qazanılan uğurlara nəzər salsaq, aydın şəkildə görərik ki, Azərbaycan bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. Dövlət başçısının söylədiyi kimi, Azərbaycan tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı təsdiqini tapıb. İnkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və tərəqqi modeli bir çox ölkələr üçün praktik nümunədir. Bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub. Bütün bunlar Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib.

 

Bu, Prezident İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir. Ötən dövr ərzində respublikada həyata keçirdiyi sosial-iqtisadi islahatlar həm də dövlət başçısının yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürlərindən biri kimi qiymətləndirilir. Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın ən müxtəlif spektrlərindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran konkret vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb. Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib. Hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi sıx edib. Prezident İlham Əliyevin rəhbərliyi altında son 18 ildə möhtəşəm inkişaf yolu keçən Azərbaycan öz dövlətçiliyini inkişaf etdirib, siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirib. Cənab İlham Əliyevin sayəsində dünyada sürətli iqtisadi inkişaf dinamikası nümayiş etdirən, liberal prinsiplərə əsaslanmış iqtisadi modelini yaradan Azərbaycanın bu dövrdə həm regional, həm qlobal miqyasda nüfuzu yüksəlib, ölkəmiz geoiqtisadi və geosiyasi oyunçuya çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız bölgənin liderinə və dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib.

 

2003-cü ilin 15 oktyabrında keçirilmiş prezident seçkisində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” ümidinə güvənərək İlham Əliyevin ətrafında bir araya gəlmişdi. Böyük yekdilliklə Heydər Əliyev siyasətinə səs vermişdi. Seçkidə iştirak etmiş iki milyon yarım seçicinin bir milyon 800 min nəfərindən çoxu məhz İlham Əliyevi dəstəkləyərək onu ölkənin Prezidenti seçmişdi. Vətənin gələcəyini ümumxalq etimadının məsuliyyətini dərk edən elitar təfəkkürlü siyasətçiyə etibar etmişdi.

 

Bu, tarixi bir seçim idi. Öz seçimi ilə Azərbaycan xalqı Heydər Əliyev siyasətinə inam və güvənini, ulu öndərin müəyyənləşdirdiyi milli dövlətçilik yoluna sadiqliyini göstərmiş, böyük itkilər, ağrı-acılar bahasına qazanılmış istiqlalımızı qorumaq əzmini ortaya qoymuşdu. Bu seçim həm də onu göstərirdi ki, Azərbaycanda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesləri, vətəndaş cəmiyyətinin inkişafı artıq öz bəhrəsini verib. İctimai təfəkkürdə, insanların düşüncə tərzində böyük dəyişikliklər var. Artıq qərarları coşqun emosiyalar deyil, dərin məntiqə, müfəssəl təhlilə əsaslanan mütərəqqi dünyagörüş müəyyənləşdirir. Bu qərarların formalaşmasında qaragüruh təsirlər yox, milli vəhdət, gələcəyə aydın baxış əsas rol oynayır. Azərbaycan xalqının bu seçimi Heydər Əliyev kursunun alternativsizliyini bir daha təsdiqləyirdi. Bu kursu uğurla davam etdirə biləcək yeganə lider kimi İlham Əliyevə olan yüksək inam isə onun parlaq şəxsiyyətindən, 2003-cü ilə qədər müxtəlif sahələrdə ölkəmizə qazandırdığı yüksək nailiyyətlərdən qaynaqlanırdı. Ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin sədri kimi cənab İlham Əliyev dövlətimiz üçün çox işlər görmüşdü. Cəmiyyət onu bu nailiyyətlərin işığında görüb dəyərləndirməyə başlamışdı. rezident fəaliyyət fəlsəfəsinin - “biz yalnız Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edirik”, “Biz xalqın xidmətçisiyik”, “Bizim üçün yeganə istinadgah yalnız xalqdır, onun inamı və etimadıdır” amalının dəyişməzliyini növbəti dəfə sübut etdi!

 

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxardığı suveren Azərbaycan Respublikası əsrin dörddə biri qədər dövrdə nəinki müstəqil yaşamağa, eyni zamanda, bir sıra sahələrdə beynəlxalq maraq doğuran ciddi iqtisadi, sosial, siyasi və mədəni uğurlara imza atmağa nail olmuşdur. Bu möhtəşəm uğurların qazanılmasında ölkəyə 18 ildən bəri rəhbərlik edən Prezident İlham Əliyevin xidmətləri, heç şübhəsiz, müstəsnadır! O yüksək intellektinin, sarsılmaz iradəsinin, tükənməz quruculuq enerjisinin, ən əsası, mənsub olduğu xalqın ideallarına sədaqətinin nəticəsi olaraq ümummilli etimad qazanmış, yalnız ölkəsinin deyil, bütövlükdə, dünya azərbaycanlılarının lideri kimi şöhrətlənmişdir!

 

Həyata keçirilən sosial-iqtisadi tədbirlər, eyni zamanda, 18 il ərzində insan amilinə necə yüksək dəyər verildiyini, vətəndaşların maraq və mənafeyinin uca tutulduğunu, xalq-iqtidar birliyinin gücünü göstərir.

 

Cənab İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirərkən bu məqama xüsusi toxunub: “Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 18 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.

 

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyən cənab İlham Əliyev öz fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də vətəndaşların yanında olmuş, onlara diqqət və qayğısını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşmüş, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir.

 

Əminliklə deyə bilərik ki, hər zaman xalqın böyük dəstəyini qazanmış cənab İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf və tərəqqiyə aparan çoxşaxəli islahatları bundan sonra da inamla davam etdirəcək, respublikamız qısa zamanda inkişaf etmiş dövlətlərdən birinə çevriləcəkdir. Ötən dövrlərin təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilib. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin bu dövrdəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Azərbaycan ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş dövrünü yaşayıb, qüdrətlənib, nüfuzunu artırıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirib, milli mənafelərimizi cəsarətlə və uğurla təmin edib, qloballaşmanın doğurduğu əngəllərin və maneələrin qarşısını qətiyyətlə alıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün regionun lideri və kosmos dövləti olan, beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan qlobal əhəmiyyətli məsələlərdə söz və nüfuz sahibidir. Fəxarət doğuran digər məqam isə Prezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, siyasi məharəti ilə dövlətimizin başçısı dünyanın nüfuzlu rəhbərləri cərgəsindədir.

 

“Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi.

 

Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il 44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi. Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Ordumuz öz şanlı missiyasına başladı və sadəcə 44 gün ərzində öz gücünü, potensialını, əzmini və vətənpərvərliyini bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsi Azərbaycan üçün böyük zəfərlə yekunlaşmış və artıq ölkəmiz üçün yeni dövr başlamışdır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Şübhə yoxdur ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək və birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz artıq işğaldan azad olunmuş ərazilərimizin quruculuğuna, bərpasına başlamışıq. Əlbəttə ki, bu, heç də asan və tez başa gələn bir məsələ deyil. Çünki məhv edilmiş, dağıdılmış infrastruktur yenidən yaradılmalı və bərpa edilməli, yenidən yollar, elektrik, qaz, kommunikasiya xətləri çəkilməli, körpülər salınmalıdır. Bunun üçün Azərbaycanın kifayət qədər maddi və mənəvi resursları, əmək və maliyyə ehtiyatları var. Hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan ərazilərimizdə tezliklə məskunlaşmanın şahidi olacağıq. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfərləri də mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə yadda qaldı.

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarında olarkən, bərpa-quruculuq işləri ilə bağlı deyib: “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”.

 

Bu gün, sözsüz ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdən olan insanlar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Həmin rayonlar yenidən qurulacaq, insanlarımız öz torpaqlarında xoşbəxt, firavan yaşayacaqlar. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

 

Etibar ƏLİYEV,

İqtisad elmləri üzrə

fəlsəfə doktoru.

 

Respublika.- 2021.- 8 aprel.- S.5.