El gözündə ucalan insan
Əmrah Qorçiyev 1940-cı ildə Qərbi Azərbaycanın Kalinino rayonunun (keçmiş Varansovka) Evli kəndində dünyaya göz açmışdır. Əmrahın ayağı yenicə yer tutanda dəhşətli bir xəbər onların ailəsini də sarsıtdı, alman faşistləri qəflətən sovetlər ölkəsinə hücum etdi. Bütün insanlar kimi, Əmrahın atası Musa da cəbhəyə, odlu səngərlərə yollandı. Ayrılıq dəmində sevimli övladı Əmrahı qucaqlayıb duz kimi yaladı, özünü də, ailə üzvlərini də ulu Tanrıya tapşırdı. Musa kişinin ürəyinə dammışdı ki, ölüm-dirim savaşında həlak olacaq, hər qarışında ayaq izləri qalan torpağa dönməyəcəkdir.
İllər, quş qanadlı illər ötüb keçdi. Atasız böyüyən, kasıblıqdan geyinmək üçün çarığa, qaloşa ehtiyacı olan Əmrah Qorçiyev 1954-cü ildə kəndəki 7 illik məktəbi əla qiymətlərlə başa vurdu, elmə, təhsilə böyük maraq göstərdi, heç vaxt əlindən kitab düşmədi. Yaşıl otlar döşəyi, sal daşlar yastığı oldu, çalışırdı ki, fəal həyat mövqeyi tutsun, hər bir uğurlu addımı anasını sevindirsin.
7 illik təhsildən sonra Əmrah Qorçiyev qəlbinin hökmü ilə İrəvandakı Kənd Təsərrüfatı Texnikumuna daxil oldu və oranı fərqlənmə diplomu ilə bitirdi. Onda ədəbiyyata böyük həvəs var idi. 16 yaşında ikən “Ədəbi Ermənistan” almanaxında poetik ilhamla qələmə aldığı müxtəlif şeirləri dərc olundu. Bu istedadı, qabiliyyəti, şübhəsiz ki, anasını yer-göy qədər sevindirirdi.
Şeir, poeziya həvəskarı olduğuna görə texnikumda təhsil aldığı illərdə filologiya elmləri namizədi, yazıçı Əkbər Yerevanlı Əmrahı ədəbiyyat dərnəyinə cəlb etdi. Həmin dərnəkdə öz kəndçiləri Murad Vəliyev də fəaliyyət göstərirdi. Ədəbiyyata meyilli gənclərdən biri də Dədə Ələsgərin nəvəsi İslam Ələsgərov idi. Əmrah qürur hissi keçirirdi ki, Aşıq Ələsgərin nəvəsilə dərnəkdə sıx əlaqəsi oldu, həmişə yazıb ərsəyə gətirdikləri şeirləri dərnəkdə birlikdə müzakirə edərdilər.
Əkbər müəllim Əmrah Qorçiyevə məsləhət gördü ki, texnikumu başa vurduqdan sonra İrəvandakı Pedaqoji İnstituta daxil olsun. Ancaq ailə vəziyyətləri buna imkan vermədi, həm də anasını tək qoymaq istəmədi.
Bir müddət keçdikdən sonra Əmrahın institut həyatı Gəncədə başladı. 5 il ali məktəbdə təhsil aldı. Bu müddətdə elmi biliklərlə silahlanmağa maksimum səy göstərdi, çalışdı ki, təhsil uğurları ilə anasını, doğmalarını sevindirsin.
Əmrah Qorçiyev əsgəri xidmətdə olarkən nümunəvi qulluğu ilə komandanlığın diqqətini cəlb etdi. Sonra isə o, Odessa şəhərinə kursa göndərildi. Kursda olarkən Əmrah hərbçi kimi püxtələşdi.
Qərargaha qayıtdıqdan sonra diviziyanın komandiri general Toyzakov Əmraha məsləhət gördü ki, əsgəri xidməti başa vurduqdan sonra onun yanında qalıb işləsin, çünki çox qabiliyyətlidir, fəal hərbçi olmaq Əmraha yaraşır. Hətta yaşamaq üçün evlə də təmin olunarsan.
Generalın diqqətini Əmrahın səliqəli yazıları, çəkdiyi şəkillər, qrafiklər çox cəlb edirdi. Hətta generalın uşaqlarının müəyyən əl işlərinin görülməsinə də yaxından köməklik edirdi.
Əmrahın hərbi hissədə qalmasına anası heç cür razılıq vermədi. Bildirdi ki, bir anatək oğul ayrılığına dözə bilmərəm. Bəlkə də müharibədə həyat yoldaşı həlak olmasaydı, dözə bilər, Əmraha geniş qol açmağa imkan verərdi. Əmrah Gəncə Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. O, əmək fəaliyyətinə Kalinino rayonunun İlməzli kəndində baş zootexnik kimi başlamış və sovxoz partiya təşkilatının katibi olmuşdur. 1977-ci ildə Əmrah Qorçiyev həmin sovxoza direktor təyin olunur. O, bir müddət sovxoz direktoru işləmiş, yaxşı işi, bacarığı ilə fərqlənmiş və 1979-cu ildə öz kəndlərində sovxoz direktoru kimi əmək fəaliyyətinə başlamışdır. O, 1988-ci ilədək doğma kəndlərində sovxoz direktoru işləmiş, təsərrüfatın tərəqqisi naminə əlindən gələn hər şeyi etmiş, kənd sakinlərinin həyat tərzinin yaxşılaşmasına, kəndin abadlaşdırılmasına, quruculuq işlərinə maksimum səy göstərmişdir. 1988-ci ildə isə Əmrah Qorçiyev erməni xəyanəti sayəsində ata-baba torpaqlarını məcburən tərk etmiş və Bakı şəhərində məskunlaşmışdır.
Ə.Qorçiyev qaçqınlıqdan sonra, 1989-2006-cı illərdə müxtəlif məsul vəzifələrdə — Hövsan südçülük-tərəvəzçilik birliyində heyvandarlıq şöbəsinin müdiri, baş zootexnik, Abşeron rayonunda aparıcı zootexnik, tədarük şöbəsinin müdiri, Qobustan qoyunçuluq sovxozunda direktor, MM qərargahında baş mütəxəssis, Binə sovxozunda, sonra da Azərsun Holdinq şirkətində baş direktor işləmişdir.
Əmrah Qorçiyev hazırda təqaüdçüdür. Bu yaşında yazıb-yaratmaqdan ayrılmır. Mətbuatda şeirləri, lətifələri, məqalələri, dahi şəxsiyyətlərlə bağlı müxtəlif yazıları dərc edilir. O, həm də iki kitab müəllifidir.
5 övladı, 6 nəvəsi hərdən sidq ürəklə sevdikləri Əmraha müraciət edir, ən çox Qərbi Azərbaycanda işğal altında qalan ata-baba yurdları ilə maraqlanırlar. Belə məqamlarda Əmrahın qəlbindən belə bir sözlər süzülüb gəlir:
—Əmin ola bilərsiniz ki, gec-tez Prezident İlham Əliyevin titanik səyi nəticəsində Qərbi Azərbaycana qayıdışa da başlanılacaq, Kalinino rayonu bizi öz qoynuna alacaq, isti nəfəsi ilə bizi qızdıracaq, faşist xislətli erməni daşnakların başına dəmir yumruq endiriləcəkdir...
Əmrah Qorçiyevin qələmə aldığı çoxsaylı şeirlər həmişə oxucuların qəlbinə yol tapır. “Dağlar” adlı bir şeiri oxuculara təqdim edirik:
Mən necə deməyim, necə susum ki,
Məni Vətənimə bağladı dağlar.
Elə ki, qovulub olduq didərgin,
Buna dözəmməyib, ağladı dağlar.
***
Unutmaq olarmı aranı, dağı?
Zamana çəkibdir sinəmə dağı
Hanı gün qurudu, o nehrə yağı?
Ayrılıq qəlbimi dağladı dağlar.
***
Hamı köç hayında, başlar qarışıq,
Yandı külə döndü, bağçalar-bağlar.
Qəriblik dərdini başa düşərək,
Göynədi, kişnədi, çağladı dağlar.
***
Dağların dağ boyda varmış ürəyi,
Eşqin, məhəbbətin sınmaz dirəyi,
Görüb əlindəki yavan çörəyi,
Mamırı daşıyla yağladı dağlar.
Qədir ASLAN
Respublika.- 2021.- 8 aprel.- S.6.