Ombudsman Səbinə Əliyevanın Türkiyə səfəri

 

Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüş

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Türkiyə Respublikasına rəsmi səfəri davam edir.

 

Səfər çərçivəsində Ombudsman Səbinə Əliyevanın Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədri Mustafa Şəntop, TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının rəhbəri Hakan Çavuşoğlu, Müraciətlər üzrə Komissiyasının rəhbəri Mihrimah Belma Satır və bir sıra millət vəkilləri ilə görüşü baş tutub. Görüş zamanı Mustafa Şəntop iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Müharibə dövründə nümayəndə heyəti ilə birgə Azərbaycana rəsmi səfər etdiyini, Ermənistan tərəfindən mülki şəxslərə qarşı insanlıq əleyhinə törədilən cinayətlərin şahidi olduğunu bildirib.

 

TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyanın rəhbəri Hakan Çavuşoğlu komissiyanın fəaliyyəti, insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib. H.Çavuşoğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyə Cümhuriyyətinin mənəvi və siyasi dəstək göstərdiyini, qardaş Türkiyə xalqının hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.

 

Görüşdə iştirak edən Türkiyə parlamentinin rəsmiləri Azərbaycan xalqını qazanılmış zəfər münasibətilə ürəkdən təbrik edərək bu tarixi zəfərin bütün türk dünyasının qələbəsi olduğunu, türk dünyası adına qürur duyduqlarını bildiriblər.

 

Səbinə Əliyeva Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə dövlətinin Azərbaycanın yanında olduğunu, ölkəmizin haqq işinə öz dəstəyini göstərdiyini ifadə edib. Azərbaycan Ombudsmanı Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncə şəhərində faktaraşdırıcı missiyanın həyata keçirildiyini, yerində araşdırmalar zamanı toplanmış faktlar əsasında Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair hesabatın hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyini nəzərə çatdırıb.

 

Ombudsman Səbinə Əliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul edilən normativ-hüquqi aktlar, o cümlədən Ombudsmanın bu sahədə parlamentlə əməkdaşlığı barədə geniş məlumat verib.

 

Görüşdə TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının üzvləri, millət vəkilləri Atay Uslu, Osman Nuri Gülaçar, Oya Eronat, Pakize Mutlu Aydemir, Mehmet Bülent Karataş, Servet Ünsal, Müraciətlər üzrə Komissiyasının üzvləri, millət vəkilləri Fehmi Küpçü, Mustafa Kendirli, Arzu Aydın çıxış ediblər. Millət vəkilləri Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə danışaraq, bununbir millət, iki dövlət” ifadəsinin təzahürü olduğunu vurğulayıblar.

 

Görüşdə həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə müzakirə aparılıb.

 

 

 

Türkiyənin ədliyyə naziri ilə görüş

 

Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül ilə görüş keçirib.

 

Abdulhamit Gül iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə söykənən əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini, insan hüquqlarının müdafiəsi istiqamətində əlaqələrində yüksək səviyyədə olduğunu vurğulayıb.

 

Ombudsman Səbinə Əliyeva səmimi qəbula görə nazirə öz təşəkkürünü bildirib. Ombudsman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın mahiyyəti və əhəmiyyətindən danışıb.

 

Azərbaycan Ombudsmanı 2021-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən humanizm prinsiplərinə əsaslanaraq imzalanan əfv sərəncamının 8 bənd üzrə ümumilikdə 625 nəfər şəxsi əhatə etdiyini bildirib. Qeyd olunub ki, həmin əfv sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunub. Ümumilikdə Ombudsman təsisatının fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 774 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayalar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumların əfv edilərək azadlığa buraxıldığı diqqətə çatdırılıb.

 

Görüşdə tərəflər gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

 

 

 

Zümrüd ABDULLAYEVA

 

Respublika.- 2021.- 10 aprel.- S.6.