Ərazlərin minalardan təmizlənməsi mülki əhalinin tez bir zamanda doğma yurdlarına qayıtmasına hesablanıb

 

2020 -ci il tarixə qovuşsa da xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu da səbəbsiz deyil. Otuz ilə yaxın davam etmiş işğaldan sonra torpaqlarımızın azad edilməsi respublikamızın yeni tarixində ən böyük hadisədir. Bəs bundan sonra ölkəmizin qarşısında nə kimi vəzifələr durur? Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətində deyib: Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli bir dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir.

 

 

 

Bəli, düşmən 30 il ərzində tapdaq altında saxladığı ərazilərimizdə şəhərlərimizi, kəndlərimizi dağıdıb talamış, daşı-daş üstə belə qoymamış, yeraltı və yerüstü sərvətlərimizi talayıb aparmışdır. Şanlı ordumuzun qabağında tab gətirməyən erməni silahlı qüvvələri torpaqlarımızı tərk edərkən ərazilərimizi minalamaqdan belə çəkinməmişlər. Vandalların bu çirkin əməllərinin fəsadları Vətən müharibəsi bitəndən sonra bu günözünü göstərməkdədir.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin əsas məqsədlərindən biri həmin ərazilərə dinc əhalinin təhlükəsiz və layiqli şəkildə qayıdışının təmin edilməsidir. Dövlətimizin başçısı bununla bağlı konkret vəzifələr müəyyən etmişbu istiqamətdə aidiyyəti qurumlara zəruri tapşırıqlarını vermişdir. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, dəymiş ziyanın qiymətləndirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi ən vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Böyük Qayıdışın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı hazırlanmışdır. Həmçinin ölkə başçısının tapşırığına əsasən azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərərgahı yaradılmışdır. Qərərgahın nəzdində idarələrarası mərkəz fəaliyyət göstərir. Həmçinin bu mərkəzin tərkibində 16 işçi qrupu yaradılmışdır.

 

Əvvəldə qeyd etdiyimiz kimi, ərazilərin minalardan təmizlənməsi ən vacib və təxirəsalınmaz bir vəzifədir. Bu işi daha səmərəli və sürətli təşkil etmək üçün Azərbaycan Prezidentinin 4 fevral 2021-ci il tarixli sərəncamı ilə ANAMA-nın bazasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi yaradılmış və Vüqar Süleymanov Agentliyin İdarə Heyətinin sədri təyin edilmişdir.

 

Onu da nəzərə çatdıraq ki, azad olunmuş ərazilərdə minalardan başqa, müharibə dövründə ermənilər tərəfindən atılmış və partlamamış sursatlar da kifayət qədər çoxdur. Təəssüflər olsun ki, 30 il yurd həsrəti çəkən insanlar minalardan təmizlənməmiş ərazilərə getməyə cəhd göstərir və nəticədə bədbəxt hadisələr baş verir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu barədə demişdir: “Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”.

 

Məlumat üçün bildirək ki, erməni silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdığı minalar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən təmizlənir. Hazırda bu Füzuli-Şuşa avtomobil yolunun ətrafında, Ağdam rayonununFüzuli rayonunun ərazilərində həyata keçirilir. Son məlumatların birində deyilir ki, təkcə Ağdam rayonunun ərazisində 2820 hektar sahə minalardan təmizlənmiş, bunun 2220 hektarında şumlama aparılmışdır. Onu da qeyd edək ki, bu ilin əvvəllərində qardaş Türkiyə Respublikasından müasir tələblərə cavab verən mühəndis texniki qurğular və avadanlıqları alınmışdır. Bu texnika və avadanlıqlardan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə olunur. Bundan başqa, Rusiya Federasiyası Milli Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ANAMA əməkdaşları ilə birlikdə azad edilmiş torpaqların minalardan təmizlənməsi əməliyyatlarını davam etdirir.

 

Onu da bildirmək yerinə düşər ki, ANAMA bu yaxınlarda işğaldan azad edilən Füzuli rayonunun ərazisində minaların təmizləndiyi sahələrə mediatur təşkil etmişdir. Açıqlama verilmişdir ki, təmizləmə işləri əsasən üç yolla aparılır. Ərazidə minatəmizləmə üzrə mütəxəssislər xüsusi detektorlar vasitəsilə minaların aşkarlanması işlərini yerinə yetirir. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan minatəmizləmə texnikaları çalışır. Bundan başqa, təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.

 

Görülən işlər çərçivəsində ümumilikdə 3 milyon 600 min kvadratmetrdən çox ərazidə 4224 piyada əleyhinə mina, 1181 tank əleyhinə mina aşkar edilmişdir. Eyni zamanda, 2064 ədəd tank əleyhinə minanın partladıcısı və 300 ədəd bombacıq zərərsizləşdirilmişdir.

 

Ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim edilmədiyi üçün təmizləmə işlərində çətinliklər yaranır. Belə ki, təkcə Şuşa yolunun keçəcəyi hissədə 1, 5 kilometr məsafədə 9 mina xətti aşkar edilmişdir ki, hazırda həmin istiqamətdə də təmizləmə işləri görülür. Adıçəkilən ərazidən indiyədək 207 ədəd tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina, 5 ədəd partlamamış hərbi sursat aşkar edilmişdir. Mütəxəssislər vurğulamışlar ki, düşmən tərəfindən yaradılan maneələr və mina ərazilərinin elə yerləri vardır ki, bir kvadratmetr ərazidə 4-5 ədəd minaya rast gəlinir. Mediaturda minatəmizləmə mütəxəssisləri tərəfindən aşkar edilən tankpiyada əleyhinə minaların, partlamamış silah-sursatların zərərsizləşdirilməsi prosesi nümayiş etdirilmişdir.

 

Bir vacib məsələni də nəzərə çatdıraq ki, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Prezidentinin göstərişinə əsasən Müdafiə Nazirliyinin nəzdində mühəndis-istehkam taboru yaradılmışdır. Tabor texnikası və şəxsi heyəti ilə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında fəaliyyət göstərir, hərəkət yolları, hava limanı, əkin sahələri, su anbarları və digər infrastrukturkommunikasiya xətləri yaradılacaq əraziləri minalardan təmizləyir. İndiyədək 5 min hektar sahə minalardan və partlamamış döyüş sursatlarından təmizlənmişdir.

 

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dəymiş ziyanın qiymətləndirilməsi, infrastrukturun yaradılması mülki əhalinin tez bir zamanda və təhlükəsiz şəraitdə öz doğma yurdlarına qayıtmasına hesablanıb. Bütün bu işlərin başa çatdırılmasının isə zamana ehtiyacı var.

 

 

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2021.- 10 aprel.- S.6.