Şəhid Əyyub Süleymanovun xatirəsi yad edilib

 

Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub Rasim oğlu Süleymanov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Şəhidin doğum günündə Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında anım mərasimi keçirilmişdir.

 

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları və şəhidin məzunu olduğu İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etmiş, şəhidin məzarı önünə qərənfillər düzmüş, onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin müqəddəs ruhuna dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Fəridə İbayeva qeyd etmişdir ki, Vətən müharibəsində Cəbrayıl rayon sakinləri də fəal iştirak etmiş, 23 nəfər cəbrayıllı döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. F.İbayeva şəhid Əyyub Rasim oğlu Süleymanovun keçdiyi döyüş yolu, göstərdiyi şücaətlər barədə məlumat vermişdir. O, şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir.

 

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.

 

Sonda İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin şagirdləri Vətən, torpaq, doğma yurd barədə şeirlər söyləmişlər.

 

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2021.- 14 aprel.- S.10.