Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi Türkiyədə də əbədiləşdirilib

 

Hər zamanın öz qəhrəmanı var. İllər, əsrlər keçsə də, bu qəhrəmanlar unudulmur, tarixin yaddaşına əbədi həkk olunurlar. Neçə-neçə qəhrəmanımız Qarabağ torpaqlarında döyüşərək Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Bu günün və gələcəyin əfsanələrindən biriMilli Qəhrəmanımız Mübariz İbrahimovdur . O, vətənə olan sevgisindən, doğma torpağına olan məhəbbətindən Şəhidlik zirvəsinə ucaldı. İndi onun xatirəsi tək Azərbaycanda deyil, qardaş Türkiyədə də əziz tutulur, əbədiləşdirilir.

 

Bu günlərdə Türkiyənin Dənizli vilayətinin Çameli rayonunda yerləşən texniki Peşə Məktəbində yeni yaradılan və Milli Qəhrəmanımızın adını daşıyan texniki kodlama və robotlaşdırma üzrə emalatxananın rəsmi açılış mərasimi keçirilib. Milli Qəhrəmanımız Mübariz İbrahimovun adının bu təhsil müəssisəsində əbədiləşdirilməsi Çameli rayonunun icra başçısı Kerem Yenigünün təşəbbüsü ilə baş tutub.

 

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Çameli rayonunun icra başçısı Kerem Yenigün, bələdiyyə sədri Cengiz Arslan, rayonun təhsil şöbəsinin rəhbəri, məktəbin və səfirliyin əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən Kerem Yenigün belə bir mərasimin məhz Aprel döyüşlərinin ildönümü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan səfir Xəzər İbrahim emalatxananın yaradılmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi əsrlərdən gələn Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə çatdırılması baxımından çox vacibdir.

 

Tədbirdə Milli Qəhrəmanımızın doğulduğu Biləsuvar rayonu ilə Dənizli vilayətinin, eləcə də Mübariz İbrahimovun təhsil aldığı orta məktəblə Çamelidə yerləşən bu təhsil müəssisəsinin qardaşlaşması təklifi irəli sürülüb. Mərasimdə səfirlik tərəfindən tədbirin təşkilatçılarına Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən xüsusi rəmzi tablolarbu məktəbdə təhsil alan aztəminatlı ailələrin uşaqlarına tablet-kompüterlər hədiyyə edilib.

 

Məktəbin nəzdində Milli Qəhrəmanımızın xatirəsinə yaradılan guşədə Mübariz İbrahimovun qəhrəmanlığından, Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən fotoşəkillər və divar rəsmləri yerləşdirilib.

 

 

 

Esmira Yazkan ASLANOVA,

Respublika” qəzetinin

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2021.- 15 aprel.- S.6.