Ekoloji durum əhəmiyyətli
dərəcədə yaxşılaşdırılır
15 Aprel Beynəlxalq
Ekoloji Biliklər Günüdür
İnsan təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. İnsanın həyatı və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühitini təmin edir və bu mühitin vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar.
Hər il aprelin 15-i dünyanın bir çox ölkələrində Ekoloji Biliklər Günü kimi qeyd olunur. Bu bayramın tarixçəsi 1992-ci ildən başlayır. Həmin il Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün yaşama strategiyasının həyata keçirilməsində dünya əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyət daşıdığı xüsusi vurğulandı.
Bu günün təsis olunmasında əsas məqsəd ekoloji biliklərin yayılmasını və əhalinin ekoloji mədəniyyətinin formalaşmasını, ekoloji təhlükəsizlik sahəsində görülən işlərin və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarətdir.
Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırıb. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayılır. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan verib. Uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və Dövlət proqramları təsdiq edilib və icra olunub. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA -Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən dəyərin göstəricisidir.
Azərbaycan Respublikasında ekoloji
vəziyyət Ermənistanın bəşəriyyətə
və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə,
bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur.
Ekologiyaya qənim kəsilmiş ermənilər işğal etdikləri ərazilərdə
meşə zolaqlarının vəhşicəsinə
qırılmasını və yandırılmasını, Araz çayı və qollarının
çirkləndirilməsini, flora və fauna növlərinin məhv edilməsini, mineral-xammal ehtiyatlarının qanunsuz
mənimsənilməsini dövlət siyasətinə
çevirmişdilər. Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdu. Həmin
ərazilərdə 460 növdən çox
yabanı ağac və kol
bitkiləri bitirdi. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə,
ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, Eldar
şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv
edilmişdir və hazırda dünya florasının xəzinəsindən
silinmək üzrədir.
Laçın, Qubadlı və Daşaltı dövlət
təbiət yasaqlıqlarının
ərazilərində olan
qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri
ermənilər tərəfindən
talan edilmişdir.
Böyük əhəmiyyətə malik
olan bu təbiət
abidələrinin əksəriyyəti
ermənilər tərəfindən
məhv edilmişdir. Kəlbəcər
rayonunda “Qırmızı
kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı
ağacları da kütləvi şəkildə
qırılmış, rayon ərazisində 4 mindən
artıq müxtəlif
növ bitki var idi ki,
həmin ərazilərdə
də bəzi bitkilərin kökü kəsilmişdir. Şuşa
şəhərindən cənubda,
dəniz səviyyəsindən
1365 metr hündürlükdə
yerləşən, Titon
yaşlı əhəng
daşlarından ibarət
uzunluğu 114 metr olan “Xan Mağarası”
mühafizə olunurdu.
Azərbaycanın işğal altında
olmuş ərazilərində
ekoloji əhəmiyyətə
malik bir çox göllər böyük antropogen təsirə məruz qalır.
Ağdam,
Füzuli, Cəbrayıl,
Tərtər və Xocavənd rayonlarının
əraziləri erməni
işğalçıları tərəfindən düşünülmüş
şəkildə od vurularaq yandırılıb. Yanğınlar ermənilərin nəzarətində
olan on min hektarlarla əraziləri əhatə
etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə
çox ciddi ziyan vurmuşdur.
2006-cı ildən başlayaraq
ermənilər tərəfindən
mütəmadi olaraq törədilən yanğınlar
nəticəsində 110 min hektardan çox münbit torpaq məhv edilmiş, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli
dərəcədə ziyan
vurulmuşdur. Mütəxəssislər
tərəfindən aparılmış
ilkin qiymətləndirməyə
görə ətraf mühitə və təbii sərvətlərə
vurulmuş ziyanın miqdarı təqribən
265,3 milyard ABŞ dolları həcmindən daha çoxdur.
Mövcud problemlərin həll edilməsi üçün
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
Beynəlxalq təşkilatlarla,
donor ölkələrlə əlaqələrin genişləndirilməsinə
xüsusi əhəmiyyət
verilir. Ətraf mühit sahəsində
beynəlxalq müqavilələrə
qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan
Respublikası bu günə kimi 20 konvensiyaya qoşulub, müvafiq protokollar imzalanıb.
Ətraf mühitlə bağlı
qeyd olunan problemlərin həlli, ekoloji tarazlığı təmin etmək məqsədilə Dövlət
proqramları və layihələrin reallaşdırılması,
ətraf mühitin daha da sağlamlaşdırılmasını
tədricən təmin
edəcəkdir.
Bəybala BƏYBALAYEV
Respublika.- 2021.- 15 aprel.- S.6.