Tarixi ədalət zəfər çaldı

 

Son illərdə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır.

 

Şanlı zəfərimiz qürur mənbəyimizdir. Bu qələbənin əldə edilməsi təcrübəsi dünyanın qüdrətli dövlətlərinin ali hərbi məktəblərində öyrənilir. Bu tarixi qələbə “Dəmir yumruğumuzun, xalqımızın birliyinin, həmrəyliyinin və Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan ordusunun rəşadətinin, qəhrəmanlığının və peşəkarlığının nəticəsidir. Bizim xalqımız bir yumruq kimi birləşib, faşist xislətli ermənilərə sarsıdıcı zərbələr vurdu, öz tarixi torpaqlarını işğalçılardan azad etdi.

 

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev son 17 ildə münaqişə ilə bağlı bütün çıxışlarında demişdir ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarımızda ikinci erməni dövləti yaradılsın.

 

Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi yolu yoxdur. Amma biz görürdük ki, münaqişə sülh yolu ilə də həll edilmir. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ artıq həll olunardı. Bəzi supergücləri qane edirdi ki, bizim torpaqlarımız işğal altında qalsın və bundan Azərbaycana müəyyən təzyiq mexanizmi kimi istifadə olunsun.

 

Bizi inandırmağa çalışırdılar ki, yeni reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Ancaq təbii ki, biz heç vaxt həmin reallıqla barışa bilməzdik.

 

2020-ci ildə bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub etdi və ərazilərimiz işğaldan azad olundu. Azərbaycan bütün dünyaya öz gücünü, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır.

 

2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin uzun illərdən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində növbəti təxribatlar həyata keçirməsi, ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasına, zəruri tədbirlər görməsinə rəvac verdi. Düşmənin bütün istiqamətlərdən hücuma keçməsi, Azərbaycan ərazilərində mülki əhalinin yaşadığı məntəqələri uzaq və yaxın mənzilli artilleriya qurğularından raket atəşinə tutması Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına təkan oldu. Buna görə də rəşadətli Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başladı.

 

Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Qətiyyətli Sərkərdəsi olan Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsində xariqələr yaratdı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, ilk zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə əzmini daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi.

 

Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon, şəhər şöbələrinə axın etdi.

 

Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, hərbi bazalarını darmadağın etdi.

 

44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Silahlı Qüvvələrimizin rəşadəti sayəsində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları, Xocavəndin böyük hissəsi və Laçın rayonunun kəndləri düşmənlərdən təmizləndi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız dalğalandı.

 

Bir güllə atılmadan ermənilər Kəlbəcər, Laçın və Ağdamdan geri çəkildilər. Təbii ki, bu da müdrik siyasətin nəticəsi idi.

 

8 noyabr isə Qarabağın tacı, ölkəmi

 

zin füsunkar, dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa şəhəri düşməndən azad edildi.

 

Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.

 

9 Noyabr - Dövlət Bayrağı Günü də qələbə xəbərləri davam etdi. Prezident cənab İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqımıza çatdırdı: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoyuldu və ədalət bərqərar oldu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, ölkəmizin ərazi bütövlüyü təmin edilsin, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna uğurla nail olduq”.

 

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Bunların arasında mülki vətəndaşlar da var.

 

Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə də bizim hərbçilərimiz, şəhidlik zirvəsinə ucalanlar vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişdir. Minlərlə hərbçimiz orden və medalları ilə təltif edilmişdir.

 

Hər kəsə məlumdur ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə xüsusi qayğı və diqqət göstərir, onların hüquqlarının qorunub saxlanılması daimi diqqət mərkəzindədir.

 

Vurğulamaq lazımdır ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu ilin əvvəlində Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin pensiya və təqaüdləri artırıldı. Həmçinin şəhid ailələri və müharibə əlilləri mənzillərlə, maşınlarla təmin edilir və hazırda bu davam etdirilir.

 

Bütün dünyaya məlumdur ki, erməni vandalizmi nəticəsində işğal altında olan torpaqlarımız tamamilə dağıdılmış, yerlə-yeksan edilmişdir. Buna görə də hazırda rayon və kəndlərin bərpası və yenidən qurulması layihələri hazırlanır. Ölkə rəhbərinin işğaldan azad olunmuş rayonlara səfəri ənənə halını almışdır. Çox tezliklə işğaldan azad olunmuş torpaqlarda həyat öz axarına düşəcək.

 

Son olaraq xüsusi vurğulamaq istərdim ki, 44 gün ərzində tarixdə bu günədək alternativi olmayan müharibə ilə ən yeni tariximizi şanlı hərflərlə yazdıq. Əzmkar xalqımızın və qəhrəman hərbçilərimizin müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsini və nəticədə böyük Qələbə əldə etməyimizi müşahidə etmək hər bir azərbaycanlı üçün olduqca qürurverici idi. Əminik ki, bu birlik əbədidir və buna görə də Azərbaycanın uğurları davamlı olacaqdır.

 

 

 

Aydın ƏLƏSGƏROV,

Respublika Hərbi

Prokurorluğunun Hərbi

təsisatlarda qanun pozuntuları

barədə məlumatların

araşdırılması şöbəsinin rəisi, ədliyyə polkovniki.

 

Respublika.- 2021.- 15 aprel.- S.6.