Təsviri incəsənətimizdə Nəriman Nərimanov obrazı

 

 

Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı, onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı...

 

Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir...        

 

Heydər ƏLİYEV,

 

Azərbaycan xalqının ümummilli lideri.

 

 

 

 

 

A zərbaycan ədəbiyyatının qabaqcıl ideyalarlademokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış, ömrünün çox hissəsini xalq işi uğrunda ardıcıl mübarizələrdə keçirmiş görkəmli yazıçı, ictimai-siyasi xadim Nəriman Nərimanov deyirdi: “İnsan var ki, ölər, yox olarbunun yoxluğunu ancaq yavuq qohum-əqrəbası hiss edər. İnsan var ki, ölər və bunun yoxluğu xüsusi bir milləti heyifsiləndirər. İnsan var ki, ölər və onun ölümü bütün millətlərə təsir edər”.

 

 

 

 

 

Azərbaycan xalqının milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirən, milli maraqları daim üstün tutan Nəriman Nərimanov hər zaman xalqının mənafeyini müdafiə etmiş, ömrünün sonunadək onun azadlığı, xalq maarifi və mədəniyyətinin tərəqqisi naminə çalışmışdır. Mürəkkəb və keşməkeşli bir yol keçmiş, maarifçi- demokrat kimi fəaliyyətə başlamış, bütün ömrünü zəhmətkeşlərin azadlığı və səadəti uğrunda mübarizəyə həsr etmiş görkəmli dövlət xadimi Nəriman Nərimanovun adı Azərbaycanın inqilabi mübarizə salnaməsinə əbədi yazılmışdır. Əməkçi kütlələri maarifləndirmək əzmi, xalqı oyadıb inqilaba hazırlamaq amalı onun ictimai fəaliyyətinin qayəsi idi. Məhz bu qayə onu xalqının mübarizə yolunda daim alovlanan bir məşələ çevirmişdi.

 

1925-ci il mart ayının 19-da Azərbaycan xalqının böyük oğlu, var qüvvəsini, biliyini, təcrübəsini sovet xalqlarının dostluq və əməkdaşlığının möhkəmlənməsinə həsr edən, maarifçilik, ictimai-siyasi, inqilabi və dövlətçilik fəaliyyəti ilə yanaşı, ədəbi və publisistik yaradıcılığında da xalqlar arasında dostluq və qardaşlıq ideyalarını tərənnüm edən, öz xalqının inkişafını dünya sivilizasiyasından bəhrələnməkdə, inqilabi fəaliyyətinin mənasını bütün xalqların azadlığında görən Nəriman Nərimanovun qəflətən vəfatı nəinki xalqını, millətini sarsıtdı, onun ölümü bütün millətlərə təsir etdi...

 

Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin sayəsində layiqli qiymətini alaraq doğma xalqına çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı da məhz ümummilli lider Heydər Əliyev olmuşdur.

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılmasında və Azərbaycanda sovet hakimiyyətinin qurulmasında bir dövlət xadimidiplomat kimi əvəzolunmaz fəaliyyəti olan böyük ictimai-siyasi xadim, görkəmli ədibin yaşadığı mənzildə onun xatirə muzeyi açılmış, həyat və fəaliyyətini əks etdirən eksponatlar muzeydə toplanmışdır.

 

Azərbaycan təsviri sənət ustalarının yaratdıqları Nəriman Nərimanov obrazı, onun ictimai-siyasi fəaliyyəti, ədəbi yaradıcılığını əks etdirən rəngkarlıq və qrafika əsərləri, bir-birindən dəyərli sənət nümunələri də muzeydə qorunub saxlanılır.

 

N.Nərimanovun Xatirə muzeyindəki rəssam Ə.Rüstəmovun yağlı boya ilə yaratdığı “N.Nərimanovun işlədiyi Qızıl Hacılı kəndinin görünüşütablosu Qori seminariyasının məzunu olan Nəriman Nərimanovun müəllim işlədiyi dövrü, Ağamirzə Mirzəyevin 1977-ci ildə çəkdiyi “Nəriman Nərimanovun Tbilisi şəhərində anadan olduğu evin maketi” isə görkəmli ədibin həyatından bəhs edən maraqlı sənət əsərləridir. Toğrul Sadıqzadənin kasıbları, torpağa bağlı insanları N.Nərimanovu küçədə əhatələyən vəziyyətdə təsvir edərək xalqın ona böyük inam bəslədiyini göstərən “N.Nərimanov “Hümmət”in yığıncağından sonratablosu da xalqın Nəriman Nərimanova olan inam, etibarsonsuz məhəbbətinin bariz nümunəsidir.

 

1922-ci ildə Nərimanov sovet nümayəndə heyəti tərkibində Genuya şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmiş, daha sonra Zaqafqaziya Federasiyasının İttifaq Sovetinə sədr seçilmişdir. Xalq rəssamı Davud Kazımovun “Genuya konfransında” tablosu I Dünya müharibəsindən sonra 1922-ci ildə keçirilən mühüm beynəlxalq toplantıda iştirak edən azərbaycanlı diplomatın ictimai- siyasi fəaliyyətinə həsr olunmuşdur. Rəssam Əli Verdiyevin şəxsi kolleksiyasında saxlanılan kətan üzərində yağlı boya ilə işlədiyi “ Nəriman Nərimanov” əsəri böyük əhəmiyyət kəsb edən təsviri sənət nümunələrindəndir. Tabloda N.Nərimanovun V.İ. Lenindən bir addım irəlidə irəliləməsi və V.İ. Leninin N.Nərimanovun qarşısında baş əyərək addımlamasını təsvir edən rəssamı sovetlər dönəmində həbs olunmaq təhlükəsi gözləyirdi.

 

Azərbaycan təsviri sənət nümayəndələri ilə yanaşı, Abxaziya Rəssamlar İttifaqının üzvü Zaur Kuçoviç Adjbanın “Nəriman Nərimanov” (portret), RSFSR-in Əməkdar rəssamı Q.D.Lavrovun “Nəriman Nərimanov 1924-1925-ci illər” (büst) kimi diqqətçəkən sənət nümunələri də Nəriman Nərimanovun xatirə muzeyini bəzəyir.

 

N.Nərimanovun həyat və yaradıcılığını özündə əks etdirən rəngkarlıq və qrafika nümunələri təkcə onun xatirə muzeyində deyil, Milli Azərbaycan İncəsənəti və N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeylərinin fondlarında da tanınmış fırça ustalarının Nəriman Nərimanovun həyat və fəaliyyətinə həsr etdiyi çoxlu sayda sənət nümunələri saxlanılır. Belə ki, Milli Azərbaycan İncəsənət Muzeyinin metal fondunda Əli və Hüseyn Pəryab qardaşlarının ağac, gümüş və sümükdən inkrustasiya texnikası ilə hazırladıqları “Nəriman Nərimanov” tablosu, heykəltəraşlıq fondunda heykəltəraş İbrahim Zeynalovun “Nəriman Nərimanov”, heykəltəraşlar Elcan Şamilov və Əhməd Tsalikovun “Nəriman Nərimanov” tuncdan tökmə əsərləri, rəngkarlıq fondunda Salam Salamzadənin kətan üzərində yağlı boya ilə işlədiyi “Nəriman Nərimanov” əsəri, xalça fondunda yun xalça üzərində toxunan (naməlum müəllif) “Nəriman Nərimanov və V.İ.Lenin” əsərləri təsviri sənətimizdə Nəriman Nərimanov obrazının əvəzolunmaz nümunələridir.

 

N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində də görkəmli yazıçının həyatından, ictimai fəaliyyətindən bəhs edən baxımlı sənət əsərləri qorunub saxlanılır.

 

Bakının ən görkəmli yerində əzəmətli heykəlinin ucaldılması xalqın böyük oğlu Nəriman Nərimanova sonsuz məhəbbətinin rəmzidir. Hündürlüyü 20 metr, pyedestalı isə 12 metr uzunluğunda olan tunc və qranitdən hazırlanan heykəlin heykəltəraşı SSR Xalq rəssamı Cəlal Qaryağdı, arxitektorları isə Tofiq AbdullayevYuzef Qədimovdur. Abidə 2008-ci ildə rekonstruksiya edilmiş, heykəlin postamentiön divarı qara mərmər plitələrlə, açıq sarı mərmərlə örtülmüşdür. 1960-cı ildə sifariş olunan heykəlin açılışı 1972-ci ildə məhz ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Sovetlər dönəmində Bakıda “millətçi” Nəriman Nərimanovun S.M.Kirovun heykəlindən uca olan heykəlinin qoyulmasına icazə verilmirdi. Yalnız 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı dövrdə bu məsələ ilə ciddi məşğul olan Heydər Əliyev Azərbaycanın arxivlərindən N.Nərimanovun V.İ.Leninə yazdığı məktubları araşdıraraq Moskvaya göndərir və N.Nərimanovun millətçi olmadığını, Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərin inkişafı naminə xidmətlərini sübuta yetirir. Və bundan sonra heykəlin ucaldılmasına nail olunur.

 

Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmək məqsədilə Sumqayıt şəhərində qoyulan abidə isə heykəltəraşlar M. Mirqasımov, N.İsmayılov və F.Leontyeva tərəfindən işlənmişdir. Heykəl 1964-cü ildə tuncdan tökülərək, qırmızı mərmər kürsülük üzərində qoyulmuşdur. Sumqayıt şəhəri Heydər Əliyev prospektində yerləşən büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da, 2000-ci illərdə yazı latın hərfləri ilə əvəz olunmuşdur. Postament mərmər üzlüklə üzlənmişdir.

 

Respublikamızın bir çox şəhər və rayonları ilə yanaşı, bir vaxtlar fəaliyyət göstərdiyi Rusiyanın Ulyanovsk (1977) və Gürcüstanın Marneuli şəhərində (1983) N.Nərimanova abidə qoyulmuş, 1982-ci ildə Moskvada yaşadığı binada onun qranitdən barelyef portreti təsvir olunan xatirə lövhəsi asılmışdır.

 

Həyatını xalqının yolunda məşələ çevirən, daim millətinin istiqbalı uğrunda mübarizə aparan, Azərbaycan xalqının böyük oğlu, görkəmli yazıçı, publisist, ictimai xadim, vətən sevdalısı Nəriman Nərimanov təkcə Azərbaycan təsviri sənət ustalarının əsərlərində deyil, eyni zamanda Azərbaycanın tanınmış tədqiqatçı alimləri, ədəbiyyatşünasları tərəfindən yetərincə tədqiq olunmuş və əsrlər, qərinələr keçsə belə xalqının yaddaşında, tarixində, ədəbiyyatında, bədii sənət nümunələrində daim yaşayacaq, əbədiləşəcək.

 

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 16 aprel.- S.4.