Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasətinə son
qoyuldu
“60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Heydər ƏLİYEV,
Ümummilli lider.
Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Ermənilər tərəfindən Azərbaycanda, o cümlədən Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı mərhələ-mərhələ törədilmiş vəhşiliklər uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamışdır. Bu terrorçuluq və cinayətlər tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başladı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət” qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
Qarabağın əzəli Azərbaycan torpağı olması, ermənilərin bu ərazilərə XIX əsrin əvvəllərində, təxminən 200 il əvvəl məqsədyönlü şəkildə yerləşdirilməsi bir çox tarixi sənədlərdə də öz təsdiqini tapır. Belə arxiv sənədlərindən biri Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə olan Kürəkçay müqaviləsidir. Həmin müqaviləni 1805-ci il mayın 14-də Şuşalı və Qarabağlı İbrahimxəlil xan və Çar Rusiyasının generalı Pavel Sisianov imzalayıblar.
1880-ci ildə İrəvanda səfərdə olan arxeoloq Uvarov məşhur Göy məscidin uzaqdan cəlb edən günbəzinə və bir cüt uca minarəsinə baxıb heyranlıqla yazırdı: “Məscidin üstündən boylanan” çətir sanki müsəlman aləmində tutduğu mövqeyinin nə qədər mühüm olduğunu bütün dünyaya sübut etmək istəyir”.
1827-ci il oktyabrın 1-də rus qoşunları İrəvanı çətinliklə zəbt etmiş, bədnam Türkmənçay müqaviləsindən sonra İrəvanda ermənilərin məskunlaşdırılması aparılmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Kürəkçay müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Ermənilər Azərbaycanın ən dilbər guşələrindən biri olan Qarabağa Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra yerləşdiriliblər.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni daşnakları 1905-1907-ci illərdə Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizə qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. Ermənilərin başladıqları vəhşiliklər İrəvanda, Göyçədə, Zəngəzurda və azərbaycanlıların yaşadıqları digər ərazilərdə davam etdirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
1918-ci ildə Stepan Şaumyanın, Andranikin təhriki ilə erməni quldurları Zəngəzur mahalında bir sıra vəhşiliklər, terror hadisələri törətmişlər. Daşnaklar Qarakilsədə, Qafanda onlarla kəndlərin sakinini qırıb, evləri yandırıb, talan etmişlər.
1918-19-cu illərdə Qərbi Azərbaycandakı Vedi rayonunda da ermənilər qanlı cinayətlər törətmişlər. Azərbaycanlılar erməni zülmündən qurtulmaq üçün dağ yolları ilə kəndlərdən Vedibasara qaçıb Abbasqulu bəyə sığınmışlar. Abbasqulu bəy gələnləri himayə etməklə azərbaycanlı əhalini xilas edib, təhlükəsizliyi üçün lazımi tədbirlər görür.
Ermənilər 1918-19-cu illərdə Göyçə mahalında da qırğınlar törətmiş, Göyçə gölünün sahilləri ilə qırğınlar törədə-törədə Basarkeçərə doğru irəliləmişlər. Daşnak quldurlar Şişqaya kəndində olarkən burada etiraz səsini ucaldan yüzlərlə insanla üzləşir. Bu məqamda ermənilərin başçısı polkovnik Silikyan hiylə niqabını üzünə çəkir, “barışıq” məqsədilə kənd əhalisini mal tövləsinə doldurub qapını qıfılladı.
Vaxt itirmədən ermənilər tövləyə od vurdu, hər yandan ah-nalə ucaldı, neçə-neçə günahsız insanlar yanğının qurbanı oldu.
Sonra isə ermənilər bu qəddarlığı Kiçik Məzrə, Kərkibaş, Subatan, Çağırlı və digər kəndlərdə də törətdilər.
Zod Basarkeçər rayonun ən böyük kəndi idi. Ermənilər Novruz bayramı ərəfəsində bu kənd üçün qanlı cinayət hadisələri planlaşdırmışlar.
Silikyanın dəstəsi kəndə daxil olarkən soraqlaşıb adı dillər əzbəri olan xeyriyyəçi kimi tanınan Səməd Ağanı tapır. Öz ordusu üçün ondan xeyli taxıl, ot və ət tələb edir. Səməd Ağa “baş üstə” dedi. Erməni “qonaqları” üçün geniş süfrə açıldı, neçə dəfələrlə şərablar dolub boşaldı. Məqam düşən kimi Səməd Ağanın ətrafındakılar qızılquş tək ermənilərin üstünə şığıdılar və onları tərk-silah etdilər. Bu əməliyyatda başda Silikyan olmaqla ermənilər tamamən məhv edildi.
Bu xəbər dərhal hər yerə yayıldı, hətta Bakıda Stepan Şaumyana da çatdı. Şaumyan çox üzüldü, qisas almaq üçün Basarkeçərə əlavə qüvvələr göndərdi. Göyçə əhli ermənilərin müqaviməti ilə üzləşdi. Ölənlərin sayı həddini aşdı. Göyçəlilər zülmdən yaxa qurtarmaq üçün qarlı-boranlı günlərdə sıldırımlı dağ aşırımları ilə Azərbaycana pənah gətirdilər...
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayında ermənilər Qərbi Azərbaycanda öz mənfur planlarını həyata keçirdilər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər İrəvanda, Göyçədə, Zəngəzurda, Zəngibasarda, Vedibasarda yaşayan soydaşlarımızın yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Daşnaklar azərbaycanlıların milli memarlıq incilərini, məscidləri və digər abidələri xarabalığa çevirmişlər.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə Qərbi Azərbaycandakı azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular.
İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta Şərq ölkələrində belə ən iri ticarət, elm və mədəniyyət mərkəzi şəhəri olmuşdur. Burada bir-birindən yaraşıqlı 8 məscid tikilmişdir. Əzəmətli Göy Məscid və Günlüklü məscidi son dövrlərə qədər qalırdı. Şəhərin bir tərəfi mənbəyini Göyçə gölündən alan Zəngi çayının sıldırım təpəsi üstündə, o biri tərəfi isə çuxurda yerləşirdi. Ağrı dağı vadisi bura qədər uzanırdı. İrəvanın ətrafı sıx meşə və bağlarla əhatə olunurdu.
İrəvanın başı üzərindən fəlakət qasırğası zaman-zaman ötüb keçmişdir. Qondarma Ermənistan ərazisi Azərbaycanın ayrılmaz bir parçası olmuşdur. Bütöv Azərbaycanda iqtisadi və mənəvi əlaqələrlə sıx bağlı olan İrəvan şəhəri sözün həqiqi mənasında azərbaycanlıların əzəli, doğma mərkəzi olmuşdur.
A zərbaycan Xalq Cümhuriyyəti
dövründə onun ərazisi 113,9 min kv.km idi. Bunun 97,3
min kv.km-i mübahisəsiz, 16,6 kv.km-i mübahisəli idi.
Gürcüstanla 8,7 min kv.km, Ermənistanla isə 7,9 min kv.km həmsərhəd
ərazi qonşu dövlətlər tərəfindən
mübahisəli torpaq sayılırdı. Ərazi məsələlərinin
birtərəfli, daşnak-bolşevik “həlli” nəticəsində
“mübahisəli” ərazilər ermənilərə verildi və
bundan əlavə 11 min kv.km ərazimiz Ermənistana
bağışlandı. Buraya əsasən Zəngəzur,
Dərələyəz qəzaları və Göyçə
dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin
illərdə Azərbaycanın 27,6 min
kv.km ərazisi itirildi. 1922-ci ildə Dilican ərazisi
və Göyçə ərazisinin qalan torpaqları da Ermənistana
bağışlandı.
1929-cu ildə Naxçıvan Muxtar Respublikasının
657 kv.km torpaq sahəsi - 11 kəndi, Zəngilan rayonunun 3 kəndi
Ermənistana verildi. Bundan əlavə, həmin illərdə
Aldərə, Lehvaz, Astazur, Nüvədi və b.
yaşayış məntəqələri də Ermənistanın
ərazisinə birləşdirildi. 1938-ci
ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı
ilə Şərur rayonunun Sədərək və Kərki kəndləri
ətrafındakı müəyyən ərazilər Ermənistana
keçdi. Dağlıq Qarabağ Muxtar
Vilayətinin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi
üçün erməni daşnakları bir neçə dəfə
SSRİ rəhbərliyinə müraciət etdilər. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
üçün Dağlıq Qarabağ Muxtar Vilayətində
yürüdülən gizli işləri hələ
1960-1970-ci illərdə ümummilli lider Heydər Əliyev
aşkar edərək qarşısının alınması
üçün bir sıra kəskin tədbirlərin
görülməsinə nail oldu.
Birinci Dünya müharibəsindən sonra ermənilər
İrəvan şəhərindəki azərbaycanlıların
başına olmazın müsibətlər gətirmiş,
neçə-neçə dinc əhali amansızlıqla qətlə
yetirilmiş, daşnaklar öz çirkin planlarını
reallaşdırmışlar. 1948-1953-cü illərdə
İrəvan şəhərindəki azərbaycanlıların
əksəriyyəti əzəli yurdlarından
“könüllülük” prinsipi adı altında zorla
köçürülmüş, 1988-ci ildə isə erməni
vəhşəti nəticəsində İrəvandakı
soydaşlarımız öz əzəli torpaqlarını məcburən
tərk etmişlər. 1988-ci ilə qədər
Ermənistandakı rayonların 16-da azərbaycanlılar qismən
əksəriyyəti təşkil etmiş, qismən də
yığcam yaşamışdır. Ümumiyyətlə,
son deportasiyada 300 minə yaxın azərbaycanlı Ermənistan
adlanan ərazidən zorla qovulmuş, erməni
daşnakları Göyçə, Sünik, Zəngəzur
mahallarına, İrəvana və digər azərbaycanlılar
yaşayan ərazilərə sahib çıxmışlar.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında Azərbaycan Respublikasının
Prezidenti fərman imzalamışdır. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev imzaladığı fərmanda
deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirilmiş etnik təmizləmə, soyqırımı
siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlər,
milli faciə və məşəqqətlərə məruz
qalmışdır. Mərhələ-mərhələ
gerçəkləşdirilən belə qeyri-insani siyasət
nəticəsində azərbaycanlılar indi Ermənistan
adlanan ərazidən - min illər boyu yaşadıqları
öz doğma tarixi torpaqlarından didərgin salınaraq
kütləvi qətl və qırğınlara məruz
qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni
abidə və yaşayış məskəni
dağıdılıb viran edilmişdir”.
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan
SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı
geniş miqyas almağa başladı. 1965-ci il aprelin
23-də İrəvanda qondarma “erməni
soyqırımı”nın 50 illiyi, quldur Andronikin isə anadan
olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli
sürətdə qeyd edildi. Hələ Dövlət
Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən
erməni millətçilərinin əsassız ərazi
iddialarının qarşısı dəfələrlə
alınmış, onların fitnəkar niyyətlərinə
qarşı mübarizəni daha da gücləndirmiş və
bu istiqamətdə həyata keçirilən tədbirlərə
şəxsən nəzarət etmişdir. Həmin
dövrdə ermənilərin təbliğatının bir
hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni
tarixinin yaradılması, azərbaycanlıların vəhşi
bir millət kimi təqdim edilməsi istiqamətində
müxtəlif məzmunlu əsərlərin yazılması,
bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə
salınmasının təşkili, bununla da planlarının
növbəti mərhələsini həyata keçirmək məqsədilə
erməni gəncləri arasında ifrat millətçiliyin və
düşmənçiliyin təbliğ edilməsi idi.
Sovet dövründə erməni millətçiləri
imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız
iddialar irəli sürürdülər. Ancaq Heydər
Əliyev Dağlıq Qarabağın tarixini,
coğrafiyasını, iqtisadiyyatını, orada
yaşayanların düşüncələrini gözəl
bilirdi. Hələ Azərbaycan SSR
DTK-nın sədri olarkən erməni millətçilərinin
əsassız ərazi iddialarının qarşısı qətiyyətlə
alınmışdı. Belə ki, Heydər Əliyev
1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci
katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının
23-dən 24-nə keçən gecə Xankəndində bəzi
küçələrdə erməni dilində 8x9 sm
ölçüdə 300 vərəqə
yayılmışdır. Həmin vərəqələrdə
ermənilər tərəfindən Dağlıq
Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb
edilir və millətçi fikirlər irəli
sürülürdü. Məktubda qeyd
edilirdi ki, vərəqənin müəlliflərini axtarıb
tapmaq, eləcə də digər lazımi tədbirləri
görmək üçün Xankəndiyə əməliyyat
qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar.
Həmin ildə təkcə Dağlıq
Qarabağda 1200-dən artıq belə vərəqə
hazırlanıb yayılmışdı. Qısa
müddət ərzində belə vərəqələri
hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər
saxlanılmışdı.
Ümummilli lider Heydər Əliyev ilk dəfə hakimiyyətə
gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla
sərhəd olan bəzi əraziləri ələ keçirmək
istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta
XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini
ortaya çıxarmışdılar. Ərazi
məsələsinə dair danışıqlar artıq
müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri
Azərbaycan SSR-in daxili işlərinə qarışaraq
DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin
inkişafı üçün ayrılan vəsaitin
bölünüb təsdiq olunmasına hər vəchlə
mane olmağa çalışırdılar. Yuxarıda qeyd edildiyi kimi, Dağlıq
Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi
istiqamətində gizli fəaliyyətin qarşısı ulu
öndərimiz tərəfindən qətiyyətlə
alınırdı. Belə ki, Mərkəzi SSRİ
hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd
rayonlarının ərazilərindən 2 min hektardan çox
torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ
1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq
etdi. Ulu öndər Heydər Əliyev 1969-cu il
iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən
kimi bu məsələni ön plana çəkdi və bu qərarın
icrasını dayandırdı. Azərbaycan
xalqının mənafeyini hər şeydən üstün
tutan Heydər Əliyev nə qədər təhlükəli
olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe
göstərdi, erməni millətçilərinin
qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan
rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər
Əliyev həmin qərarın həyata keçirilməsinə
imkan vermədi.
Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin
mühüm əhəmiyyət daşıyan istiqamətlərindən
biri Dağlıq Qarabağda milli ruhun oyadılması
olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü
şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini,
incəsənətini, iqtisadi inkişafını mükəmməl
bilən ulu öndər bu məsələyə çox həssaslıqla
yanaşmışdır. Azərbaycanın
qədim mədəniyyət mərkəzi kimi
Şuşanın tarixi keçmişini yaxşı bilən
Heydər Əliyev bu şəhərin inkişafına
çox böyük qayğı göstərirdi.
1988-ci ildə
ermənilər uydurma Qarabağ məsələsini ortaya
ataraq Qərbi Azərbaycandakı həmvətənlərimizə
qarşı terrora, vandalizm hərəkətlərinə
başladılar, “Qızıl Moskva” isə başda ermənipərəst
Qorbaçov olmaqla bu ədalətsizliyə göz yumdu. Qısa bir vaxtda ermənilər Qərbi Azərbaycanda
yaşayan 300 minə yaxın azərbaycanlı öz ata-baba
torpaqlarından qovulub çıxarıldı. Neçə-neçə
azərbaycanlı erməni vəhşiliyinin qurbanı oldu...
Zaman-zaman ermənilərin Qərbi Azərbaycanda
yaşayan soydaşlarımızın başına gətirdikləri
müsibətdən çox danışmaq olar. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin belə
bir fikrini xatırlamaq yerinə düşər: “Tarixi Azərbaycan
torpağı olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən
başlayaraq erməni əhalisinin yerləşdirilməsi,
demoqrafik vəziyyətin zorla dəyişdirilməsi
1905-1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq
və qovmaq məqsədi güdən kütləvi
qırğındır, 1920-ci il Zəngəzurun Ermənistana
verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə
azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli
yurdlarından köçürülməsi xalqımıza
qarşı erməni təcavüzünün qanlı səhifələridir”.
Azərbaycan ərazisi 30 ilə yaxın müddətdə
işğal altında idi. 1990-cı ilin əvvəllərində
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasəti
torpaqlarımızın işğala məruz qalmasına səbəb
olmuşdu. Əlbəttə, Ermənistanın
təcavüzkar siyasəti hələ 1980-ci illərin
sonlarından başlamışdı. O vaxt indiki Ermənistan
Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı
öz əzəli torpaqlarından didərgin salındı.
B una
görə də ötən illər ərzində Azərbaycan
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə və
onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət
sayəsində hərtərəfli möhkəmlənirdi, həm
siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində
özünə dəstək qazanır, həm ölkə
daxilində iqtisadiyyatı inkişaf etdirir, həm də ordunu
gücləndirmək məqsədilə böyük işlər
görürdü.
Bütün
bunların nəticəsində Azərbaycan, mənfur
düşmənlərin 27 sentyabr 2020-ci il
tarixdən başlayan növbəti təxribatlarının
qarşısını almaq məqsədi ilə həyata
keçirdiyi əks-hücum əmaliyyatları zamanı
ardıcıl zəfərlər əldə edərək Vətən
müharibəsində parlaq qələbə qazanmaqla Ermənistanı
məğlub etdi, bununla da işğala son qoyuldu və ədalət
bərpa edildi. Bu 44 günün hər
günü bizim şanlı tariximizdir. Hər
gün Azərbaycan ordusu irəli gedirdi. Hər
gün yeni şəhərlər, kəndlər, qəsəbələr,
yüksəkliklər azad edilirdi. Azərbaycan
əsgəri, Azərbaycan zabiti bu amalla vuruşurdu ki, bu
işğala son qoyulsun, ədalət Zəfər
çalsın və sonda öz müqəddəs məqsədlərinə
çatdılar.
Prezidentimiz,
qüdrətli sərkərdə, müdrik siyasi rəhbər,
Ali Baş Komandan cənab İlham Əliyevin, Müzəffər
Azərbaycan Ordusunun qətiyyəti və xalqımızın
mübarizliyi sayəsində qazandığımız möhtəşəm
qələbə böyükdən kiçiyə hər
birimizi qürurlandırdı.
İftixar dolu 44 gün ərzində ölkəmizdə
tamamilə yeni, fərqli bir sosial-psixoloji vəziyyət
yaranmışdı. Prezidentin xalqa hər müraciəti, ya
xarici kütləvi informasiya vasitələrinə müsahibəsi
xoş həyəcanla izlənilirdi. Ali
Baş Komandanın hər bir qələbə müjdəsi
ordumuzun əsl qəhrəmanlıq şücaətlərindən
xəbər verir, eyni zamanda, bütün xalqı inamlı qələbə
ruhuna kökləyirdi. Prezident İlham Əliyev
xüsusilə vurğulayırdı: “44 gündə ordumuz
ancaq irəli getdi, mövqelərindən heç bir metr də
geri çəkilmədi, halbuki müharibədə belə
hallar olur. Bu, Azərbaycan əsgərinin hünər
və mətanətinin bariz göstəricisi idi”.
Q azandığımız şanlı qələbədən
sonra Azərbaycanın qarşısında işğal
altında olduğu müddətdə düşmənin
vandalizminə məruz qalmış tarixi ərazilərimizi
yenidən abadlaşdırmaq vəzifəsi durur.
Buna
görə də bu il düşmən
tapdağından təmizlənmiş ərazilərimizin
iqtisadi və sosial cəhətdən inkişaf etdirilməsi
Azərbaycan dövlətinin əsas məqsədi olaraq müəyyən
edilmişdir. Azad olunmuş torpaqlarda
infrastrukturun inşası, nəqliyyat-kommunikasiya və eləcə
də su, enerji və qaz təchizatının yenidən
qurulması işləri də bu məqsədlər
sırasındadır. Artıq, ilkin olaraq Şuşa
şəhərinə yeni avtomobil yolunun çəkilməsi,
şəhərin su və elektrik enerjisi ilə təchiz
olunması kimi layihələr uğurla icra olunur. Azərbaycanın cənubda olan 132 km-lik dövlət
sərhədi tam bərpa edilib, yeni sərhəd-mühafizə
infrasturkturu yaradılıb. Zəngilan -
Qubadlı istiqamətində Azərbaycan dövlət sərhədi
bərpa olunub. Suqovuşana yeni avtomobil yolu
çəkilib, elektrik stansiyasının yenidən qurulması
istiqamətində işlər aparılır. 2021-ci ilin sonuna qədər Füzuli rayonunda yeni hava
limanının işə düşməsi, Kəlbəcər
və Laçın rayonlarında isə hava limanının
inşası nəzərdə tutulub. Yevlax - Bərdə
- Xankəndi dəmiryolu xəttinin bərpası, Horadiz -
Ağbənd dəmir yolu xəttinin tikilməsi və eləcə
də Naxçıvanla Azərbaycanın qərb
rayonlarını birləşdirəcək dəmiryolu xəttini
yenidən qurulması və yeni avtomobil yolunun çəkilməsi
ilə Qarabağ bölgəsi iri nəqliyyat mərkəzinə
çeviriləcəkdir. Bu, ilk növbədə
regionda yerləşən ölkələr üçün
yükdaşımalar zamanı iqtisadi cəhətdən
olduqca sərfəli bir şərait yaradacaqdır. Azad olunmuş rayonlarda turizm və kənd təsərrüfatının
müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində
müvafiq işlərin həyata keçirilməsi də nəzərdə
tutulub. Hətta Ağdam rayonunun minalardan təmizlənmiş
700 hektar ərazisində taxıl əkini də artıq
başlanılıb. Qarabağda erməni
işğalı nəticəsəində
dağıdılmış tarixi və dini abidələrimizin
bərpa olunması da Azərbaycan dövləti tərəfindən
həyata keçiriləcək vacib işlərdən biridir.
2021-ci ildə Qarabağda yenidənqurma və bərpa
işlərinin həyata keçirilməsi üçün
dövlət büdcəsində vəsait də
ayrılmışdır. Buna uyğun
olaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən “Qarabağ Dirçəliş
Fondu” da yaradılmışdır.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva İCESCO tərəfindən elan olunan “Qadınlar
ili” çərçivəsində “Qadınlar və
qızlar elmdə” Beynəlxalq Günü münasibətilə
videokonfrans formatında keçirilən tədbirdə
çıxışında demişdir: “...Hazırda dövlət
qarşısında azad olunmuş ərazilərin
canlandırılması və azərbaycanlı məcburi
köçkünlərin doğma yurdlarına təhlükəsiz
qayıdışının təmin edilməsi kimi nəhəng
vəzifə dayanır. Biz
dağıdılmış şəhərləri və kəndləri
bərpa edəcəyik. Biz orada məktəb
tikəcəyik. Biz yalnız müsəlmanlara
deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa
edəcəyik. Biz işğal zamanı zərər
görmüş mədəni irs abidələrinin
vəziyyətinin qiymətləndirilməsində
İCESCO-nun Azərbaycan hökuməti ilə birgə
çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk.
Eyni zamanda, İCESCO-nun Azərbaycanda regional
nümayəndəlik təsis etməsi imkanının nəzərdən
keçirilməsinə görə xüsusi minnətdarlığımızı
bildiririk. Həmin nümayəndəlik digər sahələrlə
yanaşı, qadınlar və qızların elmdə rolunun
artırılmasına konkret diqqət yetirməklə elm sahəsinidə
əməkdaşlığımızı gücləndirə
bilər...”.
Göründüyü
kimi, doğma Azərbaycanımız müdrik liderimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə surətlə
inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımız
da digər bölgələrimiz kimi gülüstana
çevirilir, bütün bunlar isə ölkəmizin daha da
qüdrətlənəcəyindən və xalqın
rifahının hərtərəfli
yaxşılaşacağından, bir sözlə, xoşbəxt
gələcəyimizdən xəbər verir.
Fuad
MƏMMƏDOV,
Azərbaycan
Respublikası
Hərbi
prokurorunun müavini,
ədliyyə polkovniki, hüquq üzrə magistr.
Respublika.- 2021.- 17 aprel.- S.5.