Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il
19 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin
NİZAMNAMƏSİ
1.
Ümumi müddəalar
1.1.Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi (bundan sonra - Agentlik)
qeyri-hökumət təşkilatlarının inkişafı,
dövlət-özəl və qeyri-hökumət təşkilatları
arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi
və təşviqi, dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən məsələlərə
dair qeyri-hökumət təşkilatlarının irəli
sürdükləri təşəbbüslərin, proqram və
layihələrin (bundan sonra - layihələr)
mövzularının qiymətləndirilməsi və onlara
dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının
beynəlxalq əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsi sahələrində (bundan sonra -
müvafiq sahə) fəaliyyət göstərən publik
hüquqi şəxsdir.
1.2.Agentlik
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası
Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digər normativ hüquqi
aktları rəhbər tutur.
1.3.Agentlik öz vəzifələrini yerinə
yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları ilə, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə, digər
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.Agentlik ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
1.5.Agentliyin müstəqil balansı, əmlakı,
xəzinə və bank hesabları, öz adı həkk
olunmuş möhürü, müvafiq ştampları və
blankları, loqotipi (emblemi) vardır.
1.6.Agentliyin əqdlər bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır. O, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.7.Agentlik Bakı şəhərində yerləşir.
2.
Agentliyin fəaliyyət istiqamətləri
2.1.Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1.müvafiq sahənin inkişafını təmin
etmək;
2.1.2.müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılmasında və həyata keçirilməsində
iştirak etmək;
2.1.3.dövlət-özəl və qeyri-hökumət
təşkilatları arasında əməkdaşlıq
mexanizmlərini inkişaf etdirmək və təşviq etmək;
2.1.4.dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən məsələlərə
dair qeyri-hökumət təşkilatlarının irəli
sürdükləri layihələrin mövzularını qiymətləndirmək
və onlara dair rəy vermək;
2.1.5.qeyri-hökumət təşkilatlarının
ictimai nəzarət sahəsində fəaliyyətini təşviq
etmək;
2.1.6.qeyri-hökumət təşkilatlarının
beynəlxalq əməkdaşlıq əlaqələrini
inkişaf etdirmək;
2.1.7.dövlət büdcəsinin vəsaiti
hesabına ayrılan qrantlardan qeyri-hökumət təşkilatları
tərəfindən təyinatı üzrə istifadə
olunmasına nəzarətin həyata keçirilməsində
iştirak etmək;
2.1.8.qeyri-hökumət təşkilatlarına məlumatlandırma,
konsultativ, metodiki, maliyyə yardımı göstərmək;
2.1.9.bu Nizamnamə ilə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərmək.
3.
Agentliyin vəzifələri və hüquqları
3.1.Bu Nizamnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1.müvafiq sahədə normativ hüquqi
aktların, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.2.dövlət-özəl və qeyri-hökumət
təşkilatları arasında üçtərəfli tərəfdaşlıq
münasibətlərini təşviq etmək, bu məqsədlə
təhlillər və monitorinqlər aparmaq, sorğular keçirmək
və onlar arasında qarşılıqlı əməkdaşlığın
stimullaşdırılması və inkişafı istiqamətində
tədbirlər görmək;
3.1.3.vətəndaş cəmiyyətinin prioritet
istiqamətlərini öyrənmək, ictimai təşəbbüskarlığın
inkişafına dair təklifləri dəstəkləmək,
eləcə də aidiyyəti dövlət orqanlarının
(qurumlarının), qeyri-hökumət təşkilatlarının,
ictimaiyyət nümayəndələrinin və digər
maraqlı tərəflərin iştirakı ilə həmin təkliflərin
ictimai müzakirəsini təşkil etmək;
3.1.4.qeyri-hökumət təşkilatlarına və
onların iştirakı ilə keçirilən layihələrə
dair bu Nizamnamənin 3.1.15-ci yarımbəndinə uyğun
informasiya ehtiyatı formalaşdırmaq;
3.1.5.dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən məsələlərə
dair layihələrin hazırlanmasına və həyata
keçirilməsinə qeyri-hökumət təşkilatlarını
cəlb etmək, bu sahədə onlar üçün bərabər
şərait və imkan yaratmaq, həmin layihələrin həyata
keçirilməsi üçün tələb olunan vəsaitə
dair tələbatı müəyyən etmək;
3.1.6.Agentlik tərəfindən layihələrin
dövlət büdcəsinin vəsaiti hesabına qrant maliyyələşdirilməsi
zamanı şəffaflığın, obyektivliyin və
hesabatlılığın təmin olunmasında iştirak etmək,
eləcə də bu sahədə səmərəliliyin
artırılmasına dair mexanizmlərin inkişaf etdirilməsi
üçün təkliflər vermək;
3.1.7.bu
Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət
istiqamətləri nəzərə alınmaqla, təqvim ili
üzrə maliyyə yardımı göstərmək
üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci
il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının dövlət
büdcəsindən maliyyələşdirilən, fəaliyyət
sahələrinə uyğun olaraq Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə
qrant verə bilən qurumların siyahısı”nda nəzərdə
tutulmuş qurumlar tərəfindən Azərbaycan
Respublikasının hüquqi şəxsləri olan
qeyri-hökumət təşkilatlarına verilən qrantlar
vasitəsilə maliyyələşdirilməsi nəzərdə
tutulan mövzuları Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Gənclər
Fondunun Nizamnaməsi”nin 3.1.3-1-ci yarımbəndi nəzərə
alınmaqla, qiymətləndirmək və bu qrantlara dair rəy
vermək;
3.1.8.bu Nizamnamə ilə müəyyən
olunmuş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, dövlət büdcəsindən ayrılmış,
habelə qanunla qadağan olunmayan digər mənbələrdən
daxil olan vəsait hesabına layihələrin müsabiqə əsasında
maliyyələşdirilməsini həyata keçirmək,
müsabiqədənkənar fondun həcmini və ondan istifadə
qaydasını müəyyən etmək;
3.1.9.Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydaya uyğun olaraq, Agentliyin maliyyələşdirdiyi
layihələrin əlaqələndirilməsini və
icrasına nəzarəti həyata keçirmək, icra olunan
layihələrin monitorinqini və qiymətləndirilməsini
aparmaq;
3.1.10.bu Nizamnamə ilə müəyyən
olunmuş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, qeyri-hökumət təşkilatlarının Agentliyə
təqdim etdiyi layihələrin ekspertizasını aparmaq, bu
sahədə təcrübənin ümumiləşdirilməsi
və ekspertiza prosedurlarının təkmilləşdirilməsi
ilə bağlı tədbirlər görmək;
3.1.11.qeyri-hökumət təşkilatlarının
beynəlxalq əməkdaşlıq əlaqələrinin
inkişafını dəstəkləmək, bu sahədə
fəaliyyəti təşviq etmək, beynəlxalq tədbirlərdə
qeyri-hökumət təşkilatlarının
iştirakını təmin etmək üçün vəsait
ayırmaq;
3.1.12.qeyri-hökumət
təşkilatlarının qrant maliyyələşməsi
üzrə müsabiqələri Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil
etmək, habelə bu Nizamnamə ilə müəyyən
olunmuş fəaliyyət istiqamətlərinə uyğun
olaraq dövlət büdcəsinin vəsaiti hesabına
verilmiş qrantlardan qeyri-hökumət təşkilatlarının
təyinatı üzrə istifadə etmələrinə nəzarət
etmək;
3.1.13.qeyri-hökumət təşkilatları tərəfindən
layihələrin həyata keçirilməsi zamanı
müqavilə öhdəliklərinin pozulması və digər
sui-istifadə hallarını aşkar etdikdə, müvafiq tədbirlər
görülməsi üçün aidiyyəti dövlət
orqanlarına müraciət etmək;
3.1.14.layihələrlə bağlı qrant
müqaviləsi üzrə öhdəliklərini pozan
qeyri-hökumət təşkilatlarını 2 (iki) ilədək
müddətə qrant müsabiqələrində iştirak
hüququndan məhrum etmək;
3.1.15.fəaliyyət
istiqamətləri üzrə elektron xidmətləri “Dövlət
informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə bağlı bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.16.Agentliyin
fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görmək;
3.1.17.kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentlik əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.18.öz
fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.19.Agentliyə ayrılan büdcə vəsaitindən,
kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.20.dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.21.Agentliyin informasiya təminatını təşkil
etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.22.Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər
görmək;
3.1.23.qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.24.müvafiq sahədə peşəkar mütəxəssislər
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsini təmin etmək;
3.1.25.bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2.Öz
vəzifələrini yerinə yetirmək üçün
Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1.müvafiq sahədə normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2.müvafiq sahədə beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təkliflər vermək;
3.2.3.dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən məsələlərə
dair qeyri-hökumət təşkilatlarının ictimai təşəbbüskarlıq
meyillərinin artırılmasına dair təkliflər vermək;
3.2.4.dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən məsələlərə
dair layihələrin həyata keçirilməsində özəl
sektorun iştirakını təşviq etmək, bu sahədə
aidiyyəti dövlət orqanları (qurumları) ilə və
maraqlı tərəflərlə müzakirələr və
məsləhətləşmələr aparmaq;
3.2.5.dövlət-özəl tərəfdaşlığının
inkişafı ilə bağlı qeyri-hökumət təşkilatlarının,
eləcə də müstəqil ekspertlərin və mütəxəssislərin
potensialından səmərəli istifadə edilməsi ilə
bağlı təkliflər vermək;
3.2.6.Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafına dair milli prioritetlər sahəsində yerli və
xarici qeyri-hökumət təşkilatlarının təşəbbüslərini
dəstəkləmək;
3.2.7.beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.8.fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.9.dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.10.fəaliyyət istiqamətləri üzrə
rəy və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.11.müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
3.2.12.fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.13.əməkdaşlarını
dövlət təltiflərinə və digər
mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.14.xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.2.15.bu Nizamnamə ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.
Agentliyin idarə olunması
4.1.Agentlik öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2.Agentliyin idarəetmə orqanları
Müşahidə Şurası və İcraçı
direktordur.
4.3.Agentliyin Müşahidə Şurası (bundan
sonra - Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti
həyata keçirir.
4.4.
Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən
ibarətdir. Şuranın 8 (səkkiz) üzvü
qeyri-hökumət təşkilatlarının nümayəndələrindən,
digər 3 (üç) üzvü isə dövlət orqanlarının
nümayəndələrindən 4 (dörd) il
müddətinə təyin edilir. Şuranın sədri və
onun müavini Şuranın iclasında Şura üzvləri
sırasından 2 (iki) il müddətinə
seçilir.
4.5.Səlahiyyətlərinin yerinə yetirilməsi
ilə bağlı Şuranın sədrinə və sədrin
müavininə rübdə bir dəfə Agentliyin
İcraçı direktorunun aylıq əməkhaqqının
2 (iki) misli, Şura üzvlərinə isə 1 (bir) misli həcmində
təmsilçilik xərcləri ödənilir. Təmsilçilik xərcləri dövlət
büdcəsindən Agentliyə ayrılmış vəsait
hesabına ödənilir.
4.6.Şura qərar qəbul etməkdə müstəqildir.
4.7.Şuranın
vəzifələri aşağıdakılardır:
4.7.1.təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Azərbaycan
Respublikasının Prezidentinə təkliflər vermək və
müvafiq sənədlər (o cümlədən Agentliyin
maliyyə hesabatını və fəaliyyətinə dair
illik hesabatı) təqdim etmək;
4.7.2.Agentliyin inkişaf istiqamətlərini, strateji
məqsədlərini və planlarını müəyyən
etmək;
4.7.3.Agentliyin fəaliyyətinə nəzarət
etmək;
4.7.4.İcraçı
direktoru və onun müavinini vəzifəyə təyin və
vəzifədən azad etmək;
4.7.5.Agentliyin
əməyin ödənişi fondunu, strukturunu, eləcə də
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla işçilərinin say həddini və
onların əməkhaqlarının (vəzifə
maaşının, vəzifə maaşına əlavələrin,
mükafatların və digər ödənişlərin) məbləğini
təsdiq etmək, o cümlədən Agentliyin əldə
etdiyi vəsait (dövlət büdcəsindən və
dövlətə məxsus digər fondlardan ayrılan vəsait
istisna olmaqla) hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.7.6.Azərbaycan Respublikası Prezidentinin
razılığı ilə Agentliyin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul etmək;
4.7.7.Agentliyin maliyyə
planlaşdırmasını və büdcəsini təsdiq
etmək;
4.7.8.Agentliyin fəaliyyətinə dair daxili
qaydaları (o cümlədən maraqlar münaqişəsinin
istisna olunması qaydasını), habelə idarə, filial və
nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat
cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.7.9.İcraçı
direktorun fəaliyyətinə nəzarət etmək və
onun fəaliyyətini yoxlamaq;
4.7.10.bu Nizamnamənin 3.1.12-ci yarımbəndində
nəzərdə tutulan qrant müsabiqələrinin nəticələrinə
dair qərar qəbul etmək;
4.7.11.Şura
üzvlərinin, İcraçı direktorun müraciətlərinə
baxmaq və qərar qəbul etmək;
4.7.12.Agentliyin fəaliyyətinə dair illik
hesabatı dinləmək;
4.7.13.Agentliyin kənar auditorunu təyin etmək və
audit hesabatını qəbul etmək;
4.7.14.kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.7.15.Agentliyin daxili audit bölməsinin fəaliyyətinə
nəzarət etmək, fəaliyyətinə dair hesabatlar
almaq, habelə onun üzvlərini vəzifəyə təyin
və vəzifədən azad etmək;
4.7.16.Azərbaycan
Respublikası Prezidentinin razılığı ilə
Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək.
4.8.Şuranın
sədri rübdə bir dəfədən az
olmayaraq Şuranın iclasını çağırır və
iclaslara sədrlik edir. Şuranın
iclaslarının keçirilməsi təşəbbüsü
ilə Şuranın üzvü və ya İcraçı
direktor çıxış edir. Şuranın
iclasları Şura üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir. Şuranın
iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə
səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir. Səslər bərabər
olduqda, Şura sədrinin (və ya onu əvəz edən
müavinin) səsi həlledicidir.
4.9.Şuranın
üzvlərinə, habelə İcraçı direktora və
Şuranın iclaslarına dəvət olunan şəxslərə
iclasın keçiriləcəyi yer və vaxt, habelə
gündəliyə daxil edilmiş məsələlər barədə
iclasa azı 3 (üç) iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə yazılı məlumat
verilir.
4.10.Şuranın iclasında İcraçı direktor
da iştirak edə bilər.
4.11.İclasın gündəliyinə Şuranın hər
hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.12.Gündəliyə daxil edilməmiş və
ya tələb olunan aidiyyəti sənədləri iclasdan
qabaq təqdim edilməmiş məsələlər barədə,
bütün iştirakçı üzvlərin razılıq
verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.13.Şuranın iclasının nəticəsi Şura
üzvlərinin və katibinin imzaladıqları protokolda əks
olunmaqla rəsmiləşdirilir. Şuranın katibi
Şuranın iclasında iştirak edə bilmədikdə,
Şuranın sədri onu əvəz edəcək şəxsi
təyin edir. Şura protokolu təsdiq edərək
İcraçı direktora göndərir.
4.14.Şuranın katibini Şuranın üzvü olmayan
əməkdaşlar sırasından Şuranın sədri təyin
edir və Şuranın katibi Şuranın sədrinə
hesabat verir.
4.15.Şuranın
katibi:
4.15.1.Şuranın
iclaslarını təşkil edir;
4.15.2.bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə
tutulmuş vəzifəni icra edir;
4.15.3.Şuranın
iclaslarının protokollarını tərtib edir və
imzalanmaq üçün Şura üzvlərinə təqdim
edir;
4.15.4.Şuranın
qərarlarının layihələrini hazırlayır,
baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə
təqdim edir;
4.15.5.Şuranın qəbul etdiyi qərarların aidiyyəti
üzrə göndərilməsini təmin edir.
4.16.
Şuranın sədri:
4.16.1.Şuranın
işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik
edir, habelə özünün və İcraçı
direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv
edir;
4.16.2.Şuranın
iclaslarının gündəliyini müəyyənləşdirir,
iclasları çağırır və iclaslara sədrlik
edir;
4.16.3.öz
təşəbbüsü ilə, habelə Şuranın hər
hansı digər üzvünün və ya İcraçı
direktorun müraciəti əsasında digər şəxsləri
Şuranın iclasında iştirak etməyə dəvət
edir;
4.16.4.Şuranın fəaliyyətinin təşkili ilə
bağlı digər tədbirlər görür.
4.17.Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini
müvafiq əmrlə Şura sədrinin müavini, Şura sədrinin
müavini olmadıqda isə Şura üzvləri arasından
sədrin müəyyən etdiyi şəxs icra edir.
4.18.Şuranın
üzvləri:
4.18.1.Şuranın
səlahiyyətlərinə aid məsələlərin həllində
iştirak edirlər;
4.18.2.Şuranın
iclasının gündəliyi ilə və baxılması nəzərdə
tutulan materiallarla əvvəlcədən tanış
olurlar;
4.18.3.Şurada
qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.18.4.Şuranın
səlahiyyətlərinə aid məsələlərə
Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.18.5.Şuranın
qərarları ilə, iclas protokolları ilə və digər
sənədlərlə tanış
olurlar.
4.19.Şura
üzvləri Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər, həmçinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində
müəyyən edilmiş digər tələbləri yerinə
yetirməlidirlər.
4.20.İcraçı direktor Agentliyin fəaliyyətinə
cari rəhbərliyi həyata keçirir. İcraçı
direktor Şura tərəfindən vəzifəyə təyin
və vəzifədən azad edilir. İcraçı
direktorun onun təqdimatı əsasında Şura tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
müavini vardır.
4.21.İcraçı direktor müvəqqəti
olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə
onun müavini icra edir.
4.22.İcraçı
direktorun vəzifələri aşağıdakılardır:
4.22.1.Agentliyin fəaliyyətini təşkil etmək
və onu təmsil etmək;
4.22.2.bu Nizamnamə ilə müəyyən edilmiş
vəzifələrin yerinə yetirilməsi üçün
Şuraya təkliflər vermək və sənədlər təqdim
etmək;
4.22.3.Şuranın
qərarlarını icra etmək;
4.22.4.aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.22.5.
Agentliyin strateji məqsədlərinin və planlarının,
habelə büdcəsinin icrasına nəzarət etmək;
4.22.6.bu Nizamnamənin 3.1.19-cu yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.22.7.cari və operativ məsələlər barədə
Şuranı məlumatlandırmaq;
4.22.8.bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.22.9.Agentliyin fəaliyyətinin təşkili ilə
əlaqədar icrası məcburi olan daxili sərəncam və
əmrlər vermək;
4.22.10.Agentliyin fəaliyyət istiqamətlərinə
dair qəbul olunmuş aktların icrasını təşkil
etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
4.22.11.özünün
və Agentliyin struktur bölmələrinin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv etmək;
4.22.12.müəyyən edilmiş struktur, əməyin
ödənişi fondu və işçilərin say həddi
daxilində Agentliyin Aparatının və digər struktur
bölmələrinin strukturunu, ştat cədvəlini və
xərclər smetasını təsdiq etmək;
4.22.13.Agentlik işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməyin ödənişi fondu çərçivəsində
təşkil etmək;
4.22.14.bu
Nizamnamədə müəyyən edilmiş hallar istisna
olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi barədə Şura ilə
razılaşdırmaqla qərarlar qəbul etmək;
4.22.15.Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət etmək;
4.22.16.bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində
Agentliyin adından əməliyyatlar aparmaq, müqavilələr
bağlamaq və onların yerinə yetirilməsini təmin
etmək;
4.22.17.Agentliyin fəaliyyət istiqamətləri ilə
bağlı məşvərətçi komitələr və
işçi qruplar yaratmaq;
4.22.18.Agentliyin fəaliyyət istiqamətləri
üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə
qanunla qorunan digər məlumatların mühafizəsi
üçün zəruri tədbirlər görmək;
4.22.19.Agentlikdə kargüzarlıq və arxiv
işinin aparılmasını təmin etmək;
4.22.20.Agentlikdə müraciətlərə
baxılmanı və vətəndaşların qəbulunu təmin
etmək;
4.22.21.Şuranın səlahiyyətlərinə aid edilməyən
bütün digər məsələlər barədə qərar
vermək.
4.23.İcraçı direktor və onun müavini
adlarına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməlidirlər, həmçinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu
maddəsində müəyyən edilmiş digər tələbləri
yerinə yetirməlidirlər.
5.
Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1.Agentliyin nizamnamə fondunun məbləği
100 000 (yüz min) manatdır.
5.2.Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən
ayrılan vəsaitdən, fəaliyyətindən əldə
olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən investisiyalardan və qanunla qadağan edilməyən
digər vəsaitdən formalaşır.
5.3.Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. Agentliyin məhsulları tənzimlənən qiymətlərə aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin
forması və əhatə dairəsi
6.1.Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin idarəetmə orqanları həyata keçirirlər.
6.2.Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1.Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2.Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3.Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4.Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
Respublika.- 2021.- 20 aprel.- S.4.