Vətən müharibəsi mədəni
irsimizə qarşı törədilən vandalizmə son qoydu
Hər bir dövlət iqtisadi və mədəni inkişafa nail olmaq istəyirsə, o, artıq bu baxımdan yüksəliş əldə etmiş dövlətlərin tarixi sınaqlardan uğurla çıxmış qanunlarını tətbiq etməlidir, çünki bu qanunlar bütün xalqlar və mədəniyyətlər üçün eyni olmasa da, oxşardır. İqtisadiyyatda inkişafın əldə olunması cəmiyyətdə mədəniyyətin bir forması kimi iqtisadi mədəniyyətin təşəkkülünə təkan vermiş olur.
İqtisadi inkişafa nail olmaq yolu ilə mədəni dəyərlərin uzlaşmasına və harmoniyasına nail olmaq vacib şərtdir. Bu gün mədəni dəyərlərin qarşılıqlı mübadiləsi də zərurətə çevrilmişdir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin dünyaya təqdimatı da təbii ki, qaçılmazdır. Heydər Əliyev Fondu yarandığı gündən onun fəaliyyət istiqamətlərindən biri də məhz bu olmuşdur. Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq... Fondun ilk təqdimat forması kimi muğamı seçməsi də təsadüfi deyildir. Muğam ruhun qidası, onun saflaşmasına, inkişafına təsir edən ən güclü vasitədir.
Hələ keçən əsrin 70-ci illərinin əvvəllərində Sovet İttifaqında YUNESKO-nun himayəsi altında keçirilən ənənəvi beynəlxalq musiqi festivallarında Qərb Azərbaycan muğam sənətini “kəşf etdi”. O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başladı. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastik diskini də daxil etdi. 1975-ci ildə isə Azərbaycan muğamları yenə də YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxıldı. Azərbaycan muğamı həmin illərdə dünya şöhrətli rejissor Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səsləndirildi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan musiqisinin incilərindən biri olan muğamlarımızın dünyaya təqdimatı istiqamətində ilk işi “Qarabağ xanəndələri” adlı albomun nəşri oldu. Alboma 24 sənətçinin muğam ifaları daxil edilmişdi. Fondun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” toplusunun nəşridir. Muğam ensiklopediyasının nəşri, muğam müsabiqələrinin, beynəlxalq festivalların təşkili də son dərəcə önəmlidir. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması da mühüm hadisələrdən biridir.
Azərbaycan incəsənətinin ən qədim növlərindən olan aşıq sənətinin də xalqımızın mənəvi dünyasında özünəməxsus rolu vardır. Heydər Əliyev Fondunun aşıq sənətinin inkişafı və tarixin ən qədim qatlarından Azərbaycan xalqının bu sahədə yaratdığı zəngin milli sərvətin qorunaraq bütün dünyada təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi 2009-cu il sentyabrın 30-da Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilmiş, bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləmişdir.
Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi həmin sessiyada Novruz bayramı da bu siyahıya salınmış, Azərbaycan muğamı, Qobustan qayaüstü bədii-tarixi sənət qoruğu, İçərişəhərin Şirvanşahlar Saray Kompleksi və Atəşgah isə Mehriban xanım Əliyevanın fəaliyyətinin ilk mərhələsindən artıq müvafiq siyahıya daxil edilmişdi.
Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətinin tarixi şöhrətinin, zəngin ənənələrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Onun da tarixi qədimdir. Fondun dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini yaşadan, istehsal etdiyi örnəkləri dünyaya çıxarmaqla, bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qayğısı bu nadir sənət incisinə diqqətdən irəli gəlir.
2009-cu ilin martında Fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi qeyd edilməlidir. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Burada, həmçinin, Azərbaycan xalq rəssamlarının əsərləri, rəngkar və heykəltəraşların işləri də sərgilənir. Qərbi Avropa incəsənət salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri nümayiş olunur.
Fond Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atmışdır.
Heydər Əliyev Fondu mədəni dəyərlərin mühafizəsi və təbliği istiqamətində fəaliyyətini ölkə sərhədlərindən kənarlara doğru genişləndirir və nəinki Azərbaycanda, hətta ölkə hüdudlarından kənarda da mədəniyyət abidələrinin bərpasında iştirak edir. Rusiyanın “Exo planetı” jurnalına verdiyi müsahibə zamanı müxbirin: “YUNESKO-nun xoşməramlı səfirlərinin sayı 40 nəfərdən çox deyil. İSESKO-nun xoşməramlı səfirləri arasında yeganə qadın sizsiniz. Siz bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz?” sualına cavab olaraq Mehriban xanım deyir: “Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin və mədəni köklərə malik olan xalqını göstərmək, bizim incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır”.
YUNESKO ilə əməkdaşlıq çərçivəsində fondun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illik yubileyi keçirilmiş, dünyaşöhrətli musiqiçilər Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmış, 2009-cu ilin avqustunda Azərbaycanın ən gözəl guşələrindən birində — Qəbələdə Beynəlxalq musiqi festivalı keçirilmişdir. Fondun dəstəyi ilə keçirilən bu festivallar nəinki Azərbaycanın, ümumiyyətlə, dünyanın mədəni həyatında böyük hadisə idi.
Vyana Kamera Teatrda Ü.Hacıbəylinin “Arşın mal alan” əsərinin birgə səhnələşdirilməsi də böyük əhəmiyyət kəsb edir.
Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması ilə yanaşı, xalqımızın dünya musiqi mədəniyyətinə yaxından bələd olması istiqamətində davamlı iş gedir. Belə ki, 2010-cu ilin Şopen ili elan olunması ilə əlaqədar Polşanın Azərbaycandakı səfirliyi ilə birgə bir neçə layihə həyata keçirilmişdir.
“İncəsənət də həyat kimi daimidir”. F.İ.Şalyapinin bu gözəl fikrinə rəğmən, onu da demək olar ki, incəsənəti inkişaf etdirən insan həm də onun daimiliyinin qoruyucusudur. Bu mənada inamla demək olar ki, Mehriban xanım Əliyeva Azərbaycan musiqisinin, aşıq sənətinin, muğamının, incəsənətinin daimiliyinin qarantı, yorulmaz təbliğatçısıdır.
Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi məsələsi üzərində də ciddi iş aparılır. Türkçülük-azərbaycançılıq məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adçının “Türklər və dünya: munis tariximiz” adlı kitabı, ABŞ Mərkəzi Asiya, — Qafqaz İnstitutu İpək Yolu Araşdırmalar Proqramı çərçivəsində S.Frederik Starr və Svant E.Kornellin “Bakı-Tbilisi-Ceyhan boru kəməri : Qərbə açılan neft pəncərəsi” kitabı Azərbaycan dilinə tərcümə edilərək çapdan çıxmışdır. Birgə layihələr çərçivəsində Azərbaycan dilində çap edilən kitablardan biri də Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə” kitabıdır. Onun nəşrində məqsəd fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətdə bərabərhüquqlu üzv kimi qəbul olunmasına kömək etməkdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr olunan kitabların da əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da Heydər Əliyev Fondunun fəaliyyətinin ilk mərhələsindən, qarşıya qoyduğu hədəflərdən biri olub. Bu istiqamətdə ilk layihə “Qarabağ həqiqətləri” toplusunun hazırlanmasından ibarət olmuşdur. Qısa, lakin bütün mahiyyəti əks etdirən bu toplu bir neçə dilə tərcümə edilmişdir.
Xaricdəki diplomatik nümayəndələrimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusu, “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Qarabağın daha qədim tarixini əks etdirən ikinci topluda isə Qafqaz Albaniyasından başlayaraq Azərbaycan SSR-dəki dövrdə Qarabağın tarixi öz əksini tapıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə layihələrin davamı olaraq “War Against Azerbaijan: Targeting Cultural Heritage” (Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması) kitabı ingilis dilində işıq üzü görmüşdür. Kitaba işğal olunmuş rayonlarımızın hər birində olan mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə, Ermənistan ərazisində və işğal altındakı ərazilərdə tarixi-mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə hazırlanan “Pirlər və müharibə” kitabında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində — Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilir.
Ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı torpaq iddialarının başlandığı ilk anlardan xalqımızın mədəni irsi də, əgər belə demək mümkündürsə, soyqırıma məruz qalmışdır. Nadir ağacların qorunub saxlanıldığı, mədəni abidə olan Topxana meşəsinin amansızlıqla qırılıb məhv edilməsindən tutmuş, heykəl, muzey, kitabxana, tarixi abidə, sosial obyektlərədək hər şey dağıdılmışdır. Məscidlərimiz, müqəddəs yerlərimiz, təhqir edildi. Uzun illər İncəsənət Muzeyinin həyətində sıra ilə düzülən güllələrdən deşik-deşik edilmiş Bülbülün, Natəvanın büstlərinə baxanda insanın ürəyi ağrıyır, düşmənə nifrət artırdı.
44 günlük Vətən müharibəsi təkcə işğala son qoymadı, ziyan çəkmiş, qaçqın düşmüş abidələrimizə də yeni həyat verdi. 30 il sonra Bülbülün, Natəvanın heykəlləri öz doğma yerinə qaytarıldı. İndi o yerlərdə quruculuq-abadlıq işlərinə başlanılıb. Minillərin ənənələrinin işığını qoruyub saxlamaq, onu gələcək nəsillərə layiqincə ötürmək üçün mədəniyyətin mahiyyətinə varmaq lazımdır.
Burada yenə
zaman faktoru əsas rol oynayır. Müqəddəs kitabımız Qurani-Kərimdə
deyilir ki, zaman hər şeyin əvvəli və sonudur. Xalqların, ölkələrin taleyi də zamanın naxışları ilə
bir-birinə calanır.
Vətən müharibəsi - 44 günlük zaman kəsiyi ermənilərlə
azərbaycanlıların taleyinə
yeni naxışlar vurdu. Erməni işğalının sonu, Azərbaycan xalqının tarixinin yeni mərhələsinin başlanğıcı oldu
bu müharibə.
Bu, həm də
tarixin böyük dərsidir. Ermənilər necə dərs
çıxardılar, ümumiyyətlə
çıxardılarmı, bilmirəm. Biz dərsimizi
aldıq: Nəyimiz varsa, onu dəyərləndirməli,
ona sahib çıxmalı,
qorumalı, qanımız-canımız
bahasına olsa belə. Axı, biz itirdiklərimizi geri almağa qadirik. Bu yolda ölüm, itki olsa da...
Zümrüd QURBANQIZI
Respublika.- 2021.- 20 aprel.- S. 6.