İşğaldan azad edilmiş ərazilərimizin bərpası həm də mədəni irsimizə qayğıdır

 

Xalqın tarixini, mədəniyyətini özündə yaşadan, zamanın sərt sınaqlarından keçərək bugünümüzə qədər gəlib çatan  tarixi abidələrin dəyəri əsrlər, qərinələr keçdikcə gündən-günə artır, nəsillərdən-nəsillərə ötürülərək xalqın milli sərvətinə çevrilir. Dünənimizdən, keçmişimizdən danışan, xalqımızın qüdrətini, tarixini, dövlətçilik ənənələrini özündə əks etdirən bu abidələrin qorunub gələcək nəsillərə ərməğan edilməsi hər birimizin müqəddəs borcudur.

 

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədər əməkdaşımız 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  fərmanı ilə  dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə yaradılmış Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli ilə görüşmüş, bu istiqamətdə görülən işlər barəsində məlumat almışdır. Söhbəti oxucularımıza təqdim edirik.

 

 

 

– Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tarixi irsimizin və mədəniyyətimizin qorunmasına xidmət edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaranması və fəaliyyəti barədə məlumat verməyinizi istərdik.

 

– Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev ölkəmizdə digər sahələr kimi mədəniyyətin inkişafına, eləcə də xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılması işinə də xüsusi həssaslıqla yanaşmışdır. Həm Sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə Azərbaycan xalqının tarixi irsinin qorunması və bərpası məsələlərini diqqətdə saxlamışdır.

 

Mədəni irsimizin qorunması, bərpa və konservasiyası, eləcə də, gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük işlər həyata keçirirlər. Mədəni irsin qorunması sahəsinə verilən önəm ölkə başçısının imzaladığı onlarla mühüm fərman və sərəncamlarda öz əksini tapıb və bu sahəni prioritet istiqamətlərdən birinə çevirib.

 

Prezident İlham Əliyevin 18 dekabr 2014-cü il tarixli, 409 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

 

Dövlət Xidməti mədəni irsin qorunması, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Dövlət Xidməti olaraq üzərimizə qoyulan bu məsluiyyətli vəzifənin layiqincə öhdəsindən gəlməyə çalışırıq. Ötən müddət ərzində Dövlət Xidməti ölkəmizdə bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirib, hazırda bu istiqamətdə görülən işlər davam etdirilir.

 

İşğaldan azad olunmuş ərazilərdə tarixi abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir. Bununla əlaqədar müvafiq qiymətləndirmələrin aparılması hansı istiqamətdə həyata keçiriləcək?

 

– “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Dövlət Xidmətinin əməkdaşları işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır. Monitorinqlər zamanı baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilmişdir.

 

İndiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilmişdir. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilmişdir.

 

Həmçinin aparılan monitorinqlər zamanı 828 mədəniyyət müəssisəsi monitorinq edilmişdir ki, onlardan 443-ü kitabxana, 332-si mədəniyyət eviklub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

 

Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılmışdır. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilmişdir.

 

– Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri ilə bütün dünyada tanınır. Mənfur ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızda mədəniyyətimizi, dövlətçilik ənənələrimizi yaşadan çoxlu sayda tarixi abidələrimiz məhv edilmiş, qədim tarixə malik Azərbaycan memarlıq sənəti nümunələri dağıdılmışdır. Bu sənət nümunələrinin bərpası üçün hansı işlər nəzərdə tutulur?

 

– Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarının başlıca istiqamətlərindən biri də mədəni irsimizə qarşı yönəlib. İşğalçı dövlətin abidələrimizə münasibətdə həyata keçirtdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olmuşdur.

 

İşğaldan azad edilən ərazilərdə digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur. Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrinin monitorinqi, bərpası, konservasiyası və tədqiqatların aparılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bununla bağlı ilk olaraq abidələrin hazırkı vəziyyəti, onlara dəymiş ziyan və müdaxilə hallarının dərəcəsinin müəyyən edilməsi vacibdir. Daha sonra onların ilkin vəziyyətinə qaytarılması, bərpası və konservasiyasının həyata keçirilməsi istiqamətində mərhələli və prioritetləşdirilmiş qaydada işlər görüləcək. Bərpa işləri aparılarkən abidələrin əhəmiyyət dərəcəsi və texniki vəziyyəti nəzərə alınacaqdır.

 

Şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa olunması həm də mədəni irsimizin bərpası prosesindən keçir. Aparılan monitorinqlər abidələrin hərtərəfli öyrənilməsi, həyata keçiriləcək infrastruktur layihələrinin icrası və kommunikasiyaların qurulması zamanı tarixi abidələrin bərpasının uyğun formada təmin edilməsinə yardımçı olacaq.

 

Mədəni irsin bərpası zamanı Mədəniyyət Nazirliyi olaraq abidələrin ilkin simasına qaytarılması, bədii-estetik xüsusiyyətlərinin qorunması və onların bugünki şəhərsalma prosesi çərçivəsində nəzərə alınması əsas məqsədimizdir.

 

– 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kontekstində mədəni irsimizə dövlət qayğısı gündən-günə artır. Bu tarix ölkəmizdə necə qeyd olunur?

 

Bildiyiniz kimi, 18 aprel tarixi dünyanın əksər ölkələrində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarix və mədəniyyət abidələri ilə zəngin olan ölkəmizdə də qeyd olunması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Artıq xeyli müddətdir ki, ölkəmizdə də hər il bu əlamətdar gün münasibətilə qoruqlarda, tarixi məkanlarımızda abidələrin və tarixi yerlərin qorunmasının təbliği ilə bağlı müxtəlif tədbirlər, sərgilər, “açıq qapı” günləri təşkil olunurdu. Ötən il olduğu kimi, bu il isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb. Məlum şəraitlə bağlı bu il də əlamətdar gün daha çox virtual formatda, o cümlədən abidələrə və tarixi yerlərə videoturlar, virtual sərgi və digər təqdimatlarla qeyd edilir.

 

30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmış torpaqlarımızda yerləşən mədəni irs nümunələrimiz artıq öz həqiqi sahiblərinə qayıtmışdır. Odur ki, bu əlamətdar gün bizim üçün xüsusi əhəmiyyət daşıyır.

 

Əminik ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də bərpa-konservasiya olunaraq, xalqımızın mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işinə layiqli töhfə olacaqdır.

 

– Müsahibəyə görə təşəkkür edirik.

 

Söhbəti yazdı:

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2021.- 20 aprel.- S.4.