Dövlət başçısının məqsədyönlü siyasəti milli maraqlara xidmət edir

 

Prezident İlham Əliyevin and içərək yeni müddətə öz səlahiyyətlərinin icrasına başlamasının üç ili tamam olur

 

 

 

“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”. Cənab İlham Əliyevin hələ 2003-cü ilin prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin başçısı seçildikdən sonra andiçmə mərasimindəki proqram xarakterli nitqində söylədiyi bu sözlər müstəqil Azərbaycanın dünənini, bu gününü və gələcək inkişaf strategiyasını müəyyənləşdirən siyasi kursdur.

 

Azərbaycan xalqı ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən cənab İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.

 

2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev hər bir sahə üzrə konkret proqram və planların olduğunu, qarşıdakı illərdə uğurla aparılan islahatların dərinləşəcəyini bəyan etdi. Artıq tarixə dönən üç il dövlət başçısı cənab İlham Əliyevin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə keçməsi, bütün sahələrdə qazanılan uğurların miqyasının daha da genişlənməsi ilə əlamətdardır. bir də xalqımızı Qarabağa, Şuşaya qovuşduran 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatan sonu... Ötən 17 ilə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ məsələsinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Bütün nitq və çıxışlarında beynəlxalq təşkilatların tribunalarında, dünya birliyinə üzv dövlətlərin liderləri ilə bütün görüşlərində mətbuata verdiyi müsahibə və açıqlamalarında bu barədə yorulmadan danışıb. Çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu bütün dünya və hər kəs bilsin. Vətən müharibəsində qələbəni, zəfər paradının təntənəsini şərtləndirən amillərin biri də məhz bu diqqətə çatdırılanlar olub.

 

Dövlət başçısı cənab İlham Əliyevin prezidentliyinin ötən üç ilinin əsas xarakterik məqamları bir daha təsdiq edir ki, ölkəmizdə aparılan islahatların alternativi yoxdur. Əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son üç ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, bütün sahələrdə həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirirlər. Azərbaycandakı mövcud ictimai-siyasisosial-iqtisadi sabitliyin qorunub saxlanılması dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticələrindəndir. Təhlillərə görə deyə bilərik ki, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son üç ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər həyata keçirilib.

 

Azərbaycanda etnik, diniictimai-siyasi zəmində sabitlik hökm sürüb. Azərbaycanın təcrübəsi göstərir ki, multikultural və tolerantlıq mühitində vicdan azadlığı şəraitində, dinc dostluq və qardaşlıq ruhunda yaşamaqla bütün sahələrdə inkişafı, sabitliyi təmin etmək olar.

 

Din və mədəniyyətlərarası dialoqa dair ölkəmizdə keçirilən beynəlxalq tədbirlər artıq ənənə halını alıb. Əslində bu müasir, qlobal dünyada dözümlülüyə, sülhə, sosial-iqtisadi inkişafa çağırışdır. Müasir dünyamızda təhlükəsizlik, sülh və birgəyaşayış böyük təhdidlər qarşısındadır. Buna görə də Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdəndir və buna böyük əhəmiyyət verir. Multikulturalizm həm həyat tərzidir, həm də Azərbaycanda dövlət siyasətidir. Azərbaycanda həyata keçirilən milli-dini mötəbər beynəlxalq tədbirlər bu istiqamətdə atılan çox önəmli addımlardan biridir. Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT sivilizasiyalar Alyansının Qlobal ForumuDünya dini liderlərinin Zirvə görüşlərinin Bakıda keçirilməsinin aydın bir məqsədi var - multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə töhfə vermək.

 

Dövlət başçısı cənab İlham Əliyev daim öz xalqı ilə birbaşa təmasdadır və öz xalqı ilə bir yerdə olmaqdan qürur duyur: “Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaqxalqa ləyaqətlə xidmət etmək”. Cənab İlham Əliyevin leksikonunda tez-tez rast gəldiyimiz “mən xalqın xidmətçisiyəm”, “hər bir məmur xalqının xidmətçisi olmalıdır” - fikirləridir. Odur ki, Azərbaycan cəmiyyətini düşündürən istənilən məsələdə dövlət başçısı xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən bütün məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirir.

 

Prezident İlham Əliyevin son üç ildə həyata keçirdiyi strukturkadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində çox əhəmiyyətli addım olub. Cənab İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibatiinstitusional tədbirlər həyata keçirilib. Dövlət başçısının birbaşa təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektliinnovativ mexanizm kimi bütün dünyada təqdir və tətbiq olunur. Cənab İlham Əliyevin əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevikinnovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması və digər qərarları xalqa xidmət siyasətinin davamıdır.

 

Nazirlər Kabinetində, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərliyin dəyişdirilməsini və bunun cəmiyyətdə çox müsbət qarşılanmasının əhəmiyyətinə diqqətçəkən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır: “Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir, kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir”. Və təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilir. Həyata keçirilən korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunur.

 

Beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider dövlət kimi tanınan Azərbaycan Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir. Biznes iqlimi, investisiya iqlimi aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir və Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının parametrlərinə görə əhalinin elektrik təchizatı səviyyəsində Azərbaycan dünya miqyasında ikinci yerdədir. İslahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Azərbaycan infrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yer, hava yolları xidmətlərinin səmərəliliyi 12-ci yer, avtomobil yollarının keyfiyyəti 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb.

 

2020-ci il dekabrın 31-də Azərbaycan cəmiyyəti daha bir şad xəbərə sevindi. Cənub Qaz Dəhlizi tam istismara verildi. Bu dəhlizin son seqmenti olan TAP Azərbaycan qazını tarixdə ilk dəfə olaraq Avropa məkanına çatdırdı. Bu, böyük tarixi nailiyyətdir. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının yaranması deməkdir. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir. Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdi. Bununla da bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəməri inşa olundu. “Şahdəniz-2” layihəsi istismara verildi. Bu gün Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu da ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər gətirir.

 

Bütün dünya üçün çox böyük sınaq olan COVİD xəstəliyi ilə əlaqədar Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il fevralın 27-də Operativ Qərargah yaradıldı. Həmin tarixdən başlayaraq bu xəstəliklə mübarizə bir neçə mərhələ keçmişdir. Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın birbaşa tapşırığı və tövsiyələri ilə Qərargah öz fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərimizin və qonşu ölkələrin təcrübəsinə, aparılan protokollara uyğun olaraq qurmuşdur. Bütün potensial imkanlar - insan resursları, maliyyə resursları və inzibati resurslar səfərbər olunmuşdur. İl ərzində bu istiqamətdə cənab Prezidentin rəhbərliyi ilə bir neçə dəfə müşavirə keçirilmişbu müşavirələrdə görülmüş işlər barədə məlumatlar verilmişdir. Azərbaycanda qısa müddət ərzində həyata keçirilmiş çox operativ tədbirlər nəticəsində laboratoriyaların sayı artırılmış, maska və dərman, yeni süni tənəffüs aparatlarının alınması təmin edilmişdir. Xüsusi olaraq bu xəstəliklə mübarizə üçün qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilmişdir. COVİD-lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub.

 

Bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilmişdir. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir. Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə dövlət başçısının Fərmanı ilə xüsusi fond yaradılmışdır və bu fonda 114 milyon manatdan artıq vəsait yığılmışdır. Xəstəliklə mübarizə üçün xarici ölkələrdən də həkimlər cəlb edilmişdir.

 

Analitiklərin fikrinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasiiqtisadi kurs həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunub, daim milli maraqlara xidmət edir. Bunun nəticəsində də ötən müddətdə Azərbaycan regionalqlobal əhəmiyyətli iqtisadi, siyasihumanitar layihələrin mərkəzinə çevrilib, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Bunun müsbət nəticələridir ki, Azərbaycanın müttəfiqləri və tərəfdaşlarının sayı gündən-günə artır. Azərbaycan dünya miqyasında özünün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Ölkənin beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə əsaslanan xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi səciyyələndirilir.

 

Bu gün regionla bağlı elə bir məsələ yoxdur ki, Azərbaycanın rəyi nəzərə alınmadan, iştirakı olmadan həll edilsin. Dövlət başçısı cənab İlham Əliyev balanslaşdırılmış çoxvektorlu xarici siyasət kursunu uğurla davam etdirir. Dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunur, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlər nəinki uğurla neytrallaşdırılır, həm də toqquşan maraqlar uzaqlaşdırılaraq sabitliyin hökm sürdüyü Azərbaycanı əməkdaşlıq məkanına çevirir. Ermənistan istisna edilməklə Azərbaycanın heç bir region ölkəsi ilə problemləri yoxdur, bütün dövlətlərlə bərabərhüquqlu, ikitərəfli, üçtərəfli formatlarda tərəfdaşlıq münasibətləri var. Bütün bu deyilənlərin ən bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. BMT, İslam Əməkdaşlıq təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, İSESCO GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər beynəlxalq və regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər.

 

Azərbaycan bu gün iki nüfuzlu beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Məhz yuxarıda da söylədiyimiz beynəlxalq müstəvidə aparılan bu ölçüyəgəlməz fəaliyyətin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla həll etmək üçün ciddi hüquqi baza yaratdı. Dövlət başçısı cənab İlham Əliyevin işğaldan azad olunmuş Ağdama səfəri zamanı öz çıxışında dediyi kimi Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynadı.

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2021.- 18 aprel.- S.1;2.